18 May 2024

Şənbə, 20:43

UĞURSUZLUQLAR FIRTINASI

Çoxsaylı problemlər Pakistanı son onilliyin ən güclü böhranı ilə üz-üzə qoyub

Müəllif:

15.02.2023

Dünyanın diqqətinin Ukrayna müharibəsi, Türkiyə və Suriyada görünməmiş təbii fəlakətə yönəldiyi bir vaxtda Cənubi Asiyanın ən böyük dövləti çətin vəziyyətlə üzləşib. Söhbət yalnız əhalisinin sayına görə deyil, həm də orada yaşayan müsəlmanların sayına görə dünyanın ən nəhəng ölkələrindən olan Pakistandan gedir. Ekspertlər düşünür ki, üzləşdiyi ən ciddi iqtisadi böhranı, eyni zamanda müəyyən siyasi qeyri-sabitliyi aradan qaldırmaq uğrunda mübarizə aparan Pakistanda qarşıdurma və zorakılıq halları baş qaldıra bilər.

 

Problem ardınca problem

Mütəxəssislərin sözlərinə görə, Pakistanda tədiyə balansı böhranı yaşanır. Yəni ölkə ticarətə onun gətirdiyi gəlirdən daha çox xərcləyir və nəticədə, xarici valyuta ehtiyatları azalır, mülkiyyət dəyərini itirir. Eyni zamanda xarici kreditlərlə bağlı borclara görə ödəniş faizləri artır, bu isə mal idxalının qiymətini artırır, demək, ehtiyatların bir az da azalması qaçılmaz olur. Bu, iqtisadi vəziyyəti getdikcə ağırlaşdırır, inflyasiya durmadan artır, nəticədə, ilkin tələbat malları, ərzaq, elektrik enerjisi və benzin davamlı olaraq bahalaşır.

Pakistan büdcəsinin boşalmasının əsas səbəblərindən biri bir tərəfdən mədən yanacağı idxalından ciddi asılılıq, digər yandan isə dünyada karbohidrogenlərin bahalaşmasıdır. Asiya İnkişaf Bankının məlumatına görə, Pakistan istifadə etdiyi enerji resurslarının – neft, kömür, mayeləşdirilmiş qaz – təxminən üçdə birini xaricdən alır. Bu üzdən də onu Ukrayna müharibəsindən dolayısı ilə ən çox əziyyət çəkən ölkə saymaq olar. Avropa İttifaqı ölkələri Rusiyadan enerji asılılığını azaltmaq üçün bütün dünyada mayeləşdirilmiş qaz almağa başladığından, dünya bazarında o, azalıb və bahalaşıb. Bu üzdən də Pakistan yanvarda qənaət məqsədilə elektrik enerjisi verilişində ciddi məhdudiyyətlərə gedib. Nəticədə, xəstəxanalar belə, ehtiyat generatorlar hesabına işləməyə başlayıb, milyonlarla insan nəinki işıqsız, həm də istiliksiz qalıb, elektrik nasoslarının işləməməsi üzündən içməli su qıtlığı ilə qarşılaşıb.

Şübhəsiz ki, bütün bu problemlər baş nazir Şahbaz Şərifin hökumətinin çiyinləri üzərinə düşür. Xatırladaq ki, o, hakimiyyətə ötən il sələfi İmran Xan ilə qarşıdurmadan sonra gəlib. İndi isə Şərifin özünün hakimiyyətdə nə qədər qala biləcəyi sual doğurur. Dövlətin müflis ola biləcəyindən ehtiyatlanan baş nazir Beynəlxalq Valyuta Fondundan fövqəladə maliyyə dəstəyi kimi, 7 milyard dollar istəyib. Bu, Pakistanın yardım üçün xcarici kreditlərə üz tutduğu ilk hal deyil. Lakin bu dəfə şərtlər kifayət qədər sərtdir. BVF yardımı ayırmaq üçün İslamabaddan fiksal islahatların aparılmasını tələb edib, o cümlədən milli valyutanın məzənnəsinin bazar tərəfindən müəyyənləşməsinə razılıq verməsini və yanacaq subsidiyalarını azaltmasını istəyib. Bu tədbirlər isə apriori əhalidə ciddi narazılıq yaratmaya bilməz. Odur ki, Şərifin tərəddüdləri kifayət qədər anlaşılan idi. Amma yanvarın sonunda Pakistan milli valyutanı sərbəst buraxmaq qərarına gəlib. Nəticədə, Pakistan rupisi dollara nisbətdə 20% ucuzlaşıb, yanacağın qiyməti isə 16% artıb. Maraqlıdır ki, BVF-nin məlumatına görə, İslamabadın xarici borcunun 30%-dən çoxu Çinin payına düşür. Bu, Pakistanın Fonda olan borcundan 3 dəfə çoxdur. Üstəlik, ölkə Pekindən borc almaqda davam edir.

Bununla yanaşı, Pakistan iqtisadiyyatının vəziyyəti hökumətdən asılı olmayan başqa amillər üzündən də pisləşir. Məsələn, dünyadakı iqtisadi tənəzzül Pakistan mallarına tələbatı azaldıb, ABŞ dollarının bahalaşması isə bu ölkədən əhəmiyyətli həcmdə ərzaq və yanacaq alan ölkələrə təzyiqi gücləndirib. Pakistan pandemiyaya qədər dünyada ixracatçılar arasında 47-ci yeri tuturdu (58 milyard dollar, 0,3%). Ölkənin ixracının əsasını isə toxuculuq sənayesi məhsulları, pambıq və geyim təşkil edir (56,9%).

