9 May 2024

Cümə axşamı, 01:44

İŞIQLI ZÜLMƏTİN TARZƏNİ

İsmayıl ZÜLFÜQAROV: “Mənim üçün əsas məsələ Azərbaycan tarını ilkin formada dünyada məşhurlaşdırmaqdır”

Müəllif:

01.04.2023

İsmayıl Zülfüqarov beynəlxalq musiqi müsabiqələrində dəfələrlə qalib gəlib. O, caz, klassika, “r&b/elektro” (müasir R&B) üslublarında musiqi ifa etməsi ilə tanınır. İ.Zülfüqarov Azərbaycanı Türkiyə, Fransa, Rusiya, Çin və Litvada uğurla təmsil edib. O, məşhur fransız musiqiçisi Filip Qan (Filiqan) ilə də səhnəni bölüşüb, orkestrlə rok üslubunda musiqi ifa edib. Musiqiçi hesab edir ki, milli alətə həssas yanaşmaq lazımdır. İ.Zülfüqarovun fikrincə, milli alətin orijinallığını itirməmək şərtilə onun geniş imkanlarını açmaq və bununla da Azərbaycan musiqisini bütün dünyaya yaymaq lazımdır.

- Musiqi dünyasına səyahətiniz necə başlayıb?

- Mənim formalaşmağımda musiqi təhsilinin böyük rolu olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində qiymətli bilik qazanmışam. 2013-cü ildə Azərbaycan Milli Konservatoriyasında təhsilimi davam etdirmişəm. “Notlar” ixtisası üzrə müəllimim tarzən, Azərbaycanın əməkdar müəllimi Umud İbrahimov idi. O, mənim formalaşmağımda və peşəkar inkişafımda çox böyük rol oynayıb. Azərbaycanın xalq artisti Ağasəlim Abdullayevdən muğam dərsi almışam. Müəllimlərim arasında sonradan duet ifa etdiyimiz Şəhriyar İmanovun da adını çəkmək istərdim. 2017-ci ildə magistraturaya daxil olmuşam. Burada mənə əməkdar artistlər – Sahib Paşazadə və Elçin Haşımovun sinfində təhsil almaq nəsib olub. İndi özüm Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm.

- Niyə məhz tar?

- Tara marağım uşaqlıq illərində üzə çıxmağa başlayıb. Kiminsə bu milli alətdə ifa etdiyini eşidən zaman televizorun qarşısında donub qalırdım. Odur ki, musiqiyə olan həvəsimi görməmək mümkün deyildi. Buna görə də valideynlərim mənə tar almağa qərar verdilər. Əslində mən musiqiçi ailəsində böyümüşəm. Babam və əmim tar çalmağı çox sevirdilər. Onlar bu musiqi alətində ifa etməyi özləri öyrənmişdilər. Yalnız xalam musiqi məktəbində təhsil alıb və qarmonda peşəkarcasına ifa etməyə başlayıb. Mənim musiqi məktəbində təhsil almağıma təkid edən məhz o idi. Düşünürəm ki, valideynlər övladlarının nəyə marağının olması məsələsinə diqqət yetirməlidir. Uşaq buna sevgi, diqqət göstərmirsə, onu musiqi məktəbinə göndərməyə dəyərmi?!

- Bəzən valideynlər uşaqlarına peşə seçərkən, onun nə dərəcədə gəlirli olacağını düşünürlər. İndiki gənclik də məhz belə hesab edir...

- Uşaq gəlir haqqında düşünmür. O, ürəyinin səsinə qulaq asır. Əlbəttə ki, insan yaşa dolduqca qazanc barədə düşünməyə başlayır. Gənc yaşlarımdan konsertlərdə çıxış etmişəm, müxtəlif müsabiqələrdə iştirak etmişəm. Yolumu bu istiqamətdə davam etdirməyimə səbəb çıxışlarımın uğurlu olması idi. İnanın ki, istənilən uğur gec-tez gəlir gətirir. Düşünürəm ki, özümə ən uyğun sahəni seçmişəm. Mənim bir məqsədim var idi: ilk növbədə, yaxşı musiqiçi, daha sonra isə yaxşı mütəxəssis olmaq. Fərq ondadır ki, musiqini anlamaq bir məsələ, onu peşəkar şəkildə ifa etmək isə tamamilə başqa məsələdir. Mən bir neçə musiqi alətində ifa etməyi öyrəndim: klassik gitara, ud, fortepiano və təbii ki, tar. Əlbəttə ki, tarda digərlərindən fərqli olaraq, peşəkar ifa edirəm. Bir işdə mütəxəssis olmaq vaxt və böyük səy tələb edir. Yeri gəlmişkən, ifalarımda və aranjimanlarda müxtəlif alətlərdə ifa bacarığımdan tez-tez istifadə edirəm.

- Belə bir fikir var ki, yaradıcılıq sahəsində təhsildən daha çox istedad və dünyagörüşü önəmlidir...

