19 May 2024

Bazar, 17:23

MÜHARİBƏ HƏYƏCANI: YENİLƏNMƏ

Trans-Atlantik iqtisadi qarşıdurma getdikcə 70 il əvvəlki vəziyyəti daha çox xatırladır

Müəllif:

15.01.2023

ABŞ-Aİ münasibətləri sürətlə iqtisadi-ticari qarşıdurmaya doğru gedir. Noyabrın 9-da Avropa İttifaqı ölkələri ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə irəli sürülmüş inflyasiyanın azaldılması qanununa yekdilliklə «yox» deyiblər. Bu, avropalıların daxili bazarlarla bağlı narahatlıqlarından irəli gəlir.

 

Xüsusi ümid verməyən danışıqlar

Artıq dekabrın 5-də Avropa və Amerikanın yüksək rütbəli rəsmiləri Avropanın rəqəmsal texnologiyalar şöbəsinin rəhbəri Marqaret Vestager və ABŞ-ın dövlət katibi Entoni Blinkenin rəhbərliyi ilə Vaşinqtonda bir araya gəliblər. Görüş ABŞ-Aİ ticarət və texnologiyalar Şurası formatında baş tutub. Bu formatda görüşlər ildə iki dəfə keçirilir və məqsəd tərəflərin inkişaf etməkdə olan iqtisadiyyatlarda birgə telekommunikasiya layihələrinin maliyyələşdirilməsindən tutmuş, kiberhücumlarla birgə mübarizəyədək müxtəlif sahələrdə əməkdaşlığın daha da sıxlaşdırılmasına töhfə verməkdir. İndi düşünülür ki, ABŞ-ın amerikalıların yerli avtomobillər alması üçün böyük subsidiyaların ayrılmasını nəzərdə tutan qanunu tərəfləri ciddi trans-Atlantik ticarət mübahisəsinə doğru aparır və bu, Brüssel ilə Vaşinqton arasında posttramp dövründə münasibətlərin yenilənməsi istiqamətində göstərilən səyləri heç edə bilər.

Görüşün sonunda qəbul olunmuş birgə bəyanatda tərəflər Avropa İttifaqının narahatlığını qəbul edib, problemlərin konstruktiv həllinə sadiqliklərini bildiriblər. Bununla yanaşı, sənəddə mübahisənin həlli üçün konkret tədbirlərin nələrdən ibarət olacağı göstərilməyib. Yalnız etibarlı süni intellekt texnologiyalarının qiymətləndirilməsi və ölçülməsi üçün “birgə yol xəritəsi”nin hazırlanması, eləcə də tədqiqat maneələri və kvant texnologiyaları ilə bağlı maneələrin azaldılması üçün işçi qrupunun yaradılması qərara alınıb.

Bununla yanaşı, Aİ-nin bəzi ölkələri daha sərt tədbirlərin görülməsini istəyir. Məsələn, Fransa Avropa şirkətlərinin maraqlarına uyğun ekoloji subsidiyalar proqramının tətbiqi ilə ABŞ-a cavab hücumuna keçilməsinə tərəfdardır. Aİ qanunvericiliyinə əsasən, sənaye subsidiyaları Avropa Komissiyası tərəfindən diqqətlə öyrənilir. Komissiya onların daxili bazardakı iqtisadi balansa zərər verəcəyi qənaətinə gələrsə, subsidiyaların ayrılmasına veto qoya bilər. Bu, nəhəng üzv dövlətlərin miqyaslı dövlət yardımı sxemləri ilə kiçik rəqiblərini «əzməsinin» qarşısını alır.

Avropa inteqrasiyasının mənbəyinə aid bu sərt prinsip son illər daha çox diqqət mərkəzindədir. Səbəb isə ABŞ ilə Çin arasında qlobal yarışın getdikcə qızışmasıdır.

«İnflyasiyanın azaldılması ilə bağlı qanun bizi dövlət yardımı mexanizmlərini necə yaxşılaşdıra biləcəyimiz, onları yeni qlobal şərtlərə necə uyğunlaşdıracağımız haqda düşünməyə vadar etməlidir», - deyə Avropa Komissiyasının başçısı Ursula fon der Lyayen bildirib: «Biz vahid bazarımızda mənfi tendensiyalardan qaçmaq üçün çox ehtiyatlı olmalıyıq. Eyni zamanda təmiz texnologiyalar sahəsində artan qlobal rəqabətə də reaksiya verməliyik».

