4 May 2024

Şənbə, 03:20

YUXARI QİYMƏT HƏDDİ

Kreml Avropanın Rusiya neftinə yuxarı qiymət həddi tətbiq etməsinə cavab olaraq bu enerji resursunun satışına embarqoya qədər addımlar atacağını vəd edir

Müəllif:

15.12.2022

Dekabr ayı qlobal neft bazarında qiymətlər və xammal tədarükü ilə bağlı vəziyyətə ciddi təsir göstərə biləcək iki mühüm hadisə ilə yadda qalıb. Bir tərəfdən Avropa İttifaqı (Aİ) uzun müzakirələrdən sonra Rusiya ilə Ukrayna arasında davam edən müharibə ilə əlaqədar Rusiya neftinə 1 barel üçün 60 dollar səviyyəsində yuxarı qiymət həddinin tətbiqi ilə bağlı razılığa gəlib. Digər tərəfdən neft hasilatının məhdudlaşdırılması ilə bağlı sazişdə iştirak edən “OPEC+” ölkələrinin nazirləri mövcud kvotaların saxlanılması ilə bağlı son qərarı veriblər. Başqa sözlə, “OPEC+” oktyabrın 5-də keçirilən nazirlərin 33-cü görüşündə təsdiqlənmiş neft hasilatının sutkada 2 milyon barrel azaldılmasını davam etdirmək qərarına gəlib.

Hər halda, hər iki qərarın effektivliyini yalnız gələn il qiymətləndirmək mümkün olacaq. Bu arada, Rusiya hakimiyyəti çox yaxın vaxtlarda qiymət həddi ilə bağlı ciddi cavab verəcəyini vəd edir. Bu da qlobal neft bazarında onsuz da çətin olan vəziyyətlə bağlı qeyri-müəyyənliyi artırır. Üstəlik, Kreml cavab tədbirlərinin müxtəlif variantlarının nəzərdən keçirildiyini bəyan edib.

 

Misli görünməmiş qərar

Bu ilin yayında məhz ABŞ Rusiya neftinə yuxarı qiymət həddinin tətbiq edilməsini təklif edib. Lakin bu, Rusiyanın enerji resursunun dünya bazarlarında satışına qadağaqoymurdu. Aİ ölkələri hələ sentyabrda belə planların müzakirəsini sürətləndirmişdi. Bununla bağlı qərarın noyabrın sonuna qədər açıqlanacağı güman edilirdi. Lakin müzakirələr uzanıb. Belə ki, Polşa və Baltikyanı ölkələr yuxarı qiymət həddinin 30 dollara düşürülməsinə israr edirdi və bu ideyanı Ukrayna dəstəkləyirdi. Yunanıstan və Malta isə əksinə, onun 70 dollardan yuxarı qaldırılmasının tərəfdarı idi, çünki lap aşağı qiymət həddi bu ölkələrin fəaliyyət göstərdiyi əsas sahə, yəni enerji resursunun daşınması ilə bağlı rentabelliyi azaldır.

Nəticədə, Aİ ölkələri dekabrın 2-də Rusiya neftinin qiymətinin 1 barel üçün 60 dollar həddində olması barədə razılığa gəlib. Bu sənəd dekabrın 4-də Avropa İttifaqının rəsmi jurnalında dərc olunub. Bazarda baş verən dəyişikliklər nəzərə alınmaqla, 2023-cü ilin yanvar ayının ortalarından başlayaraq qiymət həddi mexanizminin hər iki aydan bir nəzərdən keçirilməsi gözlənilir. Limit Rusiya nefti və neft məhsulları üçün orta bazar qiymətindən azı 5% aşağı müəyyən ediləcək. Bu isə Beynəlxalq Enerji Agentliyinin (BEA) təqdim etdiyi məlumatlar əsasında hesablanacaq.  

Bu məhdudiyyətlər yayda razılaşdırılmış 6-cı sanksiyalar paketinin bir hissəsi kimi dekabrın 5-də qüvvəyə minib. Xatırladaq ki, 6-cı sanksiyalar paketi ilə Rusiya neftinin Aİ ölkələrinə (bəziləri istisna olmaqla) dəniz yolu ilə tədarükü qadağan edilir.

Lakin belə ikili tədbirlərin təzyiqi altında bundan sonra neftin qiymətini proqnozlaşdırmaq çətindir, çünki boykot səbəbindən təklifin itirilməsi, həmçinin qlobal iqtisadiyyatın yavaşlaması üzündən tələbin azalması ilə bağlı narahatlıqlar var.

