2 May 2024

Cümə axşamı, 21:10

İQTİSADİYYATIN GÜZGÜSÜ

Azərbaycanın 2023-cü il dövlət büdcəsi yenə rekord səviyyədə və sosialyönümlüdür

Müəllif:

01.01.2023

Azərbaycan yeni 2023-cü ilə daha bir rekord büdcə ilə daxil olub. Amma hökumət hətta ən böhranlı dövrlərdə belə, dövlətin gəlir və xərclərini əvvəlki ilə nisbətən daha böyük miqyasda formalaşdırmaq ənənəsini pozmayıb. Pandemiyanı, bir zamanlar işğal altında olmuş ərazilərin azad edilməsi uğrunda aparılan Zəfər müharibəsini və indi də Rusiya-Ukrayna müharibəsinin təsirini nümunə göstərmək olar. Lakin dövlət büdcəsi son illərin belə çətin proseslərinə inamla tab gətirməkdə davam edir.

Bu il dövlət xəzinəsinin gəlirləri 30,8 milyard manat, xərcləri isə 33,4 milyard manat proqnozlaşdırılır. Nəticədə, yaranan 2,6 milyard manatlıq kəsir və ya ÜDM-in 2,4%-i daxili və xarici borclar və özəlləşdirmədən daxilolmalar hesabına ödəniləcək. Xatırladaq ki, Azərbaycanın dövlət borcu ilə bağlı heç bir problemi yoxdur. Baş nazir Əli Əsədovun qeyd etdiyi kimi, ölkənin strateji valyuta ehtiyatları artıq 56 milyard dollara çatıb və bu da birbaşa xarici borcu 7 dəfədən çox üstələyir. Doğrudur, 2023-cü ildə xarici dövlət borcunun həcmi 2 dəfədən çox artacaq: əvvəlki ildəki 600 milyon manata qarşı 1,4 milyard manata qədər. Bu isə daxili bazarda aktiv borclanma ilə bağlıdır. Amma götürülmüş kreditlərin qaytarılması prosesinin də həyata keçirildiyini nəzərə alsaq, bu göstəricinin hələ də ÜDM ilə təhlükəli nisbətdən çox uzaq olduğunu söyləyə bilərik.

 

Gəlir balansı

Aydındır ki, gəlir hissəsinin formalaşmasında əsas pay hələ də neft amili ilə bağlıdır. Azərbaycanı artıq bir neçə ildir ki, “neft erası”nın bitəcəyi ilə bağlı qorxudur və xəbərdarlıq edirlər. Amma bugünkü reallıqlar göstərir ki, bu perspektiv hələ çox uzaqdadır. Əksinə, o, mühüm əhəmiyyət kəsb edən uzunmüddətli beynəlxalq yanacaq-energetika layihələrinin mərkəzindədir. Digər tərəfdən beynəlxalq arenada cərəyan edən hadisələr enerji resurslarının qiymətinin artmasına təkan verir. Doğrudur, 2023-cü ilin dövlət büdcəsində ehtiyatlı qiymət – 1 barel neft üçün 50 dollar nəzərdə tutulub. Bu da 2022-ci illə müqayisədə 35 dollar azdır. Görünür, hökumət hər zaman olduğu kimi bu dəfə də bazarda baş verə biləcək dəyişikliklərdən maksimum dərəcədə sığortalanmağa qərar verib. Eyni zamanda bu, büdcə sənədlərində onunla əsaslandırılır ki, “yaşıl enerji”yə keçidlə bağlı hazırkı qlobal tendensiya neft-qaz sektorunun inkişafına investisiyaların azalmasına, eləcə də təchizatın məhdudlaşdırılmasına səbəb olur. 2022-ci ildə neftin orta qiyməti istehsalçıları (1 barel üçün təxminən 100 dollar və daha çox) sevindirsə də, müşahidə olunan geosiyasi vəziyyəti nəzərə alsaq, bu il neftin qiymətinin necə olacağını proqnozlaşdırmaq mümkün deyil.

Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft və qeyri-neft sektorlarının balansı kimi mühüm məsələyə gəlincə, 2023-cü ildə bu nisbət 53%-in 47%-ə olacaq. 2022-ci ilin yenidən baxılmış proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri (ARDNF-dən 11,3 milyard manat transfertlər nəzərə alınmaqla) 4,9%, qeyri-neft sektorunun gəlirləri isə 5,6% yüksək olacaq. Azərbaycanın 2023-cü il dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri cari büdcə xərclərinin cəmi 63,6%-ni əhatə edəcək. Hesablama Palatasının 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı rəyinə əsasən, bu, təəssüf ki, son 9 ilin ən aşağı göstəricisidir. Gəlirlərdə əsas rolu vergi daxilolmaları oynayacaq. Bunlar 12,7%-lik artımla gəlirlərin düz 43,6%-ni təşkil edəcək. Bundan başqa, bu il dövlət büdcəsinin gəlirlərinin 36,7%-i Dövlət Neft Fondundan transfert şəkildə köçürüləcək. Dövlət büdcəsinin 15,5%-i gömrük daxilolmalarının, 2,4%-i büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 1,8%-i isə digər gəlirlərin payına düşəcək.

Bu hissədə ən maraqlı detal isə odur ki, bu il dövlət büdcəsinə dövlət şirkətləri və dövlət payı olan banklardan dividend şəklində 321 milyon 210 min manat vəsait daxil olacağı gözlənilir. Bu da 2022-ci illə müqayisədə 3 dəfə çoxdur. Bu, ilk öncə, hökumətin dövlət şirkətlərinin səmərəliliyinin artırılmasına ümid etdiyini göstərir. Söhbət son dövrlərə qədər əsasən dövlət subsidiyaları hesabına “yaşayan” dövlət şirkətlərindən gedir.

 

Xərclər: Böyük Qayıdış

Xərclərə gəlincə, artıq üçüncü ildir ki, onun əsas maddələri sırasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması ilə bağlı işlərin maliyyələşdirilməsi də yer alır. 2023-cü ildə bu məqsədlərə 3 milyard manat vəsait yönəldiləcək. Bu da 2022-ci ilin təsdiq edilmiş proqnozundan düz 12,4% çoxdur. Azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına ayrılan vəsait bu il dövlət büdcəsinin ümumi xərclərinin 9%-ni təşkil edir. Təəssüf ki, işğalçılar tərəfindən azad edilmiş torpaqlarda törədilən barbar dağıntıların miqyasına görə bu maddənin adının “bərpa”dan “inkişaf”a dəyişdirilməsi tezliklə baş verməyəcək. Bu il Azərbaycan hakimiyyəti Qarabağ və Şərqi Zəngəzurda 48 layihənin icrasını davam etdirməyi planlaşdırır.

Baş nazir Əli Əsədov məlumat verib ki, İnkişaf Strategiyasının icrası məqsədilə ümumilikdə büdcədən 32,7 milyard manat vəsait tələb olunur ki, bunun 19,2 milyard manatı (58,7%) işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsinə yönəldiləcək.

Onun sözlərinə görə, 2027-ci ilədək ölkənin sosial-iqtisadi inkişafının həyata keçirilməsi üçün Azərbaycanın dövlət büdcəsindən 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur: “Son iki ildə Qarabağ və Şərqi Zəngəzurda bərpa layihələrinə 5,8 milyard manatdan çox vəsait yönəldilib”.

Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il iyulun 22-də “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təsdiq edib. Proqrama əsasən, 5 illik dövrdə ölkədə orta illik iqtisadi artım 3-4%, o cümlədən qeyri-neft sektorunda ildə 5%-dək təşkil edəcək.

Bu arada, Qarabağda son aylarda baş verən hadisələr göstərir ki, Azərbaycanın müdafiə və təhlükəsizlik xərclərinin artım tempini azaltması hələ tezdir. Buna görə də bu istiqamətdə xərclərlə bağlı 4,6%-lik artım (5,3 milyard manatadək) özünü tamamilə doğruldur.

“Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi ölkə rəhbərliyi üçün prioritet məsələlərdən biridir. 2023-cü ildə dövlət büdcəsi xərclərinin 16%-i bu məqsədlərə yönəldiləcək. Bu, mütləq ifadədə 5,3 milyard manat təşkil edir”, - Ə.Əsədov vurğulayıb.

Tamamilə məntiqli qərardır: Azərbaycanın istənilən addıma adekvat cavab verməsi üçün kifayət qədər iqtisadi resursları olmalıdır.

 

Sosial istiqamət

Ənənəvi olaraq, büdcə yenidən sosialyönümlü olacaq. Bu məqsədlə bu il 2022-ci illə müqayisədə 9,2%-dən çox vəsait nəzərdə tutulub. Baş nazir qeyd edib ki, bu istiqamətdə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi planlaşdırılıb. Belə ki, dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclər 4,4 milyard manat proqnozlaşdırılır. Bu, 2022-ci illə müqayisədə 18,3% çoxdur.

