2 May 2024

Cümə axşamı, 02:33

DON PALERMO

“Koza Nostra” ilə mübarizə günəşli Siciliyaya getdikcə daha çox turist cəlb edir

Müəllif:

01.04.2023

Siciliyanın paytaxtı Palermoya kontrastlar şəhəri deyirlər. Bəzi küçələr və məhəllələr acınacaqlı vəziyyətdə ola bilər, digərləri isə başgicəlləndirici qiymətlərin olduğu dəbdəbəli hotellər və butiklərlə parıldayır. Hər şəhər Palermo kimi ərəb, bizans, osmanlı, normand və ya intibah dövrünə aid, bənzərsiz memarlıq üslublarının qarışığına malik bu qədər çox saray, qala və kilsə ilə öyünə bilməz.

Son onilliklərdə mafiya, həmçinin qətllər və siyasi korrupsiya haqqında KİV-lərin manşetinə çıxan xəbərlər İtaliyanın bu şəhərinə dünya şöhrəti qazandırıb. Ada rəhbərliyi uzun müddətdir ki, “Koza Nostra”nın məğlub edildiyini bildirsə də, mafiyanın bölgədə hələ də müəyyən “güc”ə malik olduğu güman edilir. Buna görə də bir çox yerlərdə sakinlər günün 24 saatı polis nəzarəti tələb edirlər. Onların qorxusunun təsdiqi kimi bu ilin yanvarında İtaliya polisi tərəfindən “Koza Nostra”nın başçısı hesab edilən və 30 ilə yaxındır ki, ədalətdən gizlənən Matteo Messina Denaronun saxlanılmasını göstərmək olar. Amma son illər burada cinayətkarlıq bir qədər azalıb və bu da turizmin inkişafı ilə nəticələnir. Palermo indi xarici turistləri ən çox cəlb edən şəhərlər sırasındadır.

Mülayim iqlimi və Aralıq dənizinin müsbət temperaturu ilə bu bölgə il boyu turistləri qəbul etməyə hazırdır. Yalnız bir çimərlik tətili planlaşdırmamısınızsa, ilin istənilən vaxtında Siciliyaya yollana bilərsiniz. Bəli, burada yağış yağır, amma günəşli günlər daha çoxdur. Burada hətta yanvar-fevral aylarında belə sizə soyuq olmayacaq.

Təyyarə Palermoya yaxınlaşan zaman mütləq pəncərədən çölə baxın, çünki maraqlı yaşıl mənzərələri, həm yerli əhalinin, həm də turistlərin yay aylarında ziyarət etməyi sevdikləri adanın qayalı və ya qumlu çimərliklərini görəcəksiniz. Hava limanı isə sözün əsl mənasında yaşıl rəngə boyanmış dağlar və dənizlə əhatə olunub. Bu da onu xüsusilə cəlbedici edir.

Hava limanından Palermonun mərkəzi hissəsinə çatmağın üç yolu var. Bunun ən asan və rahat yolu gediş haqqının 6 avro olduğu ekspres avtobuslardır. Bu avtobuslar sərnişinləri “Piazza Giulio Cesare” mərkəzi meydanına 50 dəqiqəyə çatdırır. Şəhərin mərkəzinə avtobusla gedən zaman Palermonun məşhur görməli yerlərindən biri olan Politeama teatrına baxa bilərsiniz. Avtobuslar onun yaxınlığında dayanır. Bu məqamda qeyd edim ki, bu avtobuslar yarım saatlıq intervalla hər iki istiqamətdə hərəkət edir.

Bundan başqa, hava limanında yerləşən “Punta Raisi” dəmir yolu stansiyasından müntəzəm olaraq ekspres qatarlar yola düşür. Onun vasitəsilə “Palermo Centrale” mərkəzi dəmir yolu vağzalına 45 dəqiqəyə çatmaq olar. Üçüncü variant isə taksidir. Hava limanından şəhərə qədər gediş haqqı məsafədən asılı olaraq 40-50 avroya başa gələcək.

