6 May 2024

Bazar ertəsi, 05:12

QAZYUMOVUN QAYIDIŞI

Sərbəst güləş üzrə üçqat Olimpiya mükafatçısı Azərbaycan yığmasına rəhbərlik edir

Müəllif:

15.04.2023

Azərbaycan güləşində gözlənilən dəyişiklik baş verib. Sərbəst güləşdə mötəbər yarışlarda qızıl medal qazana bilməməyimiz yekunda məşqçi dəyişikliyi ilə nəticələnib. Tokio Yay Olimpiadasından sonra olimpiya çempionu Namiq Abdullayevin millidə getməsi labüd görünürdü. “Region plus” jurnalı ötən il hazırladığı məqalədə də Abdullayevin gec-tez istefaya göndərilməsinin qaçılmaz olduğunu bildirmişdi. Nəhayət, əsas komandada gözlənilən dəyişiklik baş verib.

Azərbaycan Güləş Federasiyasında (AGF) keçirilən iclasda millinin məşqçi vəzifəsində dəyişiklik rəsmiləşib. Namiq Abdullayev AGF-in İcraiyyə Komitəsinin üzvü kimi iş yükünün artması, regionlarda bu idman növünün inkişafı üçün layihələrin həyata keçirilməsi və ümumilikdə ölkədə sərbəst güləşin tərəqqisi istiqamətində əlaqələndirici funksiyanın yerinə yetirilməsi ilə bağlı olaraq millinin baş məşqçisi vəzifəsindən ayrılıb. Onu milli komandanın sabiq üzvü, keçmiş dünya və Avropa çempionu, sərbəst güləş üzrə üçqat olimpiya mükafatçısı Xetaq Qazyumov əvəzləyib.

Qadın güləşi üzrə milli komandanın da baş məşqçi vəzifəsində də dəyişiklik olub. Daha öncə sərbəst və qadın güləşi üzrə yığmaları çalışan Semyon Şterev baş məşqçi kimi təsdiqlənib.

 

Tanınmış pəhləvan

Sərbəst güləş üzrə millinin yeni baş məşqçisi Xetaq Qazyumov idman həvəskarlarına yaxşı tanışdır. 2007-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edən Xetaq uzun müddət millinin şərəfini qoruyub. Bu illər ərzində üç olimpiadadan medal qazanıb, dünya çempionu olub, üç dəfə Avropa çempionatının qalibi adını qazanıb. Xetaq Qazyumov təkcə nəticələri ilə deyil, həm də güləşə münasibətilə diqqəti cəlb edib. Zədəli olduğu yarışda belə xarakter göstərən pəhləvan əksər hallarda intizamlı idmançı kimi tanınıb.

2016-cı ildə güləşçi karyerasını başa vuran Xetaq Qazyumov Şimali Osetiya yığmasında baş məşqçi olub. Daim müsahibələrində Azərbaycanı ikinci Vətəni adlandıran məşqçi qazandığı uğurlara görə ölkəmizdə yaradılan şəraitə borclu olduğunu deyib. İndi Qazyumova millidə məşqçi kimi işləmək imkanı yaradılıb.

Xetaq Qazyumovun əsas məqsədi milli komandanı gələn il keçiriləcək Paris Olimpiadasına yüksək səviyyədə hazırlamaqdır. Qazyumov, adətən, fiziki hazırlığa ciddi önəm verir, güləşçilərdən “dəmir” intizam tələb edir.

Azərbaycan güləşçiləri, eləcə də Qazyumov üçün ilk sınaq apreldə keçiriləcək Avropa çempionatı olacaq. Təbii ki, qitə çempionatının nəticələrinə görə 2 həftə əvvəl təyinat alan Xetaq Qazyumovun işinə qiymət vermək olmaz. Sentyabrda güləşçiləri lisenziya xarakterli Dünya çempionatı gözləyir. Mundialda uğur qazanan pəhləvanlar həm də Paris Olimpiadasına vəsiqə əldə edəcək. Ona görə məşqçi Xetaq Qazyumovun işini ilk olaraq Dünya çempionatı göstərəcək.

