7 May 2024

Çərşənbə axşamı, 07:46

“EHTİRASLI CÜMƏ” YOLUNDA

Böyük Britaniya ilə Avropa İttifaqı, deyəsən, dil tapıblar

Müəllif:

15.03.2023

Son illər Böyük Britaniyanın tez-tez dəyişən hökumətlərinin problemlərin həlli üsullarından bəhs edən jurnalistlər keçmişin tanınmış siyasi xadimi Denis Xilidən sitat gətirirlər: «Quyudasansa, daha qazma». Bu, əlbəttə ki, əsasən Londonun Avropa İttifaqı ilə münasibətlərinə aiddir. Britaniya nədənsə Aİ ilə münasibətlərdə hər iki tərəfi qane edəcək kompromis axtarmaqdansa, hədə, şantaj, isteriya dili ilə danışmağa üstünlük verib. Britaniyalı siyasətçilərdən biri bu haqda danışarkən deyib: «…Hər kəs o fikirdədir ki, siz Brüsseldən istədiyinizi yalnız bir halda ala bilərsiniz – ona düşmən münasibəti göstərsəniz».

Liz Trass da Makronun «dost, yoxsa düşmən olduğunu müəyyənləşdirə bilmədiyi»ni söyləiyirdi.

Tereza Meyin Aİ ilə «Brexit»ə dair razılaşma imzalamasına imkan verməyən və bunu onun Şimali İrlandiyanın statusu ilə bağlı yanaşması ilə razılaşmadığı üçün rədd edən Boris Conson isə hökumətin başına keçdikdən sonra razılaşmanı… elə həmin variantda imzalayıb. Əlbəttə, bu, ən yaxşı qərar deyildi. Lakin o zamankı şərtlərdə yəqin ki, yeganə variant idi. O, Böyük Britaniyaya daxil olan Şimali İrlandiya ilə Aİ üzvü İrlandiya Respublikası arasında sərbəst sərhədin qorunub saxlanılmasını nəzərdə tuturdu. Bu variant ilə hər iki tərəf razı idi, çünki onlar adada katoliklərlə protestantlar arasında 1998-ci il aprelin 10-da əldə edilmiş, sonradan «Ehtiraslı cümə»» adlandırılan Belvast müqaviləsindən sonra yaranmış kövrək sülhü pozmaq istəmirdilər.

Nəticədə, sərhəd ölkə daxilində – Şimali İrlandiya ilə Böyük Britaniyanan digər hissəsi arasında «qapalı» qalıb. Bu, adada Aİ-nin gömrük yoxlamalarının, iqtisadi qaydalarının tətbiqini, eyni zamanda Avropa Məhkəməsinin aliliyinin qorunub saxlanılmasını nəzərdə tuturdu. Bu, könüllü olaraq vahid Avropa bazarını tərk edən Böyük Britaniyadan gələn malların gömrük rəsmiləşdirilməsi olmadan İrlandiya Respublikası ilə sərbəst sərhəddən keçməməsi üçün lazım idi.

Təbii ki, həm Brüsseldə, həm də Londonda bunun müvəqqəti, natamam qərar olduğunu bilirdilər və əmin idilər ki, məsələ həllini hər iki tərəfin maraqlarına uyğun tapmalıdır. Üstəlik, faktiki olaraq, ciddi gömrük yoxlamalarına start da verilməmişdi. Əvvəlcə Aİ onu dayandırmağa razılıq vermişdi, amma London onu birtərəfli qaydada etmişdi. İngilislər bunu regionda özləri üçün problem yaratmaq istəmədikləri və buna hazır olmadıqları ilə əsaslandırmışdılar. Problem isə heç də yalnız iqtisadi deyildi. Vahid İrlandiya tərəfdarı olan, demək, Böyük Britaniya sıralarını tərk etmək istəyən «Şinn Feyn» partiyası ötən ilin mayında Şimali İrlandiyanın Qanunverici Assambleyasına keçirilən seçkidə 100 illik tarixində ilk dəfə qələbə qazanıb. Lakin hakimiyyətin bölüşdürülməsi ilə bağlı razılaşmaya görə, regionu katoliklərlə protestantlar birlikdə idarə etməlidirlər. Belə bir vəziyyətdə seçkidə məğlub olmuş Demokratik Unionist Partiyası (DUP) sərhəd problemi həll olunanadək hökumətdə təmsil olunmaqdan boyun qaçırıb. Beləliklə, Londonla Brüssel, həmçinin Londonla Belfast arasında münasibətlər ən gərgin həddə çatıb.