- Mən heç vaxt akademik təhsilin insanın hansısa fəaliyyət sahəsində inkişafında rolunu inkar etmərəm. Təhsil şəxsiyyətin inkişafında və formalaşmasında düzgün istiqaməti formalaşdıran təməldir. Musiqi və incəsənət sahəsində həlledici rolu təkcə təhsil deyil, həm də daxili aləmin və dünyagörüşünün yaradıcılıqla həyata keçirilməsi oynayır. Digər tərəfdən bununla bağlı bilik olmadığı təqdirdə keyfiyyətli musiqini necə yaratmaq olar?!

- Biliyin sərhəddi yoxdur. Yeni ideyaları haradan götürürsünüz?

- Sosial şəbəkələrdən! “Youtube”da davamlı olaraq müxtəlif musiqiçilərə qulaq asıram, müxtəlif alətləri, ifa texnikalarını və təbii ki, müxtəlif janrları öyrənirəm. Bu, mənə əsərlərimi yaradanda kömək edir. Tarın çox geniş imkanları var. Odur ki, musiqiçilərin rolu tarın texniki və dinamik xüsusiyyətlərini üzə çıxarmaq, ifaları şaxələndirməkdir. Məsələn, elektron musiqiyə, xüsusən də R&B musiqisinə böyük marağım var. Bu musiqi növlərinin əsasında əsərlərimi yaradıram. Bu yolla milli musiqimizə töhfə, yeni nəfəs verməyə çalışıram. Bu mənada üç simli alətin - gitar, ud və tarın ardıcıl səslənməsinə əsaslanan “Aura” adlı melodiyamı nümunə göstərə bilərəm. Bundan başqa, caz əsasında da musiqilər ərsəyə gətirirəm. Bu musiqi janrı mənə ikinci yerə layiq görüldüyüm Bakı Beynəlxalq Caz Festivalında uğur qazandırıb. Amma ən çox sərbəst üslubda əsərlər yaratmağı xoşlayıram. Burada çərçivələr, xüsusi texnika yoxdur. Burada yalnız hisslər və daxili aləmin sərbəst şəkildə ifadəsi var. “Aura” adlı solo konsertimdə belə musiqiləri ifa etmişəm. O vaxt magistraturanın birinci kurs tələbəsi idim.

- Bəs sizin “Spirit” melodiyanız nədən bəhs edir?

- O, mənim daxili dünyamdan, qəlbimin nə istəməsindən bəhs edir. Bəlkə də bu melodiya öz yolumda qazandıqlarım haqqındadır. Kim bilir?! (Gülümsəyir). Fikrimcə, bu melodiya vasitəsilə mənim musiqiyə olan münasibətimi hiss edə bilərsiniz.

- Siz tez-tez dünyanın müxtəlif ölkələrindən olan musiqiçilərlə birgə çıxış edir, xarici musiqilərlə milli musiqinin sintezini yaradırsınız. Bizə əməkdaşlıqlarınız haqqında məlumat verərdiniz...

- Maraqlı əməkdaşlıqlardan biri Fransanın Azərbaycandakı səfirliyinin xətti ilə Bakıya gələn fransız gitaraçı Filip Qan (Filiqan) ilə olub. Tanış olduqdan sonra tar və gitarın mini festivalını keçirmək qərarına gəldik. Bununla iki fərqli janrın sintezi nəzərdə tutulurdu. Bir neçə birgə konsert təşkil etdik. Onlara hazırlıq çox az vaxt aparıb, dil baryeri isə bizə yalnız musiqi dilində danışmaq imkanı verib. Konsertdə Azərbaycan milli musiqisinin məşhur fransız şansonları ilə sintezi yaradılıb. Bu mənada İqor Ponomarenkonun rəhbərlik etdiyi “IP Orchestra” simfonik orkestri ilə çıxışımı da qeyd etmək istərdim. Bu musiqiçi və onun orkestri ilə eyni səhnəni bölüşmək başqa bir həyəcanverici təcrübə olub. Türkiyənin “Mor ve Ötesi” rok qrupunun “Cambaz”, Led Zeppelinin epik “Kashmir” mahnısını ifa etdik. Təbii ki, Braziliya triosu “Tico-Tico” ilə birgə çıxışım da xoş emosiyalar yaradıb.

- Birgə ifa ideyası necə yaranıb?

- Braziliyalılar Azərbaycana qastrol səfəri planlaşdırırdılar. Onlar mənim məşhur Braziliya melodiyasını - “Tico-Tico no fuba”nı ifa etdiyimi “YouTube”da görmüşdülər. Odur ki, onlar konsertlərində birlikdə çıxış etməyi təklif etdilər. Təbii ki, bu təklifi məmnuniyyətlə qəbul etdim. Azərbaycan tarı ilə Braziliya alətlərinin sintezini etdik. Hesab edirəm ki, çox maraqlı nəticə alınıb. Bunu zalın gurultulu alqışları da təsdiqləyib. Yeri gəlmişkən, braziliyalılar tarın imkanlarına çox təəccüblənmişdilər.

- Xarici sənətçilərlə onlayn formatda məşqləriniz olurmu?

- Mən yaradıcılığı onlayn məkanda təsəvvür edə bilmirəm. Virtual aləmdə danışmaq, nəyisə müzakirə etmək mümkündür. Lakin duet yaratmaq və ya konsertlə bağlı məşq etmək ağlasığmazdır. Çıxışdan öncə canlı hazırlıq keçirmək lazımdır. Bu məsələyə mənim şəxsi münasibətim məhz belədir.

