6 May 2024

Bazar ertəsi, 08:57

ALTERNATİVSİZ MARŞRUTLAR

Türkiyənin Qara dənizdə təbii qaz hasilatına başlanılmasına sayılı günlər qalır, eyni zamanda o, ərazisi vasitəsilə “mavi yanacaq” nəqli üçün yeni layihələri razılaşdırır

Müəllif:

01.04.2023

Bahar hər cəhətdən dəyişikliklərin əsl xəbərçisidir. Bu, tam olaraq qardaş Türkiyəyə aiddir. Ölkədə seçkiqabağı təşviqat kampaniyası geniş vüsət alır. Belə ki, burada mayın 14-də prezident və parlament seçkiləri keçiriləcək.

Eyni zamanda, Türkiyədə fevralın 6-da baş vermiş, 50 mindən çox insanın ölməsinə səbəb olan iki dağıdıcı zəlzələdən zərər çəkmiş fəlakət zonasında yenidənqurma işləri də fasiləsiz davam edir. Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ümumi zərəri 105 milyard dollar qiymətləndirib. Sənaye obyektlərinə dəymiş ziyan isə 9 milyard dollardır. 34 sənaye zonasında 5,6 minə yaxın müəssisə ciddi və ya orta dərəcədə zərər görüb.

Bir sıra layihələr üzrə işlərin qeyri-müəyyən müddətə təxirə salınmasına baxmayaraq, strateji planların həyata keçirilməsi dayandırılmayıb. Türkiyə hələ də bu ilin sonuna qədər Beynəlxalq Qaz Ticarət Qovşağını yaratmağı hədəfləyir və hətta aprelin sonunda “mavi yanacaq” istehsalçısı olmağa belə hazırlaşır. “Cümhuriyyətin 100-cü ildönümündə Türkiyənin qarşıya qoyduğu hədəflərinə çatması üçün əngəllərin, siyasi hesablamaların maneə yaratmasına imkan verməyəcəyik”, - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Qara dəniz təbii qazı

Türkiyənin təbii qaz istehsalçısı olma ehtimalı 2020-ci ilin yayında ciddi müzakirə olunmağa başlanılıb. Xatırladaq ki, o vaxt R.T.Ərdoğan xalqa müraciətində Qara dənizdə yerləşən, 2100 metr dərinlikdə olan “Sakarya” yatağında 300 milyard kubmetr təbii qaz ehtiyatının kəşf edildiyini açıqlamışdı. Həmin dövrdə bəri yeni quyuların qazılması sayəsində Türkiyənin Qara dəniz şelfində təbii qaz ehtiyatları təxminən 710 milyard kubmetrə çatıb. Bu həcmin isə Türkiyə əhalisinin 33 illik tələbatını ödəməyə kifayət edəcəyi güman olunur. Ölkə hakimiyyəti isə ilk Qara dəniz təbii qazının bu ilin aprelin sonunda daxili bazara çıxarılacağını gözləyir. Beləliklə, “Sakarya” yatağı kəşfiyyat işlərindən tutmuş ilk hasilata qədər cəmi üç il ərzində həyata keçirilən dünyanın ən sürətli dəniz işlənməsi layihəsi kimi tarixə düşəcək.

Yeri gəlmişkən, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, ölkənin məqsədi 4 il ərzində Qara dənizdə təbii qaz hasilatını maksimum səviyyəyə çatdırmaqdır. Bu, “mavi yanacaq” idxalının düz 30% azaldılmasına imkan verəcək.

Bu məqamda qeyd edək ki, birinci mərhələdə təbii qaz hasilatı 10 milyon kubmetr, ikinci mərhələdə isə 40 milyon kubmetrə qədər artırılacaq. Ümumiyyətlə, Türkiyə 2027-2028-ci illərdə Qara dəniz regionunda 40 hasilat quyusu qazmağı, gündəlik 40 milyon kubmetr və ya ildə təxminən 15 milyard kubmetr hasilat planlaşdırır. Açıq mənbələrdən əldə edilən məlumata görə, ölkə hakimiyyəti Qara dənizdəki yataqların işlənilməsi üçün 10 milyard dollar sərmayə qoymaq niyyətindədir.

