2 May 2024

Cümə axşamı, 13:55

YALANSIZ DÜNYA

Allahverdi İsrafilov: “Sirk insanlar arasında tələbatlı olmazdı... Bakı Sirki ilə dövlət arasında ilk dəfədir ki, belə əməkdaşlıq yaranıb və bu, real gələcəyə ümid verir”.

Müəllif:

01.12.2022

Deyirlər ki, sirk əbədidir! Allahverdi İsrafilov bu fikrin əyani sübutudur. Sirk ənənəsinin davamçısı olan A.İsrafilov keçmişdə virtuoz atlı və hava gimnastı olub. O, sirk sənəti sahəsində bir sıra nüfuzlu mükafatların sahibidir. Onların arasında Moskvada keçirilən “Qızıl Buff” festivalının, Sankt-Peterburqda keçirilən Beynəlxalq Paytaxt Sirk Festivalının, Çində keçirilən Ümumdünya Festivalının, İtaliyada keçirilən “Latino” festivalının qızıl medalı və digər mükafatlar var. Üstəlik, o, bu sahədə əsas mükafatlardan birinin sahibidir. Söhbət “Monte Karlo” festivalının mükafatından gedir.

Bu arada, sirkin hər şeyin oyun olduğu kiçik bir kainat olduğunu qəbul etmək lazımdır. Amma məhz burada hər kəs düzgün oynayır. Yəni sirk hiylənin olmadığı dünyadır. Sirki tərk etmirlər, sadəcə olaraq bu sahə ilə bağlı başqa istiqamətə keçid edirlər. Bu zaman da həyatda bir dəfə seçilən bu sahəyə vicdanlı şəkildə xidmət edirlər. Allahverdi İsrafilov da aktiv sənət fəaliyyətini başa vurduqdan sonra hazırda Bakı Dövlət Sirkinin bədii rəhbəri, həm də sirk proqramlarının təşkilatçısıdır. Bunlardan biri  noyabrın sonunda başa çatan, tamaşaçıların heyran qaldığı “Beynəlxalq Sirk: Festival Qalibləri” adlı sirk proqramı olub.

 

- Sirk ... Nə haqqındadır?..

- Sirk cəsarət, sevgi, qəhrəmanlıq, gözəllik, xarizma, xoreoqrafiya, musiqi haqqındadır... Demək olar ki, sonsuza qədər sadalamaq olar. Sirk insanın həm özünə, həm də başqalarına gülə bilməsi (sözün yaxşı mənasında) haqqındadır. Sirk öz məzmununa görə çox vacib şeyləri daşıyır. Sirk insan hisslərinin ən geniş palitrasını təqdim edir - gülüşdən qorxuya qədər. Yeri gəlmişkən, sonuncu hər kəsə xas olan hissdir. Necə deyərlər, hündürlükdən qorxmayanları axmaqlara aid etmək olar.

- Sirkə uzun müddətdir ki, bələdsiniz. Buradan getmək, həyatınızı dəyişmək istədiyiniz anlar olubmu?

