3 May 2024

Cümə, 09:45

MODA QALASI

Orxan SULTAN: “Elə insanlar var ki, həyatını gözəl əşyalar, nikbin insanlar, xoş emosiyalar, dadlı təamlarla zənginləşdirir”

Müəllif:

01.04.2023

Moda dünyasında tez-tez dəyişikliklər baş verir. Bu fikri hər mövsüm keçirilən rəngarəng moda həftələri təsdiqləyir. Onların ardınca qlamur nəşrlərdə bu moda həftələri ilə bağlı fotosessiyalar dərc olunur...

Bu sürətli dəyişikliklərə diqqətlə nəzər saldıqda aşkar olur ki, sadəcə geyim deyil, həm də üslub yarada bilən keçmiş böyük kutüryelərin ənənəsi tədricən unudulur. Buna görə də qəbul edilmiş qaydalara əsaslanan, qadına qadınlığa xas olan xüsusiyyətləri, zərifliyi göstərən geyimlər hər zaman həqiqi maraq doğurur və müəllifin işini mövcud ani tendensiyalardan yüksəklərə qaldırır.

Moda oazislərindən biri olan, zərif və gözəl geyimlər hazırlanması ənənələrini qoruyub saxlayan “Sultan Couture”nin yaradıcısı, modelyer Orxan Sultan artıq 20 ildir öz işləri ilə sübut edir ki, moda sənayesində mövsümü “küləyin” haradan əsməsindən asılı olmayaraq, həqiqi və əsas ipostas – Gözəllikdir! Yəni moda sənayesində əsas məsələ geyimin təyinatıdır. Paltar qadının gözəlliyini, kostyum isə onu yanındakı şəxsin kişiliyini qabartmalıdır. Necə ki, səhnə geyimi artisti əlavə ab-hava ilə əhatə edir. Heydər Əliyev Mərkəzinin “Auditorium” zalında “Opera və moda. Sultan Couture 20” layihəsi çərçivəsində öz peşəkar yubileyini qeyd edən məşhur həmvətənimiz tamaşaçılara məhz bu hissləri yaşadıb. Bu gecədə iki ünsürün bir məkanda birləşdiyi möhtəşəm hadisə baş verib: möhtəşəm musiqi və konsert geyimlərinin zərif tərzi. İfaçıları dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Konsertdə 4 opera divası və dünya priması iştirak edib:

Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos (soprano), “Helikon-opera” Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədova (soprano), beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva (messo-soprano) və Yekaterina Sannikova (soprano). Məşhur həmyerlimiz Orxan Sultan onların hər biri üçün xüsusi olaraq dəbdəbəli paltarlar hazırlamışdı. Onlar hər dəfə səhnəyə çıxışı səhnə geyiminin vokal dəfiləsinə çevrilirdi.

- “Opera və moda. Sultan Couture 20” – qadın individuallığın özünəməxsus himni idi. Amma biz gündəlik həyatda daha çox idman tərzinə üstünlük veririk. Baxmayaraq ki, Lagerfeldin sitatlarından biri belədir: “İdman şalvarları məğlubiyyət əlamətidir. Əgər onları əldə etmisinizsə, demək, nəhayət, öz həyatınıza nəzarəti itirmişsiniz”.