F.Dönməz məlumat verib ki, yataqda artıq 10 istismar quyusu qazılıb: “İkinci mərhələdə isə 30-dan çox əlavə quyu qazılacaq. Ümid edirəm ki, burada bütün qazma işlərini 2026-cı ilə qədər başa çatdıracağıq”.

Bu arada, hazırda Türkiyə təbii qaz idxalından tamamilə asılıdır. Onun əsas hissəsi Rusiyanın payına düşür. Təbii ki, “Sakarya” yatağının istismara verilməsi idxalın əvəzlənməsi məsələsini tam həll etməyəcək. Lakin bu, tələbatın qismən ödənilməsinə yardım göstərəcək. Bu da vacib məsələdir. Belə bir fikir var ki, nəhəng daxili təbii qaz mənbəyi inflyasiyanın əsas aparıcı qüvvəsi olan yüksək enerji qiymətlərini azaltmağa kömək edə bilər. Amma bu, türkiyəli ekspertlər arasında ciddi şübhələr yaradır. Belə ki, onların fikrincə, ölkədə “mavi yanacaq” istehlakı ilə (2022-ci ildə 55-56 milyard kubmetr) gələcək hasilat həcmi arasında qeyri-mütənasiblik var. Ekspertlər qeyd edirlər ki, proqnozlar özünü doğrultsa, Qara dənizdə gündəlik hasilat soyuq qış günlərində istehlakın təxminən 29%-ni, illik ümumi istehlakın isə yalnız 3,5%-ni ödəyəcək və bu, qiymətləri aşağı salmağa imkan verəcək səviyyə deyil.

Buna baxmayaraq, “Sakarya” yatağı şübhəsiz ki, ölkə iqtisadiyyatına müsbət töhfə verəcək. Belə ki, təbii qazın alınması üçün yeni müqavilələr bağlanılan və tədarükçülərlə onun dəyəri müzakirə edilən zaman əhəmiyyətli “mavi yanacaq” ehtiyatlarının olması yaxşı arqument olacaq.

 

Ticarət mərkəzi

Türkiyə təbii qaz hasilatına başlamağa dair hazırlıqlara paralel olaraq, o, təkcə tranzit ölkə kimi rolunu gücləndirməyə deyil, həm də Aralıq dənizi hövzəsində tamhüquqlu təbii qaz satıcısına çevrilməyə çalışır. Türkiyəli rəsmilər əmin edirlər ki, Təbii Qaz Ticarət Mərkəzinin (qovşağı) fəaliyyəti üçün hüquqi bazanın formalaşdırılması başa çatmaq üzrədir və qovşaq bu il fəaliyyətə başlaya biləcək.

“Bununla bağlı hədəflərimizdən əl çəkməmişik və bu qovşaq bir il ərzində işə düşə bilər. İndi bizim Qara dənizdə təbii qazımız var. İldə təxminən 55-60 milyard kubmetr təbii qaz istehlak etmək iqtidarındayıq, sistemə 100 milyard kubmetr təbii qaz verə bilərik (qovşağın daxilində qaz kəmərləri vasitəsilə - “R+”). Yaxşı planlaşdırsaq, 40 milyard kubmetr təbii qaz ixrac edəcəyik”, - F.Dönməz qeyd edib.

Nazirin sözlərinə görə, qovşağın fəaliyyəti yerli qanunvericiliklə tənzimlənəcək və qanunlara dəyişikliklər böyük ehtimalla prezident və parlament seçkilərindən sonra ediləcək: “Bu dəyişikliklər müvafiq komissiya tərəfindən təsdiqlənib, indi isə parlament tərəfindən qəbul edilməlidir”.

