2 May 2024

Cümə axşamı, 07:21

SƏFİRLİK OLACAQ!

Çoxdan gözlənilən hadisə – İsraildə Azərbaycan səfirliyinin açılması ikitərəfli münasibətləri daha da möhkəmləndirəcək

Müəllif:

01.12.2022

İsraildə Azərbaycan səfirliyinin nə zaman açılacağına dair təxminlər, uzun-uzadı diskussiyalar, nəhayət, başa çatıb. Noyabrın 18-də Azərbaycan Milli Məclisi İsraildə səfirliyin və Fələstində diplomatik nümayəndəliyin açılmasına dair sözün əsl mənasında tarixi qərar qəbul edib. Bu addımı yüksək qiymətləndirən İsrail KİV-i bildirir ki, Təl-Əvivdə açılacaq səfirlik əhalisinin əksəriyyəti şiə olan bir ölkənin İsraildə açacağı ilk səfirlikdir. Bu iddiada bir məqama eyham hiss olunur – şiəliyin siyasi dayağı sayılan İranın bu amildən yararlanaraq nələrsə etmək cəhdləri puç olub.

 

Heydər Əliyevin başlatdığı yol

Hesab olunurdu ki, Bakının bu qərarın qəbulunu son anadək uzatmasının səbəbi Tehranın İsraildə Azərbaycan səfirliyinin açılmasına mənfi münasibəti idi. Bu, xüsusilə Qarabağ münaqişəsi illərində regionda maraqlar balansına Ermənistanın xeyrinə mənfi təsir göstərə bilərdi. Lakin 44 günlük müharibədə İranın mühafizəkar rəhbərliyinin aşkar ermənipərəst mövqe tutmasından, Bakıya hərbi-siyasi təzyiq göstərmək yolunu seçməsindən sonra Azərbaycanın İsraildə səfirlik açmasına mane olacaq amil qalmamışdı.

Qeyd edilməlidir ki, İsraillə Azərbaycanın strateji müttəfiqi olan Türkiyə arasında münasibətlərin sürətlə bərpası da səfirliyin açılması qərarını tezləşdirən amillər sırasındadır. Üstəlik, İsrailin yeni hökumətinə Azərbaycanın köhnə dostu Binyamin Netanyahu başçılıq edir. O, yəhudi dövlətinin Azərbaycana səfərlər etmiş ilk və yeganə baş naziridir. Netanyahunun Bakıya ilk səfəri hələ 25 il əvvəl – 1997-ci ildə baş tutmuş, o zaman qonaq Azərbaycan siyasətinin patriarxı, prezident Heydər Əliyev ilə görüşmüşdü. İsraildə Azərbaycan səfirliyinin açılması məsələsi də hələ o zaman detallı müzakirə olunmuşdu. Həmin vaxt Bakıda İsrail səfirliyi artıq 4 il idi ki, fəaliyyət göstərirdi (1993-cü ildən). Lakin qonşu İranla, həmçinin İsrailə kəskin mənfi münasibət göstərən bir sıra ərəb ölkələri ilə münasibətləri gərginləşdirmək istəməyən Bakı bu addımı atmağı lazım bilməmişdi. Onda Azərbaycan İslam Konfransı Təşkilatına (İKT), ardınca isə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) yenicə üzv olmuşdu və vəziyyət onun İsraildə səfirlik açması üçün o qədər də əlverişli deyildi. Bundan başqa, İKT-nin iki aparıcı üzvü – Səudiyyə Ərəbistanı və Pakistan (Türkiyə kimi) Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina etmişdi. Məhz onların mövqeyi İKT, daha sonra isə İƏT çərçivəsində İrəvanın işğalçı siyasətini pisləyən qətnamələrin qəbulunda böyük rol oynamışdı. Əgər Bakı həmin vaxt İsraildə səfirlik açmaq qərarı versəydi, islam dünyasından təcrid oluna bilərdi.

Ədalət naminə qeyd olunmalıdır ki, İsrail tərəfi də Bakının bu narahatlığını hər zaman nəzərə alıb və səfirliyin açılmasında israr etməyib.

Bütün bunlarla yanaşı, Azərbaycan ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə İsrail və dünyadakı, xüsusilə ABŞ-dakı yəhudi icması ilə sıx əməkdaşlıq və dostluq siyasəti yürüdüb. Azərbaycanda yəhudi icmasının sərbəst humanitar inkişafı üçün bütün şərait yaradılıb və bu, Təl-Əviv tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Bir maraqlı fakt Azərbaycan-İsrail münasibətlərini aydın şəkildə xarakterizə edir. Uzaq 2001-ci ildə İranın sabiq prezidenti, o zaman hələ Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi olan Həsən Ruhani prezident Heydər Əliyev ilə görüş zamanı Bakının Yaxın Şərq siyasətini kəskin tənqid etmişdi. Ruhani bildirmişdi ki, əhalisinin əksəriyyəti şiə müsəlmanı olan Azərbaycanda islam həmrəyliyi hissi yoxdur və o, fələstinliləri dəstəkləmək əvəzinə İsraillə əməkdaşlığı inkişaf etdirir.

Lakin Heydər Əliyev Rühaninin iddiasını arqumentləşdirilmiş şəkildə cavablandıraraq, Bakının ABŞ və İsrail ilə münasibətlərinə heç bir halda yenidən baxmayacağını demişdi. «İranın bu istiqamətdə təzyiqlərinin heç bir nəticəsi olmayacaq», - deyə ümummilli lider bildirmiş, üstəlik, Azərbaycanın heç zaman İran nümunəli islam respublikasına çevrilməyəcəyini demişdi.

