3 May 2024

Cümə, 07:29

İKİ DƏFƏ FƏXRİ KÜRSÜDƏ

Azərbaycan millisi dünya çempionatında iki bürünc medal qazanıb

Müəllif:

01.05.2023

Bakı Milli Gimnastika Arenası yenidən dünyaca məşhur bədii gimnastların mübarizə məkanına çevrilib. Azərbaycanın paytaxtında keçirilən bədii gimnastika üzrə Dünya kubokunda 40 ölkədən 135 idmançı xalça üzərinə çıxıb.

Azərbaycanı fərdi çoxnövçülük proqramında Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi Zöhrə Ağamirova və komanda hesabında Avropa çempionatının bürünc mükafatçısı, V İslam Həmrəyliyi Oyunlarının qalibi Alina Gözəlova təmsil edib.

 

Gərgin mübarizə şəraitində

Zöhrə Ağamirova halqa və topla hərəkətlərin cəminə görə təsnifat mərhələsini 61.750 xalla 9-cu pillədə başa vurub. İdmançımız topla hərəkətlərin icrasında təsnifat mərhələsini 32.000 xalla 4-cü pillədə başa vuraraq finala vəsiqə qazanıb.

Fərdi proqramda ölkəmizi təmsil edən təcrübəli gimnastımız Zöhrə Ağamirova finalda top və gürzlərlə dinamik proqram təqdim edib. İdmançımız topla kompozisiyanın icrası zamanı dünya çempionu, İtaliya təmsilçisi Sofiya Rafaelli və dünya çempionatının bürünc mükafatçısı, Bolqarıstan təmsilçisi Stiliana Nikolovanı qabaqlasa da, hakimlərdən aldığı xal (31.700 xal) mükafatçılar sırasına düşmək üçün yetərli olmayıb. Nəticədə, Zöhrə yarışı dördüncü pillədə başa vurub. 

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamızın üzvləri 5 halqa ilə hərəkətlərin icrasına görə 33.500 xalla 3-cü pillədə qərarlaşaraq finala yüksəlib. Finalda da gimnastlar layiqincə çıxış ediblər. Belə ki, yığmamız çoxnövçülük proqramında 65.750 xalla üçüncü pillədə qərarlaşmaqla bürünc medalı təmin edib.

Dünya çempionatının sonuncu günü bədii gimnastlarımız azarkeşləri bir daha sevindirib. Çoxnövçülük yarışlarında bürünc medal qazanan qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina 3 lent və 2 topla hərəkətlərin icrasında da eyni uğuru təkrarlayaraq, 32.300 xalla fəxri kürsünün üçüncü pilləsində yer alıb. Gimnastlarımız beş halqa ilə kompozisiyaya görə hakimlərdən 32.950 xal alaraq dördüncü yeri tutub.

 

Yaxşı nəticə

Qrup hərəkətləri üzrə Azərbaycan komandasının gimnastı Zeynəb Hümmətova “Region Plus” jurnalına açıqlamasında yarışın yekunları barədə fikirlərini bölüşüb: “Doğma meydanda çıxış etmək həmişə məsuliyyətlidir. Dünya çempionatı kimi yarışda iki medal qazanmaq yaxşı nəticədir. Beş halqa ilə çıxışımız zamanı səhvlərimiz olduğuna görə fəxri kürsüdən kənarda qaldıq. Yeni qaydalara əsasən, hərəkətlərin çətinliyi artıb. Ona görə də bütün komandalarda səhvlərə rast gəlinir. Digər tərəfdən, bizim kompozisiyamız yenidir, üzərində işləmək lazımdır. Üç lent və iki topla çıxışımızı daha uğurlu göstərə bildik. Texniki səhvlərə yol vermədiyimizi deyə bilərik. Qarşıda bizi Portuqaliyada Dünya kuboku, ardınca Vətəndə Avropa çempionatı gözləyir”.

Dünya kubokunun bürünc medalçısı Güllü Ağalarzadə də “Region plus” jurnalına müsahibəsində Bakıdakı yarışda qazanılan mükafatı yüksək qiymətləndirib: “İlk növbədə qazandığımız medallara görə hamını təbrik edirəm. Bu uğur gərgin məşqlərin nəticəsi idi. Bizə dəstək olan azarkeşlər, məşqçilər, federasiya nümayəndələrinə, həmçinin valideynlərimizə minnətdarıq. Gərgin mübarizə izlədik. Dünya çempionatında qazanılan bürünc medallar düzgün yolda olduğumuzu göstərir. Əlbəttə ki, hədəfimiz daha yüksək əyarlı medal idi. Lakin kiçik səhvlər istəyimizi reallaşdırmağa imkan verməyib. Qitə çempionatında mübarizə daha çətin olacaq. Artıq bütün diqqətimiz Avropa çempionatına yönəlib. Doğma arenada hər zaman güclü dəstək hiss edirik. Mayda qitə birinciliyində medal qazanmaq üçün məşqlərdə intensiv çalışmalıyıq”.

Beləliklə, qrup hərəkətləri üzrə komandamızın dünya çempionatında iki bürünc medal qazanması qənaətbəxş nəticədir. Azərbaycan komandası zədələrə görə ilin əvvəlində beynəlxalq yarışlarda kənarda qalıb və Bakıdakı yarışdan əvvəl yalnız bir turnirdə çıxış edib. Buna görə də Dünya Kuboku kimi yarışda mükafatçılar sırasında yer almaq çox çətin idi.

 

Avropa çempionatı ərəfəsində

Qeyd edək ki, açılış mərasiminin xüsusilə maraqlı olması ilə seçiləcək ilin ən çox gözlənilən yarışında 38 ölkədən gimnastlar iştirak edəcək. Çempionat təkcə özünü ulduz kimi təsdiqləmiş gimnastlar üçün deyil, həm də böyük uğurlar qazanmağa can atan gənc gimnastlar, həmçinin öz təmsilçilərinə dəstəkləmək üçün müxtəlif ölkələrdən paytaxtımıza gələcək azarkeşlər üçün də ən yaddaqalan yarışlardan birinə çevriləcək.

 Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 5-ci Avropa çempionatı olacaq. Paytaxtımız 2007, 2009, 2014 və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib. 5 gün davam edəcək çempionatda gimnastlar fərdi (böyüklər) və qrup hərəkətləri proqramında (gənclər və böyüklər) çıxış edəcək. Püşkatmanın nəticələrinə əsasən, fərdi proqramda (böyüklər) Azərbaycan gimnastları və qrup hərəkətlərində yeniyetmələr komandası 18-ci, böyüklər komandası isə qrup hərəkətlərində 10-cu nömrə altında çıxış edəcəklər.



MƏSLƏHƏT GÖR:

77