Şəhərin mərkəzində avtobusla hərəkət edə bilərsiniz: biletin qiyməti 1,5 avrodur. Amma hoteliniz mərkəzi hissədə yerləşirsə, o zaman ictimai nəqliyyatdan istifadə etməyinizə ehtiyac olmaya bilər. Şəhəri, prinsipcə, iki və ya üç günə asanlıqla gəzə bilərsiniz. Əgər şəhər ətrafındakı görməli yerlərə baş çəkmək niyyətiniz varsa, bu zaman avtobuslardan istifadə etməyə dəyər. Variantlar sırasında həmçinin qiyməti 20 avro olan və 24 saat ərzində istifadə edə biləcəyiniz “Hop-on Hop-off” avtobus turu bileti daxildir (əsas populyar yerlərə iki marşrut var).

Hotellərə gəlincə, təbii ki, bununla bağlı qiymətlər mövsümdən asılı olaraq dəyişir. Məsələn, qışda hosteldə yer adambaşına 20-25 avroya başa gələcək. Üçulduzlu hoteldə ikinəfərlik otağı 50-70, lüks hoteldə isə 140-200 avroya tapmaq mümkündür.

 

Siciliyasayağı delikateslər

Palermonun bir çox imperiya və xalqların mədəni izlərini qoyduğu çox qədim tarixi var. Bu, yemək də daxil olmaqla, hər şeyə aiddir. Ekspertlərin fikrincə, Siciliya mətbəxinin qastronomik ləzzətləri və koloritləri haqqında daha çox öyrənmək üçün ən yaxşı yer Palermonun tarixi bazarlarıdır. Yerli kolorit “abbanniata” sayəsində bazarlarda üzə çıxır. “Abbanniata” – məhsulların keyfiyyəti və təzə olması barədə qışqıraraq yoldan keçən müştərilərə onları satmağın siciliyasayağı üsuludur. Köhnə italyan filmlərində belə səhnələri tez-tez görürdük. Amma bunu reallıqda görmək istəyirsinizsə, o zaman Palermo bazarlarına xoş gəlmisiniz.

Yemək və milli təamları sevənlər Siciliyanın paytaxtında yerləşən “Ballaro” bazarını (“Mercato Ballarò”) mütləq ziyarət etməlidir. Bələdçilər deyirlər ki, bura əslində, Siciliyada ərəblərin hökmranlığı dövründən, yəni min ilə yaxındır ki fəaliyyət göstərir. Əvvəllər bu bazar “Suq-əl-Balhara” (“aynalı bazar” kimi tərcümə olunur) adlanırdı. Ərəb tacirləri burada ədviyyatlar, həmçinin müxtəlif məhsullar satırmışlar. “Ballaro” bazarı Palermonun küçə yeməklərini dada biləcəyiniz ən yaxşı yerlərdən biridir. Üstəlik, bu zaman görməli yerlərə də baxa bilərsiniz. Bundan əlavə, həftənin bəzi günləri “Merkato-del-Kapo” (“Mercato del Capo”) və “Vuççiriya” (“Mercato della Vucciria”) bazarları açıq olur. Qədim tikililərin arasında, labirintə bənzəyən küçələrdə yerləşən bu bazarlar rəngarəng piştaxtalarla doludur.

Əgər “fast food” hazırlanan yerlərdə yemək yeyəcəksinizsə, məsələn, “McDonalds” və ya “BurgerKing”də “fast food”un minimum qiyməti 8-12 avroya başa gələ bilər. Bəlkə də, mərkəzi hissədə yerləşən küçələrdə yerləşən çoxsaylı kafelərdə pizza yemək (bir dilimi 3-4 avrodur) daha ucuz başa gələcək. Amma nəzərə alın ki, onların əksəriyyətində stol və stullar kafelərin bayır hissəsində qoyulub və qışda açıq havada soyuq olacaq. Ümumiyyətlə, bir fincan kofe (kapuçino, espresso, latte və s.) məkandan asılı olaraq 1,5-4 avrodur. Bir şüşə adi su 1-2 avro, koka-kola 2-3 avro, bir bakal pivə 3-4 avro, bir stəkan təzə portağal şirəsi 3,5 avroya başa gəlir.