Bu arada, G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) və Avstraliya da öz növbəsində qiymət həddi ilə bağlı koalisiya yaradıb. Onların gəldiyi qərara əsasən, dekabrın 5-dən etibarən G7 ölkələri və Avstraliya şirkətlərinə Rusiya neftinin satış qiymətinin həddi keçdiyi halda onun daşınmasını, sığortasını həyata keçirməyə, həmçinin maliyyə, broker və dəniz yolu ilə daşınmasına dair texniki xidmətlər göstərməsinə icazə verilmir. Oxşar tədbir 2023-cü il fevralın 5-dən neft məhsulları üçün də qüvvəyə minəcək.

Sxem belədir: Aİ və ya G7 ölkələrindən olan şirkət Rusiya neftinin nəqlinə, həmçinin broker, maliyyə və ya texniki xidmətləri göstərməyə qərar verərsə, bu xidmətləri yalnız bu ölkənin neftinin 1 bareli üçün 60 dollar həddini keçmədiyi təqdirdə həyata keçirə bilər. Daha sonra, daha dəqiq desək, dekabrın 8-də Norveç də Rusiyadan xam neftin tədarükü ilə bağlı qiymət həddinin tətbiqinə qoşulub.

“Bu, Rusiyanın gəlirlərini əhəmiyyətli dərəcədə azaldacaq və dünyada enerji qiymətlərinin sabitləşməsinə kömək edəcək. Üstəlik, bu, bazarın formalaşdığı ölkələrin xeyrinə olacaq. Yuxarı qiymət həddi zamanla nizama salınacaq”, - Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib.

ABŞ müəyyən edilmiş qiymət limitini ədalətli hesab edir. Məsələn, bu ölkənin Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, bu qiymət Rusiyaya digər ölkələrə xammal satışını davam etdirmək məqsədilə iqtisadi stimul baxımından kifayət etməlidir. Maliyyə naziri Canet Yellen hesab edir ki, Rusiya neftinin qiymətinin məhdudlaşdırılması bu ölkədən daha ucuz neft axınını təmin edəcək və dünya bazarına tədarükdə fasilələrə imkan verməyəcək.

Bundan başqa, Vaşinqton bu tədbirin inkişaf etməkdə olan ölkələr üçün faydalı olacağını düşünür. ABŞ-ın Maliyyə Nazirliyi hesab edir ki, Rusiya neftinin qiymətinin məhdudlaşdırılması inkişaf etməkdə olan ən böyük 50 ölkəyə ildə 160 milyard dollar qənaət etməyə imkan verəcək. ABŞ əsas benefisiarlar kimi Çin və Hindistanı göstərir. Qeyd etdiyimiz kimi, Maliyyə Nazirliyi izah edib ki, neftin qiymətinin yuxarı həddi Moskvanın dünya bazarlarına yanacaq tədarükünü davam etdirməsi üçün iqtisadi stimula malik olması baxımından kifayət qədər yüksəkdir.

Yeri gəlmişkən, Çin bu ideyaya hələ yayda bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin vasitəsilə reaksiya verib. Onun sözlərinə görə, Çin və Rusiya enerji əməkdaşlığını hər zaman qarşılıqlı hörmət, fayda və qazanc yanaşması ilə inkişaf etdirib.

Hindistana gəlincə, bu ölkənin neft və qaz naziri Hardip Sinqh Puri jurnalistlərə açıqlamasında bəyan edib ki, ölkə hakimiyyəti Qərb ölkələrinin Rusiya neftinə yuxarı qiymət həddi tətbiq etməsindən qətiyyən narahat deyil. O, bunun Hindistana təsirinin sıfır olacağını əlavə edib.

Bundan başqa, hindistanlı nazir ölkəsinin Rusiyadan tədarükləri davam etdirmək niyyətində olduğunu vurğulayıb: “Nefti hansı ölkədən lazımdırsa, ondan da alacağıq”.

Qeyd edək ki, hazırda Hindistan 39 ölkədən neft alır. Əgər əvvəllər Rusiyadan tədarüklər neft idxalının ümumi həcmində cüzi bir paya sahib idisə, Ukraynada müharibə başlayandan sonra bu göstərici kəskin şəkildə artıb.

 

Təsirin qiymətləndirilməsi

Yuxarı qiymət həddinin Rusiya iqtisadiyyatına təsirinə gəlincə, bu barədə fərqli fikirlər var. Bəziləri hesab edir ki, Rusiya nefti bir neçə aydır ki, böyük endirimlə, hətta 1 barel üçün 60 dollardan aşağı qiymətə satılır. Digərləri əmindirlər ki, bu tədbir xüsusilə dəniz yolu ilə tədarük edilən məhsulun alınmasına qadağa qoyulması ilə birlikdə öz təsirini göstərəcək.

