29 Aprel 2024

Bazar ertəsi, 16:34

ÇOXDAN GÖZLƏNİLƏN NƏTİCƏ

Aynur Rzayeva dünya çempionatının yarımfinalına yüksələn ilk azərbaycanlı boksçu olub

Müəllif:

01.04.2023

Azərbaycan idmanında boks xüsusi yer tutur. Dəri əlcək sahibləri arasında dünya, Avropa çempionları, hətta olimpiya mükafatçıları var. Amma bütün uğurlar kişi boksçular tərəfindən əldə olunub. Uzun illər Azərbaycan qadın boksçuların yarışında milliləşdirilmiş legionerlərlə təmsil olunub. Azərbaycanlı xanım boksçular mötəbər yarışlarda medalçılar sırasında yer almamışdı. Bu il həmin antirekord qırılıb. Aynur Rzayeva əldə etdiyi uğurlar sayəsində adını ölkə boks tarixinə yazdırıb. 

Aynur Rzayeva tarixi uğura Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında yarımfinala yüksəlməklə nail olub. +81 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionatının finalçısı 1/4 finalda Selin Li-Loya (Yeni Zelandiya) 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. İdmançımız yarımfinalda qazaxıstanlı Lazzat Kunqeybayeva uduzmaqla dünya çempionatını bürünc medalla başa vurub. Amma medal qazanması artıq Aynur Rzayevanın çıxışını uğurlu adlandırmağa imkan verir.

 

Uğura aparan yol

Rzayeva mundiallarda yarımfinala qədər irəliləyən ilk azərbaycanlı qadın boksçu olub. Qadın boksçulardan ibarət yığma dünya çempionatlarında sonuncu dəfə 2014-cü ildə medal qazandığından, boksçu 9 illik uğursuz seriyaya da son qoyub. Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialda 65 ölkədən 300-dən artıq boksçu iştirak edib.  Yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanıb.

Aynur Rzayeva 1989-cü ildə Bakıda anadan olub. Yeniyetmə yaşlarından boksla maraqlanmağa başlayıb. Zona və paytaxt yarışlarında məşqçilərin diqqətini cəlb edib. İlk böyük yarışı 2014-cü ilə təsadüf edib, Avropa çempionatında 14 final mərhələsinə qədər irəliləyib. Həmin il dünya çempionatında iştirak edən boksçu 18 finalda məğlub olub.

2016-cı ildə Aynur Rzayeva böyüklərin yarışında ilk uğuruna nail olub.  İdmançı Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa çempionatında mükafatçılar sırasında yer alıb. Rzayeva 1/4 final mərhələsində Ukrayna nümayəndəsi İrina Vinniyə qalib gəlsə də, 1/2 final mərhələsində Rusiya təmsilçisi Zemfira Məhəmmədəliyevaya məğlub olub (0:3) və Avropa çempionatının bürünc medalını qazanıb.

Koronavirus pandemiyası üzündən boks yarışları təxirə salındığından digər idmançılar kimi Aynur Rzayeva da məşqlərdən kənarda qalmışdı. Sonradan hazırlığı bərpa edən boksçu gərgin məşqlərin nəticəsi kimi 9 illik fasilədən sonra Azərbaycana dünya çempionatında medal qazandırıb.

 

Baş məşqçi gələcəyə inanır

Millinin baş məşqçisi Yadigar Məmmədov mundialda qazanılan bürünc medalı yığma üçün uğurlu adlandırıb. O, növbəti yarışlarda komandasının daha yaxşı çıxış edəcəyinə inandığını deyib: “Mundiala 6 idmançı ilə yollanmışdıq. Onlardan Zeynəb Rəhimova (54 kq) 2, Məhsəti Həmzəyeva (57 kq) 1 qələbə qazanıb. Dünya reytinqində 3-cü olan Aynur Rzayeva dünya çempionatını bürünc medalla başa vurub. Onun finala yüksələ bilməməsində isə çəkisinin rəqiblə müqayisədə az olması rol oynayıb. Amma qarşıdakı yarışlar üçün Aynurun çəki dərəcəsində dəyişiklik edəcəyik. Olimpiya çəkisi 75 kq olduğu üçün Rzayevaya yeni proqram tərtib edəcəyik ki, o, bu çəkidə rahat işləsin.

Onun sözlərinə görə, komandanın məqsədi Parisdə keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq olub: “Bu ildən etibarən lisenziya yarışları başlayıb. Xüsusi proqramla hazırlıq keçdikdən sonra Aynurun uğur qazanacağına ümid edirik”.

Aynur Rzayeva da növbəti hədəfinin Avropa Oyunlarında Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək olduğunu vurğulayıb: “Yarışa çox ciddi hazırlaşmışdıq və Hindistana medal əldə etmək üçün yollanmışdıq. Buna həm fiziki, həm də psixoloji cəhətdən hazır idim. Ən əsası isə özümə inanırdım. Döyüşlərim də yaxşı alındı. Yarımfinalda reytinqli rəqiblə qarşılaşdığım görüşdə daha yaxşı mübarizə apara bilərdim. İlk raundlarda mən daha fəal idim. Fikrimcə qələbə rəqibə verilməli deyildi. Məqsədim Avropa Oyunlarına yaxşı hazırlaşıb, Olimpiadaya lisenziya qazanmaqdır”.

 

Lisenziya qazanmaq

Avropa Oyunlarında 40-dan çox ölkə boks yarışlarında iştirak üçün qeydiyyatdan keçib. Bu mənada Aynur Rzayevanın işi asan olmayacaq.

“Avropa Oyunlarında asan rəqabət gözləmirəm. Sadəcə mümkün qədər tez lisenziya arzumu reallaşdırmağı istəyirəm. Avropa Oyunları iyunda baş tutacaq. Həmin yarışda lisenziya qazandıqdan sonra bütün fikrimi Paris Olimpiadasına yönəltmək istəyirəm. Olimpiadada yarış tam fərqli olur. Dünyanın ən güclü idmançıları olimpiadada çıxış edir. Buna görə də Parisə xüsusi proqram hazırlıq tərtib olunacaq. Bəlkə olimpiada ərəfəsində bir müddət xüsusi təlim-məşq toplanışlarında iştirak etdim. Hazırda istirahət barədə düşünmürəm. Məqsədim Paris-2024-ə lisenziya qazanmaqdır”.

Qeyd edək ki, növbəti Avropa Oyunları iyunun 21-də Polşada start götürəcək. Həmin yarışda 5 idman növü üzrə lisenziyalar oynanılacaq. Onlardan biri boks olacaq.



MƏSLƏHƏT GÖR:

60