7 May 2024

Çərşənbə axşamı, 08:54

“ƏSL ROK-N-ROLL”

Azərbaycan Avropanı təkcə təbii qazla deyil, həm də “yaşıl enerji” ilə təmin edən layihələrin fəal iştirakçısına çevrilir

Müəllif:

01.01.2023

Bu ilin oktyabrında Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) təntənəli açılışının və Albaniya və Serbiya liderləri ilə Tirana və Belqradda danışıqların ardınca Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 17-də Rumıniyaya rəsmi səfərini haqlı olaraq tarixi hesab etmək olar. Buxarestə səfər ən iddialı layihələrdən birinin - 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda “Black Sea Energy” sualtı elektrik kabelinin tikintisinə dair dördtərəfli sazişin imzalanması ilə yadda qalacaq. Bu layihə Avropa İttifaqı (Aİ) üçün yeni enerji mənbəyinə çevrilə bilər.

Bu sənəd faktiki olaraq, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun davamı idi. Bunun həyata keçirilməsi Aİ-yə enerji təhlükəsizliyini yaxşılaşdırmağa və Rusiyadan enerji asılılığından qurtulmağa imkan verəcək.

 

Bir komanda kimi

Dekabrın 17-də Buxarestdə Kotroçeni sarayında “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın baş nazirləri İrakli Qaribaşvili, Rumıniyanın Baş naziri Nikolae Çuke və Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də iştirak edib.

“Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır”, - Azərbaycan Prezidenti İlham Əliyev sazişin imzalanma mərasimi ilə bağlı plenar iclasda deyib.

Azərbaycan lideri xüsusilə vurğulayıb ki, sazişin icrası Avropanın enerji təhlükəsizliyi üçün ümumi töhfə olacaq: “Məqsədlərimizə nail olmaq üçün biz səmərəli surətdə çalışmalıyıq. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya Avropa İttifaqı ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində bir komanda kimi işləməlidirlər”.

Ursula fon der Lyayen isə əmindir ki, bu sənəd Aİ-ni Cənubi Qafqazdakı tərəfdaşlara yaxınlaşdıracaq və iki regionun təmiz enerjiyə keçidinə kömək edəcək: “Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Mən, sadəcə, onu deyə bilərəm ki, bu, çox iddialı bir layihədir. Bu layihə bizi həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq”.

Aİ-nin rəsmiləri hesab edirlər ki, layihə Gürcüstana regionun enerji qapısına çevrilmək imkanı yaradacaq, həmçinin Moldova və Ukrayna kimi qonşu ölkələrə elektrik enerjisi nəqlinə imkan verəcək.

“Qara dənizdən çəkiləcək elektrik xətti böyük imkanlara malik yeni marşrutdur. Rusiya Ukraynada hərbi kampaniyaya başlayarkən biz bu ölkənin yer altından çıxarılan yanacaqlardan uzaqlaşaraq, bu sahəni etibarlı enerji tərəfdaşlarına doğru şaxələndirmək qərarına gəldik və bu işləyir. Amma biz təkcə yeni geosiyasi vəziyyətdən danışmırıq. Söhbət həm də təmiz, əlverişli və etibarlı enerji mənbələrinin yaradılmasından gedir və bunlar bərpa olunan enerjinin müxtəlif növləridir”, - Ursula fon der Lyayen “Black Sea Energy” layihəsinin əhəmiyyətindən danışarkən bildirib.

Rumıniya Prezidenti Klaus Yohannis isə qeyd edib ki, bu sənəd iştirakçı ölkələr arasında bir sıra mühüm istiqamətlər üzrə uzunmüddətli əməkdaşlığın əsasını qoyur. Gələcəkdə görüləcək işlərin çox olduğunu vurğulayan K.Yohannis əlavə edib ki, elektrik kabeli ilə yanaşı, növbəti mərhələdə sualtı elektrik xətti boyunca rəqəmsal ötürücü xəttin çəkilməsi nəzərdə tutulur: “Bizim Konstansa limanından Gürcüstan istiqamətində dəniz nəqliyyatı əlaqəsinin genişləndirilməsi planlaşdırılır. Bu səylər Azərbaycan və daha sonra Mərkəzi Asiya ilə əlaqələri gücləndirəcək. Mövcud potensialdan istifadə etmək və dayanıqlılığımızı gücləndirmək üçün görüləcək çox işlər var”.

Gürcüstan rəhbərliyi bunun ölkənin enerji müstəqilliyini və iqtisadi baxımdan əhəmiyyətini artıracağını düşünür və sualtı elektrik ötürücü kabelinin tikintisini “Əsrin layihəsi” adlandırıb. Baş nazir İrakli Qaribaşvili hazırkı geosiyasi çağırışlar fonunda enerji təhlükəsizliyi sahəsindəki aktual məsələlərin həlli baxımından şaxələndirmənin vacibliyinə diqqət çəkib.

