2 May 2024

Cümə axşamı, 11:13

MÜHARİBƏ YOLU İLƏ

Enerji infrastrukturu kütləvi hücumlara məruz qalan Kiyev Moskva ilə danışıqlara getməkdən imtina edir

Müəllif:

01.12.2022

Gedişi təxminedilməz olan Ukrayna müharibəsi son həftələrdə miqyasına görə dəhşətli humanitar böhranla daha da ağırlaşır. Müharibənin başlamasının doqquzuncu ayı ərəfəsində – noyabrın 23-də Rusiyanın Ukraynaya növbəti kütləvi hücumundan sonra Kiyev ilk dəfə blekaut yaşayıb – ölkədə atom elektrik stansiyaları da daxil olmaqla, bütünlükdə enerji sistemi çöküb. Bu, əlbəttə ki, Ukrayna iqtisadiyyatına və sadə insanların həyatına da öz mənfi təsirini göstərib. Lakin Moskvanın sosial narazılığın artacağı və insanların hökumətdən müharibənin dərhal dayandırılmasını tələb edəcəyinə olan ümidləri doğrulmayıb. Əksinə, ukraynalılar daha da fəallaşıb, prezident Volodimir Zelenski isə Krım daxil olmaqla, bütün əraziləri azad etmədən dayanmayacaqlarını bir daha göstərib.

 

Yeni hücuma hazırlıq

«Nə qədər çətin olsa da, bütün istiqamətlərdə əsas mövqelərimizə nəzarəti saxlayırıq. Uşaqlar qəhrəmancasına müdafiə olunurlar. Üstəlik, irəliləməyə hazırlaşdığımız istiqamətlər də var», - deyə Zelenski bildirib. Bununla yanaşı, Ukrayna kritik infrastrukturunun kütləvi şəkildə bombalanmasına cavab olaraq, Rusiya qoşunlarının mövqelərinə cavab zərbələrini gücləndirib. Ukrayna ordusu bu zaman arsenalında olan uzaqmənzilli silahlardan da istifadə edir.

Məlum olduğu kimi, Rusiya ordusunun 9 aylıq müharibə dövründə ələ keçirdiyi yeganə vilayət mərkəzini tərk etməsi onun döyüş meydanındakı ən əhəmiyyətli itkisidir. Rusiya qoşunlarının yeni cəbhə xətti yaratdıqları indiki şəraitdə hərbi komandanlıq yaranmış vəziyyətə uyğun yeni addımlar atır. Onlar düşünürlər ki, indiki halda Ukrayna qüvvələri Rusiyanın nəzarətində olan ərazilərin dərinliklərinə zərbələr endirə, əks-hücumlarını Krıma daha da yaxınlaşdıra bilər. Odur ki, Rusiya hərbçiləri o cümlədən Krımla inzibati sərhəddə, Donetsk və Luqansk vilayətlərinin şərqindəki bəzi rayonlarda səngərlər qazmaqla istehkam işlərini davam etdirir. Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, bəzi istehkam yerləri hazırkı cəbhə xəttinin 60 kilometrliyində yerləşir. Bu, Rusiyanın Ukrayna qoşunlarının yeni həmlələrinə hazırlaşdığını göstərir.

Hər iki tərəfin Dnepr üzərindən keçidlə bağlı ciddi çətinliklərlə üzləşdiyini nəzərə alsaq, Rusiya qoşunlarının çayın sol sahili ilə irəliləməsi üçün çətin logistik plana ehtiyacı var. Ukrayna ordusunun Qara dənizin qapısı sayılan Qılburun dilinə və Xersonun hələ də Rusiyanın nəzarətində olan cənub hissəsinə hücumlarını sınaq addımları saymaq olar. Güman olunur ki, bu ərazilərə nəzarət Ukrayna qüvvələrinin düşmənin daha zəif artilleriya zərbələri altında hərəkət etməsinə imkan yaradacaq.

Ekspertlərin sözlərinə görə, təchizatı onsuz da pis olan Rusiya qüvvələrinə hava şəraiti daha ciddi ziyan vura və Ukraynanın palçıqlı payız ayları ilə müqayisədə donmuş ərazilərlə daha asanlıqla irəliləməsinə imkan yarada bilər.

Yaranmış vəziyyətdə Xerson vilayətinin əhəmiyyətli dərəcədə böyük hissəsindən geri çəkilməmək və Krımda müdafiə sistemlərini gücləndirmək Rusiyanın əsas hədəfinə çevrilə bilər. Bəzi ehtimallara görə, Moskva qış aylarından 2023-cü ilin yazında yeni hücumlara başlamaq planının hazırlanması üçün istifadə edə, eyni zamanda bu müddətdə silah-sursat toplanması ilə məşğul ola bilər. Bunun elektrik stansiyaları və sutəmizləyici sistemlər də daxil olmaqla, kritik əhəmiyyətli infrastruktura qarşı kampaniya ilə paralel gedəcəyi də istisna deyil.

