7 May 2024

Çərşənbə axşamı, 01:03

“İTİRİLMİŞ” İQTİSADİYYAT

Beynəlxalq maliyyə institutları qlobal resessiya proqnozlaşdırır və ölkələri təcili şəkildə qabaqlayıcı tədbirlər görməyə çağırır

Müəllif:

15.04.2023

Dünya müflis ola bilərmi? Bunu təsəvvür etmək belə, mümkün deyil. Bəli, bu perspektiv nəzəri baxımdan da fantastik görünür, daha doğrusu, apokalipsis filminin süjetinə bənzəyir. Lakin son həftələrdə xarici mediada dünya iqtisadiyyatının az qala əsrin böhranını yaşadığı barədə getdikcə daha çox fikirlər dərc olunur və bunun təsdiqi kimi beynəlxalq maliyyə institutlarının araşdırmalarına istinad edilir. Məsələn, nüfuzlu Qlobal İnkişaf Mərkəzi (CGD) ölkələri qlobal resessiyanın qarşısını almaq, makroiqtisadi göstəriciləri gücləndirmək, ortamüddətli artım perspektivlərini yaxşılaşdırmaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün köklü və genişmiqyaslı siyasi tədbirlər həyata keçirməyə çağırır.

 

Resessiya ilə bağlı xəbərdarlıq

Aydındır ki, qlobal iqtisadiyyat sabitliyin pozulması ilə nəticələnən bir sıra şoklarla üzləşib. Buna görə də 2023-cü ildə qlobal artımla bağlı konsensus proqnozları son 6 ayda əhəmiyyətli dərəcədə aşağı salınıb. Doğrudur, bu proqnozlarda böhrana işarə olunmasa da, iqtisadi artımın kəskin yavaşlaması üzündən çoxsaylı mənfi risklərdən birinin reallaşacağı təqdirdə qlobal resessiya ehtimalı artacaq. Demək olar ki, bütün aparıcı beynəlxalq maliyyə institutları məhz belə düşünür.

Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondunun (IMF) idarəedici direktoru Kristalina Georgiyeva hesab edir ki, yaxın 5 ildə qlobal iqtisadiyyat ildə orta hesabla təxminən 3% artacaq və bu da 1990-cı ildən bəri ən pis ortamüddətli proqnozdur. O, artımı məhdudlaşdıran amillər kimi iqtisadi fraqmentasiya və geosiyasi gərginliyini göstərib.

Bundan başqa, IMF də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) və digər beynəlxalq qurumlara qoşularaq mərkəzi bankları gələcək rüblərdə uçot dərəcəsini artırmağa çağırır. K.Georgiyevanın sözlərinə görə, ortamüddətli iqtisadi göstəricilərin yaxşılaşdırılması üçün inflyasiya ilə mübarizə son dərəcə vacibdir.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu bu il ümumi inflyasiyanın 7,0% olacağını düşünür. Fond 2024-cü ildə isə inflyasiyanın qlobal miqyasda 4,9%-ə enəcəyini proqnozlaşdırır.

“Əksər hallarda inflyasiyanın hədəf səviyyəyə qayıtması 2025-ci ilə qədər mümkün deyil”, - IMF-nin bəyanatında deyilir. Əksər ölkələr isə bu göstəricinin 2% civarında olacağını gözləyir.

Dünya Bankı isə öz növbəsində xəbərdarlıq edib ki, koronavirus pandemiyası və Rusiya ilə Ukrayna arasında müharibə qlobal iqtisadiyyatın uzunmüddətli artım potensialının azalması ilə nəticələnib. Bu, “itirilmiş onilliyə” səbəb ola bilər. Belə vəziyyət isə yoxsulluğun artması və iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq üçün resursların azalması deməkdir.

Bundan əlavə, Dünya Bankının ekspertlərinin fikrincə, 2023-2030-cu illərdə orta hesabla potensial qlobal məhsul istehsalı son 30 ilin ən aşağı səviyyəsinə, yəni 2,2%-ə düşəcək. Bu mənada 2000-ci ildən 2010-cu ilə qədər orta illik artımın 6% olduğu inkişaf etməkdə olan ölkələrdə daha ciddi düşmə  olacaq. Belə ki, onlar üçün bununla bağlı göstərici bu onillikdə 4%-ə düşə bilər.

Beynəlxalq ekspertlər xəbərdarlıq edirlər ki, inkişafın “qızıl dövrü” başa çatır və siyasətçilər qlobal problemlərlə məşğul olmaq məsələsində daha yaradıcı olmalıdırlar, çünki Çin kimi ölkələr də artıq sürətli iqtisadi artıma malik deyil.

“Növbəti onillikdə iqtisadi artımı əvvəlki illərin orta səviyyəsinə qaytarmaq üçün titanik kollektiv siyasi səy tələb olunacaq”, - Dünya Bankının hesabatında deyilir.