Lakin Türkiyədə yeni qaz təbii qovşağının yaradılması ilə bağlı bir çox suallar açıq qalır. Baxmayaraq ki, 2022-ci ilin oktyabrında Türkiyə ərazisində “Şimal axını” ilə artıq tədarük edilməyən tranzit həcminin yönləndirilə biləcəyi qovşağın yaradılması ideyası ilə çıxış edən məhz Rusiya Prezidenti Vladimir Putin idi. O izah etmişdi ki, ilk növbədə, avropalılar bununla maraqlanarsa, söhbət daha bir boru kəməri sisteminin qurulması və Türkiyədə təbii qazın üçüncü ölkələrə tədarük olunacağı qovşağın yaradılması imkanlarından gedir.

Türkiyə bu təşəbbüsə müsbət reaksiya verib və İstanbulda qovşaq yaratmaq üçün infrastrukturun əhəmiyyətli bir hissəsinə sahib olduğunu bildirib. Lakin bununla bağlı suallar azalmayıb. Türkiyə rəsmiləri martın əvvəlində bu layihənin həyata keçirilməsi üçün Rusiya sərmayəsinə ehtiyacın olduğunu bildirmişdilər, çünki bu layihənin təşəbbüskarı məhz Moskvadır və hazırda investisiyalara ciddi ehtiyac duyulur. Bundan başqa, hələ bu qovşaq vasitəsilə təbii qaz almaq fikrində olan dövlət yoxdur.

 

Trans-Xəzər ləğv olunur?

Bu arada, türkiyəli rəsmilər Rusiyanın enerji resursuna alternativ olacaq təbii qazın Avropaya nəqlini təşkil etmək üçün şəbəkələrinin imkanlarını genişləndirməyə hazır olduqlarını bildiriblər.

“Avropa artıq Rusiyadan neft və təbii qaz almamaqla bağlı qərar qəbul etdiyindən bunu kompensasiya etmək üçün iki mümkün alternativ var. Bunlardan birincisi, Azərbaycandan Türkiyəyə ixrac olunan təbii qazdır. Biz kəmərlərin ötürücülük qabiliyyətini artıra bilərik”, - Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib.

Onun sözlərinə görə, ikinci alternativ Şərqi Aralıq dənizinin enerji ehtiyatlarıdır.

“Burada siyasi səbəblərdən Türkiyədən yan keçmək və Kipr vasitəsilə Yunanıstana qaz nəql etmək planlaşdırılırdı. Lakin çox baha başa gəldiyindən bundan imtina edildi. Demək, üçüncü alternativ yoxdur”, - o əlavə edib.

Ankara Azərbaycan “mavi yanacağı”ndan başqa, Xəzər regionundan əlavə həcmlərin ərazisindən keçməklə Cənub Qaz Dəhlizi sistemi vasitəsilə Avropaya tranziti üçün də yaxşı perspektivlər görür. Türkiyə bu məsələdə Türkmənistana üstünlük verir. Xatırladaq ki, Türkiyə diplomatiyasının səyləri nəticəsində 2022-ci ilin dekabrında “Türkmənqaz” dövlət konserni, Azərbaycanın Energetika Nazirliyi və Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi arasında enerji sektorunda əməkdaşlığın inkişafına dair üçtərəfli Anlaşma Memorandumu imzalanıb. Bu sənədlə Türkmənistan təbii qazının Avropa istiqamətində nəqli nəzərdə tutulur.

Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Avropaya qədər uzanacaq, ötürücülük qabiliyyəti 30 milyard kubmetr olacaq Trans-Xəzər kəməri layihəsi 1999-cu ildən Türkiyənin fəal iştirakı ilə müzakirə olunur. Azərbaycanlı rəsmilər dəfələrlə qeyd ediblər ki, ilk növbədə Türkmənistan bu layihənin həyata keçirilməsində maraqlı olmalıdır. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə səsləndirdiyi fikirlər rəsmi Bakının bu məsələdə mövqeyinin dəyişmədiyini göstərir.