Belə bir vəziyyətdə Boris Conson bütün tərəfləri sakitləşdirməkdənsə, Brüsseli Britaniyanın elə özü tərəfindən imzalanmış razılaşmanı birtərəfli qaydada ləğv edə biləcəyi ilə hədələyib. Üstəlik, onu bu məsələdə baş nazir postunda ən az qalmaqla «rekord» müəyyənləşdirmiş Liz Trass da dəstəkləyib. Beləliklə, qanun layihəsi ötən ilin yayında təsdiqlənməsi üçün parlamentə göndərilib, lakin Lordlar palatasında «ilişib».

Rişi Sunak isə bütün sələflərinin qarşıdurma strategiyasından imtina etmək qərarına gəlib və Aİ ilə danışıqlarda ritorikasını yumşaldıb. Brüsseldə bildirirlər ki, təhdid dilindən imtina etmiş Sunak Conson və Trassın «dəfn etdiyi» iki sözü «dirildib»: etibar və kompromis.

Nəticədə, o, Consonun uğursuzluğa düçar olduğu yerdə müvəffəqiyyət qazanıb.

 

Stormont əyləci

Fevralın 27-də Vindzorda, kralın iqamətgahlarından birinin yaxınlığında Böyük Britaniyanın baş naziri ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen «Vindzor razılaşması» adlı sənədi razılaşdırıblar. Bu, tərəflərin Şimali İrlandiya ilə bağlı 2019-cu ilin noyabrında qəbul edilmiş protokolun 3 əsas istiqamətləri üzrə kompromisə getməsi ilə mümkün olub. Yeni razılaşmanın ən böyük üstünlüyü Şimali İrlandiyaya Böyük Britaniyadan daxil olan malların böyük əksəriyyəti üçün «yaşıl zolağ»ın yaradılması olacaq. Yalnız Şimali İrlandiya bazarı üçün nəzərdə tutulmuş istənilən məhsul bütün fiziki yoxlamalardan və demək olar ki, bütün gömrük sənədlərindən azad ediləcək. Burada yalnız İrlandiya Respublikası vasitəsilə Aİ bazarlarına çıxa bilmə riski yüksək olan mallar yoxlanılacaq və bəyan olunacaq.

Ticarət şirkətləri gömrük imtiyazlarından yararlanmaq üçün etibarlı treyderə çevrilməli, bununla yanaşı, malların yalnız Şimali İrlandiyada satılacağına və ya istifadə olunacağına zəmanət verməlidirlər.

Əvəzində, Brüssel məmurları Böyük Britaniya və Şimali İrlandiya ilə aralarındakı mal daşımalarını real vaxt rejimində izləmək üçün məlumatlar bazasına giriş əldə edəcəklər. Əks təqdirdə, Aİ sistemin fəaliyyətini dayandıra bilər. Etibarlı treyderlər üçün nəzərdə tutulmuş gömrük imtiyazlarının Aİ-də işləməyəcəyi təqdirdə isə eyni addımı Böyük Britaniya ata biləcək.

Razılaşmanın ikinci elementi 2019-cu il protokolunun dövlət yardımı, ƏDV və vergi ödəmələri ilə bağlı hissəsinə aiddir. Xatırladaq ki, həmin protokola görə, Belfast bu məsələlərə münasibətdə Aİ qaydalarına riayət etməlidir. İndi bu məsələlər, yəqin ki, hər bir konkret halda Böyük Britaniya, Aİ və Şimali İrlandiya rəsmiləri arasında danışıqlar yolu ilə tənzimlənəcək.

Protokolda Şimali İrlandiyada Aİ qanunlarının icrasına nəzarət Avropa Məhkəməsinə həvalə edilib. Yeni razılaşmaya görə, mübahisələrə əvvəlcə Şimali İrlandiya məhkəməsi və ya müstəqil komissiya baxmalı, onlar bunu Avropa Məhkəməsi ilə məsləhətləşmə şəklində etməlidir. «Son arbitr» rolu isə Avropa Məhkəməsində qalacaq. Bununla yanaşı, gözlənilir ki, Brüssel məsələlərin Avropa Məhkəməsinə «ən son anda» çıxarılmasına üstünlük verəcək.

Nəhayət, razılaşma Aİ-nin «Stormont əyləci» adlandırılan ticarət dövriyyəsilə bağlı yeni qaydalarına nəzarət edə bilməsi üçün Şimali İrlandiya Assambleyasının səlahiyyətlərini genişləndirir. İndi Şimali İrlandiya parlamenti Aİ-nin vahid bazarla bağlı yeni qaydalarının tətbiqini dayandırmaq üçün «qəza əyləci»ndən istifadə edə bilər. Bunun üçün 90 deputatdan ən azı iki partiyanı təmsil edən 30-nun buna «hə» deməsi kifayətdir. 30 səs olarsa, Böyük Britaniya hökuməti yeni qanuna veto qoya biləcək.

