5 May 2024

Bazar, 16:02

TƏXİRƏ SALINMIŞ TƏLƏB EFFEKTİ

Azərbaycanda turizm pandemiyadan əvvəlki statistik göstəricilərə qayıdır və bununla bağlı rəqəmlərin Qarabağda yeni istiqamətlər hesabına artacağı gözlənilir

Müəllif:

15.12.2022

COVID-19 pandemiyasının qlobal iqtisadiyyatda ən çox təsir etdiyi sahə, şübhəsiz ki, turizm və bütövlükdə istirahət sənayesidir. Üstəlik, bazar iştirakçılarının fikrincə, turizm sektoru yeni tarixi ərzində heç vaxt belə genişmiqyaslı və fəlakətli böhranla üzləşməyib. Digər tərəfdən turizm digər sektorlardan fərqli olaraq, ikiillik məcburi fasilənin mənfi təsirlərindən daha sürətlə bərpa olunmağa başlayıb. Azərbaycan da bu müsbət tendensiyadan kənarda qalmayıb. Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti”nin iştirakçıları hesab edirlər ki, turizm sektoru üzrə statistik göstərici 2023-cü ildə pandemiyadan əvvəlki 2019-cu il səviyyəsinə qayıdacaq.

 

Postpandemiya sindromu

Statistik məlumatlar pandemiya fasiləsindən sonra Azərbaycana turist axınının bərpa olunduğunu göstərir: bu, 2022-ci ilin yanvar-noyabr aylarında, təxminən, 1,5 milyon nəfər təşkil edib. Yəni bu göstərici ötən illə müqayisədə düz 2,1 dəfə çoxdur. Maraqlıdır ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Hindistan kimi ölkələrlə bağlı rəqəmlər sürətlə bərpa olunub. Yəni sadalan ölkələrdən Azərbaycana turist axını pandemiyadan əvvəlki səviyyədən 90%-dən çoxdur. Belarus, Pakistan, İordaniya üzrə göstəricilər isə 2019-cu ilin nəticələrini üstələyib.

Yeri gəlmişkən, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, məlumatlar proqnozlara tam uyğundur: “Hədəfimiz 2019-cu ilin göstəricilərini bərpa etməkdir. İndiki şəraitdə proqnozumuz ilin əvvəlindən özünü doğruldub və sektor 50% bərpa olunub”.

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid isə əlavə edib ki, ilk mərhələdə ənənəvi istiqamətlərdən turist axınının bərpasına diqqət yetirilib. Amma artıq 2022-ci ilin ikinci yarısından etibarən Avropaya və hətta Asiyaya diqqət yetirilməyə başlanılıb. Doğrudur, bəzi ölkələrdə koronavirus məhudiyyətlərinin aradan qaldırılmaması potensialdan yüzdə yüz istifadəyə imkan vermir. Amma ən əsası “buzun yerindən tərpənməsi”dir. Turistlərin ölkəmizə marağı artır. Bunu həm Bakıda gəzən qonaqların sayı, həm də onların buradakı xərclərinin həcmi aydın şəkildə göstərir. Belə ki, təkcə bu ilin ilk üç rübündə ölkəmizə səfər etmiş turistlər bank kartlarından istifadə etməklə 1,7 milyard manat (təxminən 1 milyard dollar) məbləğində əməliyyatlar həyata keçiriblər. Bu da illik müqayisədə, təxminən, 2 dəfə çoxdur. Postpandemiya dövründəki sindromu nəzərə alsaq, bu göstəricilərin kifayət qədər qənaətbəxş olduğunu söyləyə bilərik. Əbəs yerə deyil ki, turizm bir çox ölkələrdə əsas gəlir mənbələrindən biridir.

Beləliklə, Azərbaycan həmçinin 2019-cu illə müqayisədə 2026-cı ilə qədər turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunun ÜDM-də payını 1,5 dəfə artırmağa ümid edir. Yəni hər il turizmdə orta hesabla 20 % artım qeydə alınacaq. Müvafiq olaraq, ölkəyə turist axınının - əcnəbilərin 4 milyona, Azərbaycan daxilində səyahət edən yerli sakinlərin - 6 milyon nəfərə qədər artırılması nəzərdə tutulur.

