26 Aprel 2024

Cümə, 17:47

MOTSARTIN DƏVƏTİ İLƏ!

Zalsburqu ziyarət edin və o, səyahət etdiyiniz şəhərlər arasında öz layiqli yerini tutacaq

Müəllif:

01.05.2023

Avstriyanın Zalsburq şəhərinin bəstəkar və virtuoz musiqiçi Volfqanq Amadey Motsartın sayəsində məşhurlaşdığını söyləsəniz, yanılmazsınız. “Volferlyunu”nun – yerli sakinlər Motsartı nəvazişlə məhz belə adlandırır – doğulub, boya-başa çatdığı Zalsburqu haqlı olaraq onun şəhəri adlandırmaq olar. Avstriyalılar muzeylər, anım tədbirləri, saysız-hesabsız konsertlər, festivallar, ekskursiyalar və suvenirlərlə bu dahi şəxsiyyətə hörmətlə yanaşdıqlarını göstərirlər.

Belə ki, təkcə Zalsburqda deyil, həm də Avstriyada ən məşhur muzeylərdən biri “Getreidegasse” mərkəzi küçəsində yerləşən Motsart Muzeyidir. Burada çox sayda orijinal sərgi eksponatları, portretlər var. Üstəlik, bərpa edilmiş orta təbəqəli ailənin mənzili sizi XVIII əsrə səyahətə dəvət edir.

Şəhərin mərkəzində, “Makartplatz” meydanında yerləşən musiqiçinin evində onun klavirini, skripkasını, not dəftərlərini və Motsartın beşiyini görə bilərsiniz. Burada multimedia şousu da göstərilir.

Bundan başqa, Motsartın həyatından bəhs edən ekskursiyalar da çox maraqlıdır. Bu ekskursiyalar şəhərin mərkəzinin, demək olar ki, bütün hissələrini əhatə edir. Motsart meydanını, onun abidəsini, bəstəkarın adı ilə bağlı olan kafeni, evini və s. görə bilərsiniz.

Bundan əlavə, “Motsart Həftəsi” daxil olmaqla, çoxsaylı konsertlər və festivallar tanınmış dahi şəxsiyyətin musiqi irsinin doğma şəhərində qorunub saxlanılmasına töhfə verir.

Siz hətta Mərkəzi Avropanın hazırda fəaliyyət göstərən ən qədim restoranı olan, “Mozart Dinner Concert” proqramının təşkil olunduğu “Stiftskeller St. Peter”də nahar edə bilərsiniz (150-200 avro).

Bu arada, yerli “Mozartkugeln” şokoladı bütün dünyada tanınır. Bu şokolad hər yerdə qırmızı fantikdə satılır. Amma yalnız Zalsburqda onu mavi rəngdə olan fantikdə tapa və dada bilərsiniz. Bu konfetlər 1890-cı ildən bəri Zalsburqda istehsal olunur. Güman ki, bu, Avstriya şəhərindən evə apara biləcəyiniz ən yaxşı suvenirdir.

Bu məqamda qeyd edək ki, Zalsburq dünyaya təkcə Motsartla tanınmır. Şəhərin adı iki sözdən yaranıb: “Salz” – duz, “Burg” – qala. Yəni onun adının mənası “duz qalası” deməkdir. Bütün dövrlərdə duz hasilatı Zalsburqa yaxşı gəlir gətirib. Buna görə də o, hər zaman zəngin şəhər olub. Onun tarixi hissəsində, demək olar ki, bütün dövrlərin və üslubların memarlıq nümunələrini görə bilərsiniz: orta əsrlər, romantizm, intibah, barokko və klassizm. 1997-ci ildən isə Zalsburqun mərkəzi tarixi hissəsi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Şəhərin görməli yerlərini gəzən zaman ştrudellə 1 fincan qəhvə içməyi unutmayın (121-15 avro). Yerli qəhvəxanaların özlərinə məxsus xüsusi mədəniyyəti var. Məsələn, elə restoranlar ki, orada, ümumiyyətlə, menyu yoxdur və onlar müəyyən ödəniş müqabilində standart qida və içkilər təqdim edirlər: ştrudel, qəhvə, su və kolbasa.