- Belə deyək. Əvvəlcə başqa variant yox idi, çünki mən sirkdə böyümüşəm. Başqa “üfüqlər” ortaya çıxandan sonra qəlbim və ruhum bu işə sevgi ilə qərq oldu. Karyera perspektivlərinin inkişafı ilə məlum oldu ki, sirk həyat tərzinə çevrilib. Tam səmimiyyətlə deyə bilərəm ki, heç vaxt onu tərk etmək istəyim olmayıb. Amma əvvəlcədən qeyd etmək istərdim ki, sirk biznesi ilə məşğul olmaq və sirk artisti olmaq bir-birinə zidd nəsnələrdir. Mən sirk artisti olan zaman rəhbərliyin nə ilə məşğul olduğu barədə düşünmürdüm. Mən sirk artisti kimi onun bütün aspektlərindən, yəni davamlı məşqlərdən, nömrələri təkmilləşdirməkdən, öz bədənim üzərində işləməkdən keçmişəm. Odur ki, sirk artistlərinin əməyinə kölgə salmadan qeyd etmək istərdim ki, administrativ işlərlə qarşılaşdıqdan sonra anladım ki, bu da böyük enerji tələb edir. Hətta bəzi məsələlərdə daha çox... Məhz bu işə son qoymaq istədiyim anlar olub. Müəyyən bir anda buraya qoyulmuş vəsaitlər dayandırıldı: əmlak, öhdəliklər. Amma Uca Yaradan – mən onun varlığına heç vaxt şübhə etməmişəm – öz bildiyi kimi edib. Müxtəlif ölkələrdə işlədiyim üçün bu gün topladığım təcrübəmi dünya səviyyəsində həm sənət, həm də administrativ baxımdan Bakı Dövlət Sirkində tətbiq etmək imkanım var. Bu, bir növ “doğulduğun yerdə bir işə yaramalısan” məsəlinin təsdiqidir. Sanki göylər də belə göstəriş vermişdi: əgər buradan çıxmısansa, bir zəhmət geri qayıt və öz işini axıra qədər həyata keçir. Mən belə düşünürəm...

- Qismət?

- Başqa cür ola bilməz. Əsrin dörddə birini Rusiyada yaşayasan və birdən Bakıya qayıtmağa qərar verəsən. Bunun üçün ulduzlar lazımi istiqamətdə düzülməli idi. Şəxsən mən özüm üçün Azərbaycanı tərk etməmişdim. Vətəndən qopmaq fikri belə yaranmayıb. Azərbaycan mənim hədsiz dərəcədə sevdiyim ölkəmdir. Mən isə öz qabiliyyətim, imkanlarım, təcrübəm və arzularım daxilində onun həyatımdakı əhəmiyyətini sübut etməyə çalışıram: böyük məmnuniyyətlə və təmənnasız.

- ?

- Bu sözlərimlə zərrə qədər sevimli görünmək niyyətim yoxdur. Mənim sirk biznesinə münasibətim keyfiyyətli iş görmək prinsipi üzərində qurulub. Nə qədər qəribə səslənsə də, hətta gəlir gözləniləndən çox aşağı olsa da belə, mən sevinc hissi keçirirəm. Bəzi dostlarım tez-tez deyirlər ki, mən maliyyə məsələsinə o qədər də düzgün yanaşmıram. Axı, demək olar ki, gəlirlərin hamısı dərhal “sirkə gedir”. Təmənnasız dedikdə məhz bunu nəzərdə tuturam. Mənim üçün sirk sənətinin böyüklüyünü göstərmək vacibdir ki, artistlərin əməyi layiqincə ödənilsin. Sadəcə olaraq, mənim güzəranım başqaları üçün məsuliyyət hissindən üstün olan bəzi şəxsi ambisiyaların hesabına qurulmayacaq. Mən sevdiyim işlə məşğulam. Bu, həm də məndə daxili məmnunluq hissi yaradır. Bu, maliyyə uğurları ilə dəstəklənərsə, o zaman daha da geniş planlar həyata keçirə biləcəyəm.

- Cəsarətli fikirlər yaxın insanlara olan inama əsaslanmalıdır.

