2 May 2024

Cümə axşamı, 03:02

GİZLİNDƏN AŞKARA

Türkiyə və Suriya sülh yolunda – onları yaxınlaşdıran məqamlar nələrdir?

Müəllif:

15.01.2023

Ötən ilin əlamətdar hadisələrindən biri də Türkiyə və Suriya müdafiə nazirləri Hulusi Akar və Əli Mahmud Abbasın Yeni ilə bir neçə gün qalmış Moskvada keçirilən görüşü olub. Rusiyanı ev sahibi kimi müdafiə naziri Sergey Şoyqu təmsil edib. İclasda nazirlərlə yanaşı, Türkiyə və Suriya kəşfiyyat təşkilatlarının rəhbərləri də iştirak ediblər.

 

Yüksək səviyyəli danışıqlar

Yeri gəlmişkən, daha əvvəl Hakan Fidan Suriyanın vitse-prezidenti, keçmiş kəşfiyyat rəhbəri Əli Məmlüklə danışıqlar aparmışdı. Lakin müdafiə nazirlərinin iştirakı ilə Moskva görüşü danışıqlar prosesinin yeni mərhələyə keçməsindən xəbər verir. Görüşdən sonra yayılan bəyanatda bildirilib ki, nazirlər Suriya münaqişəsi, qaçqınlar problemi və Suriyadakı terror qruplaşmalarına qarşı birgə mübarizəni müzakirə ediblər. Doğrudur, Suriya və Türkiyə tərəflərinin yaydığı bəyanatlarda onlar arasında bəzi fikir ayrılıqlarının olduğu müşahidə olunub. Lakin bu bəyanatlarda görüşün müsbət ab-havada keçdiyi vurğulanıb, həmçinin Suriyanın ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə olunub. Sənədə əsasən, danışıqlarda regional sabitliyin təmin edilməsi və ən əsası dialoqun analoji formatda davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.

Bu arada, Moskvadakı danışıqlardan qısa müddət sonra Türkiyə və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub. Onlar müdafiə nazirlərinin görüşünün nəticələrini müzakirə edib və növbəti görüşün vaxtını razılaşdırıblar.

 

Uzun illər davam edən düşmənçiliyin sonu

Türkiyə ilə Suriya arasında münasibətlər 12 il əvvəl Suriyada etirazların silahlı qarşıdurma mərhələsinə çevrildiyi “ərəb baharı” adlanan dövrdə kəsilib. Ankaranın etirazların ilkin mərhələsində vasitəçilik cəhdləri uğursuz alınıb. Belə ki, Türkiyənin ovaxtkı xarici işlər naziri Əhməd Davudoğlu Dəməşq səfərindən sonra əliboş qayıtmışdı. 2011-ci ilin sonlarında artıq Suriyada proseslər pik həddinə çatıb və ilk qaçqınlar Türkiyəyə ayaq basıb.

Eyni zamanda Ankara “Suriyanın dostları” adı verilən müxalif beynəlxalq koalisiyanın üzvü olub, Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında bir vaxtlar mövcud olan dostluq münasibətləri açıq düşmənçiliyə çevrilib və bütün bunlar dövlətlərarası münasibətlərə son dərəcə mənfi təsir göstərib.

Beynəlxalq koalisiyanın Bəşər Əsədin rəhbərlik etdiyi Suriya hökumətini devirmək cəhdləri Rusiya və İranın dəstəyi və himayəsi sayəsində nəticəsiz qalıb. Üstəlik, Əsədin rəhbərliyi ilə Suriya 2013-cü ildən sonrakı mərhələdə itirdiyi əraziləri geri qaytarmağa nail olub. Sonrakı illərdə İŞİD-in səhnəyə çıxması, eləcə də Suriyanın şimalında kürd separatçı qruplarının güclənməsi Ankaranın Suriyadakı prioritetlərinin dəyişməsinə səbəb olub.