Yerli təamlardan biri isə nokerlndir (“Salzburger Nockerln”): tərkibi yumurta və şəkər olan, sufleyə bənzəyən yüngül desert. Üç “qüllə” şəklində olan nokerln (15 avro) Zalsburqu əhatə edən dağların rəmzidir. Onu moruq və ya mərsindən hazırlanan sousla verirlər.

Zalsburqu “quş baxışı” ilə görmək üçün şəhərin ən görməli yerlərindən biri olan “Hohensalzburg” qalasına qalxın. 120 metr hündürlüyə malik bu qalanın bir tərəfindən Zalsburqun qədim hissəsinə, digər tərəfindən isə Alp dağlarına gözəl mənzərə açılır. Cəmi 11 avro ödəməklə təkcə Avropanın ən böyük deyil, həm də ən yaxşı qorunub saxlanılan qalasını (XVI əsr) ziyarət edə bilərsiniz. Burada həm ən gözəl fotolar çəkə biləcək, həm də bir anda bir neçə kiçik muzey və ekspozisiyaya baş çəkmək imkanı əldə edəcəksiniz (bəzilərinə ayrıca ödəniş etməklə). Sizə qalaya mənzərəli yerlərin açıldığı cığırla piyada getməyi, bağları olan yerli autentik evlərin yanından keçməyi və daha sonra funikulyorla aşağı düşməyi məsləhət görürəm (giriş biletinin qiymətinə daxildir).

Turistlər arasında ən populyar istiqamətlərdən biri Mirabel sarayının (“Schloss Mirabell”) barokko üslubunda ərsəyə gətirilmiş parkıdır. “Mirabel” sözünün mənası “heyranlığa layiq, gözəl” deməkdir. Bu sarayı şəhərin arxiyepiskopu Volf Ditrix sevdiyi qadın Salome Alt üçün tikib. Mirabel parkı isə 1965-ci ildə burada çəkilən və 5 “Oskar” qazanan Hollivud filmi “Musiqinin səsi”ndən sonra populyarlıq qazanıb.

Ümumiyyətlə, kiçik Zalsburqda çoxlu maraqlı görməli yerlər var. Buraya Müqəddəs Blasius kilsəsi (“Bürgerspitalkirche St. Blasius”), kukla teatrı, “Kapuzinerberg” dağı, “Makartsteg” piyada körpüsü, şəhərdəki ən kiçik ev, “FURST” kafe-şirniyyat evi, barometr (19-cu əsrə aid hava dirəyi), Fransiskan kilsəsi, “Residenzplatz” meydanı, “Dom zu Salzburg” kafedralı, Müqəddəs Pyotr abbatlığı, Müqəddəs Pyotr qəbiristanlığı və katakombalar, Nonnberq abbatlığı və s. daxildir. Bunları görmək məqsədilə yalnız Zalsburqda qalmaq üçün azı 3-4 gün vaxt ayırın.

 

“Azərbaycan Evi”ndə

Əgər Zalsburqa səfər etmisinizsə, burada sözün həqiqi və məcazi mənasında evinizin olduğunu unutmayın: bu şəhərdə 3 il əvvəl “Azərbaycan Evi” açılıb. Bu, ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən 15 “Azərbaycan Evi”ndən biridir. Qeyd edək ki, belə “evlər” həm dünyadakı soydaşlarımızın fəal köməyi, həm də Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə açılır. Azərbaycanın xaricdə yerləşən əlaqələndirmə şuraları və Azərbaycan evləri milli reallıqların dünyada təbliğində kifayət qədər uğurla fəaliyyət göstərirlər. Eyni zamanda onlar icma üzvlərinin birləşdiyi və bütün azərbaycanlılara dəstək göstərildiyi məkan rolunu oynayır.