“JPMorgan Chase & Co.” bankının ekspertləri qiymət həddi mexanizminin qüvvəyə minməsindən sonra Rusiya istehsalında yalnız kiçik azalmanın olacağını proqnozlaşdırır. Onların fikrincə, Rusiyada neft hasilatı gələn ilin birinci rübündə sutkada 500 min barel azalacaq, 2023-cü ilin ikinci yarısında isə 10 milyon barel səviyyəsində sabitləşəcək. Odur ki, bankın ekspertləri bununla əlaqədar “Brent” markalı neftin 2023-cü il üçün orta qiyməti ilə bağlı proqnozlarını əvvəllər gözlənilən 1 barel üçün 98 dollardan düz 90 dollara qədər endiriblər: “Hesab edirik ki, qiymət həddi mexanizmi bazarda formalaşan neft qiymətlərinə uyğunlaşdırıldıqca, Rusiya alıcılarla birbaşa danışıqlara və tədarüklərə davam edəcək”.

Bundan əlavə, bank analitiklərinin rəyinə əsasən, Rusiya neftinin maya dəyərinə bu ölkənin enerji resursunu nəql etməyə hazır tankerlərin olması təsir edəcək.

Dünyanın ən böyük müstəqil neft treyderi olan “Vitol” isə Rusiyadan ixracın sutkada 1 milyon barel azala biləcəyini istisna etmir. Lakin bu ölkədən ixrac daha da azala bilər: Kreml artıq yuxarı qiymət həddini dəstəkləyən ölkələrə neft tədarük etməyəcəyini açıqlayıb.

“Bernstein” analitik şirkətinin ekspertlərinin fikrincə, Rusiya Qərb ölkələrinin sığortası olmadan işləməyə hazır 100-ə qədər tankerə ehtiyac duya bilər. Onlar hesab edirlər ki, Rusiyanın bu səviyyəyə çatması hətta İran və Venesuela kimi sanksiyalara məruz qalmış ölkələrin uğurla istifadə etdiyi “boz tanker donanması” adlanan donanmadan istifadə edəcəyi təqdirdə belə çətin olacaq.

Bundan əlavə, məhdudlaşdırıcı tədbirlərin effektivliyinə şübhə edənlər arasında ABŞ-ın “Chevron” neft şirkətinin prezidenti Maykl Virt də var. Onun fikrincə, qlobal neft bazarında sanksiya rejimləri ancaq mənfəət naminə sistemdən yan keçənlərə imkan yaradır: “Yalnız bir neçə ölkənin tətbiq etdiyi inzibati mexanizm vasitəsilə mürəkkəb qlobal bazarı cilovlamaq olduqca çətindir”. M.Virt vurğulayıb ki, indi müəyyən edilmiş qaydalara əməl olunmasının necə təmin ediləcəyi məlum deyil.

 

Neft hasilatı sahəsində dəyişiklik yoxdur

Aİ-nin rəsmi jurnalında Rusiya nefti üçün yuxarı qiymət həddi ilə bağlı qərar dərc edildikdən sonra, yəni dekabrın 4-də baş tutan “OPEC+” nazirlərinin görüşünün nəticələrinə əsasən, 23 neft hasil edən ölkənin alyansı müşahidəçi mövqeyi tutmaq qərarına gəlib. Yəni onlar qiymət həddi mexanizmi işə salındıqdan sonra bazardakı vəziyyəti qiymətləndirəcək və Moskvanın cavab tədbirlərini gözləyəcək.

Rusiyanın “OPEC+” ölkələrindəki tərəfdaşlarına hansı tədbirləri görəcəyini və alıcılarından hansı reaksiyanın gəldiyini açıqlayıb-açıqlamaması məlum deyil. Hər halda, alyans heç nəyi dəyişməmək qərarına gəlib. Beləliklə, dekabrın 5-də keçirilən iclasın yekun kommünikesində qeyd olunub ki, “OPEC+” nazirləri 2022-ci ilin noyabrından 2023-cü ilin sonuna kimi hasilatın sutkada 2 milyon barel azaldılmasını nəzərdə tutan hazırkı neft hasilatı planının saxlanılmasını zəruri hesab ediblər.

Üstəlik, bu razılaşmanın iştirakçıları tələb və təklif balansının qorunması üçün bazar konyunkturuna uyğun olaraq istənilən vaxt görüşlər keçirməyə və lazımi əlavə tədbirlər görməyə hazır olduqlarını təsdiqləyiblər. Nazirlərin Monitorinq Komitəsinin (JMMC) növbəti iclası gələn il fevralın 1-də, “OPEC+” nazirlərinin tam formatlı görüşü isə iyunun 4-də keçiriləcək.

