7 May 2024

Çərşənbə axşamı, 21:53

“MƏN – OTUZ YEDDİNCİYƏM”

Gənc Tamaşaçılar Teatrında rejissor Mehriban Ələkbərzadənin “Kod adı: vətən xainlərinin arvadları” tamaşasının premyerası olub

Müəllif:

15.04.2023

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaçının ciddi marağına səbəb olan premyera nümayiş etdirilib. Bu, 17+ yaş kateqoriyasından olan tamaşaçılarla dialoq üçün nəzərdə tutulmuş çox ciddi işdir. Üstəlik, bu, teatrın baş rejissoru Mehriban Ələkbərzadənin ilk böyük səhnə işidir.

Tamaşanın proqramına nəzər yetirən zaman dərhal onun ab-havasına daxil olursan: SSRİ, Azərbaycan SSR NKVD. İş № 1937. Mehriban Ələkbərzadə, “Kod adı: V.X.A” (“Kod adı: vətən xainlərinin arvadları”). Sənədli dram.

Onu oxuyan zaman başa düşürsən ki, tamaşanın müəllifi və quruluşçu rejissoru özünü taleləri “İş № 1937” qrifi ilə birləşən əsərin qəhrəmanlarından ayırmır. 85 il keçməsinə baxmayaraq, onların ağrıları, qanları və faciələri bu gün də quruluşçu rejissoru düşündürərək ona rahatlıq vermir. Buna görə də o, Bayıl həbsxanasının bakılı dustaqlarının arxiv sənədlərini öyrənmək üçün böyük vaxt sərf edib, həmvətənlərinin repressiv təqiblərinə dair əldə edilmiş sənədli sübutları səhnə dramaturgiyasına çevirib. Görünür, belə fədakarlıq açıqürəkli, Vətənə səmimi sevgisi olan insanlara xas olan xüsusiyyətdir.  

 

Tarixi keçmişə baxış

20-ci əsrin 30-cu illərinin ikinci yarısında SSRİ-də fərqli düşünən insanların təqibinə başlanıldı. Dövlət məmurları həmin şəxsləri “xalq düşməni” kateqoriyasına daxil etmişdi. İlk növbədə, sovet elitasının nümayəndələri “düşmənlər” kateqoriyasına aid olunurdu. Bu elita sovet hakimiyyətinin ilk iki onilliyində formalaşmışdı. Onun əhəmiyyətli hissəsini İosif Stalin hakimiyyətə və özünə qarşı qəsd mənbəyi hesab edirdi. Buna görə də QULAQ tipli düşərgələr yaradılmışdı. Buraya Mordoviyada (məşhur Potma), Tomsk və Akmolinskdə (Qazaxıstan) qadınlar – “xalq düşmənləri”nin həyat yoldaşları, bacıları, qızları üçün xüsusi düşərgələr daxil idi. Sonuncunun yaradılması tarixi 1937-ci il dekabrın 3-ü hesab olunur. Məhz o zaman SSRİ NKVD 26 saylı əmək qəsəbəsi əsasında Karlaq xüsusi idarəsinin yaradılması haqqında 00758 saylı əmr vermişdi. “АЛЖИР” abbreviaturasına (А.Л.Ж.И.Р. yazısına da rast gəlinir) rəsmi sənədlərdə heç vaxt rast gəlinməyib. Yalnız məhbusların özləri düşərgəni belə adlandırırmışlar.