Bundan başqa, Pakistan həm də iqlim dəyişikliklərindən ən çox əziyyət çəkən ölkələr sırasındadır. 2022-ci ilin iyununda baş vermiş faciəvi daşqınlar zamanı ölkənin üçdə biri su altında qalmış, bu, 33 milyon insanın həyatına öz mənfi təsirini göstərmişdi. Təbii fəlakət ölkəyə milyardlarla dollar ziyan vurmuş, COVID-19 pandemiyasının yaratdığı iqtisadi çətinlikləri bir qədər də ağırlaşdırmışdı.

 

Proqnozlar ümidverici deyil

Sözügedən daşqınlar zamanı, xüsusilə kənd təsərrüfatı zərər görüb. Bir çox fermer düyü, pambıq, xurma kimi məhsullardan məhrum olub. Zərərçəkmiş əhaliyə tam lazımi yardımın göstərilməsi, su altında qalmış ərazilərin, mənzillərin bərpası üçün Dünya Bankının hesablamalarına görə, ən azı 16 milyard dollar lazımdır. Bu məbləğ İslamabadda, təbii ki, yoxdur. Odur ki, ötən ilin oktyabrında Dünya Bankının 9 milyon pakistanlının yoxsulluq həddində yaşaya biləcəyinə dair proqnozu təəccüblü deyil.

Üstəlik, Pakistan gələcəkdə yeni daşqınlardan da sığortalanmayıb. Alimlər bildirirlər ki, ölkədə 2,1 milyon insan buzlaq göllərin bilavasitə yaxınlığında yaşayır, qlobal istiləşmə isə həmin göllərin daşma ehtimalını gündən-günə artırır. Ölkənin bəzi hissələrində isə quraqlıq və qasırğaların olacağı istisna deyil.

Bütün bunlarla yanaşı, Pakistanın təhlükəsizlik problemləri də var. Yanvarın 30-da Pişəvarda kamikadzenin məsciddə törətdiyi terror aktı ən azı 100 nəfər həlak olub, 200-dən artıq insan yaralanıb. Ölənlərin əksəriyyəti kazarmaya yaxın yerləşən məscidə gəlmiş polis əməkdaşlarıdır. Əyalət polisinin mənzil-qərargahı və antiterror idarəsi məhz bu ərazidə yerləşir. «Terrorçular Pakistanın müdafiəsi naminə öz borclarını yerinə yetirən insanlara hücum etməklə, ölkədə təşviş yaratmaq istəyirlər», - deyə baş nazir Şahbaz Şərif terror aktından sonra verdiyi açıqlamada bildirib.

Əksər müşahidəçilər bildirirlər ki, bu bölgədə polisin təchizatı yaxşı təlim keçmiş və silahlanmış terrorçularla müqayisədə daha pisdir. Maraqlıdır ki, terror aktı Birləşmiş Ərəb Əmirlikləri prezidenti Məhəmməd bin Zayed al-Nahyanın İslamabada gəlməli olduğu gün və BVF nümayəndələrinin səfəri ərəfəsində baş verib.

 

Əfqan təhlükəsi

2021-ci ilin avqustunda Əfqanıstanda taliblərin hakimiyyəti ələ keçirməsindən sonra Pakistanın təhlükəsizliyi ilə bağlı vəziyyət daha da pisləşib. O vaxtdan ölkədə «Tehrik-e-Taliban Pakistan» qruplaşmasından olan taliblərin, bəluc separatçı qruplaşmalarının və digər hərəkatların hücumları yenidən çoxalıb. Bu qruplaşmaların yaraqlıları Pakistanın Əfqanıstanla sərhəd olan dağlıq ərazilərində məskunlaşıblar. Bu sərhəd isə kifayət qədər uzundur – düz 2430 kilometr.

Pakistanlı taliblərin tələbləri arasında şəriət qanunlarına daha sərt əməl olunması, həbsdəki taliblərin sərbəst buraxılması, Əfqanıstanla sərhəddə pakistanlı hərbçilərin sayının azaldılması və s. də var.  Bundan başqa, onlar Pakistanın tayfa dairələrinin Hayber-Paxtunxva vilayəti ilə birləşməsinə qarşı çıxırlar.

Maraqlıdır ki, silahlı qruplaşmalar populyarlıqlarını artırmaq üçün yenə də insanların həyat şəraitinin ağırlığından istifadə edir, onların çarəsizliyindən istifadə edərək, belə insanları öz sıralarına cəlb edir.

Bütün sadalananlarla yanaşı, Pakistan nüvə silahına malik dövlətdir və onun kifayət qədər geosiyasi çəkisi var. Pakistanın iştirakçısı olduğu xarici siyasi strateji kombinasiyaları sadalamaqla bitirmək olmaz. İslamabadın Yaxın Şərq və Mərkəzi Asiyanın təhlükəsizliyindəki rolu da hər kəsə məlumdur. Elə bu, Pakistanda daxili siyasi vəziyyətin diqqətdə olması üçün kifayətdir.

Coğrafi məsafəyə baxmayaraq, Bakı ilə İslamabad arasında xüsusi münasibətlər var. O, möhkəm strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır. Azərbaycanda əmindirlər ki, Pakistan üzləşdiyi daxili çağırışların öhdəsindən gəlmək üçün lazımi resurslara malikdir.



MƏSLƏHƏT GÖR:

63