3 May 2024

Cümə, 00:44

DƏYƏRDƏN DÜŞMƏYƏN EHTİYAT

Azərbaycanın mədənçıxarma şirkətləri Qarabağ regionunun ehtiyatlarının mənimsənilməsinə hazırlaşırlar

Müəllif:

01.04.2023

Martın son dekadasında qızıl yenidən bahalaşmağa başlayıb. Qızıl yüksək inflyasiya təzyiqləri və ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırması fonunda “təhlükəsiz sığınacaq” rolunu oynayır. Üstəlik, ABŞ-da bank böhranı da güclənir.

Sadalanan məsələlər dünya ehtiyat valyutalarına təzyiq yaradır. İnvestorlar isə risklərdən qorunmaq üçün getdikcə daha çox qızıldan istifadə etməyə vadar olurlar. Görünən odur ki, qiymətli metallara qlobal tələbat hələ uzun müddət davam edəcək. Nəticədə yeni yataqların kəşfiyyatını və işlənilməsini genişləndirən Azərbaycan qızıl və digər qiymətli metalların ixracından əldə olunan gəlirləri artıra bilər.

 

Qiymət artımının səbəbləri

2021-2022-ci illərdə artan inflyasiya şəraitində qızılın dəyəri əhəmiyyətli dərəcədə artmayıb, çünki postpandemiya dövründəki bərpa fonunda investorlar qiymətlərin artmasından müdafiə olunmaq üçün daha sərfəli alətlər tapıblar. Buraya daşınmaz əmlaka, səhmlərə, kriptovalyutaya və getdikcə bahalaşan xammala investisiyalar daxil idi. Nəticədə, 2021-ci ilin sonunda qızılın 1 unsiyası təxminən 1828 dollar təşkil edib. 2022-ci ilin mart-aprel aylarında qiymət artımlarına baxmayaraq (Ukraynada müharibə başlaması üzündən bazarlardakı yüksək volatillik ilə əlaqədar), ötən ilin sonunda bu əlvan metalın orta hesabla qiyməti 2021-ci ildəki səviyyədə qalıb.

Lakin 2023-cü ildə bir çox bazar aktivləri davamlı artımı dayandırıb və buna görə də investorlar yenidən “əbədi” metala daha çox maraq göstərməyə başlayıb. Xüsusilə, ilin əvvəlindən bəri ilk dəfə olaraq, martın 20-də qızılın 1 unsiyası 2000 dolları ötüb. Nyu-Yorkun “Comex” birjasında qızılın fyuçersləri bahalaşaraq 1 unsiyası təxminən 2015 dolla təşkil edib. Lakin daha sonra bu əlvan metalın qiyməti düşüb və 1 unsiyası 2000 dollardan aşağı qiymətə satılıb.

Amma qiymətlərdə artım tendensiyası yenidən üstünlük təşkil edib və martın 28-də “Comex” birjasında qızılın iyun fyuçersləri bahalaşaraq 1 unsiyası 1978 dollara satılıb.

Bu məqamda qeyd edək ki, qızıl tarixən hiperinflyasiya mühitində özünü yaxşı göstərib. Hətta inflyasiya 3%-dən bir az yuxarı olduğu dövrdə belə, qızılın qiyməti çox vaxt 14% artıb. Amma bu qiymətli metalın bahalaşmasına əsas səbəb ötən ilin payızından bəri ABŞ milli valyutasının zəifləməsidir. Qızılın bahalaşmasının digər səbəbi dünyanın aparıcı mərkəzi banklarının bu əlvan metala tələbatının yüksəlməsi idi. Belə ki, onlar qeyri-sabit makroiqtisadi və geosiyasi mühit fonunda qızıl ehtiyatlarını aktiv şəkildə artırırdılar.

Bazar iştirakçıları qızılın bahalaşmasını ABŞ və Avropadakı bank böhranı ilə də əlaqələndirirlər. Martda qızılın qiymətinin kəskin artmasına səbəb ABŞ-ın 3 bankının iflas olması idi. Onlardan biri olan “Silicon Valley Bank” ABŞ-da aktivlərin həcminə görə ilk 20-likdə idi.