Onlar Azərbaycan daxil olmaqla, SSRİ-nin bütün respublikalarından olan gənc, gözəl qadınlar idi. Əksəriyyətinin böyük, hətta körpə uşaqları var idi. Bu qadınlar dəhşətli, qeyri-insani şəraitdə ərlərindən, qardaşlarından, valideynlərindən imtina etməyə məcbur olunurdular. Odur ki, məhz burada çoxmillətli talelər vahid taledə birləşirdi. Həmin qadınlar seçim qarşısında idilər: xəyanət edərək sağ qalmaq, yaxud həyat yoldaşına, özünə, prinsipinə sadiq qalaraq cəhənnəm əzabından keçmək və bəlkə də, ölmək. “Kod adı: vətən xainlərinin arvadları” adlı səhnə dramaturgiyasının rejissoru və müəllifi Mehriban Ələkbərzadə aktyorlar və quruluşçu kollektivlə birlikdə məhz bu mənəvi-psixoloji problemi araşdırır. Dörd saatlıq səhnə hərəkəti zamanı o və onun real, uydurulmamış 36 qəhrəmanı bütün talelərin vəhdət təşkil etdiyi vəziyyətdə mənəvi, əxlaqi baxımdan şücaətə yer olduğunu və bu mənada hər bir şəxsin seçiminin olduğunu təsdiqləyir.

“Tanınan və ya tanınmayanlar – onların hər biri başa düşülməyə layiqdirlər!”, - müəllifi olduğu bu ideyanın 2010-cu ildən bəri reallaşması üçün çalışan Mehriban Ələkbərzadə deyib. Müəllif bu pyes və tamaşa ilə adlarından, nəsillərindən, seçim hüquqlarından məhrum edilməyə cəhd olunanlar, ərlərinin ardınca Bayıl həbsxanasına, daha sonra “xalq düşmənləri”nin həyat yoldaşları üçün nəzərdə tutulan Akmolinskdəki xüsusi düşərgəyə göndərilənlər haqqında bəhs edib. Onun hər bir qəhrəmanının seriya nömrəsi ilə kodlanmış adı isə konkret insan həyatı, qadın taleyidir. Məsələn, “İş 1937”də şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadə - 30024; yazıçı Seyid Hüseyn Sadıqzadənin həyat yoldaşı və Məmməd Əmin Rəsulzadənin əmisi qızı (Azərbaycan Milli Şurasının ilk sədri) Ümmügülsüm Sadıqzadə - 30037; şair Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadə - 10506; Azərbaycanın ilk pianoçusu, müsavatçılarla əlaqədə olmaqda ittiham olunan və 1938-ci ilin oktyabrında Bakıda güllələnən Xədicə Qayıbova - 30212; partiya işçisi Yelizaveta Qorbunova - 82185 və s. Bəs müxtəlif xalqlara mənsub olan, fərqli yaşları olan və müxtəlif peşələrə sahib olan bu qadınlarla nələr nə baş verirdi?

Quruluşçu rejissor onları Bayıl həbsxanasında eyni kameraya yerləşdirib. Bununla, o, qəhrəmanların hər birinin şəxsiyyətinin, xarakter xüsusiyyətlərinin üzə çıxması üçün provokativ şərait yaradıb! Ortaq tariximizin insanların yaddaşından silinməyən o səhifələrini səhnə vaxtı çərçivəsində nəsillərə başqa hansı yolla göstərə bilərik? Əks təqdirdə, hamımız manqurt olacağıq, yəni öz kökünü, Vətənini xatırlamayan manqurtlara çevriləcəyik. Bir sözlə, quruluşçu rejissor bütün qadınları bir kameranın qapalı məkanına yerləşdirməklə bu məsələ ilə bağlı çox dəqiq yol tapıb. Bu üsul tamaşaçıya hər bir qəhrəmanın xarakterinin strukturunu görməyə və anlamağa yardım göstərir. Bəs fərqli inancları və vərdişləri olan 37 məhbus üçün bir kamerada yerləşdirilmək nə deməkdir? Bu, davamlı olaraq kiçik münaqişələrin yaranması ilə nəticələnir! Həyatları bir kameranın divarları ilə məhdudlaşan, yaşları fərqli olan və müxtəlif təbəqələrə aid olan qəhrəmanların şəxsi münasibətləri zəminində yaranan bu münaqişələr vasitəsilə rejissor aktrisalara inandırıcı, həqiqi obrazlar yaratmaq imkanı verir. Bu, əngəl yaratmır, əksinə, əsas münaqişənin ön plana çıxmasına daha ciddi töhfə verir. Əsas münaqişənin mahiyyəti isə qəhrəmanların dövlət ittihamı sisteminə qarşı çıxmasındadır. Yaxınlaşan təhlükə qarşısında hər kəs bərabərdir: həm Şükriyyə Axundzadə, Sitarə Qarayeva kimi keçmiş zadəgan qadınlar, həm də Ayna Sultanova və Yelizaveta Qorbunova kimi qatı kommunistlər. Hər dəfə onlardan biri həbsxana əməkdaşları tərəfindən dindirilmək üçün aparılan zaman emosional və psixoloji gərginlik anları meydana gəlir. Bu zaman qadınlar ideoloji və siyasi fərqliliklərini unudurlar. Bundan başqa, ümumi faciənin və təhlükənin dərk edilməsi bu məhbusları birləşdirir: psixoloji və fiziki təzyiq vəziyyətinə düşən zaman onların hər biri öz seçimini edir. Bununla, onlar şəxsi xüsusiyyətlərini göstərir, tamaşaçılarda hörmət, şəfqət hissləri yaradır və izləyicilər məhbusları anlayışla qarşılayırlar...