- Eyni zamanda özü də idman kolleksiyaları hazırlayırdı! Doğrudur, qadının restorana idman şalvarı ilə getməsi tamamilə başqa məsələdir. Bu mənada böyük Karl Lagerfeldlə mübahisə etməyə belə dəyməz! Amma qadın öz bağ evində olan zaman bu geyimlə istədiyini edə bilər. Sadəcə kişi qadına münasibətdə və əksinə, yəni insanlar bir-birinə münasibətdə davranış qaydalarına riayət etməlidir. Bunlar çox incə məsələlərdir... Bəs biz niyə yaxın keçmişdə cəmiyyətdə ünsiyyətin daha yaxşı olduğunu söyləyirik? Hər şey əslində çox prozaikdir. Belə ki, mədəni təbəqə mədəniyyəti yaradan insanların hesabına formalaşıb: teatrlar, rəssamlıq, musiqi... Bu gün internetdə sadə bir axtarış zamanı, məsələn, gözəl musiqi yazan bəstəkarları axtaran zaman insan ruhdan düşür. Fikrimcə, bu sahədə sonuncu mogikanlardan biri Raymond Paulsdur. Onun əsərlərini bir fincan qəhvə və ya bir qədəh şərabla dinləmək olar. Həmin nəslin bəstəkarları öz sahələrində əllərindən gələni ediblər və istedadın limiti artıq tükənib. Amma elektron musiqi hələ də hər hansı bir formada mövcud ola bilsə də, bəs elektron paltarını necə təsəvvür etmək olar?! Razılaşın, bu dəhşətlidir! Biz artıq elektron dünyada yaşayırıq. Konservatoriyada musiqinin lent yazısına və ya onun elektron analoquna qulaq asdığımı təsəvvür edə bilmirəm. Şadam ki, belə düşüncəni ətrafımdakı bir çox insan bölüşür. Bu o deməkdir ki, biz hələ də varıq!

- Qadınlar kaprizli, məntiqlə başa düşülməsi mümkün olmayan varlıqlardır.

- Nə olsun?! Onlar ki gözəldir!!! Bütün qadınlar gözəldir!!! Nənəmin 84 yaşı var. Gəncliyində çox gözəl idi. Fikrimcə, indi o, daha da gözəldir. Bunu tamamilə ciddi deyirəm! Onun yaşlı qadın olması ilə bağlı mübahisə etmirəm. Lakin bu, ona əlavə şarm verir. Məncə, hər qadın gözəldir! Sadəcə olaraq, onlar iki yerə bölünür: adekvat olanlar və adekvat olmayanlar. Qoy, sonuncuların öhdəsindən həyat yoldaşları və ya ailəsi gəlsin. Mənim işim sifarişləri yerinə yetirmək və buna görə ödəniş almaqdır, vəssalam...

- Sizin keçmiş müsahibələrinizlə tanış olduqdan sonra məndə belə bir fikir formalaşıb: siz bizi – insanları öyrənirsiniz. Bu, xüsusilə fotoşəkillərdəki gözlərdən aydın görünür. Sanki siz bizim daxili aləmimizi nəzərdən keçirirsiniz.

- Hər zaman. Axı, gözlər, təbəssüm, dodaqlar, nitq bir-biri ilə sıx bağlıdır. Bunlar insan barədə təəssürat formalaşdırır. Məsələn, mən əhvali-ruhiyyəmdən asılı olmayaraq, hər zaman gülümsəyirəm. Üstəlik, bu mənada tərəf müqabilimin kim olmasının əhəmiyyəti yoxdur.

- Əksər hallarda cəmiyyəti paxıllıq hissi hərəkətə gətirir...

- Şübhəsiz ki! İyirmi illik karyeram paxıllıq hissi ilə müşayiət olunur. Bu, normal haldır. Lakin bu zaman heç də yaxşı “qoxu” yaranmır. Bu, əslində, müxtəlif, həmçinin gözəl olan qocalıq “qoxusu”dur. İndi mən insanlar haqqında deyil, interyerdəki, məişətdəki əşyalar barədə danışıram. Mənə elə gəlir ki, paxıllıq insanın nəyisə daxilindən çıxara bilmədiyi və ya özü üçün nə isə edə bilməyi zaman yaranır. Bu zaman o, özünü daxildən yeməyə başlayır. Üstəlik, buna çox vaxt sərf edir. Müvafiq olaraq, bədən qocalmağa başlayır. Düşüncələr köhnəlir. Əvəzində, nəsə etmək mümkündür. Əgər yarada bilmirsənsə, bu barədə deməlisən. Vokal üçün istedadınız yoxdursa, tanınmış bir sənətçinin konsertinə gedin və ya muzeyi ziyarət edin! İnsanlar bu məkanlara getməyi unudublar! Onlar artıq kitab oxumur, yaxşı musiqilərə qulaq asmırlar! Bu dəhşətlidir! Elə təəssürat yaranır ki, sanki onlar bağ evində şüşəbəndin üzərində qalan köhnə, tozlu şala bənzəyirlər. Onu kif basıb və o çox köhnəlib. O, heç kəsə lazım deyil. Amma onu atmağa da adamın heyfi gəlir. Bəlkə, onunla bəzi dəlikləri bağlamaq lazım olacaq.  

