28 Mart 2024

Cümə axşamı, 17:58

DƏRVİŞ PARİSİ PARTLADIR

Parisdə keçiriləcək Yay Olimpiya Oyunları boykot ediləcəkmi?

Müəllif:

15.02.2023

Pandemiyadan sonra bərpa olunmağa çalışan beynəlxalq idman aləmi 2024-cü ilə hazırlaşır. Gələn il Fransa planetin ən böyük yarışına ev sahibliyi edəcək. Paris 33-cü Yay Olimpiya Oyunlarını qəbul edəcək. Amma dünyanın ən nüfuzlu idman yarışının ətrafında qalmaqallar səngimək bilmir.

 

Qalmaqala səbəb olan bəyanat

“Paris-2024” ətrafında qalmaqalın əsası Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxın açıqlamasından sonra yaranıb. O, Rusiya və Belarus idmançılarının Parisdə keçiriləcək Olimpiadada neytral bayraq altında iştirakının mümkün olduğunu bildirib: “İdmançıların pasportlarına görə yarışdan kənarlaşdırılması Olimpiya Xartiyasının dəyərlərinə və missiyasına uyğun gəlmir. Ola bilsin ki, Rusiya və Belarus idmançıları 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada neytral bayraq altında mübarizə apara bilərlər. Biz Ukraynanın bununla bağlı mövqeyini bilirik. O, təkcə Rusiyanın bir dövlət kimi deyil, həm də bütün rusiyalıların tamamilə təcrid edilməsini istəyir. Amma ayrı-ayrı idmançılar ayrı-seçkiliyə məruz qalmamalıdırlar”.

Bu bəyanatlara ilk mənfi reaksiyanı gözlənildiyi kimi Ukrayna verib. Məsələn, Ukrayna Prezidenti Volodimir Zelenski vurğulayıb ki, Rusiya idmançılarına Parisdə keçiriləcək Olimpiya Oyunlarında yer yoxdur. Rəsmi Kiyev Rusiyanın təbliğat işlərində idmançılardan geniş istifadə etdiyini əsas gətirərək Beynəlxalq Olimpiya Komitəsinin müharibəyə dəstək olduğunu bəyan edib.

“Belə bir müharibə gedən zaman neytrallıq anlayışına yer yoxdur. Biz tiranlıqların nə qədər tez-tez idmandan ideoloji maraqları üçün istifadə etməyə çalışdığını bilirik. Aydındır ki, rusiyalı idmançıların istənilən neytral bayrağı qana bulaşıb”, - V.Zelenski bildirib.

Beləliklə, dünya ölkələrinin, xüsusən də Avropanın Paris Olimpiadasını boykot kampaniyasına başlamasına belə sərt reaksiya səbəb olub.

 

Boykot kampaniyası

Əvvəlcə Polşa 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya oyunlarını boykot etmə ehtimalının yüksək olduğunu bəyan edib. Bu ölkənin xarici işlər nazirinin müavini Pavel Yablonski RMF FM radiosuna açıqlamasında təmsilçilərinin Rusiya və Belarus idmançıları ilə eyni yarışda mübarizə aparmayacağını bildirib. O qeyd edib ki, Rusiya və Belarus idmançıları qarşıdakı olimpiadaya buraxılsalar, Polşa həmin yarışda iştirak etməməlidir və bu mənada Beynəlxalq Olimpiya Komitəsinə təzyiq göstərməliyik: “Putin və Lukaşenko beynəlxalq arenada dəstək qazanmaq üçün idmandan istifadə edirlər. Qlobal idman tədbirlərində Rusiya və Belarus idmançılarına qoyulan məhdudiyyətlər Rusiya təbliğatı ilə mübarizə aparmağa kömək edir. Əgər bu gün kimsə bu ölkələrin idmançılarını geri qaytarmaq istəyirsə, bu, çox pis qərardır”.

Polşanın idman və turizm naziri Kamil Bortniçuk isə PAP-a müsahibəsində bildirib ki, Rusiya və Belarus idmançılarının yarışlarda iştirakına icazə verilərsə, 40-a yaxın ölkə Parisdə keçiriləcək Olimpiya Oyunlarını boykot edə bilər.

Litva, Latviya, Estoniya, Çexiya da bu məsələyə reaksiya verib. Onlar hesab edir ki, təcavüzkar ölkənin və onunla əlbir olan dövlətin

idmançılarının hətta neytral bayraq altında belə beynəlxalq yarışlarda iştiraka qayıtması qəbuledilməzdir. Ukraynanın mövqeyini Böyük Britaniya və Skandinaviya ölkələri də dəstəkləyib.