Zalsburqda yerləşən “Azərbaycan Evi”nin rəhbəri isə Avstriya Azərbaycanları Cəmiyyətinin (bu ölkədə fəaliyyət göstərən 3 diaspor təşkilatından biri) sədri Fərid Əzizovdur. O, 2017-ci ildən burada yaşayır və kempo karate üzrə beşqat dünya çempionudur. F.Əzizov iki qızıl medalı Avstriyanı təmsil edərkən qazanıb. O, son qızıl medalını 2022-ci ilin dekabrında Budapeştdə keçirilən kempo karate üzrə 26-cı Dünya çempionatında əldə edib. F.Əzizov Zalsburqa gələn həmvətənlərini görməyə hər zaman şaddır. Avstriya Azərbaycanları Cəmiyyətinin sədri onlarla görüşməyə vaxt tapır və həmvətənlərini mütləq Azərbaycan Evinə baş çəkməyə dəvət edir.

Fərid bu ölkədəki həyatla bağlı maraqlı müşahidələrini bizimlə bölüşüb. Onun sözlərinə görə, “ev” açılana qədər azərbaycanlılar bayramların, tarixi günlərin qeyd edilməsi məqsədilə müxtəlif yerlərdə, hətta yerli məscidlərdə ərazi kirayə götürürmüş. “Azərbaycan Evi”nin açılışından 3 il ötüb və indi Zalsburqda hər kəs bu mərkəzi tanıyır. Taksi sürücüsünə mərkəzin ünvanını demək kifayətdir, çünki o, dərhal aydınlıq gətirir: “Biz “Azərbaycan Evi”nə gedirik?”

Xatırladaq ki, hazırda bu şəhərdə təxminən 500 azərbaycanlı yaşayır. İndi onların problemlərini həll edə və ya öz fikirlərini deyə biləcəyi məkan var. “Azərbaycan Evi”nin qapıları hər gün açıqdır. Üstəlik, bura günün 24 saatı ərzində zəng etmək olar. Amma Zalsburqda həftə sonları, demək olar ki, hər yer, hətta dükanlar belə bağlı olur. Burada yaşayan azərbaycanlılar isə bu “ev”ə toplaşır və müzakirələr aparırlar. “Azərbaycan Evi”ndə həftəsonları da Azərbaycan məktəbi fəaliyyət göstərir: uşaqlara ana dili, ədəbiyyat, tarix, milli rəqslər öyrədilir, rəsm dərsləri keçirilir.

“Azərbaycan Evi”ndə hətta nişan, xınayaxdı mərasimləri belə təşkil olunur. Burada kino, milli mətbəx günləri, həmçinin sərgilər, birgə tədbirlər, mini konsertlər keçirilir. Qonaqlar Azərbaycan, alman və ingilis dillərində kitabların olduğu kitabxanadan istifadə edə bilərlər. “Ev”in rəhbərliyinin çox maraqlı ideyaları var. Belə ki, hazırda Zalsburq Universiteti ilə Azərbaycan bölməsinin açılması ilə bağlı danışıqlar aparılır. Avstriyadakı soydaşlarımız arasında çoxlu vətənpərvər və istedadlı insanlar var və onlar da bu kafedrada pedaqoji fəaliyyətə cəlb olunacaqlar.

Bundan başqa, 44 günlük Vətən müharibəsi, şəhidlər və Qarabağın dirçəlişindən bəhs edən üçcildliyin alman dilində nəşri üzərində işlər aparılır. Üçcildliyin Zalsburq şəhərinin məktəblərində, kitabxanalarında paylanılması, həmçinin “Azərbaycan Evi”nin qonaqlarına təqdim edilməsi nəzərdə tutulur.

Bu ilin oktyabrında ən məşhur zalda - “Motsartium”da Azərbaycan və Avstriya incəsənət xadimlərinin birgə konsertinin keçirilməsi planlaşdırılır. Burada Azərbaycanın tanınmış ifaçı və sənətçilərinin iştirakı gözlənilir. Keçən il artıq burada Azərbaycan mədəniyyətinə və musiqisinə əsl maraq yaradan kiçik konsert keçirilib. Odur ki, gələcəkdə belə yeni gecələrin təşkili ilə bağlı müraciətlər daxil olub.

