26 Aprel 2024

Cümə, 09:15

ORTAQ DƏRD

BMT-də bildirirlər ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 40 mini ötə bilər

Müəllif:

15.02.2023

Türkiyənin cənubunda və Suriyanın şimalında baş vermiş güclü zəlzələdən təxminən bir həftə keçir. Xilasedicilər hələ də dağıntılar altından insan cəsədləri çıxarır. Təbii fəlakət nəticəsində iki ölkədə ölənlərin sayı 35000-i ötüb. BMT isə yekun rəqəmin bundan iki dəfə artıq ola biləcəyini bildirir. 80278 nəfər xəsarət alıb, 6444 bina dağılıb. Ümumilikdə dağıntılarla bağlı 11302 xəbər verilib.

Türkiyənin AFAD xilasetmə təşkilatının jurnalımızın çapa hazırlandığı vaxt verdiyi son məlumata görə, ölkədə zəlzələ qurbanlarının sayı 31643 nəfərdir. Suriyada isə 3600 nəfər həlak olub. Burada təbii fəlakətdən daha çox ölkənin qiyamçıların nəzarətində olan şimal-qərbi zərər çəkib. Burada on ildir davam edən vətəndaş müharibəsi üzündən dəfələrlə ev-eşiyini itirmiş insanlar növbəti dəfə küçələrdə qalıblar.

Xatırladaq ki, Türkiyədə 7,7 bal gücündə zəlzələ fevralın 6-da baş verib. Onun episentri Kahramanmaraş vilayətinin Pazarcık rayonunda, 7 kilometr dərinlikdə olub. Zəlzələ nəticəsində Hatay, Qaziantep, Kilis, Osmaniyə, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş əyalətlərində ciddi dağıntılar qeydə alınıb.

Hesablamalara görə, bu, Türkiyədə 1999-cu ildə baş vermiş zəlzələdən sonra ən güclü yeraltı təkandır. O zaman Mərmərə dənizində baş vermiş zəlzələ 17217 nəfərin həyatına son qoymuşdu.

Prezident Rəcəb Tayyib Ərdoğan ölkədə 7 günlük matəm elan edib. Türkiyə Sahibkarlar və Biznes Konfederasiyasının məlumatına görə, təbii fəlakətin ölkəyə vurduğu iqtisadi zərər 84 milyard dolları aşa bilər. Bu, ÜDM-in təxminən 10%-i deməkdir. Təxminən 70,8 milyard dollarlıq zərər yaşayış evlərinə dəyib. Bununla yanaşı, 10,4 milyard milli gəlirə, 2,9 milyard dollar işçi qüvvəsinə zərər gəlib. Hesablamalar Türkiyədə 1999-cu ildə baş vermiş zəlzələ məlumatları əsasında aparılıb.

 

«Bir millət, iki dövlət»

Vaxtilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanla Türkiyənin qardaşlıq münasibətləri haqda səsləndirdiyi bu fikir bu dəfə də öz təsdiqini tapıb. Azərbaycan qardaş ölkəyə dərhal yardım göstərən ilk ölkə olub.

Türkiyə Qarabağdakı Vətən müharibəsində bizim yanımızda olmuşdu. İndi Azərbaycan Türkiyənin yanındadır.

Faciənin baş verdiyi gün Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib, Türkiyə ilə Azərbaycanın hər zaman bir yerdə olduqlarını bildirib. Dövlət başçısı deyib ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatının və dağıntıların olduğuna dair xəbər Azərbaycanı dərindən sarsıdıb və kədərləndirib. İlham Əliyev şəxsən öz adından və Azərbaycan xalqının adından həmkarına, zəlzələ nəticəsində dünyasını dəyişmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb. Azərbaycan Prezidenti bildirib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin dərdinə şərikdir.

Dövlət başçısı elə həmin gün Fövqəladə Hallar Nazirliyinin xilasedici qüvvələrinin Türkiyəyə göndərilməsinə dair tapşırıq verib. Prezident İlham Əliyev Türkiyənin Bakıdakı səfirliyini də ziyarət edib, matəm kitabına ürək sözlərini yazıb.

Bununla yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə təyyarələr ayrılıb və onlar bu gün də hadisə yerinə humanitar yardım daşıyır. Söhbət çadırlardan, yataq dəstlərindən, dərmanlardan və ilkin yardımın göstərilməsi üçün nəzərdə tutulmuş digər lazımi alət və avadanlıqlardan gedir. Zəlzələdən sonra Azərbaycan Müdafiə Nazirliyinin həkim və tibb bacılarından ibarət komandası da Türkiyəyə yola düşüb. Azərbaycan zəlzələ zonasında insanlara tibbi xidmətlərin göstərilməsi üçün iki səyyar hospital da qurub.

