2 May 2024

Cümə axşamı, 15:02

İTALİYALININ FİASKOSU

Futbol üzrə milli komanda Avropa çempionatı ərəfəsində yeni antirekord nümayiş etdirir

Müəllif:

15.04.2023

Futbol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə olduqca uğursuz başlayıb. Canni de Byazinin rəhbərlik etdiyi kollektiv AÇ-2024-ün seçmə mərhələsinin F qrupunda əvvəlcə Avstriyaya (1:4), daha sonra İsveçə (0:5) məğlub olub. Acınacaqlı məğlubiyyət milli komandanın daha da gerilədiyini nümayiş etdirib.

 

Avstriya: yanlış taktika

Avstriyalılarla görüşdən qabaq mütəxəssislər düşünürdülər ki, millimiz bu tsikldə 5-li müdafiə ilə oynayacaq, çünki Avstriya və İsveç olduqca sürətli komandalardır. Onların heyətində bir anda oyunun nəticəsinə təsir edə biləcək futbolçular var. Bu səbəbdən də, 5-li müdafiə sistemi Azərbaycan yığması üçün ən doğru variant idi. Lakin Canni de Byazi fərqli qərar verib. Görünür, son 5 oyunda 4-3-3 sxemi ilə əldə olunan qələbələrə görə baş məşqçi eyforiyaya düşüb. İtaliyalı həm Avstriya, həm də İsveç ilə görüşdə bu düzülüşdən istifadə edib.

Avstriya ilə görüşün start heyəti idealdan çox uzaq idi. Başlayaq elə qapıçı seçimindən. Futbol ictimaiyyəti düşünürdü ki, Avstriya ilə qarşılaşmada qapını daha təcrübəli Səlahət Ağayev və Emil Balayev qoruyacaq, çünki Yusif İmanov yalnız premyer-liqa matçlarında meydana çıxıb. Görüşün ilk dəqiqələrindən gənc futbolçu çaşqın görünürdü. Müdafiəçilərin də səhvlərə yol verməsi onun işini daha da çətinləşdirib. Lakin insaf naminə demək lazımdır ki, Yusif bir neçə dəfə top saxlayıb.

Əlbəttə ki, məğlubiyyəti ancaq qapıçının zəif çıxışı ilə əlaqələndirmək olmaz. Milli bütövlükdə tarixinin ən bərbad oyunlarından birini keçirib.

Avstriya ilə qarşılaşma üçün daha bir səhv seçim Bəxtiyar Həsənalızadə ilə bağlı idi. Müdafiəçi zədə səbəbindən bir aydan çox idi ki, “Sabah”ın heyətində çıxış etmirdi. Onun qolundakı gips millinin düşərgəsində çıxarılmışdı. Belə olan halda həm fiziki, həm də psixoloji cəhətdən hazır olmayan oyunçunu ilk “11-lik”də meydana buraxmaq doğru qərar deyildi. Lakin De Byazi bunu edib və bu qərarının cəzasını ağır ödəyib. “Sabah”ın üzvünün kobud səhvləri oyunun taleyinə ciddi təsir göstərib.

 

Uğursuz “İsveç hesablaması”

İsveçlə görüşdə De Byazinin səhvlərindən nəticə çıxardığını görmək olardı. İtaliyalı heyətdə dörd dəyişiklik etmişdi. Yusif İmanovu Emil Balayevlə, Bəxtiyar Həsənalızadəni Anton Krivotsyukla, Eddi İsrafilovu Aleksey İsayevlə, Ozan Can Kökçünü isə Tural Bayramovla əvəzləmişdi. Bəs bu dəyişikliklərin nəticəsi olub?

Başlayaq elə qapıçı seçimindən. Birinci görüşdə Yusifə güvənilmişdisə, bu seçim üzərində dayanılmalı idi, çünki gənc qolkiperin üzərindən stress atılmışdı. O, Avstriya ilə oyundakı kimi həyəcanlı olmayacaq və bu görüşdə daha inamlı çıxış edəcəkdi. Lakin De Byazi, yəqin ki, məğlubiyyətdə həm də İmanovu günahkar hesab edərək onu Balayevlə əvəzləyib və yenə yanılıb. Çünki isveçlilərin vurduğu ilk qolda “Səbail”in qolkiperi kobud səhvə yol verdi.