İki ölkə arasında əlaqələri stimullaşdırmaq və Azərbaycanı bu bazarda tanıtmaq məqsədilə “Azərbaycan Evi”nin turizm sahəsinin inkişafı ilə bağlı layihələri də var. Belə ki, Avstriyanın turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri hazırlanır. Məqsəd avstriyalıların ölkəmizdə turizm turlarına marağını oyatmaqdır. Avstriyalılar səyahət etməyi sevirlər. Ona görə də bununla bağlı məqsəd avstriyalıların səyahət üçün Azərbaycanı seçməsidir!

 

İnanılmaz və duzlu Halştat

“Əgər siz Halştatda olmamısınızsa, deməli, Avstriyanı da görməmisiniz”, - Yuxarı Avstriyada, Halştat gölünün sahilində yerləşən, 800 nəfərdən çox əhalisi olan kiçik bir şəhər haqqında avstriyalılar belə deyirlər. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş bu şəhərciyin fotoları son illər bütün dünyada, xüsusən də Avropada, o cümlədən Azərbaycanda inanılmaz sürətlə yayılıb. Nəticədə, Avstriyaya gələn turistlərin əksəriyyəti Halştatı ziyarət etmək və fotoları bir çox posterlərdə, açıqcalarda, suvenirlərdə və ən əsası sosial şəbəkələrdə yayılan məşhur ərazinin gözəlliyini gözləri ilə görmək istəyir. Burada turizm qonaq axını sayəsində sürətlə inkişaf etməyə başlayıb. Lakin hər kəs bunu yaxşı hal kimi qəbul etmir. Belə ki, yerli sakinlər gileylənirlər ki, hər gün kameraları və dronları olan çox sayda turist kiçik şəhərciyin hər küncündə dolaşır, hər yeri zibilləyir və buranın ahəng həyat tərzinə mane olur.

İndisə Zalsburqdan Halştata necə səfər edə biləcəyinizə nəzər yerirək. Ən asan yol avtomobillə getməkdir. Onu icarəyə götürmək və ya başqalarının şəxsi avtomobili ilə (4 sərnişin üçün 150 avro) getmək olar. Bundan başqa, Halştata bir günlük ekskursiya turu götürmək olar. Lakin belə ekskursiyada adambaşına qiymət 250-450 arasında dəyişir. Əlbəttə ki, bu, çox bahadır.

Qəribə görünsə də, indiyədək Halştata ictimai nəqliyyat vasitəsilə birbaşa yol yoxdur. Düzdür, onlardan istifadə etmək olar. Amma bu zaman müxtəlif nəqliyyat vasitələrindən istifadədən yan qaçmaq mümkün deyil. Birinci variant – Zalsburq Dəmiryol Stansiyasında “Hallstatt Bahnhof” istiqamətində qatara minməkdir (biletin qiyməti 24 avrodan başlayır). Daha sonra “Attnang-Puchheim Bahnhof” stansiyasında düşmək lazımdır.

Buradan Halştat Dəmiryol Stansiyasına 2 saat 20 dəqiqəyə çatacaqsınız. Amma dəmiryol stansiyası Halştat gölünün əks tərəfindədir. Stansiyanın yanında gəminin yan alması üçün körpü var. Buradan “Stefanie” adlı bərə sizi 2,5 avroya gölün o biri tərəfinə, yəni Halştat şəhərciyinə aparacaq.

İkinci variant isə Zalsburqdan Bad İşlə (“Bad Ischl”) 150 nömrəli avtobusla getməkdir. Burada “Bad Ischl Bahnhof” stansiyasından Halştat istiqamətində gedən qatara minə və daha sonra bərədən istifadə edə bilərsiniz. Beləliklə, buraya ictimai nəqliyyatla səyahətin qiyməti 15-20 avroya başa gələ bilər.

Halştata Vyanadan qatarla da çatmaq olar. Bu halda da keçid etməlisiniz. Səyahətin müddəti 3,5 saat olacaq və səfər azı 55 avroya başa gələcək. Vyanadan fərdi avtomobillə səfərin qiyməti (3,5 saat) 4 nəfər üçün 400 avrodan başlayacaq.