Bəs bu hədəfə çatmaq mümkündürmü? Bazar iştirakçıları və ekspertlər bunun mümkün olduğunu düşünürlər. “Səyahət insanlar üçün artıq lüks deyil, zərurətə çevrilib. Turizm tez bir zamanda bərpa oluna bilən sahədir. Azərbaycan isə turizm sektoru ilə bağlı gündəmlə ayaqlaşmağa və pandemiya zamanı itirilən imkanların fəal şəkildə yerini doldurmağa çalışır”, - “Skal International Baku”nun prezidenti Ceyhun Aşurov bildirib.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev xatırladıb ki, koronavirus məhdudiyyətləri üzündən qitələrarası logistika və kommunikasiyaya qoyulan qlobal məhdudiyyətlər turizm sektorunun trilyonlarla dollar dəyərində gəlirdən məhrum olmasına və bu sahə ilə bağlı 100 milyon iş yerinin itirilməsinə səbəb olub: “Nəzərə alsaq ki, qlobal turizm sənayesində çalışanların 75 %-i 25 yaşadək olan gənclərdir, bu zaman problemin nə qədər ciddi olduğunu başa düşə bilərik. Turizm həm də iş yerləri və investisiya deməkdir. Buna görə də sektorun bərpası üçün hər cür səy göstərilməlidir”.

 

Yeni istiqamət – Qarabağ

Bu hədəfə nail olmaq yollarına gəlincə, F.Nağıyev qeyd edib ki, turizmin kompleks inkişafının 10 əsas istiqaməti üzrə növbəti 4 il üçün perspektivlər müəyyən edilib. Turizm sahəsi ilə məşğul olan rəsmi şəxslər Azərbaycanda yeni turizm növlərinin və istiqamətlərinin inkişafına diqqət yetirirlər. 

“Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur. Bu ilin mart ayında Tərtər rayonunun Suqovuşan kəndində Prezidentin iştirakı ilə turizm kompleksinin təməli qoyuldu. Eyni zamanda Ağdamda tarixi Şahbulaq qalası ətrafında turizm üzrə ilkin rekreasiya infrastrukturu qurulub. Şuşa şəhərinin və Daşaltı qəsəbəsinin, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcərin turizm imkanlarının qiymətləndirilməsi aparılıb, müvafiq inkişaf strategiyaları və fəaliyyət planlarına inteqrasiya edilib”, - F.Nağıyev vurğulayıb.

Onun sözlərinə görə, hazırda Agentlik həmin ərazilərdə bir neçə layihə həyata keçirir: “Hadrut, Tuğ, Daşaltı, Suqovuşan və Şahbulaqda turizm komplekslərinin tikintisi üçün işlər həyata keçirilir. Ümumilikdə regionun turizm potensialı dəyərləndirilir və turizm məhsulları yaradılır. Əlbəttə, həmin ərazilərdə, ilk növbədə, minalardan təmizlənmə, infrastrukturun qurulması işləri görülməli, əhali oraya qaytarılmalıdır. Düşünürük ki, yaxın 2 il ərzində işğaldan azad edilmiş ərazilər dünya turizmi üçün açılacaq və biz orada qonaqları qəbul edə biləcəyik”.

Üstəlik, Dövlət Turizm Agentliyi “Qarabağ Zəfər Marşrutları” konsepsiyası çərçivəsində “Yolumuz Ağdama” və “Füzuli və Xocavəndə” adlı birgünlük turların layihəsini hazırlayıb.

“Bütövlükdə, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin turizm imkanların qiymətləndirilməsi aparılaraq, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Regional Turizm Strategiyası və Fəaliyyət Planının layihəsi hazırlanıb. Yaxın günlərdə Şuşaya turizm səfərlərinin təşkil edilməsi üçün işlərimizi yekunlaşdıracağıq. Artıq vətəndaşlarımız digər yerlərə olduğu kimi, Şuşaya da turizm səfərləri edəcəklər. Bir sözlə, Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur”, - F.Nağıyev əlavə edib.