- Etiraf etmək istərdim ki, Bakı Dövlət Sirkinə inteqrasiya olunmuş insanlar məhz belə bir komandaya çevriliblər. Burada hazırda olan komanda kimi heç vaxt komandam olmayıb. Onlar mənimlə həmfikirdirlər. Bu, indiyə qədər işlədiyim ən güclü və həmrəy komandadır. Onlar mənə peşəkar fəaliyyətimlə birbaşa əlaqəsi olan məsələləri dəqiq yerinə yetirmək imkanı veriblər. Bütün səviyyələrdə: maliyyə, reklam, iqtisadi məsələlərin həlli və s. Əvvəllər bütün bunlarla yalnız mən məşğul olurdum. Yəni personalın olmasına baxmayaraq, bütün bunlar yalnız məndən asılı idi. Amma indiki komandada öz sahəsinə, vəzifəsinə cavabdeh olan insanlar var. Bizə yalnız ümumi planı formalaşdırmaq kifayət edir. Bu zaman birlikdə “yol xəritəsi” hazırlanır və zəncirin hər həlqəsində işlər öz axarı ilə gedir. Bilirəm ki, qərar vaxtında icra olunacaq və mənim bilavasitə iştirakım tələb olunmayacaq. Nəticədə, buna öz vəzifələrimə aid olan işləri kənara qoyaraq vaxt ayırmayacağam.

- Siz insanlara bu qədər inanırsınız?

- İnamsız yaşamaq? Təsəvvür belə edə bilmirəm... Əsas məsələ başqasının dərdinə şərik olmaq hissini itirməkdir. Kömək imkanı varsa, mən bunu edəcəyəm. Aldadacaqlar? Bu, onların vicdanında qalacaq. Belə münasibətin məsuliyyətini məhz onlar daşıyacaqlar. Bu gün statusumun, emosional və mənəvi vəziyyətimin hopduğu eqom yalnız ona görə sağlamdır ki, mən hər zaman ən yaxşıya inanıram. Üstəlik, buna bir an belə şübhə etmək olmaz. Dünyaya hər zaman açıq gözlə baxmaq lazımdır. Axı, Uca Yaradan hər an sənin ən böyük arzunu həyata keçirə bilər.

- Amma yaradıcılıq ambisiyaları aləmində heç də hər şey sakit olmur.

- Artistlər parlaq emosiyalara sahib olan insanlardır. Buraya mənfi emosiyalar da daxildir. Əlbəttə ki, bu mənada sirk də istisna deyil. Axı, biz də insanlarıq. Odur ki, insani hisslər bizə yad deyil. Hər kəsin öz xarakteri, baxışı, həyatla bağlı düşüncələri var. Buna görə də hər kəs hər hansı anlaşılmazlığa fərqli reaksiya verir. Buna uyğun olaraq, onların daxili aləmini anlamaq yalnız özümüzdən asılıdır. Lakin mən heç vaxt qarşıdurmalara vaxtımı, gücümü, enerjimi sərf etmək istəməmişəm və gələcəkdə də bundan əziyyət çəkmək fikrim yoxdur. Buna ən yaxşı cavab artistin peşəkarlığı ilə daxili aləmini bir-birindən ayırmaqdır.  Bu bir növ tərbiyə prosesidir. Axı, bir dəfə mənfi bir rənglə baş verən vəziyyətləri yenidən düşünməyə çalışmamaq mümkün olmayacaq. Amma buna yaxşılıqla cavab vermək lazımdır! Qərəzli insanda utanc hissi yaratmağın bundan daha yaxşı yolu yoxdur.

- Bu, insanlar və xarici dünya ilə əlaqələr qurmaq üçün maraqlı yoldur...

- Revanşizm mənlik deyil. Kimisə düşmən kimi yadda saxlamaq? Nəyə görə? Kimi? Bu, mənə lazımdır? Mən bundan məmnun olacağam? Bəlkə, baş verənləri başqa istiqamətdə sublimasiya etmək lazımdır? Aydındır ki, azərbaycanlılar emosionallıq kimi milli xarakterə malikdir. Biz hər şeyə tez hirslənən xalqıq. Əlbəttə ki, mən də istisna deyiləm. Məsələn, mən idmanda bütün yüksək nəticələri məhz “partlayış” anında göstərmişəm. Amma bunu gələcəkdə cilovlamaq lazım idi! Sirkə gəldikdən sonra nömrələrin yaradılmasında emosional məzmundan istifadə etməyin bir yolunu tapdım. Mən tamaşaçıların süst şəkildə alqışlamasını deyil, nömrələrdən heyran olmasını istəyirəm.