Halştat hələ eramızdan əvvəl 5-ci əsrdə sənaye miqyasında duz hasilatı ilə məşhur idi və bu da bütün regionun maliyyə baxımından rifahını və çiçəklənməsini təmin edib. Bu gün duz mədənləri şəhərin əsas görməli yerlərindən biridir və yenidən yerli əhaliyə gəlir gətirir: saysız-hesabsız duz suvenirləri və duz mədənlərinə ekskursiyalar (“Salzwelten Hallstatt”) vasitəsilə. Bu ekskursiyalar ingilis və alman dillərində təşkil olunur və hər bir turist özünü duz mədənçisi kimi hiss edə bilər. Mədənləri ziyarət etmək və funikulyora minmək üçün bilet 40 avroya başa gələcək.

Bundan başqa, siz həmçinin “Hallstatt Sky Walk” müşahidə məkanını ziyarət edə və 360 metr yüksəklikdən şəhərciyin mənzərəsindən zövq ala bilərsiniz. Bu məqsədlə funikulyordan (20 avro) istifadə edə və ya oraya piyada qalxa bilərsiniz (bu, 2 saat çəkəcək).

Halştatın kiçik olmasına baxmayaraq, onun “Markt Platz” adlı mərkəzi bazar meydanı da var. Burada bir neçə kafe, restoran və çox sayda turist var. Yaxınlıqda şəhərin tarixini və duz mədənlərinin fəaliyyətini nümayiş etdirən yerli “Welterbemuseum Hallstatt” muzeyi də var. Bəzi turistlər dükanlarda milli tirol geyimini icarəyə götürür (1 saatı 22 avro) və gəzinti zamanı bu milli geyimdə şəkil çəkdirirlər. Bundan başqa, göldə qısamüddətli kruizlə səfər etmək (minimum 10 avro) və ya katamaran icarəyə götürmək olar. Laki bu, yalnız isti mövsümdə mümkündür. Yayda bəzi turistlər suyun sərin olmasına baxmayaraq, göldə üzürlər. Əgər səfəriniz qısamüddətli deyilsə, o zaman Halştatdan bir qədər aralıda Avstriyanın ən mənzərəli görməli yerlərindən birinə – “5 barmaq” müşahidə məkanına yollana bilərsiniz.

Bu şəhərcik-kəndin kiçik olduğunu nəzərə alsaq, hotellərin də az olduğunu söyləyə bilərik. Hotellərdə sadə iki nəfərlik nömrənin qiyməti 140 avrodan başlayır. Buna görə də yerli gözəl məkanlardan zövq almaq üçün qalmaq istəyən turistlər Halştat yaxınlığındakı hotelləri seçirlər. Məsələn, qiymətlərin əhəmiyyətli dərəcədə aşağı olduğu Obertraun və ya Qozauda.

Suvenirlərin, yeməklərin və içkilərin qiymətlərinə gəlincə, təbii ki, onların ucuz olduğunu söyləyə bilmərik. Doğrudur, onlar Avstriyadakı ümumi qiymətlərə uyğundur. Amma burada qiymətlərin bir az yüksək olduğunu deyə bilərik. Məsələn, maqnit suvenirlər 5 avro, xırda duzlar - 4-5 avro, stəkanlar - 8-15 avro, çantalar - 17,90 avro, milli uşaq paltarı - 38 avro və s. Kafe-restoranda isti yemək orta hesabla 20-25 avroya başa gələcək. Belə ki, alabalıq balığı kartofla azı 20 avrodur. Qarnirli mal ətinin qiyməti 25 avrodan, qarnirli toyuq yeməyi 15-20 avrodan, bir adamlıq pizza 10 avrodan başlayır. Dönər-şaurma 7-8 avro, hot-doq isə 5-6 avrodur. Yerli kafelərdə çay və kofenin qiyməti orta hesabla 4-6 avro, soyuq içkilərin qiyməti isə 3-4 avrodur.

Əlbəttə ki, əgər dünyanın bu ən gözəl guşələrindən birinə çata bilsəniz, bütün bunlar, əlbəttə ki, xırda məsələlərdir. İki ifadəni unutmayın: “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” və “əgər siz Halştatda olmamısınızsa, deməli, Avstriyanı da görməmisiniz!”



MƏSLƏHƏT GÖR:

75