26 Aprel 2024

Cümə, 21:11

XAİNCƏSİNƏ TERROR

Azərbaycan səfirliyinə edilmiş silahlı hücuma görə Tehran birbaşa məsuliyyət daşıyır

Müəllif:

01.02.2023

Yanvarın 27-də Azərbaycan İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumun olduğuna dair xəbərlə sarsıldı. Məlum oldu ki, terror hücumu zamanı səfirliyin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərov qətlə yetirilib, daha iki mühafizəçi yaralanıb. Bu faciəvi hadisə birmənalı olaraq, Tehranın anti-Azərbaycan siyasətinin nəticəsi sayılmalıdır.

 

Cinayətin izi haralara gedib çıxır?

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin Tehrandakı səfirliyinə hücumu sərt şəkildə pisləyib. O, İranın dövlət başçısı Seyid İbrahim Rəisi ilə telefon danışığı zamanı bildirib ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını qəti şəkildə pisləyir. İlham Əliyev qanlı terror aktının diqqətlə araşdırılacağına, cinayətkarın layiq olduğu cəzanı alacağına ümidini ifadə edib. Prezident İlham Əliyev istintaqın şəffaf aparılmasının vacibliyini də vurğulayıb. «Dövlətimizin başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini bildirib. Prezident İlham Əliyev terrorçu tərk-silah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların səfirlik binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini deyib. Dövlətimizin başçısı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb», -  Prezidentin Mətbuat xidmətinin məlumatında bildirilir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da öz növbəsində, hadisəni xaincəsinə həyata keçirilmiş terror aktı kimi qiymətləndirib, cinayətin sifarişçilərinin və iştirakçılarının ən sərt şəkildə cəzalandırılmasını tələb edib.

Lakin İran hökumətinin davranışı, açıq-aşkar nümayiş etdirdiyi qeyri-səmimilik, baş vermiş faciəyə görə günahı üzərindən atmaq cəhdləri, üstəlik, Azərbaycan tərəfinin dərdinə şərik olduğunu göstərən heç bir addım atmaması rəsmi Bakının məsələyə düzgün qiymət verdiyini təsdiqləyir. Silahlı hücumun guya «ailə-məişət zəmnində» baş verdiyinə dair versiya irəli sürən İran hakimiyyətinin nümayəndələri iddia edir ki, silahlı şəxs səfirlik binasına iki körpə uşağı ilə birgə gəlib. Lakin hadisənin görüntülərinin əks olunduğu videokadrlardan terrorçunun əraziyə avtomobillə gəldiyi və içəri soxulan zaman yanında uşaqların olmadığı bəlli olur. Üstəlik, onun idarə etdiyi avtomobil hadisə yerinə kifayət qədər sürətlə yaxınlaşır və səfirliyin binanın qarşısında park edilmiş avtomobilinə çırpılır. Bundan sonra əlində «Kalaşnikov» avtomatı olan cinayətkar sürətlə səfirlik binasına daxil olur, İran polisi isə cinayətkarın neytrallaşdırılması üçün heç bir addım atmır. Sonuncunun davranışı göstərir ki, hücumda məqsəd səfirlik binasındakı bütün əməkdaşların güllələnməsi olub. Bunun qarşısını yalnız Azərbaycan səfirliyi əməkdaşlarının fədakarlığı alıb.

Beləliklə, Azərbaycanın Tehrandakı səfirliyinə hücumun planlaşdırılmış terror aktı olduğu ortadadır. İran polisinin yalan versiyası isə onun nələrisə gizlətməyə, iz itirməyə çalışdığını göstərir.

İran vətəndaşı Yasin Hüseynzadənin törətdiyi terror aktının İranın xüsusi xidmət orqanları, məsələn, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə əlaqəli olduğuna dair ciddi şübhələr var. Cinayətin mahiyyəti isə obyektiv istintaq nəticəsində üzə çıxa bilər. Lakin İran hökumətinin bunu edəcəyinə inam açığı, son dərəcə azdır.

İstənilən halda, baş verənlərdən gəlinən əsas qənaət ondan ibarətdir ki, Azərbaycan səfirliyinə edilmiş silahlı hücuma görə, ilk növbədə, İRİ məsuliyyət daşıyır. Məlum olduğu kimi, diplomatik münasibətlərə dair Vyana konvensiyasına görə, diplomatik missiyanın təhlükəsizliyini onun yerləşdiyi ölkə təmin etməlidir. Hər bir səfirliyin ərazisi toxunulmazdır, oraya soxulmaq isə səfirliyin təmsil etdiyi dövlətə qarşı təcavüz sayılır.