Böyük Britaniya Rusiya idmançılarının Yay Olimpiya Oyunlarında iştirakına açıq şəkildə qarşı çıxıb. Britaniyanın “Sky News” telekanalı Baş nazirin sözçüsü Rişi Sunaka istinadən bildirib ki, Böyük Britaniyanın mövqeyi artıq Beynəlxalq Olimpiya Komitəsinin diqqətinə çatdırılıb. Rəsmi London Ukraynaya qarşı hərbi təcavüz davam etdiyi müddətdə Rusiyanı “izqoy dövlət” kimi qəbul etməyə çağırıb.

“Bizim və bir çox ölkənin aydın mövqeyi var. Eyni səslə danışmağa davam etməliyik və bunu Beynəlxalq Olimpiya Komitəsinə çatdırmalıyıq”, - Baş nazirin sözçüsü bildirib.

ABŞ administrasiyası isə beynəlxalq idman yarışları zamanı Rusiya və Belarusun dövlət bayraqlarının və himnlərinin istifadəsinə qadağa qoyulmasını müdafiə edir və hesab edir ki, bu ölkələrin idmançılarına neytral statusda icazə verilməlidir.

“Beynəlxalq Olimpiya Komitəsi kimi idman təşkilatları və tədbir təşkilatçıları Rusiya və Belarus idmançılarının idman tədbirlərində iştirakına icazə vermək qərarına gəldiyi hallarda, onların bu dövlətlərin nümayəndələri kimi çıxış etmədikləri tamamilə aydın olmalıdır. Rusiya və Belarusun rəsmi dövlət bayraqlarının, gerblərinin və himnlərinin istifadəsi də qadağan edilməlidir. Biz bu mövqedən çıxış edirik”, - Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

Norveç və Almaniya da Tomas Baxın ideyasına qarşı çıxıb. Onlar Rusiya və Ukrayna idmançılarının olimpiadada iştirak etdiyi halda ölkələrinin planetin ən böyük yarışında olmayacağını bəyan edib.

 

Qeyri-müəyyən mövqe

Avropa ölkələrinin qalmaqallı açıqlamalarından sonra Beynəlxalq Olimpiya Komitəsi rəsmi saytında kiçik məlumat yerləşdirməklə qalmaqalı dayandırmağa çalışıb. Məlumatda deyilir ki, Rusiya və Belarus idmançılarının “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirakı ilə bağlı qərar hələ qəbul edilməyib. Bildirilib ki, sözügedən ölkə təmsilçilərinin geri qayıtması ilə bağlı tövsiyələr yalnız Asiyada keçiriləcək yarışlara aiddir və olimpiadaya şamil edilmir.

Müasir olimpiya hərəkatının banisi Pyer de Kuberten daim olimpiadanın sülh carçısı olduğunu deyirdi. Əsas ideya dünya ölkələrinin məhz idman yarışında birləşməsi olub. İndiki halda Avropa ölkələri Paris Olimpiadasından imtina edərsə, bu, böyük qalmaqal yaradacaq. Axı, idmançılar dörd il ərzində olimpiadada iştiraka hazırlaşır, ən ağır mübarizə şəraitində böyük idman festivalında olmaq hüququ qazanırlar. Pandemiyaya görə Tokio son olimpiadanı böyük qadağalar və məhdudiyyətlərlə təşkil edib. Paris Olimpiadası dünya idmanının qayıdışı üçün önəmli tədbir sayılır. Avropa ölkələri yarışdan imtina etsələr, onların idmançıları fərdi qaydada planetin ən böyük idman yarışında iştirak edə bilər. Belə olan halda idmançılar və ölkələr arasında yeni qalmaqalın əsası qoyula bilər.

Xatırladaq ki, tarixdə baş tutan 32 olimpiadadan bir neçəsində oxşar hallar olub. 1920-ci ildə Antverpen və 1924-cü ildəki Parisdəki yarışlara Almaniya və SSRİ buraxılmayıb. 1936-cı ildə ABŞ və Avropa ölkələri olimpiadanın Almaniyadan alınmasını tələb edib. Amma Beynəlxalq Olimpiya Komitəsi Almaniyaya etimad göstərərək turnirin keçirilməsinə nail olub. 1956-cı ildə Melbrun Olimpiadasında iştirakdan imtina edən Niderland, İspaniya, İsveçrə, Misir, İraq, Kamboca, Livan və Çin idmançılarını yarışa göndərməyib. Ən böyük qalmaqal 1980-ci ildəki Moskva Olimpiadasında baş verib. “Soyuq müharibə” səbəbindən 64 ölkə yarışdan imtina etmək qərarına gəlib. Bağlanış mərasimində Moskvada növbəti olimpiadanı keçirəcək ABŞ-ın bayrağı qaldırılmayıb. 1984-cü ildə olimpiadaya ev sahibliyi edən Los-Ancelesdəki yarışda sovet ölkələri iştirak etməməklə dörd il əvvəlki qərarın revanşını almağa çalışıb.



MƏSLƏHƏT GÖR:

70