Antonun Bəxtiyarı əvəzləməsi düzgün qərar idi. Çünki “Sabah”ın üzvünün ilk oyunda nələr etdiyini hamı gördü. Lakin Krivotsyuk da o qədər də inamlı çıxış etməyib. Onun zaman-zaman etdiyi səhvlər yığma üçün problem yaradırdı.

Eddinin əvəzinə Alekseyin oynamasını başa düşmək olardı. Çünki “Neftçi”nin üzvü ilk oyunda zədələnmişdi. Amma dayaq yarımmüdafiəçinin əvəzinə yaradıcı futbolçu ilə meydana çıxmaq doğru deyildi. Məntiqlə Eddini Elvin Camalov əvəzləməli idi. De Byazi isə İsveçdən xal almaq potensialının olduğunu nəzərə alaraq meydana hücuma meyilli kollektiv buraxmışdı.

Taktiki sxemin, ilk “11-liy”in səhv olmasını anlamaq mümkündür. Lakin futbolçuların mövqelərə görə düzgün oynadılmamasını başa düşmək çətindir. 3 il ərzində gördük ki, De Byazi eksperimentlər aparmağı sevir. Amma bir məsələ var. Rotasiyaları yoxlama görüşlərində edirlər ki, futbolçular yeni mövqelərinə alışsınlar.

Demək olar ki, hər iki oyunda bütün futbolçular potensialından aşağı səviyyədə çıxış ediblər. Klublarında daha istəkli görünənlər millidə sönük və aciz idilər. Təbii ki, bunun səbəbi var. Baş məşqçinin səhvləri futbolçuların daha yaxşı mübarizə aparmasına mane olub.

İki oyunda 9 qol buraxmaq ölkə futbolu üçün əsl faciədir. Canni de Byazinin komandası bu oyunlarda fiaskoya uğrayıb. İndiki halda qrupdan çıxmaq şansımız, demək olar ki, möcüzəyə bərabərdir. Amma heç olmasa, meydana mübariz komanda çıxarmaq olar. Baş məşqçi bunu bacarmırsa, o zaman o, nə üçün lazımdır? Bəlkə, iki görüşdə bu qədər səhvə yol verən peşəkar özü istefa verməlidir?

 

İstefa çıxış yoludur?

Belə olan halda sual yaranır: məşqçi dəyişikliyi nə ilə nəticələnəcək? Heç bir məşqçi Azərbaycan millisini xilas edə bilməyəcək. İtalyan məşqçinin gedişi AFFA-ya təkcə maddi baxımdan qənaət etməyə imkan verəcək. Yığmada yüksək peşəkarlığa malik futbolçular yoxdursa, o zaman bahalı əcnəbi məşqçinin olmasının nə mənası var?

AFFA-nın baş katibi Sərxan Hacıyev “Region plus” jurnalına açıqlamasında Azərbaycan millisinin zəif çıxış etdiyini etiraf edib. O, Canni De Byazinin baş məşqçi kimi taleyinə yaxın günlərdə aydınlıq gələcəyini bildirib: “Azərbaycan millisi hər iki oyunda zəif təsir bağışlayıb. Hərçənd oyuna yaxşı başlamışdıq. Rəqib hesabı açdıqdan sonra oyun nizamı pozulub.

Milli özünə gələ bilməyib. AFFA olaraq çox məyus olduq. Məşqçilər, futbolçular da bu nəticəyə üzülüb. Hazırda baş məşqçi Canni De Byazinin milli ilə bağlı hesabatını gözləyirik. İndiki məqamda onun istefası gündəmdə deyil. Müqavilənin sonuna qədər işləyəcəyini düşünürəm. Yaxın günlərdə əsas səlahiyyətli orqan İcraiyyə Komitəsinin iclası olacaq. İclasda De Byazinin hesabatı dinləniləcək və onun işi müzakirə ediləcək”.

Azərbaycan yığmasının iki oyunda 9 qol buraxması yaxın gələcəkdə də komandadan yaxşı nəsə gözləməyə imkan vermir. Təəssüf ki, bu illər boşa verilib. Uşaq futbol məktəblərinin işi lazımi səviyyədə təşkil olunmayıb, milli komanda üçün yaxşı kadrlar yoxdur. Odur ki, millinin meydana yalnız uduzmaq üçün çıxması təbiidir. Yoldaşlıq matçlarında nəticə gəlincə, bu oyunların nəticələri ciddi önəm daşımır. Millinin rəsmi matçlardakı oyununu məhdud fiziki imkanları olan insanların top arxasınca qaçması ilə müqayisə etmək olar.



MƏSLƏHƏT GÖR:

63