29 Mart 2024

Cümə, 10:56

YAZ HÜCUMU… YAYA QALDI?

Dünya birliyi Ukraynada yeni hərbi fəallıq gözləntisindədir

Müəllif:

01.05.2023

Son həftələrdə Ukrayna münaqişəsi ətrafında əsas müzakirə mövzusu yaza hesablanan hərbi hücum planıdır. Məsələ ondadır ki, artıq yay yaxınlaşmaqda olsa da, həmin əməliyyatlara hələ də başlanılmayıb.

Analitiklər bunu bir neçə amillə izah edir. Onlardan biri də «düşmənin miqyaslı dezinformasiyası»dır. Bu halda, adətən, gözləntilərin əksinə olaraq, hücum başqa vaxtda və başqa istiqamətdə həyata keçirilir. Bu hücuma Ukraynanın özündə də böyük ümidlər bəslənilir. Hökumətdə düşünürlər ki, o, ümumilikdə müharibənin gedişində həlledici olacaq və itirilmiş bütün ərazilərin geri qaytarılmasına imkan verəcək.

Bəzi qərbli analitiklər isə o qədər də nikbin deyil. Əks-hücum nəticəsində Ukrayna ordusunun, həqiqətən də, əhəmiyyətli nailiyyətlər qazana biləcəyini etiraf edən bu şəxslər, eyni zamanda Krımın tezliklə azad olunmasını mümkünsüz sayır. Demək, müharibənin bu il tam olaraq başa çatacağını gözləməyə dəyməz. Güman olunur ki, hər iki tərəf qüvvəsinin azalması fonunda vasitəçilərin köməyilə hansısa müvəqqəti status-kvoya razılaşa bilər və o, tərəflərdən birinin razılaşmanı pozmasınadək davam edəcək.

 

Yeni hərbi fəallıq gözləntisində

Həqiqətən, Xarkov və Xerson vilayətlərində həyata keçirilmiş payız əməliyyatları o qədər uğurlu alınıb ki, müasir Qərb tankları və sursatları ilə silahlanmış Ukrayna Silahlı Qüvvələrinin (USQ) eyni uğuru bu il də təkrarlayacağına ümidlər yaranıb. Məlum olduğu kimi, həmin hücumlar nəticəsində Rusiyanın ələ keçirdiyi ərazinin təxminən yarısı geri qaytarılıb. Söhbət nə az, nə çox – düz 75 min kv.km-lik ərazidən gedir. Belə bir halda daha kiçik ərazilərin geri qaytarılmasını nəzərdə tutan hər hansı planı Ukrayna tərəfdarları iflas kimi qiymətləndirə bilər. Müharibə məntiqi isə deyir ki, qələbəni kiçik nailiyyətlərlə də əldə etmək mümkündür. Hər halda, Kiyev danışıqlara yalnız işğal olunmuş ərazilərin geri qaytarılmasından sonra başlana biləcəyini dəfələrlə bəyan edib. Onun bu mövqeyində hər hansı ciddi dəyişiklik yoxdur.

Amma bu mövqe müharibənin mümkün qədər tez bitməsini arzulayan Avropa paytaxtlarını qane etməyə bilər. Məsələ ondadır ki, savaşın uzanması ilə zərərlə üzləşən ölkələr arasında Avropa ölkələri də var. Söhbət istər birbaşa hərbi, istərsə də iqtisadi xərclərdən gedir. Aydındır ki, qələbə üçün zamana, ciddi qan axıdılmasına və daha çox silaha ehtiyac var. Yəni Avropa və ümumilikdə Qərbi Ukraynaya yardımları davam etdirməlidir.

Müharibənin uzanmasına qarşı olanlar məhz bu fikirlərə əsaslanır. Onların opponentləri isə iddia edir ki, münaqişə indiki mərhələdə bitərsə, Rusiya nəinki Krımı, ələ keçirdiyi bütün əraziləri öz nəzarətində saxlayacaq, bu isə Ukrayna ərazisinin 18%-ni təşkil edir. «Rusiya Azov dənizini və Qara dənizin böyük bir hissəsini ayıraraq özünə götürüb, Ukrayna ərazisinin böyük hissəsini ələ keçirib, Krıma quru dəhlizi açıb. İndi yalnız bir iş qalır: həmin ərazilərdə yaxşıca möhkəmlənmək, nəzarətdə olan torpaqlarda mövqeləri gücləndirmək», - deyə özəl hərbi təşkilat olan «Vaqner»in sahibi Yevgeni Priqojin bildirib.

 

Zərəri hesablayaraq

Belə bir vəziyyətdə Ukrayna tərəfinin hərbi əməliyyatları dayandırması Qərb demokratiyasının zəifliyi kimi qiymətləndirilə, onların birlikdə Rusiya ilə bacarmadıqlarını göstərə bilər. Bəzi analitiklər hesab edir ki, bu, qonşularına təcavüz planı olan, mövcud dünya düzənini dəyişməyi arzulayan dövlətlərin əlinə kozır verərdi. İndi Qərbdə siyasətçilər bir sualı da verir: əgər hansısa dəyərin kobud güc qarşısında özünü və müttəfiqlərini qoruya bilmirsə, o dəyərlərin nə anlamı var? Bəziləri misal kimi, 30 il əvvəl baş vermiş hadisəni – dünya ölkələrinin birləşərək Səddam Hüseyni 1991-ci ildə işğal etdiyi Küveytdən çəkilməyə məcbur etməsini göstərir, Küveytin müstəqilliyinin məhz bu şəkildə bərpa olunduğunu yada salır.