 

Konseptual dialoq

Son onillikdə bir çox teatrlarımızda əyləncəli tamaşalar üstünlük təşkil edib. Bu, özlüyündə pis bir şey deyil. Bir şərtlə ki, hər şey yüksək konseptual (oxu - ideya!) səviyyədə olsun və bilet alan tamaşaçılar nələrlə və necə əyləndirməyə çalışdıqlarını başa düşsünlər. Ən əsası - niyə? Əgər teatr (oxu - rejissor!) ilə tamaşaçı vəhdət təşkil etmirsə və onlar Zamanın indiki strukturunda konseptual dialoq qura ola bilmirlərsə, təbii olaraq belə bir sual yaranır: bizə tamaşaçıya heç nədən bəhs etməyə Teatr lazımdırmı? Teatr gənc tamaşaçıya çox şeydən bəhs edə bilər. Baş rejissor isə təkcə xidmət etdiyi peşəsi qarşısında deyil, həm də ən əsası, Teatra gələn gənc tamaşaçılar qarşısında məsuliyyət daşıyır.

Mehriban Ələkbərzadənin fikrincə, dram və ya faciə janrında ciddi və dərin mövzular da Gənc Tamaşaçılar Teatrının tamaşaçıları üçün maraqlıdır və belə mövzular onları teatrdan qaçıra bilməz. Teatrla tamaşaçı arasında dialoq yalnız etimad üzərində qurula bilər. Bu zaman bir məsələ nəzər alınmalıdır: səhnədən düzgün və dəqiq şəkildə təqdim olunan fikir hər zaman başa düşüləcək. Bu mənada o yanılmayıb, çünki antrakt müddəti nəzərə alınmadan düz dörd saat davam edən “Kod adı: vətən xainlərinin arvadları” tamaşasında 17 yaşdan yuxarı gənclər də iştirak ediblər. Diqqət edin, gələcək nəslin nümayəndələrinin “klip şüurlu” olması barədə tez-tez danışılır. Tamaşa bitdikdən sonra səhnədə baş verən proseslə əlaqələrinin olması hissini uzatmağa çalışan dörd gənc zalı tərk etməyə tələsmirdilər. Onlar susur və tamaşanın davamının olacağına ümid edirmiş kimi bağlı pərdəyə baxırdılar. Birdən onlardan biri sükutu pozaraq Əhməd Cavadın həyat yoldaşı Şükriyyənin həbsxanada xatırladığı poetik ismarışdan sitat gətirdi. Digəri isə bunun tamaşanın ən güclü anı olduğunu dedi. Söhbətə marağımı gizlətmədən onlara tərəf döndüm. Bunu görən onlardan biri söylədi: “Bunun necə baş verdiyini bilməliyik ki, bir daha heç kim gələcəyimizi oğurlaya bilməsin. Keçmişin öyrənilməsi gələcəyin xilası, təminatçısıdır”. Bu balaca kişiyə baxaraq ifadəli şəkildə əl çaldım. Cavabında təzim edən oğlan gülümsəyərək dedi: “Bu, mənim fikirlərim deyil, xanım. Bu sözlər sovet şairi Yevgeni Yevtuşenkoya məxsusdur. Amma onunla tamamilə razıyam”. Mən də sovet şairinin və bu oğlanın (onun valideynlərinə eşq olsun!) fikrini davam etdirmək istədim. Düşündüm ki, rejissorun əsas məqsədi adlandırdığımız