“First Republic Bank” da problemlərlə üzləşib. Odur ki, ona 11 böyük bank 30 milyard dollar həcmində maliyyə yardımı göstərib. ABŞ-ın maliyyə tənzimləyiciləri isə müflis olmuş bankların əmanətçilərinə vəsaitlərini tam həcmdə qaytaracağına söz verib. Bu məqsədlə FED bu bankların aktivləri ilə təminatlı kreditlər verəcək. Bu, əslində təxminən 250 milyard dollarlıq əlavə təminatsız emissiya deməkdir.

Oxşar proseslər “qoca qitə”də də baş verib. Xüsusilə, müştərilər tərəfindən aktivlərin irimiqyaslı çıxarılması ilə üzləşən İsveçrənin 167 illik tarixi olan ikinci ən böyük bankı (“Credit Suisse”) əslində “su qiymətinə”, yəni cəmi 3,24 milyard dollara satılıb. Aydındır ki, bank sistemlərinin yüz milyardlarla dolların daxil olması bahasına “xilas edilməsi” qaçılmaz olaraq inflyasiyanın artmasına səbəb olacaq. Bu, uzunmüddətli perspektivdə qızılın qiymətinin artması ilə nəticələnəcək.

Dünyanın ən böyük kredit təşkilatlarının qeyri-sabit vəziyyəti maliyyə bazarının digər seqmentlərinə də təsir göstərib. “Bank of America Corp”un son hesabatına görə, ABŞ və Avropanın bank sektorundakı böhran pul bazarı fondlarında “köpük” yaradıb. Son dörd həftə ərzində pul bazarı fondlarının idarəçiliyində olan aktivlər 300 milyard dollar artaraq 5,1 trilyon dollardan çox təşkil edib.

Maraqlıdır ki, qızılla paralel olaraq gümüş də ötən ilin ikinci yarısından etibarən bahalaşıb. Xatırladaq ki, 2022-ci ilin avqustunda “yaşıl enerji”nin inkişafı üçün təcili dəstək ehtiyacı fonunda ABŞ Senatı inflyasiyanın azaldılması üçün qanun layihəsini qəbul edib. Bu sənədlə günəş enerjisinə, həmçinin digər bərpa olunan enerji mənbələrinə 430 milyard dollar investisiya qoyulması nəzərdə tutulur. Gümüşün fotoelektrik panellərin istehsalı üçün əsas komponent olduğunu nəzərə alsaq, ABŞ-ın qanunvericilik təşəbbüsünün və Avropa İttifaqında (Aİ) buna bənzər addımların atılmasının bu metalın qiymətinin uzunmüddətli perspektivdə artmasına səbəb olacağını söyləyə bilərik. Doğrudur, martın 29-da gümüşün fyuçerslərinin qiyməti bir qədər azalaraq təxminən 23 dollar olsa da bəzi ekspertlər bu metalın bir il ərzində 30 dollara qədər yüksələ biləcəyini təxmin edirlər.

 

Azərbaycanın yeni resursları

Ekspertlər hesab edirlər ki, yüksək inflyasiya, ressesiya ilə bağlı təzahürlər, həmçinin fond və pul bazarlarının tənəzzülə uğraya biləcəyi ilə bağlı ciddi risklər bu il qızıl və digər qiymətli metallara qlobal tələbatı artıracaq. Bir tərəfdən bu, ölkəmizi qızıl-valyuta ehtiyatlarını şaxələndirməyə vadar edir. Qlobal iqtisadiyyatda və maliyyə bazarlarında baş verən neqativ proseslərlə bağlı investisiya portfeli üçün yüksək riskləri nəzərə alan Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) ümumi aktivlərdə qızılın payını ötənilki 13,1%-dən 13,9%-ə yüksəldib. Nəticədə, bu ilin əvvəlinə Dövlət Neft Fondunun 101,8 tona yaxın qızıl ehtiyatı yaranıb. Eyni zamanda, qiymətli metalların bahalaşması yeni yataqların kəşfiyyatını və işlənilməsini genişləndirən Azərbaycana ixrac gəlirlərini artırmaq imkanı yaradır. Odur ki, Azərbaycan iqtisadiyyatının mədənçıxarma seqmentində fəaliyyət göstərən “Anglo Asian Mining” (AAM) və dövlətə məxsus “AzerGold” QSC bazar tendensiyasına uyğunlaşmaq niyyətindədir. Onlar yeni yataqlarda qızılın hasilatını və onun müasir texnologiyalardan istifadə etməklə emalını artırmağı planlaşdırır.