Bu siyasi ənənəni İlham Əliyev də davam etdirərək, Azərbaycan-İsrail münasibətlərini hərtərəfli möhkəmləndirib. İsraillə bir sıra ərəb dövlətləri arasında «İbrahim razılaşması» əsasında diplomatik münasibətlərin qurulması, Azərbaycanın 44 günlük müharibədə o cümlədən İsrail silahlarının köməyi ilə qazandığı qələbə onun iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə qaldırması üçün fonun dəyişməsinə ciddi təsir göstərib.

29 iyul 2021-ci ildə Təl-Əvivdə Azərbaycanın ticarət və turizm nümayəndəliyi açılıb. Bunu tərəflərin qarşılıqlı iqtisadi-ticari əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisi saymaq olar. Son onilliklər ərzində Azərbaycan İsrail bazarına neft tədarükü sahəsində də aparıcı yer tutur. Yalnız onu vurğulamaq kifayətdir ki, İsrailin neftə tələbatının təxminən 20%-ni Azərbaycan ödəyir. Ukrayna savaşı başladıqdan sonrakı ilk aylarda isə İsrail Azərbaycandan neft idxalını 70%-dək artırıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ümumilikdə bu ilin doqquz ayı ərzində Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 195 milyon 341 min dollar təşkil endib. Turizmə gəlincə, Azərbaycana səfər edən israillilərin sayı ildən-ilə artır. Bu ilin yanvarından oktyabrınadək Azərbaycana 22083 israilli səfər edib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu, 4,4 dəfə çoxdur. Son illərdə Bakı ilə Təl-Əviv arasında birbaşa reyslərin sayında da artım müşahidə olunur.

Hərbi-texniki əməkdaşlığa gəlincə, o, bu gün də ikitərəfli əməkdaşlığın əhəmiyyətli bir hissəsini təşkil edir. Bir müddət əvvəl tərəflər 5 milyard dollarlıq İsrail silahlarının alqı-satqısına dair saziş imzalayıb. Bu, Azərbaycanın sözügedən sahədə hər hansı xarici dövlətlə bağladığı ən bahalı müqavilədir. Eyni zamanda hərbi məhsulların birgə istehsalı sahəsində də əməkdaşlıq inkişaf edir.

Maraqlıdır ki, Azərbaycan İsraildə səfirliklə yanaşı, Fələstində nümayəndəlik də açır. Üstəlik, o, Qüdsdə deyil, Təl-Əvivdə fəaliyyət göstərəcək. Bakı bununla İƏT-in İsrail dövlətinin paytaxtının Təl-Əviv olduğu haqda qərarına hörmətlə yanaşdığını göstərir.

Yeri gəlmişkən, İsrail rəhbərliyi Bakının bu qərarını da anlayışla  qarşılayır. Səlahiyyətlərini başa vurmaqda olan baş nazir Yair Lapid Bakının İsraildə səfirlik açmaq qərarını alqışlayaraq bildirib ki, bu, israillilərin müsəlman ölkələri ilə əlaqələrinin yaranması baxımından vacib addımdır.

«Azərbaycan İsrailin vacib tərəfdaşı və müsəlman dünyasındakı ən böyük yəhudi icmalarından birinin vətənidir. Səfirliyin açılması qərarı ölkələrimiz arasında münasibətlərin dərinliyini göstərir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq istiqamətində göstərdiyi səylərin nəticəsi sayıla bilər», - deyə o, bildirib.

 

Qərar müzakirə olunmur

Azərbaycanın İsraildə səfirlik açmaqla bağlı qərar qəbul etdiyi gün İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb. Güman ki, görüşdə bu mövzu diqqət mərkəzində olub.

Rəsmi Bakı qəbul olunmuş qərarı dəyişmək fikrində deyil və İranın siyasi rəhbərliyində anti-Azərbaycan əhvalının artacağını da istisna etmir. Amma artıq bu, Bakı üçün o qədər də əhəmiyyətli deyil.

İsrail rəhbərliyi isə prezident İshaq Hersoqun timsalında İlham Əliyevə səfirliyin açılması qərarına görə minnətdarlıq edib. Hersoq bildirib ki, bu, «İsrail üçün vacib dost ölkə, strateji tərəfdaş olan Azərbaycanla gözəl münasibətlərdə irəli atılmış addımdır».

Səfirliyin açılması ilə iki ölkə arasındakı münasibətlərin daha da inkişaf edəcəyi gözlənilir. İkitərəfli əməkdaşlığın indiki mərhələsinin əsasını İsrailin Qarabağ və Şərqi Zəngəzurun bərpasında iştirakı da təşkil edir. Bu gün tərəflər arasında ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, kənd təsərrüfatı da əsas prioritetə çevrilir. Tezliklə ərzaq taxılının istehsalı və saxlanması ilə bağlı layihənin başa çatacağı gözlənilir. İsrail Azərbaycanda süd fermaları, səhləb çiçəyinin becərilməsi ilə bağlı da bir neçə layihə reallaşdırmağı düşünür.

Beləliklə, bəzi qonşu dövlətlərin İsrail-Azərabycan əməkdaşlığının inkişafı ilə yaranacaq riskləri qiymətləndirməklə məşğul olduğu, nümayişkaranə hərbi təlimlər keçirdiyi vaxtda Bakı ilə Təl-Əviv regiona sülh və rifah gətirəcək quruculuq layihələri reallaşdırır.



MƏSLƏHƏT GÖR:

83