Onun fikrincə, il yarımdan sonra Qarabağ öz qapılarını dünyanın hər yerindən olan turistlərin üzünə aça biləcək.

 

Problem yüksək qiymətlərdir

Turizm bazarı iştirakçılarında kifayət qədər müsbət əhvali-ruhiyyəyə baxmayaraq, onların da narazılıqları və problemləri var. Turizm sektoru ilə məşğul olan biznesmenlər turpaketlərin baha olmasından şikayətlənirlər. Onlar bu məsələ ilə bağlı əsas günahkarların aviaşirkətlərin olduğunu düşünürlər. Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Nuriyev Avropanın müxtəlif şəhərlərindən qonşu Türkiyə və Gürcüstana aviabiletlərin Azərbaycanla müqayisədə 3-4 dəfə ucuz olmasına münasibət bildirərkən deyib ki, bu məsələ hökumətin gündəliyinə salınıb: “Biz dövlət qurumları arasında əlaqələndirici qurum kimi fəaliyyət göstəririk və indiyə qədər bu məsələni hökumətin gündəliyinə qoymuşuq. Ümidvarıq ki, gələcək illərdə bu istiqamətdə turizm sektoru üçün əhəmiyyətli dəyişikliklər baş tutacaq”.

“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov da Azərbaycana turist axınının artmasına ilk maneə kimi hava nəqliyyatının baha olmasını hesab edir: “Pandemiya üzündən aviabiletlərin qiymətləri əhəmiyyətli dərəcədə artıb. Başa düşürük ki, aviaşirkətlər uçuş məhdudiyyətləri səbəbindən əhəmiyyətli itkilərə məruz qalıb. Amma avropalı turistləri ölkəmizə cəlb etməyin mümkün yollarını təhlil edəndə, ilk növbədə, aviabiletlərin qiymət fərqinə rast gəlirik. Bu da turpaketin ümumi dəyərinin formalaşmasında mühüm rol oynayır. Biz çox istərdik ki, aviaşirkətlər tərəfindən bu problemə yanaşma dəyişsin”.

O, həmçinin Azərbaycanla birbaşa uçuşların sayının artırılmasının və logistik problemlərin həllinin vacibliyini vurğulayıb: “Hava limanına metro xəttinin çəkilməsini, regionlar arasında sürət qatarlarının olmasını çox istərdik. Bütün bunlarla bağlı ölkəmizin qonaqları müraciət edirlər”.

Lakin aviasiya sektoru gəlirlərinin əhəmiyyətli azaldığına görə və rentabelliyi qorumaq üçün məcburi qiymət artımları ilə bağlı iddiaları rədd edir. Belə ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) proqnozlaşdırır ki, bu il hava yolu sənayesinin gəliri 727 milyard dollara çatacaq. Amma 2022-ci ildə hava yolu sənayesinin zərəri 6,9 milyard dollar səviyyəsində olacaq. 2021-ci ildə zərər təxminən 42 milyard dollar, 2020-də isə 137,7 milyard dollar təşkil edib.

Proqnozlara əsasən, vəziyyətin sabitləşməsini gözləməyə çox az vaxt qalıb. IATA-nın ekspertlərinin fikrincə, gələn il hava yolu sənayesi 779 milyard dollar gəlirlə 4,7 milyard dollar mənfəət əldə edəcək və 2023-cü ildə sərnişin daşınması pandemiyadan sonra ilk dəfə 4 milyard nəfəri keçə bilər. Amma bunun aviabiletlərin qiymətinə təsir edib-etməyəcəyini söyləmək çətindir. Belə ki, bununla bağlı çoxsaylı problemlər var: təyyarə yanacağının qiymətləri, qlobal inflyasiya və sair. Lakin bütün ölkələrdə turizmin inkişafına təkan verən məhz əlverişli turpaketlərdir. Turizm bazarının iştirakçıları göstəricilərin artımına üstünlük verdiklərinə görə, belə turpaketlərin bərpa olacağına ümidləri itirməməliyik.



MƏSLƏHƏT GÖR:

81