 

Cavab tədbirləri

Rusiyanın qiymət həddi tətbiqinə reaksiyasını təxmin etmək çətin deyil. Məsələn, Kreml buna uyğun cavab verəcəyinə (bu baxımdan, yuxarı qiymət həddinin tətbiqini qadağan edən mexanizm nəzərdən keçirilir) və neft hasilatını azaldacağına söz verib. Üstəlik, Moskva belə bir addıma qoşulan ölkələrə neft tədarük etməyəcəyi barədə xəbərdarlıq edib.

“Artıq dediyim ki, bu qərarı dəstəkləyən ölkələrə neft satmayacağıq. Hətta hasilatın mümkün azaldılması barədə də düşünəcəyik. Bizim “OPEC+” ilə məlum hasilat hədəfi ilə bağlı razılaşmamız var. Lazım gələrsə, hasilatın əlavə azaldılmasını nəzərdən keçirəcəyik. Bu barədə düşünürük, hələ ki, bu barədə heç bir qərar yoxdur”, - Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

Eyni zamanda o bildirib ki, qiymətlərin məhdudlaşdırılması praktikası bütövlükdə bazara pis təsir göstərə, neftin qiymətini artıra bilər və nəticədə, bu, belə təklifləri irəli sürən ölkələrə zərbə vuracaq: “Yalnız istehlakçıya qulaq assaq, o zaman bu sahədə investisiya sıfıra enəcək. Bütün bunlar müəyyən mərhələdə qiymətlərin fəlakətli artımına gətirib çıxaracaq”.

Amma Aİ və G7 ölkələrinin Rusiya neftinə yuxarı qiymət həddini tətbiq etməsindən və “OPEC+”un hasilatla bağlı qərarından sonra əksər analitiklərin proqnozlarının əksinə olaraq, bu enerji resursunun qiymətləri qalxmayıb, əksinə aşağı düşüb. Belə ki, hər iki neft markası (“Brent” və WTI) ötən ilin dekabr ayının sonundan etibarən qlobal iqtisadiyyatın yavaşlayacağı ilə bağlı narahatlıqların artması fonunda və yanacağa tələbatın azalması nəticəsində ucuzlaşıb.

Digər tərəfdən bir çox analitiklər əmindirlər ki, uzunmüddətli perspektivdə Rusiya neftinə yuxarı qiymət həddinin tətbiq edilməsi bu enerji resursunun qiymətinin 1 barel üçün 100 dollara qədər və ya daha çox artmasına səbəb ola bilər. Məsələn, ING bankın analitikləri 2023-cü ildə “Brent” markalı neftin orta qiymətinin 1 barel üçün 104 dollar olacağını proqnozlaşdırırlar: “Avropa İttifaqının qadağasını nəzərə alaraq, Rusiya neftinin tədarükü ilə bağlı hələ də çox qeyri-müəyyənlik var. Bununla belə, hesab edirik ki, Rusiya tədarükləri gələn ilin əvvəlində əhəmiyyətli dərəcədə, məsələn, birinci rübdə illik göstəricidə sutkada təxminən 1,8 milyon barel azalacaq”.

Beləliklə, Rusiya neftinə yuxarı qiymət həddinin tətbiqi mahiyyətcə dünya ticarətinin bütün mövcud əsaslarını və qaydalarını dəyişdirən misli görünməmiş qərardır. Əslində, bu, indiyə qədər qiymətlərin yalnız istehsalçılar tərəfindən müəyyən edildiyi bazar üçün yeni çağırışdır. Üstəlik, qiymət həddi “qara qızıl”ın bütün əsas təchizatçıları üçün güclü bir siqnaldır. İstehlakçılar isə onlar üçün məqbul qiymət səviyyəsini təyin etməyə çalışırlar.

Rusiya neftinə tətbiq edilən analoji məhdudiyyətlər effektiv olacağı təqdirdə, gələcəkdə hər hansı digər neft istehsalçısına şamil oluna bilər. Doğrudur, bunun “OPEC+” ilə maraqlar toqquşmasına səbəb olub-olmayacağı ciddi sualdır. Çünki bu alyans Rusiya və Səudiyyə Ərəbistanının rəhbərliyi altında tədarük səviyyəsini tənzimləmək və bazarda sabitliyi və müvafiq olaraq neftin qiymətini saxlamaq imtiyazına malikdir. Odur ki, bu kartel çətin ki, üstünlüyü istehlakçılara verəcək. Buna görə də oyun qaydalarının dəyişməsinin qarşısını almaq üçün neft hasilatçıları arasında, xüsusən “OPEC+” çərçivəsində daha fəal əməkdaşlığı müşahidə etmək mümkün olacaq.



MƏSLƏHƏT GÖR:

70