Noyabrın sonunda rusların Xersonu tərk etməsindən sonra ilk dəfə yanacaq anbarına zərbə endirilib. Bununla yanaşı, Rusiyanın aviazərbələri əsas infrastrukturu dağıdıb, bu isə son dərəcə ağır humanitar böhrana səbəb olub. Odur ki, Ukrayna hökuməti Xersonun bu yaxınlarda azad edilmiş ərazilərindən və Nikolayev vilayətindən dinc sakinlərin təxliyəsinə başlayıb. Hökumət istiliyin, elektrik enerjisi və suyun olmadığı şəraitdə insanların qışı keçirə bilməyəcəyindən narahatdır.

 

Qələbə üçün silah

Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak mövcud ənənəyə sadiq qalaraq, ilk xarici səfərini Kiyevə edib. O, noyabrın 19-da Ukraynaya müdafiə xərcləri üçün 50 milyon funt-sterlinq ayıracaqlarını bildirib. Eyni zamanda, Sunak Böyük Britaniyanın ukraynalı hərbçilərin hazırlanması proqramının genişləndiriləcəyini, ukraynalılara ixtisaslaşmış dəstəyin göstərilməsi üçün bölgəyə ordu həkimləri və mühəndislərinin göndəriləcəyini deyib.

Bundan əvvəl isə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynaya mindən artıq yeni zenit raketinin tədarük olunduğunu bildirmişdi. Bununla yanaşı, «Ramştayn» kontakt qrupunun iclası çərçivəsində müttəfiq ölkələr Ukraynaya növbəti hərbi yardımın göndərilməsi ilə bağlı qərar qəbul ediblər: 2 «HAWK» raket qurğusu (İspaniya); yaxın radiuslu HHM sistemi (Polşa); reaktiv yaylım atəşi sistemi (Almaniya); 500 milyon dollar dəyərində hücum və atıcı silahlar, həmçinin qış təchizatı (Kanada); İsveçdən 270 milyon dollarlıq yardım paketi; Yunanıstandan 155 millimetrlik döyüş sursatları.

Ukrayna prezidenti ofisinin məsləhətçisi Mixail Podolyak isə öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün ehtiyac duyulan silah-sursatın siyahısını açıqlayıb. Söhbət 150-200 ədəd tankdan, təxminən, 300 zirehli avtomobildən, 100 artilleriya sistemindən, 50-70 reaktiv yaylım atəşi sistemindən, həmçinin 10-15 HHM qurğusundan gedir.

Ekspertlər bu rəqəmlərə əsasən deyirlər ki, Kiyevin tələb etdiyi silah-sursatın sayında azalma tendensiyası müşahidə olunur. Bu, Ukrayna ordusunun təchizatı ilə bağlı vəziyyətin yaxşılaşdığını göstərir. Bundan başqa, söhbət həm də diplomatik təcrübədən gedir: nəsə əldə etmək istəyən tərəf minimuma nail olmaq üçün maksimumu istəyir. Ümumilikdə vəziyyət göstərir ki, Ukrayna Silahlı Qüvvələri əsas rolu texniki vasitələr oynadığı «təmassız müharibə»yə üstünlük verir.

 

Danışıqlar, yoxsa sadəcə təmas

Tərəflərin fəal şəkildə müharibənin yeni fazasına hazırlaşdığı bir vaxtda KİV-də və siyasi kluarlarda mümkün danışıqlar mövzusu yenidən aktuallaşıb ki, bu da təsadüf deyil. Səbəb Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns ilə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin arasında noyabrın 14-də baş tutmuş görüşdür. Tərəflər Türkiyənin Milli Kəşfiyyat Təşkilatının vasitəçiliyi ilə Ankarada bir araya gəlib. Rusiya tərəfinin məlumatına görə, danışıqlar ABŞ-ın təşəbbüsü ilə keçirilib.

Uilyam Börns ilə Sergey Narışkin öz prezidentlərinin etibarlı şəxsləri sayıla bilərlər. Qərbin informasiya agentlikləri Ağ Evdəki mənbəyə istinadən xəbər verir ki, görüşə ehtiyac «Rusiyanın Ukraynaya mümkün nüvə zərbəsinin fəsadları haqda məlumatların qarşı tərəfə çatdırılması zərurəti üzündən» yaranıb. Amma güman etmək olar ki, söhbət Ukrayna müharibəsinə birdəfəlik son qoyulması üçün substantiv danışıqlara başlanışması yollarının axtarılmasına hesablanmış uzunmüddətli təmaslardan da gedə bilər.