 

Lisenziyalar qazanmağın yolu

İndi Azərbaycan sərbəst güləşçilərinin əsas problemlərindən biri fiziki hazırlığın kifayət qədər olmamasıdır. Bu, özünü qarşılaşmanın ikinci raundunda göstərir. Bunun nəticəsində ciddi səhvlərə yol verən idmançılarımız mötəbər yarışlarda qızıl medalın bir addımlığında dayanırlar. Bu zəif nöqtələri düzəltmək üçün N.Abdullayevə dəfələrlə şans verilib. Lakin heç nə dəyişməyib ki, bu da federasiyanı məsələyə köklü yanaşmağa məcbur edib. 2012-ci il London Olimpiadasından sonra güləşçilərimiz olimpiadada qızıl medal qazana bilməyib. Bu amil güləş həvəskarlarını ciddi narahat edir. Buna görə də Xetaq Qazyumovdan Parisdə uzun fasilədən sonra qızıl medal qazanmaq tələb olunur.

Planetin ən böyük yarışına cəmi 14 ay vaxt qalır. Bu müddətdə millidə radikal islahatlar etmək qeyri-mümkündür. Yeni baş məşqçinin heyətdə ciddi dəyişiklik etmək zamanı olmayacaq. Çox güman ki, Xetaq əsasən eyni güləşçilərə güvənəcək. Digər maraqlı məqam odur ki, güləş üzrə lisenziya yarışlarının bu ildən başlayır. Odur ki, Namiq Abdullayevin yetirmələrinin Paris Olimpiadasına vəsiqə əldə etmək imkanı olmayıb.

 

Hazırlıqlar davam edir

Sərbəst güləş yığmasında məşqçi dəyişikliyi ilə bağlı komandanın ən təcrübəli üzvü, üçqat dünya və Avropa çempionu, iki dəfə olimpiya mükafatçısı olan Hacı Əliyevlə danışdıq. Titullu güləşçi Namiq Abdullayevin vəzifəsindən ayrılmasının gözlənilən olduğunu bildirib: “Məşqçilərin dəyişəcəyindən yeni ildən xəbərdar idik. Bunu gözləyirdik. Amma dəyişikliyin tam olaraq nə vaxt olacağını bilmirdik. Mənə elə gəlir ki, bunun komandaya təsiri olmayacaq. Çünki uşaqlar (komanda üzvləri - red.) hər zaman mütəxəssislərin nəzarəti altında olublar. Namiq Abdullayevin vaxtında artıq Dağıstanda təlim-məşq toplanışında idik və hazırlıqlarımızı davam etdirirdik. Buna görə də baş məşqçi dəyişikliyi məşqlərimizin gedişatına təsir etməyib”.

H.Əliyev bütün baş məşqçilərin rəhbərliyi altında yaxşı nəticələr göstərdiyini deyib: “İstər Firdovsi Umudovun, istər Saypulla Absaidovun, istər Semyon Şterevin, istərsə də Namiq Abdullayevin rəhbərliyi altında nailiyyətlər qazanmışam. Dəyişikliyi normal qarşılayıram. Bu, təkcə mənim deyil, həm də bizim federasiyanın prezidentinin fikridir. Məncə, bu, milli komandamız üçün çox uğurlu olacaq. Xetaq Qazyumovun ilk tapşırıqlarından biri idmançının təlim-tərbiyəsi və vaxtında hər şeyə nəzarət etməsidir. Hesab edirəm ki, bu, böyük əhəmiyyət kəsb edir. Axı komandamızda çoxlu gənc idmançılar var. Onun məşqləri də hər birimizə xoş gəlir. Daha əvvəldən də ünsiyyətimiz olub. Uzun illərdir yığmadayam və onunla eyni dövrdə güləşmişəm”.

Xatırladaq ki, aprelin 17-də Xorvatiyada güləş üzrə Avropa çempionatına start veriləcək. Xetaq Qazyumov qitə çempionatına Əliabbas Rzazadə, İntiqam Vəlizadə, Əli Rəhimzadə, Hacı Əliyev, Cəbrayıl Hacıyev, Səbuhi Əmiraslanov, Abubəkr Abakarov, Osman Nurməhəmmədov, Maqomedxan Məhəmmədov, Georgi Meşvildişvilini aparacaq. Bu heyət üç gün ərzində Avropa çempionatında uğur qazanmağa çalışacaq.

Yunan-roma güləşində qitə çempionatına Eldəniz Əzizli, Nihat Məmmədli, Taleh Məmmədov, Həsrət Cəfərov, Ülvi Qənizadə, Sənan Süleymanov, Rafiq Hüseynov, İslam Abbasov, Arif Niftulllayev və Sabah Şəriəti yollanacaq.

Qadın güləşçilərin yarışında Azərbaycanı Mariya Stadnik, Elnurə Məmmədova, İlona Semkiv, Jalə Əliyeva, Alyona Kolesnik, Elis Manolova, Birgül Soltanova və Nigar Mirzəzadə mübarizə aparacaq.



MƏSLƏHƏT GÖR:

76