Belə bir bədbin əhvali-ruhiyyənin əsas səbəbi mərkəzi bankların uçot dərəcələrini artırmaq yolu ilə inflyasiyanı cilovlamaq cəhdlərinin bank sektorunda təlatüm yaratmasıdır. Bu, ABŞ-da “Silicon Valley Bank” və “Signature Bank”ın iflasına və İsveçrənin “Credit Suisse” bankının UBS tərəfindən satın alınmasına səbəb olub.

“Buna necə baxmağınızdan asılı olmayaraq, əgər hazırkı vəziyyət pisləşərsə və resessiyaya, xüsusən də qlobal səviyyədə resessiyaya çevrilərsə, bu, uzunmüddətli artım perspektivləri üçün mənfi nəticələrə səbəb ola bilər”, - Dünya Bankı Perspektiv Qrupunun direktoru Ayhan Köse bildirib.

 

Hamı borcludur

Bu proqnozlar doğru çıxarsa və təcili tədbirlər görülməzsə, dünya “maliyyə armageddonu”nun astanasında olacaq. 2008-ci ildə baş vermiş əvvəlki qlobal bank böhranından fərqli olaraq, bu dəfə qlobal baxımdan dövlət borcunun artması daha ciddi məsələdir.

Qeyd edək ki, IMF-nin proqnozlarına görə, 2028-ci ildə ümumi qlobal dövlət borcu qlobal ÜDM-bin demək olar ki, 100%-nə (!) çatacaq. Ötən il qlobal dövlət borcu ÜDM-nin 92,1%-i səviyyəsində qiymətləndirilib. Bu da qlobal dövlət borcunun 2021-ci illə müqayisədə 3,4 faiz bəndi azaldığını göstərir.

Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, bu il qlobal dövlət borcu ÜDM-nin 93,3%-nə yüksələcək. Eyni zamanda 2023-cü ildən 2028-ci ilə qədər ABŞ və Çin istisna olmaqla, digər ölkələrin dövlət öhdəliklərinin səviyyəsi azalacaq.

Böyük Britaniyanın “Debt Justice” xeyriyyə təşkilatının açıqladığı son məlumatlara görə, ən kasıb ölkələr 2023-cü ildə büdcə gəlirlərinin orta hesabla azı 16,3%-ni, 2024-cü ildə isə 16,7%-ni xarici kreditorlara ödəməlidir. Bu, 1998-ci ildən bəri ən yüksək göstəricidir.

Üstəlik, Britaniyanın xeyriyyə təşkilatı qeyd edib ki, sonuncu dəfə ödənişlər böyük olanda ən çox borcu olan ölkələrin borclarının 60-80%-i silinmişdi. 2022-2024-cü illərdə ödəmə müddətinə qədər dövlət borcunun maksimum orta səviyyəsi Şri-Lanka (78,3%), Laos (57,3%), Dominikan (54,6%), Pakistan (43%) və Zambiyada (38,9%) qeydə alınıb.

Bəs bu ölkələr kimə borcludur? Dünya Bankının məlumatına əsasən, 91 ölkənin 2023-2024-cü illərdə dövlət borclarının 30%-i beynəlxalq təşkilatların, 12%-i Çinin dövlət və özəl sektoruna aid kreditorların, 46%-i Çindən olmayan digər özəl kreditorların və 12%-i digər dövlətlərin payına düşür. Maraqlı vəziyyət yaranıb: ən kasıb ölkələrin dövlət borcları daha çox artan dövlətlərə, yəni Çin və ABŞ-a daha çox borcu var...

Bu arada, IMF-nin ekspertləri aprelin 10-da “Dövlət borcunun sürətli artımının öhdəsindən necə gəlmək olar?” adlı xüsusi araşdırma dərc edib. Bu araşdırmada ölkələrə iqtisadi artımın stimullaşdırılmasına yönəlmiş struktur islahatları da daxil olmaqla, yerinə yetirilən tədbirlərlə yanaşı, fiskal konsolidasiya həyata keçirmək tövsiyə olunub.

 

Təlaşa əsas yoxdur!

Beynəlxalq maliyyə institularından fərqli olaraq, borcu olan ölkələr və böhrana səbəb olan dövlətlər bu vəziyyətdə çox sakit görünürlər. Xüsusilə, Nyu-Yorkun Federal Ehtiyat Bankının prezidenti Con Uilyams ABŞ-ın orta səviyyəli üç bankının çökməsinin və bunun ardınca baş verən maliyyə gərginliyinin ABŞ iqtisadiyyatı üçün böyük problem yaratmayacağını bəyan edib. Onun sözlərinə görə, bu ilin birinci rübündə ABŞ-da ÜDM illik ifadədə 2%-dən çox artıb. O qeyd edib ki, Federal Ehtiyat Sistemi (FED) ABŞ-da inflyasiyanı 2%-lik hədəf səviyyəyə qaytarmaq üçün hələ çox iş görməlidir.