“Trans-Xəzər bizim layihəmiz deyil. Trans-Xəzər layihəsində biz tranzit ölkəsi hesab olunuruq və biz, o cümlədən mən, dəfələrlə açıq bəyan etmişik ki, biz Xəzərin o tayında dost və tərəfdaşlarımızın boru kəmərini inşa etməyi qərarlaşdırdığı təqdirdə onlar üçün zəruri tranziti təmin etməyə hazırıq. Lakin məndə olan məlumata görə bu məsələnin indiyədək öz həllini tapmamasının səbəbi odur ki, maliyyələşmənin mənbəyi hələ də müəyyən olunmayıb”, - İ.Əliyev bildirib.

“Kimsə onu tikməyi qərarlaşdırarsa biz buna çox şad olarıq, çünki biz tranzitdən pul qazanacağıq, Şərqdə və Qərbdə olan qonşularımıza yaxşı xidmət göstərmiş olacağıq”, - Azərbaycan dövlət başçısı əlavə edib.

O xatırladıb ki, Trans-Xəzər kəməri layihəsi uzun illərdir müzakirə olunur: “Mən ən azından onun on il müzakirə olunduğunu xatırlayıram. O, müzakirə olunan müddətdə biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərini, Cənub Qaz Dəhlizini inşa etdik və Avropaya yaşıl enerji ötürən xətti çəkəcəyik və hələ də Trans-Xəzər boru kəməri müzakirə olunacaq. Bax, vəziyyət belədir”.

Rəsmi Aşqabad “mavi yanacaq” ixracının coğrafiyasını genişləndirməkdə maraqlı olduğunu təsdiqləsə də, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bununla bağlı Avropada deyil, Türkiyədə bəyanat verib: martın 16-da Ankarada keçirilən Türkdilli Dövlətlər Təşkilatının sammitində.

“Biz türk dövlətləri olaraq normativ-hüquqi bazamızı gücləndirərək şaxələndirmə siyasəti ilə hər bir türk ailəsinə türkmən “istiliyi”ni gətirə biləcəyik. İlk növbədə Türkmənistan hazırda təbii qazın Türkiyəyə tədarükü məsələsinə baxmağa hazırdır”, - o vurğulayıb.

Q.Berdiməhəmmədov təbii qaz kəməri ilə paralel olaraq Türkiyəyə elektrik xətti çəkməyi də təklif edib: “Bu, yalnız karbohidrogen ehtiyatlarına aiddir. Energetika sahəsinə gəlincə, ehtiyac yaranarsa, təbii qaz kəməri ilə paralel olaraq elektrik xətti də çəkə bilərik”.

Bu bəyanatın sadəcə kağız üzərində qalacağını, yoxsa reallığa çevriləcəyini zaman göstərəcək. Aydındır ki, Aşqabad ən yaxın satış bazarları ilə kifayətlənərək Azərbaycan üzərindən Avropa istiqamətinə təbii qaz ixrac etməyə o qədər də həvəsli deyil. Bunun da məntiqi səbəbləri var: layihəni həyata keçirmək üçün Aşqabaq müstəqil olaraq Türkmənistanı Cənub Qaz Dəhlizi sistemi ilə birləşdirəcək sualtı kəmərin tikintisi üçün investorlar axtarmalı, türkmən qazı üçün alıcılar tapmalı, həmçinin onun satış həcmi və qiymətinə dair zəmanətlərlə bağlı razılığa gəlməlidir.

Bundan başqa, uzun illərdir Xəzər dənizinin hüquqi statusu həll olunmadığına görə sualtı qaz kəmərinin çəkilməsi məsələsində problemlər yaranırdı. Amma Xəzərin statusu həll olunsa da çətin ki, Rusiya ilə İran bu layihənin həyata keçirilməsinə müsbət yanaşacaq. Onlar maneə yaratmasa belə, kəmər texniki səbəblər üzündən yalnız uzaq perspektivdə həyata keçirilə bilər. Cənub Qaz Dəhlizinin maksimal ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edir. Doğrudur, bu göstərici 2027-ci ilə qədər düz iki dəfə artırılacaq. Amma bu həcmlər artıq Azərbaycan təbii qazı ilə bağlıdır.



MƏSLƏHƏT GÖR:

67