29 Aprel 2024

Bazar ertəsi, 15:17

TÜSTÜ, ALOV, BARRİKADALAR

Kütləvi etiraz aksiyaları Fransanı yenidən çalxalayır

Müəllif:

01.04.2023

Fransanı növbəti dəfə etiraz aksiyaları bürüyüb. Bu dəfə insanlar prezident Emmanuel Makron və Elizabet Born hökumətinin sosial siyasətinə etiraz edir. İğtişaşlar, nümayişçilərlə polis arasında toqquşmalar, yüzlərlə aksiya iştirakçısının saxlanılması, iqtisadiyyatın bütün sahələrini, şəhər təsərrüfatını, təhsil sistemini əhatə edən tətillər – budəfəki böhranın əsas təzahürləri bunlardır. İndi əsas sual bütün bunların nə vaxt və nə ilə bitəcəyidir.

 

Xalq küçələrə axışarsa

Fransada vəziyyət hökumətin pensiya islahatları layihəsini açıqladığı yanvar ayından bu yana getdikcə kəskinləşir. Həmin layihənin əsasını pensiya yaşının hər il 3 ay azaldılaraq, 2030-cu ilə 62 yaşa çatdırılması təşkil edir. Hazırda bu hədd 64-dür. Həyata keçirilməsi nəzərdə tutulmuş digər tədbir pensiyanın tam həcmdə əldə olunmasına imkan verən 42 yaşın 43-ə qaldırılmasıdır. Hökumət bildirir ki, bu dəyişikliklər əhalinin qocalması fonunda pensiya sisteminə təhdid yaradan daxili defisitin azaldılması üçün vacibdir. Hesab olunur ki, bu vəziyyət 2030-cu ildə pensiya sistemində 13,5 milyard avroluq «dəlik» yarada bilər.

Lakin hakimiyyətin təklif etdiyi tədbirlər əhalinin böyük hissəsi tərəfindən narazılıqla qarşılanıb, nəticədə ölkəni xüsusilə son həftələrdə həddindən artıq geniş xarakter almış etiraz aksiyaları bürüyüb. Etirazçı hərəkatın fəallarının, ilk növbədə, Ümumi Əmək Konfederasiyası (Fransanın ən böyük həmkarlar ittifaqı birliyi) liderlərinin fikrincə, pensiya yaşının artırılmasındansa, minimal əməkhaqqını 2000 avroya çatdırmaq və əvvəlki pensiya yaşına qayıtmaq (60 yaş) lazımdır. Onlar hesab edirlər ki, defisiti pensiyaların son dərəcə zəngin şəxslərdən vergi tutulması ilə maliyyələşdirilməsi, sahibkarlara ödəmələrin edilməsi ilə aradan qaldırmaq olar.

Etirazların yeni, daha kütləvi fazaya keçməsinin səbəbi isə hökumətin pensiya islahatlarını parlamentdən kənar təsdiqləməsi olub. Yəni prezident və baş nazir Fransa Konstitusiyasının qanunların parlamentin razılığı olmadan qəbuluna imkan verən 49.3-cü maddəsindən istifadə ediblər. Çünki pensiya islahatları haqda qanun layihəsi Senatda təsdiqlənsə də, müxalifətçi fraksiyaların səyləri nəticəsində sənədin aşağı palatada səsverməyə çıxarılması mümkün olmayıb.

Hakimiyyətin qanun layihəsini bu formada təsdiqləməsini müxalifət hökumətə etimadsızlıq elan olunması prosesinə start verməklə cavablandırıb. Lakin Marin Le Penin rəhbərlik etdiyi ultrasağçı «Milli birlik» partiyası və «Liot» fraksiyasının irəli sürdüyü iki təşəbbüs tələb olunan səsi yığa bilməyib. «Liot» fraksiyasının təşəbbüsü zamanı hökumətə etimadsızlığın elan olunmasına sadəcə 9 səs çatmayıb (təşəbbüsün reallaşması üçün 287 səs tələb olunursa, onu 278 deputat dəstəkləyib).

Beləliklə, hökumətə etimadsızlıq elan olunmadığından, pensiya islahatları haqda qanun qüvvəyə minib. Bununla da, Fransanı daha miqyaslı etiraz aksiyaları, tətillər, asayiş keşikçiləri ilə nümayişçilər arasında toqquşmalar bürüyüb. Həmkarlar ittifaqı təşkilatlarının liderləri bildirirlər ki, hökumətin siyasəti ilə razı olmayaraq küçələrə axışan insanların sayı 3,5 milyon nəfərə çatır. Paris, Strasburq, Lion, Bordo və s. şəhərləri bürümüş nümayişlər iğtişaşlarla, zorakılıq və vandallıqla, infrastruktura, inzibati binalara ciddi zərər vurulması ilə müşayiət olunur. Nəticədə, həmin şəhərlərin küçələri şiddətli toqquşmalara səhnə olur: polis etirazların qarşısını almaq üçün müxtəlif xüsusi vasitələrə əl atır.

Etirazlar ölkədə praktik olaraq, həyatın bütün sahələrini əhatə edib. Ümumxalq tətilləri zamanı (sayca onuncu tətil martın 28-də elan olunub) nəqliyyat, təhsil, sosial xidmətlər, şəhər təsərrüfatı kimi sahələr iflic olur. Məsələn, Parisdə müəllimlərin tətili normal tədris prosesini pozub, tullantıların yığışdırılmasını həyata keçirən şirkətlərin əməkdaşlarının işə çıxmaması isə paytaxtda təxminən 10 min ton tullantının küçələrdə qalmasına səbəb olub. Görünən isə odur ki, bu, hələ son deyil. Həmkarlar ittifaqı təşkilatları ümumxalq etirazları və lokal aksiyaların davam etdiriləcəyini bildirir. Bəs onların siyasi nəticələri nədən ibarət ola bilər?