Bununla yanaşı, səhiyyə naziri Teymur Musayev Azərbaycan xəstəxanalarında zəlzələdən zərər çəkmiş həxslər üçün 2000 çarpayının ayrılması haqda göstəriş verib. Azərbaycana təxliyə olunmuş Türkiyə vətəndaşları – 6 ailə (10 uşaq və 12 böyük) K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

 

«Biz azərbaycanlıların dəstəyini hər zaman hiss edirik»

Türkiyənin «HaberGlobal» telekanalı Azərbaycandan Türkiyəyə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə göndərilən humanitar yardımlarla bağlı «Azərbaycan Türkiyəyə yardım əlini uzatdı» adlı süjet yayımlayıb. Süjetdə Türkiyənin köməyinə ilk olaraq qardaş Azərbaycanın – onun hökumətinin və xalqının çatdığı xüsusi vurğulanır. Telekanal Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi könüllülərinin yardım üçün Azərbaycan vətəndaşlarının gətirdiyi malları necə topladığını göstərən kadrları da nümayiş etdirib. Bu mallar hadisə yerinə aviareyslərlə göndərilir. Türkiyədə baş vermiş faciədən sarsılmış Azərbaycan vətəndaşları isə davamlı olaraq qardaş ölkəyə göndərilməsi üçün uşaq qidaları, ərzaq, o cümlədən konserv, isti geyimlər, yorğanlar və s. toplayaraq aidiyyəti üzrə təhvil verirlər. İanələr o qədər çoxdur ki, Daxili İşlər Nazirliyinin əməkdaşları prosesə nəzarət etmək üçün gücləndirilmiş iş rejimində çalışırlar.

Türkiyəyə Azərbaycanın ayrı-ayrı dövlət qurumları, müəssisələri, bankları və özəl sektoru da əhəmiyyətli maddi yardım göstərir. Bununla yanaşı, Azərbaycan gənclərindən ibarət 100 könüllü ötən həftə Türkiyəyə yollanaraq, təbii fəlakətdən əziyyət çəkənlərə yardım göstərməyə başlayıblar. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri isə (900 nəfər) bu məqalənin hazırlandığı vaxt artıq dağıntılar altından sağ qalmış 51 nəfəri (17-si uşaq) xilas etmiş, həmçinin həlak olmuş 618 nəfərin cəsədini çıxarmışdılar.

Bu da son deyil. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfada təcili tibbi yardım, yanğınsöndürmə maşınlarını və digər xilasedici nəqliyyat vasitələrini benzin və dizel yanacağı ilə pulsuz təmin edir. Bununla yanaşı, SOCAR Azərbaycan vətəndaşlarının fəlakət zonasından təxliyəsinə də yardım göstərir. Şirkətin 25 əməkdaşı, o cümlədən 3 həkim axtarış-xilasetmə işlərində bilavasitə iştirak edir.

Türkiyə rəsmiləri və xalqı Azərbaycanın qardaş ölkənin ağır günündə gördüyü işləri yüksək qiymətləndirir. Azərbaycan könüllülərini yerli sakinlər emosiyalarını gizlətmədən, göz yaşları içərisində qarşılayırlar. Prezident Rəcəb Tayyib Ərdoğan isə bütün bunlara görə Azərbaycanın dövlət başçısı İlham Əliyevə minnətdarlıq edib. «Necə ki biz Qarabağ müharibəsi zamanı qardaşlarımızın yanında idik, qardaşım İlham da öz komandası ilə bu faciədə bizim yanımızdadır. Mən şəxsən öz adımdan İlham Əliyev başda olmaqla, onun komandasına minnətdarlığımı bildirirəm», - deyə R.T.Ərdoğan qeyd edib: «Azərbaycanlı qardaşlarımıza çox minnətdaram».

«Azərbaycan episentri Kahramanmaraşda yerləşən dağıdıcı zəlzələdən sonra Türkiyəyə yardım əlini uzadan ilk ölkə oldu. Bu, «Bir millət, iki dövlət» şüarının təsdiqi, eyni zamanda ölkələrimizin ümumi tale yaşadığının göstəricisidir». Bunu isə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Kahramanmaraşa yollanmış azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. O, xatırladıb ki, Azərbaycanın XİN başçısı ona telefon vasitəsilə başsağlığını çatdırmış, daha sonra isə fəlakət zonasına gəlmiş ilk xarici dövlət rəsmisidir. «Azərbaycan Antalya və Muğladakı yanğınların söndürülməsi zamanı olduğu kimi, bu dəfə də

Türkiyənin yardımına gəlib», - deyə Çavuşoğlu bildirib.