Bununla yanaşı, İranın xarici dövlətlərə məxsus diplomatik missiyalara münasibətdə göstərdiyi «qonaqpərvərlik»lə bağlı tarixi təcrübə göstərir ki, bu beynəlxalq qanunlar onun üçün heç vaxt dəyərli olmayıb. 1979-cu ildə ABŞ səfirliyinin ələ keçirilməsi, 2006 və 2011-ci illərdə Danimarka, Fransa, Böyük Britaniya kimi dövlətlərin diplomatik nümayəndəliklərinə qarşı atılmış aqressiv addımlar, 2016-cı ildə Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna basqınlar – yeni dövrdə İranda xarici səfirliklərə «zəngin» hücum ənənəsinin göstəricisidir.

İndi bu faktlara Azərbaycan səfirliyinə alçaqcasına edilən hücum da əlavə olunub. Bütün bunlar göstərir ki, İranda heç bir diplomatik nümayəndəliyin təhlükəsizliyinə zəmanət yoxdur.

İran xüsusi xidmət və hüquq mühafizə orqanlarının Azərbaycan səfirliyinin təhlükəsizliyinin təmini məsələsinə etinasız yanaşması faktı da özünü göstərir. Halbuki elə həmin orqanlar ölkədə artıq yarım ildir davam edən etiraz aksiyalarını yatırmaq üçün ən sərt tədbirlərə əl atırlar.

Maraqlıdır ki, Azərbaycan XİN-in hücumla bağlı bəyanatında indiyədək Azərbaycanın İrandakı diplomatik missiyasına təhdidlər olduğu və bu məsələnin İran hökuməti qarşısında dəfələrlə qaldırıldığı da vurğulanır. Lakin Tehran səfirliyin təhlükəsizliyinin təmini üçün heç bir ciddi tədbir görməyib.

 

Molla rejiminin anti-Azərbaycan siyasəti

Azərbaycanlı diplomatlar təhlükənin nədən qaynaqlandığı sualının cavabı bəllidir. Səbəb İran KİV-nin və siyasi dairələrinin yerli hakimiyyətin susqun razılığı və ya bəlkə də «ötürməsi» ilə apardığı görünməmiş anti-Azərbaycan kampaniyasıdır. Məhz Azərbaycan Respublikasına qarşı aparılan azğın təbliğat bu cür addımların atılmasına əlverişli şərait yaradır. Azərbaycan səfirliyinə edilmiş qanlı hücum da bunun göstəricisidir.

Tehranda Azərbaycan səfirliyinin təhlükəsizlik xidməti rəisinin şəhid olması ilə nəticələnmiş terror aktı İranın birbaşa və dolayı iştirakı ilə Azərbaycan vətəndaşlarının qurbana çevrildiyi silsilə hadisələrin sadəcə, növbətisidir. İranın Ermənistanın Azərbaycana qarşı illərdir davam etdirdiyi hərbi təcavüzə dəstək verdiyini təsdiqləyən danılmaz faktlar var. Həm Birinci, həm də İkinci qarabağ müharibəsində Tehran açıq və ya gizli şəkildə erməni işğalçıların tərəfini tutub, bununla da Azərbaycan hərbçilərinin və dinc sakinlərinin qanının axıdılmasına görə ermənilərlə məsuliyyəti bölüşüb. İranın Ermənistana kəşfiyyat məlumatları ötürdüyü, 44 günlük müharibə zamanı erməni tərəfinin silahlandırılması üçün İran ərazisindən istifadə edildiyi, Azərbaycan Ordusunun 2020-ci ilin payızında İranla sərhəd bölgədəki rayonları işğaldan azad edən zaman İran Silahlı Qüvvələrinin onun qarşısını kəsməyə cəhd etdiyi sirr deyil.

Beləliklə, Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum bu cinayətə yol açmış bütün siyasi, hüquqi və informasiya-təbliğat halları ilə birlikdə, Tehranın Bakıya dost münasibətində olmadığını təsdiqləyən daha bir faktdır. Üstəlik, bu siyasət məntiqi olaraq, İranın Ermənistana dəstəyi ilə əlaqəlidir. İİKK-nin Azərbaycanla sərhəddə keçirdiyi genişmiqyaslı hərbi təlimlər, Qərbi Azərbaycanda yerləşən, hazırda Ermənistan ərazisi olan Qafan rayonunda İran konsulluğunun açılması, Tehranla tarixi Azərbaycan şəhəri, hazırda Ermənistanın paytaxtı olan İrəvanın qardaşlaşmış şəhərlər elan edilməsi və s…

Ermənistanın hazırda ona məxsus olan ərazilərdə, həmçinin 30 il işğal altında saxladığı Qarabağda zəngin Azərbaycan və müsəlman irsini dağıtmasına baxmayaraq, İranın ermənipərəst demarşlar etməsi onun Azərbaycanla açıq düşmənçilik etdiyini təsdiqləyir. Bu zaman İran «islamın və müsəlmanların havadarı» maskasını kənara atmağa belə, tərəddüd etmir.

