7 May 2024

Çərşənbə axşamı, 07:18

DAHA ÜÇ İLİN FORMULASI

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi daha bir neçə il azarkeşləri həyəcanlandıracaq və emosiyalara qərq edəcək

Müəllif:

01.05.2023

Aprelin son günləri bütün dünyanın diqqəti “Formula 1” üzrə Azərbaycan Qran-Prisinə yönəlib. Bu yarışın əhəmiyyəti onun keçirilməsinə dair müqavilənin 2026-cı ilə qədər uzadılması ilə daha da artıb.

Hermann Tilke tərəfindən hazırlanan 6 kilometr uzunluğunda və 20 döngədən ibarət Bakı Şəhər Halqası (“Baku City Circuit”) hər zaman yaddaqalan yarışlara ev sahibliyi edib. Bakıda 2016-cı ildə keçirilən debüt “F1” yarışının qalibi Niko Rosberq olub, ardınca isə Daniel Rikkardo, Lyuis Hamilton, Valtteri Bottas, Serxio Peres və Maks Ferstappen qələbə qazanıb.

 

Yarışların ən yaxşısı

Bu il Bakı Şəhər Halqası hər sessiyasında azarkeşlər üçün yüksək həyəcan vəd edən sprint yarışının təsnifat turu və 100 kilometrlik Sprint yarışı ilə yeni formatda keçirilən mövsümün altı sprint yarışından birincisinə ev sahibliyi edib.

“Formula 1”in prezidenti və baş icraçı direktoru Stefano Domenikali Azərbaycandakı yarışın bütün dünya azarkeşləri üçün maraqlı olduğunu bildirib: “Bakı Şəhər Halqası “Formula 1” üçün çox populyar bir məkana çevrilib. Daim gərgin mübarizələrə şahidlik edən bu şəhər halqası son vaxtların ən yaddaqalan və ən həyəcanlı yarışlarına ev sahibliyi edib. Biz Azərbaycanla əlaqələrimizi genişləndirməyə şadıq və birgə inkişafımızı davam etdirməkdə maraqlıyıq. Bakıdakı yarış bütün dünyada maraqla izlənir”.

Yeni müqavilə imzalanandan sonra gənclər və idman naziri Fərid Qayıbov bu barədə fikirlərini bölüşüb: “Biz “Formula 1” ilə davamlı tərəfdaşlığımızı təsdiqləməyə məmnunluğumuzu bildiririk. 2016-cı ildən etibarən artıq yeddinci mövsümdür ki, davam edən yarışın şəhərimizə və ölkəmizə iqtisadi, sosial və mədəni əhəmiyyəti danılmazdır. “Formula 1” üzrə Azərbaycan Qran-Prisi daha üç il ərzində azarkeşlərimizi ilhamlandırmağa və onlara yarış həyəcanı bəxş etməyə davam edəcək. Baş tutmuş Bakı yarışlarından bir neçəsi bu avtoidmanın tarixində ən yaxşı yarış kimi yadda qalıb. Biz növbəti üç il ərzində yerli və xarici “F1” azarkeşləri üçün daha da unudulmaz anlar yaşatmağı səbirsizliklə gözləyirik. Bugünkü razılaşma Azərbaycan Qran-Prisinə bilet satışının rekord həddə çatdığı və 100-dən çox ölkədən on minlərlə azarkeşin qatıldığı yarış həftəsinə təsadüf etməsi ilə onu daha da əlamətdar edib”.

İlk dəfə olaraq Bakı Şəhər Halqasında “Formula 2” üzrə sprint yarışları baş tutub. “Preme Racing”in britaniyalı pilotu Oliver Berman Bakıda “Formula 2” üzrə birinci sprint yarışının qalibi olub. Onun komanda yoldaşı Frederik Vesti yürüşü ikinci, “Hitech”in pilotu Jak Krouford isə üçüncü pillədə başa vurublar.

Maraqlı məqamlardan biri “Alpha Tauri” komandasının pilotu Yuki Tsunodanın “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin sprint yarışında mübarizəni dayandırması olub. Pilotun bolidində nasazlıq yaranması səbəbindən onun təkəri maşından ayrılıb. Qeyd edək ki, “Formula 2” yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparırdı. Pilotlar Bakı Şəhər Halqasında 21 dövrə vurublar.

