26 Aprel 2024

Cümə, 23:05

REKORD MƏBLƏĞƏ TRANSFER

“Qarabağ” ölkə futbolu tarixində ilk dəfə olaraq 5 milyon avroya futbolçu satıb

Müəllif:

15.01.2023

Son günlər Azərbaycan mediasının gündəmindən düşməyən “Qarabağ”ın futbolçusu Kadi Borgesin karyerasını Rusiyada davam etdirəcəyi artıq dəqiqləşib. Braziliyalı legioner ölkəmizə gəldiyi ilk aylar ümidləri doğrultmasa da, cəmi 1 ildən sonra Ağdam klubunun əsas futbolçusuna çevrilmişdi.

 

Əsrin müqaviləsi

Kadi Borges Malinovski Portuqaliyanın ikinci divizionunda çıxış edən “Vilafrankense” klubundan alınıb. Orada 33 oyunda 5 qol vurmuşdu. 2021-ci ildə azarkeşlər bu transferə görə klubu xəsislikdə qınayırdı. Həmin il “Qarabağ” ölkə çempionu ola bilmədi. Yeni mövsümdə Kadi yarımmüdafiənin həm mərkəzində, həm də sağında liderə çevrilib. Komandanın Konfrans Liqasının pley-offuna vəsiqə qazanmasına, çempion olmasına, kubok qazanmasına yardım edib. Braziliyalı legionerin əsas futbolçuya çevrilməsindən sonra “Qarabağ” rəhbərliyi onunla yeni müqavilə imzalayıb. Ən əsası isə Kadinin transfer qiyməti müəyyənləşib - 5 milyon avro.

2023-cü il Kadinin həyatında yeni dövrün başlanmasına səbəb olub. Rusiyanın “Krasnodar” klubu onun üçün 5 milyon avro ödəməyə hazır olduğunu bildirib. Üstəlik, rusiyalılar Kadiyə illik 1 milyon avro məvacib söz verməklə transferin rəsmiləşməsində həlledici rol oynayıb. Bu Azərbaycan futbol tarixinin ən bahalı transferi kimi tarixə düşüb. Təsəvvür edin, cəmi 150 min avroya alınan Kadi iki il sonra 5 milyona satılıb. Şübhəsiz ki, bu işdə “Qarabağ”ın məşqçi heyətinin düzgün sistemli iş prinsipi də böyük rol oynayıb.

Ötən yay Avropanın bəzi klubları yarımmüdafiəçini transfer etmək istəyib. Lakin “Qarabağ” onu satmağa razı olmayıb. Bundan sonra braziliyalı ilə yeni müqavilə bağlanıb. Bu zaman təkliflər çox olmasın deyə, müqaviləyə “5 milyon avro verilsə, sərbəst qalacaq” bəndi salınıb. Rəhbərlik həmin vaxt bu pulu heç kimin ödəməyəcəyini düşünürmüş. Daha sonra Kadinin “Qarabağ”da özünü daha yaxşı göstərməsi “Krasnodar”ın diqqətini çəkib. Rusiyalılar əvvəlcə ağdamlılara 2 milyon təklif edib. Ağdam klubu bundan imtina edib. Onlar sonda Kadinin müqaviləsində qeyd olunan bənddən istifadə etmək qərarına gəlib. Yəni onu “Qarabağ”dan 5 milyon avroya transfer etmək mümkün olub.

 

“Bizimkilər”lə bağlı problemlər

Gəlin, yaxın keçmişə nəzər salaq. Dino Ndlovu, İbrahima Vadji, indi isə Kadi Borges böyük pullar müqabilində “Qarabağ”ı tərk edir. Ağdam klubu avrokuboklarda uğur qazandığı hər il legionerləri əcnəbi klubların diqqətini cəlb edir. Bəs yerli futbolçulara niyə maraq yoxdur. Bu müddətdə yalnız Mahir Əmrəli xarici kluba transfer olunub. Əmrəlinin də karyerasının uğurlu olduğunu söyləmək olmur – Polşada qalmadı, Xorvatiyada isə “Dinamo”nun ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilib.