 

«İtaətsizlər», ultrasolçular və qeyri-populyar Makron

Etirazçıların qeyri-populyar pensiya islahatlarının ləğvinə nail olub-olmayacağından asılı olmayaraq, baş verənlərin nəticələrindən biri kimi, Konstitusiyanın 49.3-cü maddəsinin ləğvi məsələsi gündəmə gələ bilər. Artıq qeyd edildiyi kimi, hökumət məhz həmin maddəyə əsasən, qanunları parlametdə səsverməyə çıxarmadan da təsdiqləyə bilir.

Konstitusiyaya bu maddənin salınmasına V Respublikanın banisi general Şarl de Qoll nail olub. O, bunu ölkədə hökm sürən siyasi qeyri-sabitliyə təcili şəkildə son qoyulması zərurəti ilə əlaqədar edib. Çünki ondan əvvəlki rejimlərdə hökumət davamlı olaraq dəyişir, parlamentdaxili çəkişmələr icraedici hakimiyyətin effektiv fəaliyyətinə mane olurdu. Amma indi siyasi dairələr və ictimai güclər bu maddəyə yenidən baxılması prosesinə start verə bilərlər.

İkinci məqam daha prezident Makronun özü ilə bağlıdır. Düşünmək olar ki, daha uzunmüddətli qeyri-sabitliyə yol aça biləcək hazırkı olaylar istənilən halda, hazırkı dövlət başçısının mövqeyini zəiflədəcək. Əslində, bu, artıq özünü göstərir. Etirazçılar Makronun istefasını tələb edir, bildirirlər ki, onun prezident kürsüsündə qalması Fransa demokratiyasına təhdiddir. Çünki o, əhalinin böyük hissəsi tərəfindən dəstəklənməyən islahatların təşəbbüskarı olmaqla yanaşı, həm də ictimai rəyə açıq etinasızlıq göstərir. Makron bildirir ki, geri çəkilmək fikrində deyil, etiraz aksiyaları zamanı müşayiət olunan zorakılıqlar belə, onu islahatlardan imtinaya məcbur edə bilməz. Makron sözdə demokratiyaya sadiq olduğunu desə də, nümayişçilərin pensiya islahatları ilə bağlı referendumun keçirilməsi təklifini də rədd edir.

Görünür, özünü gülərüz oğlan kimi təqdim etməyə çalışan Makron artıq prezident seçkilərində onu iki dəfə dəstəkləmiş insanlar üçün belə, «yadlaşıb». Hər halda, prezidentin reytinqinin kəskin şəkildə aşağı düşməsi də xalqın ona «məhəbbət»inin göstəricisidir. IFOP ictimai rəy institutunun «Le Journal du Dimanche» nəşrinin sifarişi ilə pensiya islahatları fonunda keçirdiyi sorğuya əsasən, fransızların 70%-dən çoxu onun prezidentliyindən narazıdır.

Onun xalqdan nə qədər uzaq düşdüyünü Fransada ciddi rezonans yaratmış daha bir fakt da ortaya qoyub. Makronun son televiziya çıxışlarından biri fransızların əksəriyyətinin xoşuna gəlməyən bəyanatlarla yanaşı, həm də onun kameralardan gizlətməyə çalışdığı bahalı saatı ilə yadda qalıb (Fransa KİV-nin məlumatına görə, prezidentin qolundakı saatın qiyməti 80 min avrodur).

Davam edən aksiyalar fonunda özünü göstərən üçüncü amil Fransada solçu siyasi düşərgənin güclənməsidir. Burada söhbət yalnız radikal təşkilatların etiraz aksiyalarında son dərəcə ciddi fəallıq göstərməsindən getmir. Fransanın daxili işlər naziri Jerald Darmanin bildirib ki, Parisdə asayişi pozduqları üçün saxlanılmış şəxslərin əksəriyyəti ultrasolçu qruplaşmaların üzvləridir.

Ekspertlər düşünürlər ki, dövlət başçısının və onun təmsil etdiyi siyasi qüvvənin mövqeyinin zəifləməsindən hazırda Fransanın ən populyar solçu qüvvəsi olan «İtaətsiz Fransa» partiyası yararlana bilər. Xatırladaq ki, bu təşkilata prezidentliyə sabiq namizəd Jan-Lyuk Melanşon rəhbərlik edir. Bəs Melanşon ictimaiyyətə Makronun neoliberal siyasi doktrinasına alternativ təqdim edə bilərmi? «İtaətsizlər»in lideri hələ ki Makronun idarəçiliyini «qamçılamaq»la kifayətlənir və əsas diqqəti «Fransada avtoritarizmə meylini hiss olunduğuna» çəkməyə çalışır.

Etiraz dalğasının necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Çünki qeyri-populyar qərarlar qəbul edən hökumət inadkarlıq göstərirsə, onun opponentləri də geri çəkilmir. Belə bir vəziyyətdə etiraz aksiyalarının getdikcə daha miqyaslı xarakter alması da mümkündür, tədricən səngiməsi də. Prezident Makronun qeyri-populyar islahatlardan daha çox küçələrdə zorakılığı, vandalizmi qəbul etməyən fransızları öz tərəfinə çəkə bilib-bilməyəcəyindən çox şey asılıdır. Lakin daha qlobal mənada, Fransada yaşananlar ölkədə sosial ziddiyyətlərin əhəmiyyətli dərəcədə dərinləşdiyinin göstəricisidir və bu, ümumilikdə müasir Qərb cəmiyyətinin siyasi və iqtisadi reallığını göstərir.



MƏSLƏHƏT GÖR:

57