Türkiyə ilk dəfə 2016-cı ilin avqustunda Suriya ərazisinə hərbi qüvvə göndərərək İŞİD və YPG terror qruplarını sərhəd ərazilərindən çıxarıb. Sonrakı illərdə Türkiyə ordusu Türkiyə-Suriya sərhədinin əhəmiyyətli bir hissəsini terrorçu qruplaşmalardan təmizləməyə nail olub.

Eyni zamanda 2017-ci ilin sentyabrında Türkiyə və Rusiya prezidentləri arasında əldə olunan İdlib razılaşması sayəsində müxalif qrupların son qalası - İdlib əyaləti üzərində birgə nəzarət yaradılıb və İran, Rusiya və Türkiyə arasında Suriya məsələsində üçtərəfli əməkdaşlıq təmin edilib. Lakin 2020-ci ilin fevralında İdlibdə Suriya və Rusiya qüvvələri ilə Türkiyənin dəstəklədiyi müxalif qruplar arasında baş verən qarşıdurma göstərib ki, tərəflər arasında hələ də çox ciddi anlaşmazlıqlar var. Söhbət Suriyanın şimalındakı vəziyyət, müxaliflərin taleyi və Suriya-Türkiyə sərhədi kimi mövzulardan gedir. Ancaq 2020-ci ilin martında Moskvada Türkiyə və Rusiya liderlərinin görüşü keçirilib və bundan sonra növbəti razılıq əldə olunub. Lakin buraya “terror təşkilatı” termininin müxtəlif şəkildə şərh edilməsinə görə Suriyada terrorçu qruplarla mübarizə məsələsi daxil deyil. Belə ki, Rusiya və Suriya mərkəzi hakimiyyətə qarşı döyüşən bütün islamçı silahlı birləşmələri, həmçinin müxalifətin əksəriyyətini terrorçu hesab edir. Türkiyənin isə terror təşkilatı mövzusunda yanaşması fərqlidir. Məhz buna görə də həm Soçi sazişi, həm də 2020-ci ilin martında imzalanmış Moskva sazişi tam yerinə yetirilməyib.

Hər halda, Suriyada vəziyyət dəyişib və Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması perspektivi artıq real deyil. Digər tərəfdən Suriya münaqişəsi zamanı Ankara kürd separatizmi və qaçqınlar kimi, daha aktual problemlərlə üzləşib.

Hazırda separatçı kürd təşkilatı PYD və onun silahlı qanadı YPG Türkiyə-Suriya sərhədinin mühüm bir qisminə nəzarət edir. Ümumiyyətlə, “Suriya Demokratik Qüvvələri” adı verilən və əsasən kürd qüvvələrinin nəzarət etdiyi koalisiya Suriya ərazisinin 20 faizindən çoxuna nəzarət edir və faktiki olaraq mərkəzi hakimiyyətlə hesablaşmır. Üstəlik, kürdlərin nəzarətində olan ərazilərdə ABŞ hərbi qüvvələrinin yerləşməsi həm rəsmi Dəməşqin, həm də Ankaranın bu bölgələrdə hərbi əməliyyat keçirməsinə mane olur. 2018-ci ildə Rusiyanın “Vaqner” hərbi şirkətinin muzdluları Deyr əz-Zor vilayətində kürdlərin nəzarətində olan Təbii Qaz zavoduna hücumunun ABŞ ordusu tərəfindən dayandırılması və “Vaqner”in ağır itkilərə məruz qalması sonrakı dövrdə digər qrupların bu bölgəyə hücumunun qarşısını alıb.