Ekspertlərin fikrincə, Avropa, həqiqətən də, uzun müddət subsidiyalara «ehtiyatlı yanaşma» prinsipindən çıxış edib, ABŞ isə onlardan «geosiyasi məqsədlər» üçün yararlanıb. İnflyasiyanın azaldılması haqqında qanun isə «xarici şirkətlərdən gələn və narahatlıq yaradan» faydalı qazıntılara məhdudiyyət qoyur. Burada əsas hədəf, əlbəttə ki, Çindir.

 

Amerika-Avropa münasibətlərinin siyasi iqtisadı

Hesab olunur ki, bu, siyasi məsələdir, çünki əsas hədəf Aİ ilə ABŞ arasındakı subsidiya yarışından qaçmaqdır. Burada qalib lazımi sektorlara aid ayrı-ayrı şirkətlər olur, çünki sonda onlar dövlətdən ciddi «sədəqə» istəyə bilirlər.

Müşahidəçilər hesab edir ki, əsl «ticarət savaşı»na çevrilə biləcək qarşıdurma Co Bayden ilə Ursula fon der Lyayenin Tramp dövründən qalmış ziddiyyətlərin aradan qaldırılması səylərinə ziyan vurur. Hər halda, posttramp dövründə tərəflər ticarət və təhlükəsizlik sahəsində əlaqələri gücləndirməyə çalışır.

Odur ki, ABŞ ilə Avropanın fikir ayrılıqlarını yumşaltmağa çalışacaqları gözlənilir. Deyilir ki, onların trans-Atlantik əməkdaşlığın fəallaşdırılmasına yönəlmiş altı layihəsi məhz buna hesablanıb. Söhbət Yamayka və Keniyada 2 telekommunikasiya layihəsinin maliyyələşdirilməsindən, etibarlı süni intellekt texnologiyasının yaradılması qaydalarının elan olunmasından, yarımkeçiricilərin tədarük zəncirinə potensial maneələrin üzrə çıxarılması üçün səylərin koordinasiyasından və s. gedir.

Elektromobillərin enerji yığması ilə bağlı ümumi standartların tətbiqi, peyvəndlərin qarşılıqlı tanınması, Aİ və ABŞ-ın gömrük əməkdaşlarına işdə rəqəmsal sənədləşmə alətlərindən istifadə imkanı verəcək pilot layihənin tətbiqi də gözlənilir.

Lakin Vaşinqtonun elektromobillər üçün ayrılmasına yanvardan başlanılacaq subsidiyası ilə bağlı davam edən mübahisə tərəflər arasında əsas fikir ayrılığı olaraq qalır. Bunu şikayətlərə baxılması üçün yüksək rütbəli məmurlardan ibarət birgə işçi qrupun yaradılması da son qoymayıb. Bəzi avropalı siyasətçilər Brüsselin daha sərt mövqedən çıxış etməsini, hətta cavab olaraq Amerika məhsullarına konkret tariflərin tətbiqini tələb edir.

ABŞ rəsmiləri isə gözlənilən subsidiyaların proteksionist xarakter daşıdığı haqda ittihamları rədd edir, öz arqumentlərini irəli sürürlər. İddia olunur ki, Avropanın Amerikaya məxsus «Google» və «Amazon» kimi şirkətlərlə rəqabət məqsədi ilə xüsusi köçürmələr sənayesinin qurulması siyasəti öz-özlüyündə, ticarətdə ədalətsiz əngəllərin yaradılması cəhdidir.

Bütün bunlarla yanaşı, ABŞ-Avropa mübahisəsi Aİ-nin Rusiyadan Avropa bazarlarına enerji resursları tədarükünün azalması ilə rəqabət baxımından yaxşı vəziyyətdə olmadığı vaxta təsadüf edib. ABŞ-da yanacağın qiymətinin xeyli uçuz olması Avropa və beynəlxalq şirkətlərin fəaliyyətlərində dəyişikliklərə gedə biləcəyi ilə bağlı narahatlıqlar yaradıb. Məsələn, Almaniyanın «BASF» kimya qrupu Çində yeni zavodun açılmasından sonra Avropada ştatlarını «davamlı olaraq» azaltmaq məcburiyyətində qaldığını bəyan edib. Fransa prezidenti isə Amerikanın enerji istehsalçılarını Avropada satışın artması ilə «hədsiz gəlir əldə etməkdə» günahlandırıb.

Vəziyyət ötən əsrin 50-ci illərini çox xatırladır – o zaman ABŞ SSRİ ilə yeni «soyuq müharibə» üçün demokratlar koalisiyası yaratmağa çalışırdı. O dövrdə olduğu kimi, indi də analoji vəziyyət müttəfiq iqtisadiyyatlar arasında sıx koordinasiyanı nəzərdə tutmalıdır. Lakin ABŞ ilə Aİ arasındakı ticarət mübahisəsi bu planı pozur.

