19 Aprel 2024

Cümə, 13:37

QARABAĞI DİRÇƏLDƏK

Bakı azad edilmiş ərazilərdə idmanın inkişafı ilə bağlı ciddi hədəflər qoyur

Müəllif:

01.02.2023

İdmanın inkişafı üçün peşəkar kadrlarla yanaşı, infrastrukturun da olması vacibdir. Müstəqilliyin ilk illərində Azərbaycanda idman qurğularının vəziyyəti çox acınacaqlı idi. Standartlara cavab verən komplekslərin yoxluğu, digər tərəfdən sovetdən qalma qurğuların yararsız olması idmançılara ciddi problem yaradırdı. Bunun üçün milli komandaların üzvləri ölkə xaricinə səfər etməli olublar.

1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçiləndən sonra idmanın inkişafı üçün strategiya hazırlanıb. Yüksək səviyyəli idmançıların hazırlığı üçün idman qurğularının inşasına başlanılmışdı. Bu illər ərzində əksər idman növləri üzrə dünya standartlarına cavab verən idman bazaları yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdman Sarayı və digər qurğular həm məşq, həm də böyük yarışlara ev sahibliyi etməyə imkan verir. Bakıda və regionlarda ümumilikdə 30-dan çox kompleksin tikintisi əhalinin idman sahəsinə marağını artırmağa imkan verib.

 

Azad edilmiş ərazilərdə idman

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytarıb, ərazi bütövlüyümüzü bərpa edib. İndi dövlət azad edilmiş ərazilərdə idmanın inkişafında maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı azad edilən bütün şəhərlərdə idman obyektlərinin yaradılmasının vacib olduğunu qeyd edib: “Azad edilən şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur”.

İ.Əliyev məlumat verib ki, 2022-ci ildə Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub: “Biz Qarabağ Atçılıq Kompleksini işğal dövründə Ağcabədi rayonunda yaratmışdıq, yenə də Qarabağ torpağında yaratmışdıq. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın”.

Azad edilmiş ərazilərdəki idman komplekslərində həm məşq etmək, həm də yerli və beynəlxalq yarışları yüksək səviyyədə təşkil etmək mümkün olacaq.

 

Ağdama xüsusi diqqətlə

İdman qurğuları ilə bağlı Ağdam şəhəri ilə əlaqədar xüsusi layihələr mövcuddur. Belə ki, Ağdamın məşhur “İmarət” stadionunun layihəsi hazırlanıb. O, 15 min tamaşaçı üçün nəzərdə tutulub. Yeni stadion əvvəlki yerində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində inşa ediləcək. Bu idman məhəlləsində təkcə futbol stadionu deyil, müxtəlif idman yarışlarının keçiriləcəyi qapalı-açıq idman zallarının inşası planlaşdırılır. İdman təmayüllü orta məktəbin, Azərbaycanın digər yerlərindən bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur. Sırf futbol idman növü üçün nəzərdə tutulan stadionla yanaşı, həm Olimpiya kompleksi, həm də Yay İdman Məktəbi və futbolçuların təlim məşq toplantı bazası kimi infrastruktur obyektlərinin tikilməsi nəzərdə tutulub. Arenanın layihələndirilməsini Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Tikintiyə nəzarət isə Gənclər və İdman Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinə həvalə edilib. Tikinti işlərinin yekunlaşdırılması və kompleksin istifadəyə verilməsi 2026-cı ilə nəzərdə tutulub.

Qarabağ torpaqlarında idman kompleksləri ilə yanaşı, şahmat məktəblərinin inşası müzakirə edilir. Xatırladaq ki, işğaldan öncə Zəngilan, Cəbrayıl və Şuşada kiçik şahmat məktəbləri fəaliyyət göstərib. Onlar Ermənistanın işğalı illərində dağılıb və ya yararsız vəziyyətə düşüb. Sakinlərin köçürülmə yerləri və onların sayı nəzərə alınmaqla komplekslərin ölçüsü və tutumu dəqiqləşdiriləcək. Bu obyektlərin tikilməsində əsas məqsəd gənclərin sərbəst və rahat şəkildə idmanla məşğul olmalarıdır.

Bundan başqa, Suqovuşanda avarçəkmə bazasının inşası barədə müzakirələr aparılır. Məskunlaşmadan sonra burada avarçəkmənin inkişaf etdirilməsi üçün şərait var. Məhz buna görə Azərbaycan Avarçəkmə və Kanoe Federasiyası 2022-ci ildə ilk turniri Suqovuşanda təşkil edib. Bu ilin mayında daha bir beynəlxalq yarışın Suqovuşanda təşkili planlaşdırılır. Gələcəkdə hotel və digər obyektlər inşa edildikdən sonra idmançıların Suqovuşandan təlim-məşq bazası kimi istifadə edəcəyi düşünülür.

Qeyd edək ki, Qarabağ torpaqları daim güclü idmançıların yetişdiyi məkanlardan biri olub. Məmmədyarovlar şahmat ailəsi ilk addımlarını məhz Zəngilanda atıb. 30 il öncə Zəngilan və Cəbrayılda ağır atletika bazası, şahmat məktəbi, futbol meydançası gənclərin ixtiyarında olub. Şuşada da şahmat məktəbi fəaliyyət göstərib və yaxın ətrafda yaşayan insanların sevimli məkanı olub.

Bir sözlə, işğaldan azad edilmiş torpaqlarda idman obyektlərinin inşası ölkə idmanının inkişafına təkan olacaq. Azərbaycan idmançıları məşq üçün yeni məkan qazanacaq. Eyni zamanda məskunlaşmadan sonra Qarabağda böyüyən gənclərin idmançı kimi milli komandalarda təmsil olunmasına şərait yaradılacaq.



MƏSLƏHƏT GÖR:

65