- Tamaşaçıların sanki nəfəsi dayanır və daxili qışqırıq yaranır...

- Tamaşaçıların nömrələri məhz belə izləməsini istəyirik. Baxmayaraq ki, burada insanın öz imkanlarını sınağa çəkməsi də rol oynayır. Bu gün başqa bir artistə istifadə etmək üçün verdiyim və nömrəni hazırlamağa kömək etdiyim bucurğad, saniyədə iki metr qalxmaq üçün nəzərdə tutulub. Bu, belə bir uçuşdur! Mənim arsenalımda 16 metrlik uçurum yaratmaq üçün yelləncəkdə iki təkanla 19 metr hündürlüyə qalxmaq üçün nömrə var. Bu, inanılmaz effekt yaradır!

- Adrenalin?

- Bu sirkdir! Burada hündürlük, sürət, çətinlik, hər hansı maneələri aşmaq hökm sürür. İnsanlar sirkə məhz bunları görmək üçün gəlirlər. Artistlərin tamaşaçılarda belə emosiyalar yaratmaması məni qane etmir. Mənim təcrübəmdə bununla bağlı nümunəvi hadisə var. O, “International China Circus Festival Zhuhai” beynəlxalq festivalı ilə bağlı idi. Bu, 2015-ci ildə ikinci festival idi. Bundan 3 il qabaq müqavilə bağlamışdıq ki, proqrama “Kəmərlərdə hava gimnastları” adlı nömrəmiz daxil ediləcək. Müəyyən vaxt keçdi, bununla bağlı xəbər verilmədi və bu məsələ unuduldu. Lakin günlərin bir günü impresariodan telefon zəngi gəldi. O, mənimlə bu nömrədə iştirak edən həyat yoldaşım Qalinanın Çinin Çjuxay şəhərinə səfər etməyə hazır olub-olmamağımızla maraqlandı. Fasiləyə və partnyorun məcburi dəyişdirilməsinə baxmayaraq, müqavilənin şərtlərini yerinə yetirmək lazım idi. Bu tədbir dünyada ən böyük və aparıcı sirk festivallarından biridir. Mən onun vətənində sirk sahəsinə nəzarət edən Monako şahzadəsində necə güclü təəssürat yaratdığını bilirəm. Bizim məşqlə bağlı məhdud vaxtımız var. Dəqiqliklə həyata keçirə bildiyim yeganə şey məsafəni seçmək idi. Beləliklə, tryukun icrasına çox az vaxt qalır və mən nə edəcəyimi həmin an başa düşürəm... Bir daha vurğulamaq istərdim ki, təxminən iki il yarım ərzində bu nömrənin üzərində işləməmişdim. Sirklərdə günbəzin hündürlüyü fərqlidir. Bu o deməkdir ki, yellənməyin amplitudası da dəyişir. Texniki komponentlərə hər zaman məşqlər və repetisiyalar vasitəsilə düzəliş edilir. O vaxt məndə sadəcə belə bir imkan yox idi. Mən manejdə necə tək dayandığımı və həmin an yaşadıqlarımı xatırlayıram. Birdən, sözün əsl mənasında, daxili enerjimin tədricən bütün auditoriyanı necə əhatə etdiyini hiss etdim. “Hərəkəti” həmin an, necə deyərlər, burada və indi hesabladım. Hansı hisslər keçdirdiyimi sözlə ifadə etmək mümkün deyil.