Xatırladaq ki, ABŞ-ın 3 bankının müflis olmasından bir neçə gün sonra baş tutan mart iclasının nəticələrinə əsasən, FED uçot dərəcəsini illik 4,75-5%-ə qaldırıb. ABŞ Əmək Nazirliyinin hesabatından məlum olub ki, ölkədə istehlak qiymətləri (CPI indeksi) fevralda 6% artdıqdan sonra mart ayında illik ifadədə 5% yüksəlib. Beləliklə, bu ölkədə 2021-ci ilin mayından etibarən inflyasiya ən aşağı səviyyəyə enib.

Amerikalı ekspertlərin fikrincə, ABŞ iqtisadiyyatı təəccüblü dərəcədə dayanıqlı olduğunu göstərib və buna görə də qlobal resessiya riskinin qarşısını almaq mümkündür.

“Dünyanın aparıcı iqtisadiyyatları gözlənildiyindən daha sürətlə genişlənir və bu il kəskin yavaşlamanın qarşısı alına bilər”, - “Brookings-FT”nin “Qlobal iqtisadiyyatın bərpa indeksi” adlı araşdırmasında deyilir.

“Brookings” institutunun ekspertlərinin fikrincə, Çin, ABŞ, Avropa İttifaqı (Aİ), Hindistan və Böyük Britaniyanın iqtisadiyyatı 2022-ci ilin sonunda gözləniləndən daha sürətlə inkişaf edib və bu da biznes və istehlakçıların inamını artırır.

“Çin ÜDM-i bu il yüksək templə artmağa hazırdır. Koronavirusla bağlı məhdudiyyətlərin yumşaldılması ilə Çinin böyüməsi 5% hədəfinə çata bilər. Hindistanda da sürətli artım gözlənilir”, - iqtisadçı Esvar Prasad vurğulayıb.

“Brookings” institutunun hesabatında qeyd olunub ki, tələbin azalması, tədarüklə bağlı problemlərin həlli və enerji resurslarının ötənilki bahalaşması kimi müvəqqəti amillərin təsirinin azalması şəraitində iri iqtisadiyyatlarda inflyasiyanın daha da sürətlənməsi ehtimalı aşağıdır.

 

Dayanıqlı Azərbaycan

Təbii ki, qlobal iqtisadiyyatdakı vəziyyət onun formalaşmasında iştirak edən hər bir ölkəyə təsir göstərir. Lakin dünyada mənfi gözləntilər fonunda Azərbaycanla bağlı proqnozlar çox nikbindir. Belə ki, IMF-nin “World Economic Outlook-April” hesabatında qeyd edilib ki, Azərbaycanın 2023-cü il üçün ÜDM artımı 3% səviyyəsində (oktyabr ayı proqnozundan 0,5% çox) olacaq. Bu göstəricinin 2024-cü ildə 2,6% və 2028-ci ildə isə 2,6% olacağı proqnozlaşdırılır.

Fondun proqnozlarına əsasən, Azərbaycanda orta illik inflyasiya 2023-cü ildə 11,3%-ə (2022-ci ildə - 13,8%), 2024-cü ildə 8%-ə, 2028-ci ildə isə 4%-ə qədər azalacaq.

Dünya Bankı, ümumiyyətlə, hesablamalarında daha təmkinli davransa da, onun yeni hesabatında qeyd edilib ki, ortamüddətli perspektivdə Azərbaycanda iqtisadi artımın daha yüksək investisiyalarla dəstəklənəcəyi ehtimalı var. Buraya həmçinin enerji sahəsində Avropa İttifaqının vasitəçiliyi ilə həyata keçirilən bir sıra razılaşmalar, o cümlədən “Azərbaycanın 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi üçün dövlət xərclərinin artırılması daxildir. Bankın hesablamalarına görə, 2023-2025-ci illərdə Azərbaycanın aqrar-sənaye kompleksinin orta illik artımı 3%-i, sənaye istehsalı təxminən 1%-i, xidmət sektoru isə 4,6%-i ötəcək. Dünya Bankının proqnozlarına əsasən, Azərbaycanda orta illik inflyasiya azalaraq 2023-cü ildə 8,5%, 2024-cü ildə 6,2% və 2025-ci ildə 5,4% təşkil edəcək.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi isə 2023-2024-cü illərdə Azərbaycanın ÜDM artımını illik orta hesabla 2,1% proqnozlaşdırır. “Fitch”in ekspertləri hesab edirlər ki, Azərbaycanda orta illik inflyasiya 2023-cü ildə 10,3%-ə, 2024-cü ildə isə 7,3%-ə qədər azalacaq.

Eyni zamanda Dünya Bankının hesabatında qeyd olunub ki, Azərbaycanın dövlət borcu 2023-cü ildə 10,9%-ə enəcək. Ölkənin dövlət borcu 2022-ci ildə ÜDM-in 11,7%-ni təşkil edirdi. 2025-ci il üçün bu rəqəm 11% səviyyəsində proqnozlaşdırılır.

Bir sözlə, hər iki mühüm göstərici iqtisadiyyatın sabitliyindən xəbər verir. Əsas məsələ odur ki, qlobal “fırtına” dağıdıcı olmasın və yaxşı olardı ki, ölkəmizdən yan keçsin.



MƏSLƏHƏT GÖR:

61