Xarici klubların “Qarabağ”da ancaq legionerlərlə maraqlanması Azərbaycan futbolunun acınacaqlı vəziyyətindən xəbər verir. Demək, Ağdam klubunun uğurlarında əsas pay sahibi yerli məşqçi və legioner futbolçulardır - yerli oyunçular həlledici rol oynamır. Digər tərəfdən yerli futbolçular uzun illər doğma stadionun hüdudlarını tərk etmək istəyini ortaya qoymayıblar. Onlar öz vətənlərində kifayət qədər yaxşı qazanır və buna görə də getmək istəmirlər. Nəticədə, onlar inkişafdan geri qalırlar. Reallıq budur ki, hazırda ölkə futbolunda Avropada meydana çıxacaq futbolçumuz yoxdur. Türkiyə aşağı liqası, İran çempionatı istisna olmaqla, aparıcı Avropa çempionatlarında oynamağa hazır kadrlarımız yoxdur. Yerli çempionatda lazımi rəqabətin olmaması isə yeni nəsil oyunçuların yetişməsinə mane olur.

Azərbaycanlı futbolçunun legioner olmasına mane olan əsas səbəblərdən biri qeyri-peşəkarlıqdır. Xaricdə oynamağı istəyən oyunçu həm mentalitetə, həm komandaya uyğunlaşmalı, digərlərindən üstün olduğunu göstərməli və yaxşı futbol oynamalıdır. Yaxın keçmişdən bir nümunə göstərmək istərdim. Bir zamanlar Portuqaliyada inamlı təsir bağışlayan qapıçı Kamran Ağayevin az qala hər müsahibəsində yaxınları üçün darıxdığını deməsi onun imicinə ciddi zərbə vurmuşdu. Nəticədə, Ağayev klubunu dəyişdi, sonra vətənə qayıtdı.

Gənc və perspektivli futbolçular yeni mühitə, ətrafa öyrəşmək üçün güclü xarakterə malik olmalıdırlar. Onlar çətin idman rejiminə, sonsuz məşqlərə, nizam-intizama, hava şəraitinə və bir sıra digər amillərə hazır olmalıdırlar. Milli klubların bir çox futbolçusu peşəkar futbolun bütün bu kriterilərinə cavab vermir və ona görə də xaricdə qalmırlar. Burada dil amili də böyük rol oynayır. Məsələn, ingilis və ya rus dilini bilən yerli futbolçuların, məsələn, ispan və ya fransızdilli klublarda deyil, yaxın ölkələrdə oynaması daha məqsədəuyğundur. Amma bunun üçün də əvvəlcə özümüzü təsdiq etməliyik. Axı, Rusiya, Türkiyə kimi ölkələrin klubları hələ də azərbaycanlı futbolçulara ciddi yanaşmırlar. Ölkə futbolunda elə sistem qurulmalıdır ki, futbolçularda xaricə getməklə problem yaranmasın və xarici klublar bizim oyunçulara güvənsin.

 

Debütlərin əhəmiyyəti haqqında

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov bildirib ki,  “Qarabağ”ın Kadini satması uğurlu hadisədir: “Bütün top-klublar futbolçu alış-verişində iştirak edir. Belə şey Azərbaycan klublarında da varsa, lap yaxşı. Biri var, həmişə klubun büdcəsindən futbolçu transfer edirsən, büdcəyə kənardan heç bir pul gəlmir. Biri də var, artıq özün oyunçu satırsan. Kadi “Qarabağ”da istedadını göstərdi. O, öz oyunu ilə göstərdi ki, daha güclü kluba, daha güclü çempionata keçməyə layiqdir. Onun müqabilində daha da güclü futbolçu almaq mümkündür. Hətta 1 yox, 2-3 futbolçu almaq olar. Klubun infrastrukturunu yaxşılaşdırmaq, onu daha da gücləndirmək üçün belə transferlər önəmlidir”.

Mircavadov qeyd edib ki, Ağdam klubunda yerli futbolçulara marağın az olması təəssüf doğurur: “Xarici oyunçu almaq məlum şeydir. Onu transfer edirsən, bir az oynadırsan, satırsan. Bəs yerli futbolçular necə olacaq? Məni düşündürən budur. Onlar da inkişaf etməlidirlər, 5 milyondan da artıq məbləğdə başqa klublara keçməlidirlər. Amma yerli oyunçuların arasında inkişaf edənləri çox azdır. Onlara xarici klublar tərəfindən maraq çox deyil. Başlıca səbəblərdən biri odur ki, onlar özlərini göstərə bilmirlər. İkinci səbəb Avropa klublarının Azərbaycan futbol bazarına marağının olmamasıdır. Axı, bizdə son illər Avropada uğurlu çıxış edən futbolçularımız yoxdur. Mahir Əmrəlinin çıxışı uğurlu alınsaydı, bəlkə də fürsət pəncərəsi açılacaqdı. İndi vəziyyət belədir ki, yalnız legionerlərlə maraqlanırlar”.


MƏSLƏHƏT GÖR:

80