 

Sunakı devirməli

Vindzor razılaşması Vestminsterdən olan deputatların əksəriyyəti tərəfindən alqışlanıb. Leyboristlər və digər əsas müxalifət partiyaları onu dəstəkləməyə razılıq verib. Bu, əksər mühafizəkar deputatlara, o cümlədən qatı «Brexit» tərəfdarı olan parlamentarilərə də aiddir. DUP isə hələ bunu etməyib. Lakin onların qərarınının da müsbət olacağı ehtimalı yüksəkdir. Qanun layihəsini Şotlandiya Milli Partiyasının (Vestminsterdə böyüklüyünə görə Britaniyanın üçüncü partiyası) lideri Roland Mürhed də dəstəkləyib, bununla yanaşı, baş nazirdən «Şotlandiyaya eyni imkanların niyə yaradılmadığını» soruşub.

Razılaşma ilə bağlı ən sərt tənqid isə Boris Consondan gəlib. Conson deyib ki, bu razılaşma «nəzarəti bərpa etmədiyindən», ona səs verməsi «çox çətin olacaq». Söhbətin hansı nəzarətdən getdiyi isə hər kəsə aydındır. Onun planı məlum idi – Sunak ya Aİ ilə razılaşma əldə edə bilməyəcək, ya da əldə olunacaq razılaşma mühafizəkar deputatların əksəriyyəti tərəfindən rədd ediləcək.

Sabiq kansler Corc Osborn hesab edir ki, Consonun məqsədi birmənalı olaraq, yenidən baş nazir postunu tutmaqdır. «O, Sunakı devirmək istəyir və bunun üçün bütün vasitələrə əl atacaq… Şimali İrlandiya ilə bağlı danışıqlar bu vasitələrdəndirsə, Conson onunla Sunakın başına zərbələr endirməyə çalışacaq», - deyə Osborn qeyd edib.

Lakin məlum olub ki, Consonun tərəfdarları o qədər də çox deyil. Bu səbəbdən də, onun Dauninq-stritə qayıtmaq şansı da yüksək sayılmır.

Görünür, Consonu dəstəkləyən əksər siyasətçilər və «Brexit»in digər tərəfdarları ölkənin daha irəli getmək istədiyi qənaətinə gəliblər. Aİ ilə «Brexit» üzündən gedən və sonda Tereza Meyin istefası ilə nəticələnmiş «savaş» zamanı (2019-cu il) hər üç britaniyalı seçicidən biri Aİ sıralarını tərk etməyi ölkə qarşısında duran ən vacib məsələ sayırdı. İndi belə düşünənlər 15-20% arasındadır.

Sunak bu məsələdə mühafizəkar deputatlara arxalanıb. Onlar isə etiraf edirlər ki, ölkədə keçiriləcək növbəti seçki ərəfəsində (səsvermənin 2024-cü ildə keçirilməsi mümkündür) «Brexit»lə bağlı mübahisələrin davam etdirilməsi intihar olardı. Bununla yanaşı, həmin parlamentarilər Sunakın əldə etdiyi razılaşmanı Consonun təklif etdiyi variantdan daha üstün sayırlar. Görünən odur ki, Sunak rəhbərlik etdiyi hökumətdə «sabitliyi pozmaq» üçün əlindən gələni etməyə hazır olan Consonu neytrallaşdıra bilib. «Bizim bu qanun layihəsinə ehtiyacımız yoxdur. Onun reallaşdırılmasına ciddi əsas görmürük», - deyə o, parlamentdə Consonun «əsər»i haqda danışarkən bildirib və torilərin əksəriyyəti baş naziri dəstəkləyib.

 

Bəs sonra?

«Brexit»lə bağlı birgə komitə Vindzor razılaşmasının reallaşdırılmasının təmini ilə əlaqədar praktik tədbirləri razılaşdırmaq üçün yaxın həftələrdə toplantı keçirəcək. Demək, hələlik onun konkret olaraq nə vaxtdan icra olunacağı məlum deyil.

Həm Böyük Britaniya, həm də Avropa İttifaqı danışıqlar prosesinə qeyri-rəsmi olaraq son tarix sayılan müddətədək nöqtə qoymaqda maraqlıdır. Söhbət «Ehtiraslı cümə»nin 25-ci ildönümü günündən – aprelin 10-dan gedir.



MƏSLƏHƏT GÖR:

60