Peşəkar şəkildə başımı yuxarı tutaraq qalxmağa başladım. Yellənməyə başladım və anlayıram ki, bir növ işıq aparatının üzərinə doğru uçuram və ona toqquşmayacağıma zəmanət yoxdur. Amma bir an qərar verirəm və ona toqquşmadan bir neçə metr qabaq tryuku tamamlayıram. Mən həmin an tryuku həyata keçirdiyim kimi nə ondan qabaq, nə də sonra icra etməmişəm. Yəni yumşaq şəkildə, əzələlərə zərər vermədən uçdum və çevrildim... Bu, tamaşaçıların gurultulu alqışına səbəb oldu. Bu hərəkətdən sonra 7 min nəfərlik zal sanki “yerindən tərpəndi”. Nəticədə, bizi gümüş medalla mükafatlandırdılar. Beləliklə, məhz nömrəni bacarıqla həyata keçirmək artistin peşəkarlığını nümayiş etdirir.

- Axı, zalda uşaqlar olur?

- Sirki yalnız uşaq tamaşaçılarına yönəlmiş sahə kimi qəbul etmək olmaz. Bəli, belə bir yanaşma var və hələ də belə arqumentlər eşidirik: “Buraya yalnız uşaqları gətirmək üçün gəlmişəm”. “Çvetnoy bulvar”da yerləşən Moskva sirkindən bir misal çəkim: tamaşaçıların yalnız dörddə bir hissəsini uşaqlar təşkil edir. Təəssüf ki, 1989-cu ildən bəri Bakı sirkinin inkişafı dayanıb. Biz hazırda onun şöhrətini bərpa edirik. Axı, o, təkcə bizim ölkəmizdə deyil, Azərbaycanın hüdudlarından kənarda da sevilirdi. Onun inkişafında, proqramların yaradılmasında necə insanlar iştirak ediblər! Bakı sirki ilə hansı nəsil bağlı idi! Saymaqla, xatırlamaqla bitməz! Bu məqamda sirkin ovaxtkı direktoru Firidun Abdullayevin, baş rejissor Ramiz Əliyevin adını çəkmək istərdim. Bəstəkar Tofiq Quliyev xüsusi olaraq sirk nömrələri üçün musiqilər yaradıb, onlardan biri hələ də yadımdadır. Böyük Toğrul Nərimanbəyov sirk dekorasiyaları üzərində işləyirdi! Burada necə böyük insanların işlədiyini görürsünüz?! Demək, sirk böyük tamaşaçılar üçündür. Biz tərəddüd etmədən onları sirkə gəlməyə öyrətməliyik. Burada hər yaş kateqoriyası üçün yer var. Hər kəs sirkdə ruhuna yaxın olan nəsə tapacaq. Daha sonra böyüdükcə həyatımızda baş verənlərə, tanış olduqlarımıza fərqli baxmağa başlayırıq... Buna görə də sirk sənəti ilə bağlı yanaşma zaman keçdikcə dəyişir.

- Sizin təcrübənizə əsaslanaraq belə bir sual vermək istərdim. Müxtəlif ölkələrin sirkləri bir-birindən fərqlənir?

- Arenanın diametri dəyişmir. Memarlığı müqayisə etməyə də ehtiyac görmürəm. Sirkin səviyyəsi isə hər nöqteyi-nəzərdən onun rəhbərindən asılıdır. Bacarıqlı rəhbər olmaq xüsusi vəzifədir. Məsələn, maliyyə məsələlərinin mənimsənilməsinin əhəmiyyətini və ardıcıllığını düzgün müəyyənləşdirmək bacarığı arenada bayramın meydana gəlməsinə imkan verən ab-havanın yaranmasına səbəb olur. Sirk azad nəfəs almalıdır. Amma ciddi nəzarətə də ehtiyac var. Ümumiyyətlə, sirk bütün hüdudlardan kənardadır, çünki insanlar burada sanki öz dünya görüşlərinə uyğun yaşayırlar.

- Sirki idarə etmək necədir?