- Qastrollarınız haqqında danışardınız. Onlardan hansı yaddaqalan olub?

- Müxtəlif ölkələrin səhnələrində çıxış etmişəm. Buraya həm qastrollar, həm festivallar, həm konsertlər daxildir. Çıxışlarımın hər birinin qəlbimdə öz yeri var, çünki milli musiqimizi qlobal auditoriyaya təqdim edirdim. Bu zaman mən qeyri-adi hisslər keçirirdim. İlk qastrol səfərinə 11-ci sinifdə oxuyan zaman çıxmışam. Daha sonra “Moskva qonaqları qarşılayır” festivalında iştirak etdim. Festivalda qızıl medala layiq görüldüm. Polad Bülbüloğlunun festivaldakı çıxışı indiyədək yadımdadır. O, tamaşaçılara Azərbaycan musiqisindən danışırdı. Tamaşaçılar onu nəfəslərini kəsərək dinləyirdilər. Daha sonra Litvada keçirilən festivalda “Şuşa” muğam triosu ilə çıxış etdim. Filiqanın dəvəti ilə Fransaya da səfər etmişəm. Həmin vaxt orada festival keçirilirdi. Biz birgə musiqi əsərlərini - tarla gitarın sintezini ifa etdik. İstanbulda isə xor və orkestrin iştirakı ilə Pikə Axundovanın “Su kadesi oratoriyası” əsərinin premyerası olmuşdu. Orada türkiyəli həmkarlarımla birgə çıxış etdim.

- Qastrollar, konsertlər, pedaqoji və bəstəkarlıq fəaliyyəti. Yaradıcı tükənmə və yorğunluq anları olurmu?

- Əslində, yaradıcılığım üçün motivasiya və ya ilham mənbəyi axtarmıram. İş prosesi və seçilmiş yolun dərk edilməsi irəliyə getmək üçün stimuldur. Ruhdan düşəndə isə yeni bir şey yaratmağa başlayıram. Mənim üçün hərəkətverici qüvvə məhz budur.

- Sosial şəbəkələrdəki paylaşımlarınızda bəzən “qaranlıq”, “zülmət” anlayışlarından istifadə edirsiniz. Bununla nəyi nəzərdə tutursunuz?

- Əslində, mən bu sözlərə xüsusi məna yükləmirəm. Mənim üçün qaranlıq sakitlik, təklik və sükutdur. Xüsusən də tar çalanda. Qəribə görünə bilər, amma qaranlıq məni motivasiya edir. Bu yaradıcılıq prosesinin bir hissəsidir. İşıqlı dünyadan uzaqlaşıb tam zülmətə qərq olaraq melodiyalar yaratmaq mənə daha cəlbedici gəlir. Qaranlıq elə bir məkandır ki, insanın özünü tapması və tanıması daha asan olur.

- İsmayıl bəy, ənənəvi milli çalğı alətindən istifadə etməklə trendlərlə ayaqlaşmaq və müasir dinləyiciyə maraqlı olmaq mümkündürmü?

- Biz texnoloji innovasiyalar əsrində yaşayırıq. Ətrafda hər şeyin necə sürətlə dəyişdiyini görmək çətin deyil. Eyni zamanda inanıram ki, musiqimizin, alətlərimizin cazibəsi onların ənənəvi xarakterindədir. Şübhəsiz ki, tamaşaçıların meyil etdiyi, üstünlük verdiyi məsələləri nəzərə almaq musiqiçilər üçün vacibdir. Bu gün Azərbaycanda müasir üslubda musiqi yaradılır, eyni zamanda, mədəniyyətimizin orijinallığı qorunub saxlanılır. Mənim üçün əsas odur ki, tar dünyada məşhur olsun. Etno-elektronika və ya R&B üslubunda əsərlər yaradaraq, milli musiqimizin müasirliklə vəhdətini göstərmək istədim.

- Razılaşın ki, yaşlı nəslin nümayəndələri olan bir çox musiqiçilər alətlərin və musiqinin müasirləşdirilməsinin əleyhinədirlər...

- Muğam musiqi janrının kökləri Şərqə gedib çıxır. Hər xalq muğamı özünəməxsus şəkildə ifa edir. Bizim Azərbaycan muğamı başqa xalqların muğamlarından unikal xüsusiyyəti və ifa xarakteri ilə fərqlənir. Düşünürəm ki, milli alətlər kökündən dəyişdirilməməlidir: sırf tamaşaçı və ya zaman bunu tələb etdiyi üçün nəyinsə əsasını dəyişə bilməzsiniz. Mən musiqinin və alətlərin modernləşdirilməsindən danışarkən səs, ifa texnikasına dair dəyişikliklər imkanını nəzərdə tuturam. Amma heç bir halda musiqini, aləti korlamağın tərəfdarı deyiləm. Azərbaycan musiqisi öz ilkin forması ilə bənzərsiz və gözəldir.



MƏSLƏHƏT GÖR:

58