Beləliklə, qiymətlərin çox da baha olmadığı kafedə bir nəfər üçün qəlyanaltı 12-15 avroya, orta qiymət kateqoriyasındakı restoranda isə 20-25 avroya başa gələcək. Ən əsas məsələ ofisiantlara və ya administratorlara qulaq asmaqdır, çünki şəhərin mərkəzində yerləşən, sayı o qədər də çox olmayan restoranlarda (restoranların daxilindəki masalarda) nahar üçün yer tapmaq olduqca çətindir. Onların əksəriyyətində masanı əvvəlcədən rezerv etmək lazımdır. Buna görə də restorana daxil olan kimi sizin üçün boş masa tapılmasını xahiş edin. Yalnız bu halda dadlı yemək yemək imkanınız olacaq. Axşam yeməyi üçün həm siciliyasayağı pizzanı (adi pizzadan fərqli olaraq bu pizzaların hazırlanması zamanı yerli ədviyyatlardan və yalnız təzə pomidordan istifadə olunur), həm də dəniz məhsullarını seçə bilərsiniz. Bir nəfərlik pizzanın qiyməti 9-12, dəniz məhsulları isə orta hesabla 15-20 avro təşkil edir.

Ekspertlər şəhərin ətrafında yerləşən, Palermo sakinləri arasında məşhur olan “Cafe 113”ə getməyi məsləhət görürlər. Hesab edilir ki, burada çox rahat ab-hava var. Kafenin dam hissəsinin açıq olması isə təkcə çox dadlı yeməklərdən deyil, həm də gecə mənzərəsindən zövq almağa imkan verir. Buraya ətraf ərazilərdən belə ənənəvi italyan pizzasının pərəstişkarları belə gəlirlər. Bu kafedəki pizzaların “belissimo” olduğu deyilir.

 

İnanılmaz “Al Khlalisah”

Palermonun tarixi mərkəzində bir-biri ilə kəsişən, yaxınlığında görməli yerlərin olduğu əsas iki küçə var: “Maqueda” və Vittorio Emanuele” (başlanğıcı sahilyanı ərazidən başlayır). Buraya “Maqueda” ilə paralel şəkildə yerləşən “Roma” küçəsini də daxil etmək olar. Bu küçələr “Kalsa” məhəlləsində yerləşir. Bu məhəllə ərəb sözü olan “al Khlalisah”dan götürülüb. Onun mənası “xalis” deməkdir. “Kalsa”nın kiçik küçələrində gəzintiyə iki gün sərf etmək olar. Bu zaman belə onun gözəlliyindən doymaq mümkün deyil.

Hər halda, bələdçilər Palermonun görməli yerlərini nəzərdən keçirməyə “Porta Nuova” qapılarından - zəfər tağından başlamağı təklif edirlər. “Yeni qapılar” adlı zəfər tağı XVI əsrin sonunda V Karlın türk ordusu üzərində qələbəsindən sonra ucaldılıb. Əslində, palma ağacları olan gözəl parka sahib Norman sarayı bu qapılara bitişikdir. Siciliya paytaxtının tarixi hissəsi səyahətçilər üçün məhz buradan açılır. Yaxınlıqda isə əsas kafedral – Uspeniya Müqəddəs Məryəm kilsəsi yerləşir. Onun əsas dəyəri burada Palermonun əsas himayəçisi olan müqəddəs Rozaliyanın qalıqlarının olmasıdır. Bu kafedral bir neçə dəfə təmir edilib. O, ərəb-norman memarlığının xüsusiyyətlərini, həmçinin qotika və klassisizm üslublarını özündə birləşdirir. Bundan başqa, bura Siciliya krallarının və alman imperatorlarının bənzərsiz sərdabələri ilə tanınır. Bir sözlə, kafedrala baş çəkmək adanın bütün qonaqları üçün maraqlı ola bilər və turist marşrutu ilə bağlı proqramda mütləq ziyarət edilməli istiqamətlərdən biridir.