Layihə ilə bağlı ən yaxşı müqayisəyə görə şəxsi mükafat verilsəydi, o zaman müsabiqənin şəksiz qalibi layihəni “əsl rok-n-roll” adlandıran Macarıstanın Baş naziri Viktor Orban olardı.

“Xəzər dənizi regionunda enerji mənbəyi var. İndi biz dünyanın ən uzun sualtı elektrik naqilini çəkməyə hazırlaşırıq. Bu, əsl yenilikdir. Əgər mən 30 yaş kiçik olsaydım, deyərdim ki, bu, əsl rok-n-rolldur”, - V.Orban vurğulayıb.

O, Budapeştin belə unikal investisiya üçün məsuliyyəti öz üzərinə götürə bilməsindən qürur duyduğunu qeyd edib.

 

Prosesə start verilib

“Black Sea Energy” layihəsi üzrə sazişin imzalanması nə vəd edir? Qısa desək, dördtərəfli hökumətlərarası saziş sualtı kabel layihəsinin həyata keçirilməsi üçün maliyyə və texniki baza yaradır. Bununla, Azərbaycanda istehsal edilən elektrik enerjisi Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılaraq, Macarıstana və Avropanın qalan hissəsinə nəql edilməsi nəzərdə tutulur. Hazırda layihə üzrə işlər 2023-cü ilin sentyabrında başa çatdırılması planlaşdırılan texniki-iqtisadi əsaslandırmanın hazırlanması mərhələsinə keçib. Onun 3-4 il ərzində çəkilməsi planlaşdırılır.

Macarıstanın xarici işlər naziri Peter Siyarto isə bildirib ki, Avropa Komissiyası dünyada ən uzun kabelin çəkilməsi üçün 2,3 milyard avro ayırıb və Azərbaycan investorları Xəzər dənizində turbinlərin tikintisinə sərmayə qoymağa dəvət edir.

Sualtı sistemin uğurlu işləməsi üçün “yaşıl enerji” mənbələrinə gəlincə, Azərbaycanın potensialı lazımi tələbatı ödəməyə kifayət edir. Eyni zamanda bərpa olunan enerji mənbələri sahəsində istehsal güclərinin yaradılması üçün hələ çox iş görülməlidir. Artıq proses başlayıb - günəş və külək elektrik stansiyaları tikilir və yaxın illərdə konkret nəticələr gözlənilir.

“Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 giqavat külək və 1 giqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80%-i ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 giqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq. Beləliklə, yalnız bir qlobal enerji şirkəti Azərbaycanda 10 giqavat “yaşıl enerji”nin istehsalına yatırımlar etməyi planlaşdırır”, - Azərbaycan dövlət başçısı Buxarestdə həmkarları ilə görüşündə bildirib.

Azərbaycan tarixən neft və qazla zəngin ölkə kimi qəbul edilsə də, onun həm bərpa olunan enerji potensialına, həm də Avropa ölkələrinə “yaşıl enerji” təchizatında strateji mövqeyinə görə iqtisadiyyatın və sənayenin “yaşıllaşdırılması” prosesinin fəal iştirakçısına çevrilməsi üçün yaxşı perspektivləri var. Beləliklə, Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı quruda 27 giqavatdan çox külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 giqavatdan çox külək enerjisidir.

 

Üstəgəl təbii qaz

Rumıniya “Black Sea Energy” layihəsi üzrə sənəd imzalamaqla yanaşı, Azərbaycanla təbii qaz sektorunda da uğurlu saziş imzalaması ilə öyünə bilər. İ.Əliyev Buxarestə səfərindən bir gün qabaq “S.N.G.N. Romgaz S.A.” və “SOCAR Trading” (SOCAR və “Romgaz S.A.”nın törəmə müəssisələri) 2023-cü il yanvarın 1-dən etibarən Azərbaycan təbii qazının Rumıniyaya tədarükünə dair müqavilə imzalayıb. Azərbaycanın “mavi yanacağı” Cənub Qaz Dəhlizi sistemi, IGB vasitəsilə, həmçinin Bolqarıstan və Rumıniyanın təbii qaz nəqli infrastrukturundan istifadə etməklə çatdırılacaq.

Yeri gəlmişkən, ICIS-in (Independent Commodity Intelligence Services) məlumatına əsasən, imzalanmış qısamüddətli spot müqavilə ilə 2023-cü il yanvarın 1-dən aprelin 1-dək SOCAR tərəfindən Rumıniyaya 300 milyon kubmetrədək təbii qaz tədarükü nəzərdə tutulur. Gündəlik tədarükün 4,2 milyon kubmetrə qədər olacağı gözlənilir.  