- Hər halda, axı, hər şey bizim əlimizdədir. Bu mənada siz nümunəsiz!

- Prinsipcə, bu belədir! Nə gizlədəcəyəm? Öz yerimi tapmaq üçün çox çalışmalı oldum. Bunu indiyədək davam etdirirəm. Axı, Moskvada özünü göstərmək, qazandığın statusu qorumaq və hörmət qazanmaq çox çətindir. Əgər sizin yubiley axşamınıza sizi sevməyən, amma hörmət edən “dostlar” gəlirsə, bu, çox dəyərlidir. Bu an başa düşürsən ki, irəliləyə doğru getməyin vaxtı yetişib! “Opera və moda. Sultan Couture 20” layihəsinə hazırlıq mərhələsində çox stresli idim. Neçə müğənniyə geyim hazırlayacağımın elə də çox əhəmiyyəti yox idi. Onsuz, bu mənada hər dəfə həyəcanlanıram. Belə ilk böyük yubileyin dövlət səviyyəsində keçirilməsi çox məsuliyyətli hadisədir. Əsas məsələ bu məsuliyyəti daşımağa hazır olmaqdır.

- Məsuliyyət hissini daha gücləndirmək lazımdır...

- Bilirsiniz, onu necə gücləndirmək lazımdır? Sizin insanlara olan münasibətiniz ilə. Əgər siz qarşınızdakı insanın və o da sizin vaxtınıza hörmət edirsə, onu pis vəziyyətdə qoymaq mümkün deyil! Məsələn, dünyaca məşhur müğənni zəng edib deyir ki, iki gün yarım ərzində paltar hazırlamaq lazımdır. Bu zaman ondan, ilk növbədə, kresloda rahat şəkildə oturmaq imkanı verməyini xahiş edirəm. Dialoqumuz 10-15 dəqiqə davam edir və bu müddət ərzində biz sakitcə lazımi addımları müzakirə edirik. Nə olursa olsun, yəni sifarişin yerinə yetirilməsi ilə bağlı müxtəlif mümkün çətinliklərdən asılı olmayaraq, mən heç vaxt panikaya düşməməliyəm. Qadın mənə zəng edən zaman arxayın və sakit olmalıdır!

- Bəs kişi?

- Kişilər özünəməxsus şəkildə sakit olmağa meyillidirlər. Məsələn, onlar deyirlər: “Mənə qarın nahiyəmin yekə olduğunu göstərməyəcək pencək hazırla!” Amma biz belə sifarişləri də yerinə yetiririk!

- Bəs kişilərə geyim hazırlamağı sevirsiniz?

- Mənim üçün kimə geyim hazırlamağımın heç bir fərqi yoxdur. Mən uşaqlar üçün də geyimlər hazırlamışam. Mən tərzi dəyişmək, heç olmasa geyimə bir az rəng qatmaq yolu ilə kişilərlə işləməyi sevirəm. Onlara rənglərin qammasını uyğunlaşdırmağı öyrətməyi sevirəm. Axı, eyni şeyi dəfələrlə geyinmək mümkün deyil! Bu mənada özümü nümunə göstərmək daha asan olardı: bəziləri üçün çox parlaq, başqaları üçün anlaşılmaz və ya digərləri üçün isə üçün cəlbedici geyinirəm. Eyni zamanda bütün bunlar epataj hüdudunda edilir. Emosiyalar, itkilər, narahatlığın, yəni daxili gərginliyin olmadığı vaxt epataj bir az fərqli olur. Bəs epatajda nə qədər çox dayanmaq olar? Elə bir an çatır ki, bu, spirtli içkilər içmək, daha sonra isə narkotik maddələrdən istifadə etmək mərhələsinə keçir. Bu, çox kədərli, bədnam zəncirdir, çünki belə yanaşmadan başqa çıxış yoxlu yoxdur.