Dünyaca məşhur və ən qədim kilsələrdən biri olan (XII əsr) Palatin Kapellası da bu şəhərdə yerləşir. Maraqlıdır ki, o, əvvəlcə Norman sarayında Siciliya kral ailəsinin üzvlərinin ibadət edə biləcəyi kilsə kimi tikilib. Palatin Kapellası ərəb-norman üslubunda, Bizans mozaika elementləri əsasında inşa edilib. Onun daxili dekorasiyanın əhəmiyyətli hissəsi indiyədək qorunub saxlanılıb. Buraya xüsusilə, qranit və mərmər sütunlar, kosmatesko texnikası ilə bəzədilmiş mozaika döşəməsi və s. daxildir.

Digər iki kilsə - Martorana və San-Kataldo isə Palermonun mənzərəli meydanlarından biri olan Bellinidə yerləşir. Bir çox turist Bizans və ərəb üslublarının harmoniyasının təcəssümü olan San-Kataldonu məscidə bənzədir. Bu kilsə ətrafdakı ənənəvi evlər və tikililərdən fərqli memarlıq xüsusiyyətinə malik olduğuna görə diqqəti çəkir. Yaxınlıqda tarixi 16-cı əsrə uzanan, Pretoriya meydanında yerləşən Pretoriya fəvvarəsi var. Bu məşhur turistik istiqamət həm də “utanc fəvvarə”si adlandırılır. Onun belə qeyri-adi ada layiq görülməsinə səbəb isə memarın bu fəvvarəni barokko üslubunda olan çılpaq heykəl fiqurları ilə bəzəməsidir. 

Palermoda kapusinlərin katakombalarının nümayiş olunduğu unikal muzey var. Bura mistik məkan hesab edilir. Belə ki, burada basdırılmamış, dəfn edildikdən sonra mumiyaya çevrilmiş 8 min cəsəd var. Qalıqlar yerli elitanın nümayəndələrinə aiddir: zadəganlara, görkəmli alimlərə, ruhanilərə və s. Onların bəziləri balzamlanıb, digərləri skelet görünüşünə malikdir, üçüncü qrup isə mumiyalardır.

Bələdçilərin sözlərinə görə, şəhərin başqa bir görməli yerində - Marionet Muzeyində özünüzü parlaq kuklaçı kimi hiss edə və ya əksinə, iplərdən asılan minlərlə ənənəvi Siciliya kuklasının təsiri altında qala bilərsiniz (kolleksiyada ümumilikdə 3,5 min eksponat var).

Sakit gəzinti üçün sahildəki meydanını seçə bilərsiniz. Oradan isə üç yüz ildən çox yaşı olan ağaclarla zəngin Qaribaldi bağına yollana bilərsiniz. Palermo Botanika Bağının əməkdaşları söz veriblər ki, turistlərə yayın əvvəlində yetişmiş portağalları göstərəcəklər. Üstəlik, burada Avstraliyadan XIX əsrdə gətirilmiş fikus ağaclarını seyr edə, həmçinin 10 hektarlıq ərazidə gəzişə bilərsiniz. Ziyarətçiləri 12 mindən çox bitki, xüsusən də nəhəng palma ağacları gözləyir.

İnanın, Palermoda çox sayda görməli yer var. Buna görə də onları kəşf etmək üçün bir neçə gün ayırın. Beləliklə, burada təkcə tarixi məhəllələri gəzmək deyil, həm də Politeama Teatrını, San-Cuzeppe-dei-Teatini Kilsəsini, Renço Barbera Stadionunu, Kyaramonte Sarayını, Palazzo Abatellis, Massimo Teatrını görmək lazımdır (bu barədə xüsusilə bəhs etmək lazımdır).   

 

“Xaç atası” axtarışında

Palermodakı Massimo Teatrı təkcə Siciliyada deyil, həm də bütün İtaliyada ən məşhur və böyük opera teatrıdır. Əfsanəvi “Xaç atası 3” filminin son kadrları məhz burada lentə alınıb. Filmdə Frensis Ford Koppolanın əmisi, məşhur bəstəkar Anton Koppolanın məhz bu opera teatrında Maskaninin “Kənd şərəfi” (“Cavalleria rusticana”) operasını necə ifa etdiyini görə bilərsiniz. Bundan başqa, Maykl Korleonenin qızının teatrın pilləkənlərində güllələndiyi səhnə də məşhurdur.