«Biz azərbaycanlı qardaşlarımızla hər zaman həmrəyik. Həqiqətən də, bizə ən böyük köməyi azərbaycanlılar göstərdi. Evinin əşyalarını köhnə avtomobilinə yükləyərək yardım üçün aparan Azərbaycan vətəndaşı haqda bütün Türkiyə danışır. Biz azərbaycanlıların dəstəyini hər zaman hiss edirik». Bunu isə Türkiyənin İnsan Haqları və Azadlıqlarının Müdafiəsi və Humanitar Yardım Fondunun humanitar diplomatiya şöbəsinin əməkdaşı Mehmet Altıntaş bildirib.

 

Zərər çəkmiş azərbaycanlıların axtarışında

Azərbaycanın Türkiyədəki səfirliyi vətəndaşlarını zəlzələ zonasından təxliyə etmək məqsədilə «qaynar xətt» yaradıb. Çox təəssüf ki, faciədən sonra barələrində hələ də məlumat olmayan Azərbaycan vətəndaşları var. Bunu Kahramanmaraşda Mövlut Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında Ceyhun Bayramov da təsdiqləyib. O, bildirib ki, təsdiqlənmiş məlumata görə, təbii fəlakət zonasında 5 Azərbaycan vətəndaşı həlak olub: «Həlak olmuş şəxslərdən birinin qohumları onun Türkiyədə dəfn edilməsi haqda qərar qəbul edib. Digər 4 nəfərin cəsədi isə Azərbaycana göndərilib. Fəlakət zonasında hələ də vətəndaşlarımız qalır və onların axtarışı davam etdirilir».

Ümumilikdə zəlzələ zonasından 464 Azərbaycan vətəndaşı (məqalənin çapa hazırlandığı anadək) və onların yaxın qohumları – digər ölkələrin vətəndaşları təxliyə olunub. Bu haqda Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə məlumat verib. Təxliyə prosesi davam edir.

 

Qalan türk dünyası

Türk dünyası dağıdıcı zəlzələ fonunda Türkiyəyə dəstək və yardım işində birləşib. Türk Dövlətləri Təşkilatı Ankara ilə həmrəylik və ona dəstək bəyanatı da yayıb. Təşkilatın üzvü və müşahidəçi qismində iştirakçısı olan dövlətlər də Azərbaycan kimi, fəlakət zonasına xilasedici briqadaları, səyyar hospitallar, texniki qurğular və humanitar yardım göndərib. Türkdilli ölkələrin dövlət və hökumət başçıları telefon danışıqları zamanı Türkiyə Prezidentinə başsağlığı verib, dəstəklərini ifadə ediblər. TDT-nin baş katibi Kubanıçbek Omuraliyev də Türkiyə xalqı və rəhbərliyinə başsağlığı verib, Ankaranın yanında olduqlarını bəyan edib.

Türkiyədə yeddi günlük matəmin elan olunmasından sonra TDT-nin mənzil-qərargahında dövlət bayraqları endirilib. Zəlzələnin ilk günlərindən faciənin yaşandığı bölgələrə türk dövlətlərindən xilasedici briqadaları göndərilib, onların da köməyi ilə dağıntılar altından onlarla vətəndaş çıxarılıb. Təşkilatın katibliyi təbii fəlakətdən zərər çəkmiş hər kəsə yardım göstərmək üçün səyləri davam etdirir.

Fevralın 6-da Türkiyəyə fəlakətin nəticələrinin aradan qaldırılması işində ümumilikdə dünyanın 99 dövləti yardım təklif edib. 20 ölkə Türkiyə əyalətlərində 23 səyyar hospital qurmağa hazır olduğunu bildirib, 45-dən artıq dövlət Türkiyə hökumətinin yardım çağırışına reaksiya verib. Onlarla dövlət və təşkilat Türkiyənin cənub-şərqində və Suriyanın şimal-qərbində xilasetmə işlərinə qoşula biləcəyini açıqlayıb. İspaniya və Avropa İttifaqının daha bir neçə üzvü Türkiyəyə dağıntıların sökülməsi üçün qurğular və axtarış-xilasetmə komandası göndərib. ABŞ da Türkiyə-Suriya sərhədinin «hər iki tərəfində» zəlzələdən zərər çəkmiş insanlara yardım etməyə hazır olduğunu bildirib. Lakin Vaşinqton bu işdə Suriya hökuməti ilə birbaşa əməkdaşlığın mümkün olmadığını da bəyan edib.

Türkiyə ilə münasibətləri heç də yaxşı olmayan Yunanıstan belə, təbii fəlakət zonasına 21 xilasedicidən ibarət komanda, 5 həkim, seysmoloji təhlükəsizlik sahəsində ekspertlər və inşaat mühəndisləri göndərib. İsrail hökuməti isə bölgədəki insanlara hərbçilərdən ibarət xilasedicilər komandası ilə töhfə verməyə çalışır. Baş nazir Binyamin Netanyahu, eyni zamanda Suriyaya yardımla bağlı diplomatik nümayəndəlikdən aldığı xahişi qəbul edib.



MƏSLƏHƏT GÖR:

90