- Mən bu sahədə prodüserliyə başlayanda “sirk idarə etməyin” spesifikasına qərq oldum. Rəhbər olmaq arenada təqdim olunanlardan heç də az olmayan bir sənətdir. Qərar qəbul edərkən və ya səsləndirərkən insan onu əsaslandıra bilməlidir. Müəyyən bir mövzuda populyar fikri və ya dəbli bir tendensiya elan etmək asan deyil. Kollektivə və etibar edilən struktura cavabdeh olmaq bunun öhdəsindən gəlməyi bacarmaq deməkdir.

- Artıq aralıq nəticələr çıxarmaq olar?

- Əminliklə deyə bilərəm ki, bu gün komandamız ciddi maneələrin öhdəsindən gəlib. Çünki bizim heç bir təxəyyülümüz və gözləntimiz yoxdur ki, keçmiş sovet dövründə olduğu kimi bizim çətinliklərimizi, məsələlərimizi kimsə həll edəcək. Sirk yüksək keyfiyyətli işıqlandırma və səs avadanlığı ilə təmin olunub ki, onlarsız müasir sirk tamaşasını təsəvvür etmək mümkün deyil. Odur ki, tamaşanın bu komponentlərinə bilet qiymətləri baxımından nəzər yetirməyi təklif etsəm sirr açmış olmayacağam. Hərdən fikirləşirəm: xərclərlə bağlı rəqəmləri dərc etsəm, mənə inanacaqlarmı? Sonra başa düşürəm ki, bu halda kiməsə nəyisə sübut etməmək mənim üçün daha vacibdir. Ən əsas məsələ odur ki, proses gedir və onun dinamikası aşağı düşmür. Bu o deməkdir ki, daha çətin proqram, fərqli səviyyəli artistlər, irimiqyaslı layihələr olacaq... Bəli, böyük riskləri də nəzərə almaq lazımdır. Artıq “böyük” təşkilat yoxdur, yalnız bir insan var. O, sirk icarəyə götürməkdən tutmuş artistlərə pul ödəməyə, reklam kampaniyasından tutmuş heyvan saxlamağa qədər hər şeyi öz üzərinə götürür. Bunların hamısı maliyyə məsələləri ilə bağlıdır. Bəlkə düzgün təxmin etmədin və tamaşaçılar sirkə gəlmədilər? Ziyanın həcmini səsləndirmək belə qorxuludur!

- Amma bu gün dövlət sirkə dəstək verir...

- O, bizə planları həyata keçirmək imkanı verib, yəni həm bizə, həm də bu planlara inanıb. Bu, inanılmaz dərəcədə vacibdir. Bu gün məhz dövlətin sayəsində buradayıq. Əks təqdirdə, mən heç Bakıda da olmazdım, bizim komandamız yaranmazdı. Yalnız sirk dünyasından uzaq olan bəzi “menecerlər” olardı. Dövlətin iradəsi olmasa, Bakı sirki canlana, yavaş-yavaş cəmiyyətə qayıda bilməzdi və insanlar arasında tələbatlı olmazdı. Bakı sirki ilə dövlət arasında ilk dəfədir ki, belə əməkdaşlıq yaranıb və bu, real gələcəyə ümid verir. Sirkin tədricən yenidən təchizatı planlaşdırılır. Biz buz və su proqramlarının həyata keçirilməsi üçün danışıqlar aparırıq. Qütb ayıları ilə bir layihə var. Biz artıq sirkdə tez-tez görünən və sirk sənətinə olan sevgisi ilə tanınan Monako şahzadəsi Stefaninin kurasiya etdiyi Dünya Sirk Federasiyasının baş ofisi ilə əlaqələr qurmuşuq. Əlbəttə ki, belə səviyyədə əlaqələrin yaradılması dövlət dəstəyi olmadan mümkün deyil! Yüksək planka müəyyən olunub və dövlət ilə sirk arasında tandem çox səmərəlidir. Odur ki, Bakı sirkinin kollektivi bundan sonra da fəaliyyətini davam etdirəcək!



MƏSLƏHƏT GÖR:

84