Maraqlıdır ki, Tehran ermənilərin Azərbaycan ərazilərini, o cümlədən İranla 132 kilometrlik dövlət sərhədində yerləşən rayonları işğal altında saxladığı illərdə bu hala heç bir etiraz etmirdisə, indi guya Ermənistanın ərazi bütövlüyünə hansısa təhdidin olduğunu deyir və bunu özünün «qırmızı xətt»i adlandırır. Bunun əsas səbəbi isə Azərbaycan, Rusiya və Ermənistan liderləri 10 noyabr 2020-ci il tarixli birgə bəyannaməsi – Ermənistanın 44 günlük müharibənin sonunda imza atdığı kapitulyasiya sənədidir: sənəddə həm də 40 kilometrlik Ermənistan-İran sərhədinin yaxınlığından Zəngəzur dəhlizinin keçməsi nəzərdə tutulub.

İranın daha bir riyakarlığına heyrətlənməmək mümkün deyil. Guya Azərbaycanla İsrail arasındakı tərəfdaşlıq münasibətləri İran mollakratiyası ilə islamofob, türkfob Ermənistan arasındakı dostluğa, qardaşlığa haqq qazandırır. Bu «arqument»i bir sualla darmadağın etmək olar: bəlkə İsrail İran ərazisini işğal altında saxlayıb və ya saxlayır?

Yeri gəlmişkən, bəzi ehtimallara görə, Azərbaycan səfirliyinə silahlı hücum İrandakı müəyyən dairələrin İsrail səfirlərinin Bakıda keçirilmiş toplantısına və İsraildə Azərbaycan səfirliyinin açılması qərarına reaksiyasıdır. Hər halda, bu versiya ortaya boş yerə çıxmayıb. Terror aktının tarixi də təsadüfən seçilməyə bilər – səfirliyə qanlı hücum Holokost qurbanlarının anım günündə baş verib.

 

Qisas labüddür

Azərbaycan səfirliyinə qanlı hücum Bakı-Tehran münasibətlərinə təsirsiz ötüşməyəcək. Amma İran hökumətinin hadisə ilə bağlı obyektiv araşdırma aparmayacağı, bütün günahkarların – istər bilavasitə icraçıların, istərsə də təşkilatçıların – məsuliyyətə cəlb edilməyəcəyi təqdirdə bu münasibətlər daha da pisləşəcək. Azərbaycan mövqeyini kifayət qədər aydın ifadə edib: o, terror aktının təşkilində günahkar olan hər kəsin üzə çıxarılaraq layiq olduğu cəzanı alması üçün beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan yararlanacaq.

Ümumilikdə isə Tehranda törədilmiş terror aktından Azərbaycanla yanaşı, dünya və İranın özü üçün də nəticələr çıxarıla bilər. Azərbaycan səfirliyinə silahlı hücum İran rejiminin terrorçu simasını növbəti dəfə dünyaya nümayiş etdirib. Mollakratiya öz hakimiyyətini və İranın regional mövqelərini möhkəmləndirmək üçün bütün vasitələrə, hətta beynəlxalq hüquq, birgəyaşayış prinsiplərinə zidd əməllərə belə, əl atır. Bu vəziyyətdə dünya birliyinin yalnız öz əhalisinə deyil, qonşu dövlətlərə də təhdid olan rejimə münasibəti də adekvat olmalıdır. Bu, molla rejiminin düşmənçilik siyasəti yürütdüyü Azərbaycan üçün də aktualdır. Lakin müasir Azərbaycana o ölkələrdən deyil ki, ona qarşı terrorçuluq, dağıdıcılıq fəaliyyəti cəzasız qalsın. Odur ki, Azərbaycan dövlətinin öz ərazisində İran agentlərinin təsirinə birdəfəlik son qoyulması istiqamətində səyləri artıracağını gözləmək olar.

Amma ən əsası, Tehran Azerbaycanı «İran istiqaməti»nə dair öz maraqlarına cavab verən siyasət yürütməkdən çəkindirən «pərdəni» öz əli ilə aradan qaldırdı. Söhbət Arazın o tayında yaşayan milyonlarla azərbaycanlının hüquq və azadlıqlarının müdafiəsi siyasətindən, Cənubi Azərbaycanın milli oyanışına və suverenləşməsinə köməkdən gedir.



MƏSLƏHƏT GÖR:

67