- Burada insanın daxili hissləri vacib rol oynayır?

- Bu, çox mühüm məsələdir! Bizi unikal edən də məhz budur. Bizim daxilimizdə olan hisslər daha sonra qavrayışımız vasitəsilə xaricə əks olunur. Bu məsələdə kitab oxumaq, muzeyləri ziyarət etmək ciddi rol oynayır. Məsələn, övladımı 3 yaşında konservatoriyada uşaqlar üçün təşkil olunan gündüz konsertlərinə aparırdım. Doğrudur, mənim uşaqlıq illərim toylarda iştirak etməklə bağlı olub. Bu, mənim yaddaşımın dərinliklərində qalıb. Zamanla heç nə dəyişmir. Bakının koloriti də məhz budur! Bunu qəbul etməmək və ya qınamaq olmaz. Bu, Azərbaycandan keçmiş qədim İpək yolunun nəticəsidir. Burada multikultural xalqlar bir yerə toplaşıb və qaynayıb-qarışıb. Yəni bu, kiçik ərazidə sosial mühitin mədəni müxtəlifiyinin qarışmasının nəticəsidir. Bunu sevməmək sadəcə mümkün deyil. Mənim hisslərim də istisna deyil.

- Moda nümayişi ilə bağlı oturuşmuş təsəvvür var - modellərin keçidi. “Opera və moda. Sultan Couture 20” layihəsi onun səhnə təcəssümüdür. Sizin üçün hara daha çox maraqlıdır?

- Hər şey olduqca gözəl alınıb. Aydındır ki, podiumla səhnə arasında çox ciddi fərq var! Etiraf etmək istərdim ki, nümayişləri heç vaxt bəyənməmişəm: kulisdəki qarışıqlıq, stilistlərin və vizajistlərin yaratdığı basabas, geyimlərin sıra ilə dəyişdirilməsi. Hər yerə diqqət yetirmək tələb olunur. Buna görə də sizi müxtəlif istiqamətlərə çəkirlər. Müəyyən bir məqamda insan özünü zorla cilovlayır. Bu, mənim xoşuma gəlmir! Odur ki, özüm üçün belə gözəl bir hekayə seçdim: “Sultan Couture”də geyinən, istedadlı ağıllı qadınlar. Bəli, mən qurman və estetəm! Düzünü desəm, bunu gizlətmirəm, belə bir fikrim də yoxdur. Buna görə də layihə təsdiq edilməmişdən qabaq belə bir sual verildi: bu, moda nümayişinə oxşayacaqmı? Səmimi şəkildə dedim ki, bu, səhnədə moda nümayişi təşkil ediləcək və modellər opera müğənniləri olacaq. İndiyə qədər heç kəs belə bir iş ərsəyə gətirməyib. Düşünürəm ki, yaxın gələcəkdə bunu təkrarlamaq çətin olacaq.

- Sizin həyata keçirdiyiniz hər şeydə öyrətmə missiyası var.

- Hər bir insan nəsə öyrənir. Əslində, hamımız bir-birimizdən öyrənirik. Elə insanlar var ki, həyatını gözəl əşyalar, nikbin insanlar, xoş emosiyalar, dadlı təamlarla zənginləşdirir. Hətta özlərinə gül verə bilən insanlar da var. Bu, mənə xas olan xüsusiyyətdir. Üstəlik, böyük zövqlə müxtəlif ustad dərsləri tapır və öyrənirəm. Buraya toxuculuq sənəti də daxildir! Belə ki, bu, mənə maraqlıdır! Biz həyatımız boyu öyrəndiyimizi başa düşməli və qəbul etməliyik. Onsuz da qısa olan həyatımızı mənfi təzahürlərə sərf etməyə dəyərmi? Bu, şəxsi həyata da aiddir. Yer kürəsinin milyonlarla illik inkişafını nəzərə alsaq, düzünü desəm, bu dünyada heç nə qoyub getmirik. Biz sadəcə (!) həyatımızı müsbət emosiyalarla doldururuq...



MƏSLƏHƏT GÖR:

60