Bu sazişi şərh edən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Avropaya təbii qaz nəqlinin coğrafiyasını genişləndirir və bu, hər iki tərəf üçün faydalıdır.

Azərbaycan dövlət başçısının sözlərinə görə, bu, hər iki tərəf üçün mənfəətlidir, çünki Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsinə, Azərbaycanın isə özünün nəhəng enerji mənbələri üçün etibarlı bazara ehtiyacı var.

Rumıniyaya gəlincə, o, belə bir sənəd imzalamaqla daxili ehtiyacları ödəmək üçün Azərbaycan təbii qazına çıxış əldə edəcək. Bu da Rumıniya üçün qış mövsümündə və Avropada enerji böhranı fonunda xüsusilə vacibdir.

“Müqavilə təbii qaz təchizatının təhlükəsizliyinin təminatı və şaxələndirilməsi üzrə strateji hədəflərə xidmət edir. Tərəflər əməkdaşlığı və Azərbaycanın təbii qazının Rumıniya bazarına tədarükü mexanizmlərinin təkmilləşdirilməsini davam etdirməyi planlaşdırırlar”, - “Romgaz S.A.” şirkətinin məlumatında deyilir.

Beləliklə, Rumıniya ilə həm ənənəvi yanacaq, həm də gələcəkdə təmiz enerji təchizatını əhatə edən uzunmüddətli və səmərəli olacağını vəd edən maraqlı enerji əməkdaşlığı formatı yaranır.   

 

Üstəgəl Serbiya

Rumıniya Azərbaycan təbii qazını və elektrik enerjisini almaq istəyən yeganə ölkə deyil: görünür, Serbiya da eyni yolla gedir. Serbiya Prezidenti Aleksandar Vuçiç Qara dəniz sualtı kabelinin əhəmiyyətindən və ondan keçəcək Azərbaycan elektrik enerjisindən danışıb.

A.Vuçiçin cavab səfəri çərçivəsində dekabrın 21-də Azərbaycanın paytaxtında iki ölkə liderlərinin görüşündə Bakı ilə Belqrad arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri gündəlikdə duran əsas mövzular sırasında olub.

“Biz artıq özümüzün ötürücü sistemlərimizin inşası, inkişafı yollarını müzakirə etdik ki, Rumıniya və Macarıstana sualtı xətlə nəql olunacaq elektrik enerjisini əldə edək və özümüzün necə enerji benefisiarları ola biləcəyimizi nəzərdən keçirək. Biz Bolqarıstan və Şimali Makedoniya ilə birlikdə inşa etməyə hazırlaşdığımız interkonnektorlar vasitəsilə Azərbaycan qazını əldə etməyin yolları barədə müzakirə apardıq”, - A.Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

Azərbaycan dövlət başçısı öz növbəsində qeyd edib ki, enerji sektoru Bakı ilə Belqrad arasında əməkdaşlığın bir hissəsidir: “Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdı. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaq”.

Azərbaycan “mavi yanacağı”nın idxalına gəlincə, Serbiya hakimiyyəti Bolqarıstanla interkonnektorun tikintisinin 2023-cü ildə başa çatmasını gözləyir. Bu, Serbiyanın Avropa dövlətləri üçün tranzit ölkəyə çevrilməsinə və eyni zamanda onun ehtiyaclarını ödəməyə imkan verəcək.

“Bu, Serbiyanın faktiki olaraq Cənub Qaz Dəhlizinin bir hissəsi olmasına imkan verəcək. Bu da bizim üçün böyük həcmdə təbii qaz, ixracda etibarlılıq, böyük müstəqillik deməkdir”, - Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç qeyd edib.

O, həmçinin məlumat verib ki, Serbiya və Azərbaycanın enerji müəssisələri birgə işçi qrupu vasitəsilə Serbiyanın Azərbaycandan idxal edəcəyi qaz həcmlərinin kontraktasiyası ilə bağlı növbəti addımları razılaşdıracaqlar.

Bu arada, Rusiya-Ukrayna münaqişəsi fonunda Serbiya ilə yanaşı, enerji təchizatının şaxələndirilməsi daha da aktuallaşan Aİ-nin bir neçə başqa ölkəsi də Azərbaycan təbii qazını əldə etmək üçün növbədə gözləyir.

Bir sözlə, Azərbaycanın “yaşıl enerji”nin inkişafı üçün tutduğu kurs tamamilə düzgündür. Dünya tədricən olsa da, əminliklə, qalıq yanacaqlardan uzaqlaşır. Odur ki, postyanacaq enerjisinə keçid qaçılmazdır. Buna görə də ölkələr bunun uğrunda yarışa məhz indi qoşulur. Beləliklə, ölkələr bu bazarda yer tutmaq üçün istehsal və ixrac güclərini əldə etməyə çatdırmalıdır.



MƏSLƏHƏT GÖR:

84