Vaşinqtonda Suriya kürd separatçılarını dəstəkləyən siyasi qruplar var. Bu qruplar kürdlərin İŞİD-ə qarşı mübarizədə ABŞ-a verdiyi dəstəyi əsas gətirərək kürdlərin dəstəklənməsinə nail olur. Təsadüfi deyil ki, ABŞ-ın keçmiş Prezidenti Donald Trampın ABŞ hərbi qüvvələrini Suriyadan çıxaracağı ilə bağlı açıqlaması Vaşinqtondakı kürd lobbisinin sərt müqaviməti ilə qarşılaşmış və yerinə yetirilməmişdi. İndi hər kəsə aydındır ki, ABŞ qüvvələri Suriyada qaldığı müddətdə kürdlərə qarşı hərbi güc tətbiqi, demək olar ki, mümkün deyil. Bu mənada kürd məsələsi hazırda Ankara və Dəməşqi yaxınlaşdıran amildir. Suriya kürdlərə muxtariyyət və ya ona bərabər hər hansı status vermək istəmir. Türkiyə də belə düşünür. Çünki Ankarada hesab edirlər ki, Suriyada PKK-ya bağlı kürd separatçılarının muxtariyyət əldə etməsi Türkiyədə terrora ciddi stimul verəcək.

Digər tərəfdən Türkiyədə hazırda sayı 3,5-4 milyon arasında suriyalı qaçqın var və onların sayı durmadan artır. Türkiyə hakimiyyəti ölkə daxilində ciddi sosial problemlərə səbəb olan və hökumət üçün getdikcə daha böyük yük olan suriyalı qaçqın məsələsini Dəməşqlə anlaşma ilə həll etməyə çalışır. Türkiyə dövlət başçısının 2019-cu ildə BMT-yə təklif etdiyi Suriyanın şimalında qaçqınlar üçün 1 milyon əhalinin yerləşəcəyi layihə qəbul olunmayıb, dolayısı ilə qaçqın mövzusu Türkiyə üçün getdikcə daha ciddi problemə səbəb olur. Bu səbəbdən də, Ankara problemi Dəməşqlə dil taparaq həll etməyə çalışır.

Əlbəttə, bu məsələdə Türkiyə-Rusiya münasibətləri amilini də unutmaq olmaz. Türkiyə-Suriya barışığında Moskvanın ciddi rolu var. Yeri gəlmişkən, Ərdoğan Türkmənistan səfərindən qayıdarkən jurnalistlərə bildirmişdi ki, Suriya rəsmiləri ilə danışıqların başlamasını o özü Rusiya liderinə təklif edib. Onun sözlərinə görə, razılaşdırılmış fəaliyyət planına əsasən əvvəlcə kəşfiyyat rəhbərləri, ardınca müdafiə nazirləri, daha sonra isə xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub.

Danışıqlar prosesinin böyük hissəsi artıq başa çatıb. Növbəti mərhələdə iki ölkənin XİN rəhbərləri arasında görüş olacaq və güman ki, yaz aylarında Suriya və Türkiyə prezidentləri görüşəcək. Bu barədə hələ ötən ilin noyabrında Qətərdə Türkiyə və Misir prezidentləri arasında təxminən 9 illik fasilədən sonra baş tutan görüşdən sonra açıqlama verilmişdi. Bu görüşün ardınca Ərdoğan bildirmişdi ki, “siyasətdə küskünlük olmaz, Bəşər Əsədlə də görüşə bilərəm”.

 

Barışıq çətin məsələdir

Bir çox türkiyəli analitiklər Türkiyədə prezident seçkisinə qədər Ərdoğan-Əsəd görüşünün ola biləcəyini ehtimal edir. Əlbəttə, prosesin gedişatı onu göstərir ki, qarşıdakı aylarda belə bir görüş mümkün ola bilər. Lakin Türkiyə və Suriya arasında hazırda çox ciddi fikir ayrılıqları hələ də qalmaqdadır. Söhbət müxaliflərin taleyi, Suriya ərazisindəki Türkiyə hərbi qüvvələrinin çıxarılması kimi məsələlərdən gedir.

Doğrudur, Suriya rəsmi mediasına inansaq, Türkiyə tərəfi ordunu çıxarmağa razılaşıb. Lakin aydın məsələdir ki, İdlib, eləcə də Afrin, Azez-Cerablus rayonlarında yerləşmiş Türkiyə ordusunun çıxarılması ilə yanaşı, bu ərazilərdəki müxaliflərin təhlükəsizliyinə təminat alınmalıdır. Çünki söhbət sayı on minlərlə olan silahlı müxalifdən gedir. Bu insanların əsas təminatçısı Türkiyədir.