Qeyd edək ki, Azərbaycanda 8 müqavilə sahəsinin işlənilməsi hüququna malik olan “Anglo Asian Mining” şirkəti ötən il gümüş hasilatını 17,8%, yəni 182,046 min unsiyaya qədər artırıb. Amma şirkətin qızıl və mislə bağlı hasilatında müvafiq olaraq 11,4% və 5% azalma qeydə alınıb.

Bu yaxınlarda AAM 2023-cü ildə qiymətli metalların istehsalı ilə bağlı proqnozunu yeniləyib. Yeni məlumatlara görə, şirkət istehsal həcmini 63%-dən 71%-ə qədər artırmağı planlaşdırır.

“Bu il qiymətli metalların 50-54 min unsiya qızıl ekvivalenti səviyyəsində istehsal olunacağını gözləyirik. Bundan başqa, 4,1-4,3 min ton mis və 30-32 min unsiya qızıl istehsalını proqnozlaşdırırıq. Cari il bizim üçün həlledicidir, çünki yeni “Gilar” və “Zəfər” mədənlərinin açılması ilə AAM mis istehsalının əhəmiyyətli dərəcədə artılmasına diqqət yetirir”, - şirkətin bəyanatında qeyd edilib.

Mis istehsalının artırılması bu metalın qiymətinin davamlı artması ilə əlaqədardır və AAM dekarbonizasiya ilə bağlı qlobal gündəmdən maksimum dərəcədə faydalanmaq niyyətindədir.

2023-cü ilin dördüncü rübündən şirkət “Gilar” yatağında qızılın emalına başlamağı planlaşdırır. Burada əlavə 13 quyu qazılacaq. Bunun sayəsində mineral ehtiyatların qiymətləndirilməsi artacaq.

Bu yataq üç ildən artıq müddət ərzində filiz zavodunu ildə təxminən 700 min ton həcmində zəngin filizlə təmin edə bilər. Güman edilir ki, “Gilar”da 249 min unsiyadan çox qızıl, 46,466 min ton mis və 48,786 min ton sink ehtiyatları var.

AAM həmçinin ötən ildən bəri yeni “Zəfər” mis-qızıl yatağında qiymətləndirmə qazma işlərini davam etdirir və Naxçıvan Muxtar Respublikasındakı “Ordubad” mədənində kəşfiyyat işlərini intensivləşdirməyə hazırlaşır.

“Anglo Asian Mining” şirkətinin istehsal həcmi gələcəkdə daha da artacaq, çünki o, Qoşa qızıl mədəninin cənubunda yeni subşaquli “Həsən” adlı qızıllı damar kəşf edib. Ötən il orada geoloji və struktur xəritəçəkmə, o cümlədən damarın yeraltı hasilatının planlaşdırılması işləri aparılıb.

 

Əlavə 10 yataq

“AzerGold” QSC-nin yeni yataqların işlənilməsi, qiymətli və əlvan metalların hasilatının artırılması ilə bağlı layihələri daha iddialıdır. Ötən il QSC qızıl hasilatını 62,1 min, gümüşü isə 223,1 min unsiyaya çatdıraraq müvafiq olaraq 0,9% və 65,9%-lik artım təmin edib. Günəş panelləri istehsalçılarının ehtiyacları və bu metala proqnozlaşdırılan böyük tələbat nəzərə alınarsa, gümüşün hasilatına diqqətin ayrılmasının doğru qərar olduğunu söyləyə bilərik. Bu məqamda qeyd edək ki, 2022-ci ildə şirkət qiymətli metalların beynəlxalq bazarlarda satışı baxımından müsbət dinamika nümayiş etdirib. “AzerGold” 63,5 min unsiya qızıl, 207,8 min unsiya isə gümüş satıb. Bu da müvafiq olaraq 6,1% və 56,3%-lik artım təmin edib. Ümumiyyətlə, 2017-2022-ci illərdə “AzerGold” adıçəkilən əlvan metalların satışından 960,7 milyon manat gəlir əldə edib.