Ümumiyyətlə, ssenari müəllifləri bu əfsanəvi filmi real hekayə əsasında çəkiblər. Bu məqamda qeyd edək ki, Palermodan 60 kilometr məsafədə Korleone şəhəri yerləşir. Bir çox mafioz məhz bu şəhərdəndir. Hətta deyirlər ki, Al Paçinonun əcdadları da Korleonedəndir.

Beləliklə, çoxlu sayda turistlər - trilogiyanın pərəstişkarları “Xaç atası” filminin çəkildiyi məkanı görmək ora getməyə çalışırlar. Lakin şəhərin özü o qədər də mənzərəli deyil. Buna görə də rejissor filmi qonşuluqda yerləşən kommunalarda - Savoka və Forza-Daqroda çəkib. Savokada hələ də Vitelli barı – Maykl Korleonenin senyor Vitelli (barın sahibi) ilə söhbət etdiyi və qızı Apolloniya ilə görüşmək üçün ondan icazə istədiyi məkan - fəaliyyət göstərir. Barda sizə təkcə şərab və kofe deyil, həm də məşhur limon şərbəti (qranita) təqdim olunacaq.

Savokada Maykl Korleone ilə Apolloniya Vitellinin toyunun keçirildiyi Müqəddəs Lusiya kilsəsini də ziyarət etməyə dəyər. Maykl və Apolloniya evləndikdən sonra qohumları və musiqiçilərin müşayiəti ilə kilsəni tərk etdiyi səhnə də burada çəkilib.

Forza-Daqro kommunasında yerləşən Santa Maria Annunziata kafedralı “Xaç atası 2”də görünür. Həmin səhnədə Maykl ilk dəfə cangüdənləri ilə birlikdə ilk dəfə Korleoneyə gedirdi. Don Ciçonun adamları tərəfindən təqib edilən gənc Vito Korleone məhz buradan eşşəyə yüklənmiş səbətdə gizlənərək ABŞ-a qaçır.

Rejissor Koppola Forza-Daqronu həm də “Xaç atası 3” filminin çəkilişləri üçün məkan kimi seçib. Burada qoca Mayklın amerikalı həyat yoldaşına atası Vito Korleonenin doğulduğu evi göstərdiyi kadrlar çəkilib. “Xaç atası”nın pərəstişkarları yaxınlıqda yerləşən qədim Seqesta şəhərinin tarixi xarabalıqlarını da ziyarət edə bilərlər. O, 13-cü əsrdə insanlar tərəfindən tamamilə tərk edilənə qədər Siciliyanın yerli əhalisinin yaşadığı ən böyük şəhərlərdən biri idi. Məbəd “Xaç atası 3” filminin əvvəlində, yəni Korleone ailəsi Baqeriyaya gedərkən göstərilib.

Görməli yerləri gəzərkən unutmayın ki, yerli sakinlər “Xaç atası” ilə əlaqəli bu və ya digər məkanları tapmaqda kömək edə bilərlər. Amma mafiyanın və mafiozilərin “fəaliyyəti” ilə bağlı sualları xoş qarşılamayacaqlar – burada belə mövzulara toxunmurlar. Üstəlik, ənənəyə görə, əsl “xaç atalarının” prototipləri adətən məhz Korleone şəhərindən olur.

Filmsevərlər Siciliya mafiyasının fəaliyyəti və ona qarşı mübarizə ilə bağlı bu və digər hadisələr barədə komissar Kattaninin baş rolda çəkildiyi İtaliya serialı olan “Sprut”a görə yaxşı məlumatlıdır. İndiyədək İtaliya hakimiyyəti adada anti-mafiyaya islahatları aparır. Maraqlıdır ki, burada bir neçə il əvvəl açılan turizm şirkəti istirahət edənlərə pullarının mafiyaya dəstək üçün göndərilməyəcəyinə zəmanət verir.

Bir sözlə, sürətli şəkildə olmasa da, Siciliya daha təhlükəsiz yerə çevrilir. Odur ki, getdikcə daha çox turist istirahət üçün məhz bu adanı seçir.



MƏSLƏHƏT GÖR:

73