Amma bu ssenari haqda yalnız Ankara danışır. Ağ Ev bu versiyanı rədd edir, görüşdə yalnız saxlanılmış ABŞ vətəndaşları haqda, həmçinin Rusiyanın mümkün nüvə zərbəsinin yol açacağı nəticələr barədə danışıldığını bildirir. Ukrayna isə Börnsün Türkiyəyə səfər edəcəyi haqda əvvəlcədən məlumatlandırılıbmış. Görüşün əsl və uzunmüddətli hədəfləri haqda suallara Rusiya tərəfi də kifayət qədər «sürüşkən» cavablar verib.

Eyni vaxtda ortaya Moskva ilə Vaşinqtonun ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın Rusiyaya mümkün səfərilə bağlı da müzakirələr apardığına dair xəbərlər çıxıb. Məlumata görə, Nuland ilə Rusiya xarici işlər nazirinin müavinləri Sergey Ryabkov ilə Andrey Rudenko görüşəcəklər. Danışıqları Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın da apara biləcəyi deyilir. Nəzərə alsaq ki, Nuland Amerika administrasiyasında Avrasiya ilə bağlı kompleks siyasi məsələlərə cavabdehdir, bunun baş verməsi Ukrayna böhranının diplomatik həlli perspektivlərinin «test edilməsi» kimi də qiymətləndiriləcək.

Maraqlıdır ki, danışıqlarla bağlı məlumatdan 1 sutka sonra NATO üzvü olan Polşa müharibə dövründə ilk dəfə şərqdən raket hücumuna məruz qalıb. Bunu maraqlı tərəflərin danışıqlar perspektivinin üzərindən xətt çəkmək, münaqişənin eskalasiyasına yol açmaq cəhdləri kimi qiymətləndirənlər var.

Lakin Rusiyanın Polşa ərazisinə məqsədli şəkildə zərbələr endirdiyinə dair ilkin versiyadan imtina olunması göstərir ki, Qərb dövlətləri vəziyyəti gərginləşdirmək istəmir. Demək, ABŞ və Rusiya rəhbərliyi arasında mümkün təmaslar üçün lazımi fonun yaradılması və dəstəklənməsinə ehtiyac duyulur. Ukrayna prezidenti V. Zelenski bildirib ki, o, ayrı-ayrı dövlətlərin liderlərindən Vladimir Putinin danışıqlara başlamaq arzusu ilə bağlı «açıq və o qədər də açıq olmayan» siqnallar alır. «Mən isə açıq forma təklif etmişəm, çünki Rusiya Ukrayna ilə açıq müharibə aparır», - deyə Zelenski qeyd edib.

Ukrayna prezidenti deyib ki, Rusiya ilə «hər hansı səhnəarxası münasibətlər istəmir». «Mən bu formatı təklif etməyə hazıram. Həmkarlarımla bunun yolları haqda düşünəcəyəm», - deyə Zelenski bildirib.

Lakin Ukraynanın kritik infrastrukturunun miqyaslı raket atəşinə tutulmasından sonra Ukrayna prezidentinin ofisindən bildiriblər ki, Moskva ilə heç bir müzakirə aparılmayacaq. Rusiyanın dinc sakinləri və mülki infrastrukturu əsas hədəfə çevirdiyi bir halda Kiyev danışıqlara başlanılması ilə bağlı hər hansı müzakirə aparmaq niyyətində deyil.

Təxminən eyni vaxtda Ukraynada kədərli bir tarix – Qolodomor qurbanlarının xatirə günü qeyd olunurdu. 90 il əvvəl Ukrayna artıq başqa səbəbdən miqyasca indikindən heç də kiçik olmayan faciə ilə üzləşmiş və həmin faciə milyonlarla insanın həyatına son qoymuşdu. Ukrayna sanki tarixin təkrarlandığını göstərmək üçün həmin gün ərzaq təhlükəsizliyinə dair ilk beynəlxalq sammitə ev sahibliyi edib. Ukrayna prezidenti «Grain from Ukraine» («Ukraynadan taxıl») beynəlxalq proqramının icrasına başlanıldığını bəyan edib. Bu proqram çərçivəsində Ukrayna ərzağının Asiya və Afrikanın yoxsul ölkələrinə göndərilməsi nəzərdə tutulur.

Kiyev göstərir ki, o, Afrika və Asiya ölkələrində aclıq çəkən milyonlarla insanı yaxşı anlayır. Buna görə günahı Rusiyanın üzərinə qoyan Ukrayna diqqəti hərbi əməliyyatların dərhal dayandırılmasının və danışıqlara başlanılmasının tərəfdarlarına çəkməyə çalışır, bildirir ki, bu, yalnız müharibənin səbəblərinin aradan qaldırılacağı təqdirdə mümkündür.



MƏSLƏHƏT GÖR:

80