2023-cü ildə dövlət şirkəti sarı metalın istehsal tempini saxlamağı və ümumilikdə 62,5 min unsiya qızıl hasil etməyi planlaşdırır. Xatırladaq ki, 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən təsis edilən “AzerGold” QSC “Qaradağ”, “Çovdar”, “Göydağ”, “Dağkəsəmən”, "Köhnəmədən" və “Kürəkçay” yataqlarındakı qızıl və dəmir filizi sahələrinin öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə edilməsi ilə də məşğul olur.

Ötən il bu şirkət Göygöl rayonundakı “Tülallar” yatağında filizin çıxarılması üzrə işlər aparıb. Bu yataqda hasil edilən filiz yeni emal zavoduna göndəriləcək. Bu müəssisədə ortamüddətli perspektivdə 2021-ci ildə aşkar edilmiş “Nərimanlı” yatağından hasil edilən qızıl filizin emal olunması da planlaşdırılır. Ümumiyyətlə, 2029-cu ilə qədər 10 yatağın istismara verilməsi planlaşdırılır: 4 - qızıl, 1 - polimetal, 3 - mis və 2 - dəmir filizi.

 

Qarabağın filizlərinin “qayıdışı”

Qarabağ regionunun işğaldan azad edilmiş ərazilərində qızıl yataqlarının işlənməsinə başlanılmasına hazırlıq prosesi Azərbaycan üçün əlamətdar hadisə olacaq. Xüsusilə, “AzerGold” burada 2025-ci ilə qədər geoloji kəşfiyyat proqramı həyata keçirir. Ötən il şirkət artıq bununla bağlı lazımi işlər həyata keçirib. “AzerGold” Kəlbəcər və Laçın rayonlarında qızıl və digər qiymətli metallarla bağlı potensial yataqları müəyyən etmək üçün qeyri-invaziv hiperspektral peyk görüntülərinin tədqiqini həyata keçirib. Bundan başqa, mina və partlamamış hərbi sursatlardan təmizlənmiş “Başlıbel-Xanlanlı”, “Oruclu-Ağyataq-Çorman” sahələrində yerüstü aktiv axtarış-kəşfiyyat işləri icra edilib. Son məlumatlara görə, Kəlbəcər rayonunda yerləşən qiymətli metal yatağında, yəni “Tutxun”da işlərin birinci mərhələsi başa çatıb. Şərqi Zəngəzur iqtisadi rayonunda qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis metallaşmasının olduğu proqnozlaşdırılır.

Bu arada, “Söyüdlü”, “Qızılbulaq” və “Vejnəli” müqavilə sahələrinin operatoru olan “Anglo Asian Mining” də bu istiqamətdə fəallaşır. Şirkət Azərbaycan hökumətindən bu yataqlara çıxış icazəsi aldıqdan sonra 3 müqavilə sahəsinin potensialının tam qiymətləndirilməsini aparacaq. Bundan əlavə, 30 illik işğal zamanı zərər çəkmiş mədənlərin təmiri və bərpası üçün böyük miqdarda investisiya tələb olunacaq.

Xatırladaq ki, “Qızılbulaq” Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi hissəsində yerləşir. Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdi ki, bu mədənin qeyri-qanuni istismarı davam etdirilir. Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Şübhəsiz, Azərbaycan şirkətləri ölkəmizə məxsus mədənlərin istismarına başlayacaq. Bu illər ərzində bizim yataqlarımızı talayanlar isə əməllərinə görə beynəlxalq səviyyədə cavab verəcəklər.



MƏSLƏHƏT GÖR:

62