 

Dünya yeni resessiya zonasında

Bu arada, Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi inkişafla bağlı proqnozlarına yenidən baxıb. «World Economic Outlook» tərəfindən hazırlanmış son hesabatda bildirilir ki, dünyanı resessiya və maliyyə bazarında qeyri-sabitlik gözləyir. Güman edilir ki, bu proqnoz beynəlxalq istehsalın üçdə birini özündə cəmləmiş ölkələr üçün aktual olacaq.

Beynəlxalq iqtisadi vəziyyətin pisləşməsinə Çindəki durum da öz təsirini göstərir. Əksər ekspertlərin fikrincə, hazırda bu ölkənin iqtisadiyyatı acınacaqlı durumdadır. Əsas səbəb isə pandemiyadan qaynaqlanan karantin tədbirləridir. Məhz bu üzdən əvvəllər milyonlarla insanın çalışdığı bəzi sahələr işçilərinin sayında kəskin azalmaya gedib.

Son 30 ildə qlobal tədarük zəncirində Çinin iqtisadi liberallaşması getdikcə daha vacib rol oynayır və bu ölkədən kütləvi mal tədarükünə mane olan istənilən addım ciddi beynəlxalq nəticələr verir. Qərb ölkələrində sənaye mallarına tələbatın kəskin şəkildə artmasından sonra yaşanan inflyasiya şoku da bunu təsdiqləyib. Səbəb yenə də tədarük zəncirinin qopması idi – Asiyadan tədarükün ləngiməsi zavodlarda ciddi komponentlərin çatışmamasına yol açmış, üstəlik, nəqliyyat xərclərinin həddindən artıq yüksəlməsi vəziyyəti daha da ağırlaşdırmışdı.

Ukrayna müharibəsi isə inflyasiyanı son onillikdə ən yüksək həddə qaldırıb. Nəticədə, dünya iqtisadiyyatının üçdə biri, o cümlədən Böyük Britaniya, avrozonanın bəzi ölkələri və bəlkə də ABŞ resessiyanın astanasına gedib çıxıb.

Nəhəng qlobal şirkətlər inkişaf etmiş ölkələrdə inflyasiyanın pikə yaxınlaşdığına və hətta çatdığına ümid edirdilər. Bu halda mərkəzi bankların faiz dərəcələrinin artırılması ilə bağlı sərt tədbirləri səngiyə bilərdi. Lakin Çində iqtisadi vəziyyətin pisləşməsi və dünya iqtisadiyyatı ilə bağlı proqnozların xoş olmaması investorların nikbinliyinə imkan vermir.

Londonun «Capital Economics» konsaltinq şirkətinin hesabatına görə, təxminən 1945-ci ildən mövcud olan qlobal ticarət sistemi «dağılır» və bu, iki əsas ticarət blokunun yaranması ilə nəticələnəcək. Pandemiya və Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr proteksionizmə meyillənməyə başlayıb, çünki həmin ölkələrdə müxtəlif sahələr dünya bazarlarındakı qeyri-sabitlikdən zərər çəkir. Beləliklə, nəticədə, iki nəhəng ticarət blokunun yaranacağı proqnozlaşdırılır. Onların birincisi və ən böyüyü ABŞ ilə müttəfiqləri olacaq, digəri isə Çin ətrafında formalaşacaq. Bu dəyişiklik qlobal istehsalatı zəiflədəcək və inflyasiyanı artıracaq. Peşəkar vərdişlərə malik işçilərin iki coğrafi məkan arasında hərəkəti isə yəqin ki, azalacaq, innovasiyalar nəticəsində isə iqtisadi artım da zəifləyəcək.

Geosiyasi səbəblər resursların bölüşdürülməsi ilə bağlı qərarların qəbulunda vacib rol oynayacaq, bu isə sırf bazar alətlərinin yox olmasına yol açacaq.

Amma hələlik müşahidə olunan tendensiyalar dünyanın aparıcı iqtisadiyyatlarına liderlik edən şəxslərin bu və ya digər dərəcədə qarşılıqlı qəbul olunan əməkdaşlıq modeli tapması ilə aradan qalxa bilər. Bəli, hazırkı münasibətlər sisteminin formasını dəyişməklə də olsa qorunub saxlanılması yalnız bu halda mümkündür.



MƏSLƏHƏT GÖR:

68