məsələni Yevtuşenko onilliklər qabaq müəyyən edib. Hazırkı məqamda söhbət tamaşanın müəllifindən gedir. Rejissorun məqsədini müəyyən edən daha yaxşı ədəbi ekvivalent tapa bilmərəm. Tamaşa-ismarışı, tamaşa-ağrını, tamaşa-yaddaşı səhnə qüsuru axtarmadan səmimi qəlbdən qəbul edən tamaşaçılar və öz adımdan kinorejissor, ssenarist, dramaturq və teatr rejissoru Mehriban Ələkbərzadəyə maraqlı və uğurlu teatr işi arzulayıram. Ona həm də çətin tarixi dövrlərin bütün faciəli eniş-yoxuşlarına baxmayaraq, müqavimət göstərməyi və sağ qalmağı bacaran bir çox qadın nəsillərinin genetik yaddaşını göstərdiyinə görə təşəkkür edirəm. Həmin qadınlar onun yuxusuna girirdi. Söhbət haqsız yerə öldürülən, işgəncələrə məruz qalan, zorlanan, alçaldılan və təhqir edilən qadınlardan gedir. Bu gün bir qadın rejissorun sayəsində teatr səhnəsində onların haqq səsi eşidilib. Onların sayı 48 olmalı idi. Təəssüf ki, tamaşanın müəllifi ədalətə çağıran səslərin sayını 36-ya endirmək məcburiyyətində qalıb. O, 37-cinin özünün səsi olduğunu belə düşünməyib: ideyanın, pyesin, tamaşanın müəllifinin səsi. İndi o, qəhrəmanları ilə birlikdə həm səhnədə, həm də zalda gözəgörünməz şəkildə iştirak edir, çünki səhnələşdirilmiş ideya və nəsillərin oyanmış emosional yaddaşı səviyyəsində konseptual dialoq baş tutub!

 

Hədsiz yaddaş

O, hər birimizdə var: nəsillərin tarixi, genetik, emosional yaddaşı. O, anadan qıza, atadan oğula keçir. Bu yaddaş mistik yuxularla, ürəkağrıları vasitəsilə özünü göstərir. Onlar bizim başımıza gəlməyən hadisələri, hər şeyi xatırlayır! Bu fikrin təsdiqini təkcə Mehriban Ələkbərzadənin öz tamaşası vasitəsilə bizə söylədiyi hekayədə deyil, həm də rəssam Nigar Əliyevanın yaradıcılığında tapdım. Söhbət tamaşanın təsiri altında yaranan işdən gedir. Bu rəsm əsəri Motsartın rekviyeminə uyğundur. Belə ki, rəsm əsərinin müəllifi tamaşanın rejissorunun fikrini dərin və dəqiq şəkildə çatdırır: insanı fiziki bədənindən məhrum etmək olar. Amma onun ruhu varsa, insanı ruhundan məhrum etmək heç vaxt mümkün deyil! Ruh yaddaş, sevgi, həyata ümid və inam kimi əbədidir. Kətana baxanda tamaşanı xatırladım və anladım ki, yaddaşımız qaldıqca bizim zamanla əlaqəmiz qırılmayacaq. Əgər bu günün keçmişi varsa, onun gələcəyi də olacaq! Nə qədər ki Mehriban Ələkbərzadə, Nigar Əliyeva kimi sənətkarlar var. Onların yaddaş kodu həm də bizim, övladlarımızın, nəvələrimizin yaddaş kodudur.



MƏSLƏHƏT GÖR:

67