Artıq elan edilib ki, bu məbləğ çərçivəsində 2023-cü il yanvarın 1-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna uyğun olaraq bütün növ pensiyaların indeksləşdirilməsi və artırılması mexanizmi tətbiq ediləcək. Belə ki, pensiyaların ümumi məbləği orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək.

Əli Əsədovun qeyd etdiyi kimi, əhalinin həssas qruplarına sosial dəstək bu il də davam etdiriləcək və 2023-cü il dövlət büdcəsi 67% (15,2 milyard manat) sosialyönümlüdür. Sosial xərclər çərçivəsində təhsil, səhiyyə, ətraf mühitin mühafizəsi və s. üzrə vəsaitlərin artırılması nəzərdə tutulur.

Yeni büdcədə digər mühüm prioritet istiqamət kənd təsərrüfatıdır. Demək olar ki, bütün beynəlxalq təşkilatların dünyanı qorxutduğu ərzaq böhranı hökumətləri kənd təsərrüfatı məhsullarının ən mühüm növləri ilə özünü təmin etmək məsələlərinə diqqət yetirməyə və bu sahədə problemləri sürətlə həll etməyə vadar edir. Aydındır ki, bu, əlavə investisiyalar olmadan mümkün deyil. Buna görə də dövlət büdcəsi layihəsində 2022-ci il üçün təsdiq edilmiş proqnozdan 20,5% çox, yəni 1,2 milyard manat vəsait aqrar sektorun inkişafına nəzərdə tutulub.

Baş nazir Əli Əsədov məlumat verib ki, Azərbaycanın vahid torpaq fondu 8,6 milyon hektar təşkil edir ki, bundan kənd təsərrüfatına yararlı torpaq sahələri cəmi 4,8 milyon hektardır (55,2%): “Son vaxtlar qeyri-kənd təsərrüfatı məqsədləri üçün kənd təsərrüfatına yararlı torpaq sahələrinin kateqoriyasının və təyinatının dəyişdirilməsi ilə bağlı çox sayda müraciətlər olunur. Lakin kənd təsərrüfatı təyinatlı torpaqların ölkənin ərzaq təhlükəsizliyi, əhalinin ərzaq təminatı və məşğulluğu üçün vacib əhəmiyyətini nəzərə alaraq, həmin torpaqlardan təyinatından kənar istifadə edilməsi arzuolunmazdır və xüsusi nəzarətdə saxlanılacaq”.

 

Təzyiqlərə tab gətirmək

Ötən ilin sonunda büdcə müzakirələri zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili maraqlı təkliflə yadda qalıb. Onun fikrincə, Azərbaycanda büdcə ilinin başlanması yanvarın 1-dən aprelin 1-nə təxirə salınmalıdır. Deputatlar hesab edirlər ki, bu, bir sıra sənaye sahələrinin maliyyələşdirilməsi ilə bağlı problemləri həll edəcək, çünki büdcə xərclərinin pik həddi dördüncü rübə düşür. Doğrudur, bu təklif hələ ki qəbul edilməyib. İl və onunla bərabər yeni büdcə qayğıları başlayıb.

Ə.Əsədovun haqlı olaraq qeyd etdiyi kimi, dövlət büdcəsi illik maliyyə planı olması ilə yanaşı, həm də iqtisadiyyatın güzgüsü hesab edilir. Onun yükü ildən-ilə artır və hazırkı xarici konyunkturda makroiqtisadi sabitliyi təmin etmək heç də asan deyil.

“Son dövrlərdə müşahidə edilən beynəlxalq gərginlik, qlobal istehsal zəncirinin pozulması və digər problemlər dünyada ərzaq qiymətlərinin artmasına və ərzaq qıtlığına səbəb olub. Yüksək inflyasiya fonunda qlobal iqtisadi artımın zəifləməsi qlobal iqtisadiyyatı ressesiyaya doğru itələyir. Hər kəs bilir ki, dünya heç vaxt əvvəlki kimi olmayacaq”, - Ə.Əsədov vurğulayıb.

Buna görə də bu dövrdə hər bir ölkə üçün kifayət qədər daxili resursların olması xarici kataklizmlərə qarşı durmağın əsas amili və geosiyasi arenada müstəqil şəkildə mövcudluğun təminatçısıdır. Daha bir rekord dövlət büdcəsi isə Azərbaycanda bu mənada işlərin necə getdiyinin bariz göstəricisidir.



MƏSLƏHƏT GÖR:

82