 

Fəxri azarkeşlər

İkinci yarış günündə “Red Bull Racing” komandasının pilotu Serxio Peres Bakı Şəhər Halqasında keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin sprint yürüşünün qalibi olub. “Ferrari”nin pilotu Şarl Lekler yarışı ikinci, S.Peresin komanda yoldaşı Maks Ferstappen isə üçüncü pillədə başa vurublar. Yarışlarda ümumilikdə 10 komanda iştirak edib. İlk səkkiz pillədə qərarlaşan pilotlar xal qazanıblar. Azərbaycan Qran-Prisinin sprint yarışından sonra “Red Bull Racing”in pilotu Maks Ferstappen turnir cədvəlində liderliyini möhkəmləndirib. Sprint yarışında üçüncü olan niderlandlı pilot 6 xal qazanıb. Onun aktivində 75 xal var. Yarışın qalibi olan və səkkiz xal qazanan “Red Bull Racing”in digər pilotu Serxio Peres ikincidir - 62 xal. Sprintdə ikinci olan Şarl Lekler yeddi xal əldə edib və 13 xalla ümumi sıralamada səkkizinci pilləyə yüksəlib. Turnir cədvəlində ilk üçlüyü “Aston Martin” komandasının pilotu Fernando Alonso tamamlayır. Onun aktivində 48 xal var. Sprintdə altıncı olan ispaniyalı pilot akitivinə üç xal yazdırıb.

“Formula 1” üzrə Azərbaycan Qran-Prisini tribunadan izləmək üçün Vətən müharibəsində xalqımıza tarixi Qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz fəxri qonaq qismində dəvət olunublar. 2500-ə yaxın şəhid ailələrinin üzvləri və Vətən müharibəsində iştirak etmiş qazilər üç gün ərzində Azərbaycan Qran-Prisinin həyəcanını canlı izləyib. Yarışın ikinci günündə gənclər və idman naziri Fərid Qayıbov fəxri qonaqlarla görüşüb. Nazir görüş zamanı bildirib ki, 44 günlük Vətən müharibəsində şücaət göstərmiş qəhrəman şəhid oğullarımızın ailə üzvlərini və qazilərimizi ölkə əhəmiyyətli bu idman tədbirində, azarkeşlər sırasında görmək çox qürurvericidir.

 

Yaddaqalan anlar

Paytaxtımızda yeddinci dəfə keçirilmiş “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin qalibi “Red Bull” komandasının pilotu Serxio Peres olub. “Red Bull” komandasının digər pilotu Maks Ferstappen və “Ferrari” komandasının pilotu Şarl Lekler müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıb. 

Bakı yarışı yenə maraqlı anlarla yadda qalıb. Yarışın lap əvvəlindən, ikinci dövrəsindən “Haas” komandasının pilotu Kevin Maqnussenin bolidinin ön qanadı zədələnərək sarı bayrağın dalğalanmasına səbəb olub. Daha sonra hazırkı dünya çempionu Maks Ferstappen dördüncü dövrədə “Ferrari”nin pilotu Şarl Lekleri keçərək liderliyi ələ ala bilib. 

On ikinci dövrədə “Alpha Tauri” komandasının pilotu Nik De Vris Bakıdakı ilk yarışından kənarda qalıb. Təhlükəsizlik maşınının çağırılmasına səbəb olan bu hadisədən sonrakı yarış restartında Serxio Peres komanda yoldaşı Ferstappeni ötərək yarışın ön cərgəsinə yüksəlib. Yarışın 37-ci dövrəsində “Alfa Romeo” komandasının çinli pilotu Cou Quanyu texniki səbəblərdən yarışı dayandırmalı olub. 

Serxio Peresin qalib gəlməsi ilə “Bakı sindromu” qırılıb – artıq Azərbaycan Qran-Prisinin təkrar qalibi var. Belə ki, bu qələbə onun Bakıdakı sayca ikinci qələbəsidir. Bu qələbə Peresin Bakı yarışında qazandığı sayca dördüncü podiumdur. O, Bakıda ən çox podiuma çıxmış pilot titulunu hələ də qoruyub saxlayır.

İkiqat dünya çempionu Maks Ferstappen 93 xalla yarış cədvəlinə liderlik edir. Peresi komanda yoldaşından altı xal ayırır. Yarış cədvəlinin üçüncü yerdə qərarlaşan pilotu isə 60 xalla “Aston Martin” komandasından Fernando Alonsodur.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin müqaviləsinin müddəti uzadılıb. Yeni müqaviləyə əsasən Bakıda 2026-cı ilədək Formula 1 yarışlarının keçirilməsi nəzərdə tutulub.



MƏSLƏHƏT GÖR:

70