Yeri gəlmişkən, Moskva görüşündən dərhal sonra açıqlama verən Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, Ankaranın Dəməşqlə danışıqları nəticəsində Türkiyə heç bir halda Suriya müxalifətini yalnız qoymayacaq: “Suriyalı qardaşlarımızı çətinliyə salacaq heç bir hərəkətə yol vermədik və verməyəcəyik. Bunu hər kəs bilməli və buna görə hərəkət etməlidir”.

Aydındır ki, Moskva görüşü və ümumiyyətlə, Türkiyə və Suriya arasındakı yaxınlaşma ən çox suriyalı müxalifləri narahat edir. Çünki onların taleyi məhz bundan asılıdır. Xatırladaq ki, yanvarın əvvəlində Suriya müzakirə komitəsinin sədri Bədir Camus, Suriya Milli Koalisiyasının sədri Səlim əl-Muslat və Suriya Keçid Hökumətinin başçısı Əbdürrəhman Mustafa Ankaraya səfər edərək dövlət rəsmiləri, o cümlədən xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüblər.

Ə.Mustafa bildirib ki, Ankarada onlara danışıqların gedişi barədə məlumat verilib. Texniki məsələlərin müzakirə olunduğu görüşlərdə terrorla, PPK-ya qarşı mübarizə və Suriyanın ərazi bütövlüyü kimi məsələlərin müzakirə olunduğu barədə məlumat verilib.

O əlavə edib ki, danışıqlar prosesi onları narahat etmir, çünki hazırda müxalifətin əsas diqqəti Cenevrə danışıqlar prosesinin nəticələrinə yönəlib. Bununla paralel olaraq, Suriya müxalifəti Türkiyə ilə əməkdaşlığı davam etdirəcək, çünki Suriyanın ərazi bütövlüyü və qaçqınların geri qayıtması ilə bağlı məsələlər müxalifətin özünü də narahat edir. Bir sözlə, indiki mərhələdə Suriya müxalifəti Türkiyə-Suriya yaxınlaşması prosesinə mane olmaq və ya ona qarşı çıxmaq niyyətində deyil.

Hələlik yalnız Vaşinqton Dəməşq-Ankara barışığına qarşıdır. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın əvvəlində bildirmişdi ki, ölkəsi Əsəd rejimi ilə münasibətləri normallaşdırmayacaq və bu rejimlə əlaqələri bərpa edən dövlətləri dəstəkləməyəcək.

Onun sözlərinə görə, Dəməşq tərəfdaşlarla (ABŞ) və digər ölkələrlə münasibətlərin normallaşması və ya yaxşılaşması ilə bağlı heç nə etməyib.

Digər tərəfdən aydındır ki, Vaşinqtonun hazırda bu məsələdə Ankaraya təsir etmək imkanları yoxdur. ABŞ hakimiyyətinin Türkiyənin Suriyanın şimalında hərbi əməliyyat keçirməsinə qadağa qoyması, kürd qruplarını dəstəkləməsi Suriya məsələsində Ankara və Vaşinqton arasında dərin fikir ayrılığı yaradıb. Bu baxımdan, Vaşinqtonun Ankara-Dəməşq barışığına ciddi maneə yaratması real deyil.

Əlbəttə ki, Türkiyə və Suriyanın çox tezliklə dil tapıb barışacağını güman etmək də sadəlövhlük olardı. Qeyd etdiyimiz kimi, iki ölkə arasında hələ də çox dərin fikir ayrılıqları var. Ancaq başladılan bu proses, ilk növbədə, Suriyada kürd separatizminin qarşısının alınması, hərbi münaqişə və gərginliyin böyük ölçüdə alınması, qaçqın probleminin aradan qaldırılması kimi çox ciddi problemlərin həlli üçün imkanlar açır. Bu baxımdan, Türkiyə-Suriya barışığı bütövlükdə Yaxın Şərq regionu üçün mühüm təsirləri olacaq hadisə sayıla bilər.



MƏSLƏHƏT GÖR:

67