Doğrudur, körfəzdə cəmi bir neçə həftə davam etmiş və dəfələrlə kiçik miqyaslı müharibədən fərqli olaraq, Rusiya-Ukrayna savaşı xarakterinə, orada bilavasitə və dolayısı ilə iştirak edən dövlətlərin sayına görə dünya müharibəsini xatırladır. Onu əbəs yerə tez-tez Üçüncü Dünya müharibəsi kimi təqdim etmirlər. Həqiqətən, siyasi və iqtisadi fəsadlarına görə bu savaşın analoqu yoxdur.

Məlumdur ki, Rusiyanın hücumu karantin rejimindən çıxmış dünyada son illər neft və qazın bahalaşması tendensiyasını daha da dərinləşdirib, Moskvaya tətbiq olunan sanksiyalar isə vəziyyəti daha da qəlizləşdirib. Bu vəziyyət özünü xüsusilə Avropanın Rusiya ilə çıx bağlı olan enerji bazarında göstərir. Bir il ərzində Rusiyanın qaz bazarında Rusiyanın payı 40%-dən 10%-ə düşüb. Bundan başqa, bir çox aztəminatlı istehlakçı «yanacaq yoxsulluğu» ilə üz-üzə qalıb bu özünü onların alternativ enerji mənbələrinə üz tutması ilə göstərir. Avropa Rusiya qazının olmadığı ilk qışı nisbətən yüngül, ağır kollaps olmadan keçirsə də, müəssisələr yenə də qaz istehlakını ya azaltmalı (ümumilikdə 13% və ya 55 milyard kubmetr), ya da ümumiyyətlə istehsalı dayandırmalı olub.

Beynəlxalq Energetika Agentliyi bildirir ki, Avropa bu il daha bir «isti qışa» ümid etməməlidir, mayeləşdirilmiş təbii qaz və kömür kimi alternativ yanacaq növləri isə getdikcə bahalaşa bilər.

Rusiyanın Ukraynaya hücumundan sonra ABŞ və Avropa ölkələri onun maliyyə, enerji və nəqliyyat sektoruna çoxsaylı ağır sanksiyalar tətbiq ediblər. Sanksiyalar Rusiyanın beynəlxalq maliyyə bazarları ilə əlaqəsini kəsib. Onun bank sektorunun aktivləri, həmçinin rusiyalı oliqarxlara məxsus maliyyə hesabları dondurulub. İndi Moskva nə beynəlxalq bazarlara pul cəlb edə, nə səhm ala bilir.

İndiyədək heç vaxt heç bir dövlətin maliyyə sektoruna bu qədər miqyaslı və radikal sanksiyalar tətbiq edilməmişdi. Məhz bu tədbirlərin birbaşa nəticəsi olaraq, Rusiya rublu dəyərini kəskin şəkildə itirib, birjalarda Rusiya səhmləri kəskin ucuzlaşıb. Sonradan Rusiya iqtisadiyyatı yeni şərtlərə bir qədər uyğunlaşsa da, sanksiyalar ona görünməmiş zərbə vurub.

Müharibənin Ukraynaya vurduğu zərbə isə daha böyükdür. Savaş nəticəsində onun iqtisadi potensialı darmadağın olub. Xatırladaq ki, müharibə hələ davam edir və hərbi əməliyyatlar meydanı məhz Ukrayna əraziləridir. Ölkənin Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsi rəhbərinin müavini Yuri Aristovun sözlərinə görə, müharibə Ukraynaya ümumilikdə 143,8 milyard dollar ziyan vurub. Söhbət yalnız birbaşa və sənədləşdirilmiş zərərdən gedir. Ümumi zərərin həcmi isə yerli hökumət tərəfindən ən azı 800 milyard dollar qiymətləndirilir.

 

Bu müharibədə kim uduzdu, kim uddu?

Qəribədir ki, Ukrayna müharibəsi bəzi ölkələrə tam əksinə, fayda verir. Bu, ilk növbədə, hərbi texnika ixracında lider olan dövlətlərə aiddir. Siyahıda ilk yeri təbii ki, Birləşmiş Ştatlar tutur. İsveçin «SIPRI» analitik mərkəzinin məlumatına görə, ümumi silah bazarında Amerikanın payı 37% təşkil edir (2016-2020). Fransanın payı 8, Almaniyanınkı 5,5%-dir. Rusiya da silah ixracatçısıdır. Lakin müharibə apardığı üçün ciddi hərbi texnika itkisi ilə yanaşı, silah bazarındakı mövqelərini də əldən verir.

Beləliklə, ABŞ başda olmaqla, Qərb dövlətləri yaxın perspektivdə dünyanın aparıcı hərbi texnika tədarükçüsünə çevriləcək. Təsadüf deyil ki, onların hər biri hərbi büdcəsini əhəmiyyətli dərəcədə artırır.

Müharibənin başladığı vaxtdan indiyədək Bayden administrasiyası Ukraynaya 25 milyard dollardan artıq yardım göndərib ki, onun da böyük hissəsini silah tədarükü təşkil edir. Eyni sözləri bir sıra Avropa ölkəsi haqda da söyləmək olar.

Ukrayna müharibəsindən faydalanan digər dövlətlər isə əsasən Yaxın Şərqin neft-qaz hasilatçıları, o cümlədən İndoneziya, Nigeriya və Venesueladır. Bundan Rusiya ilə İran da faydalana bilər. Amma bunun üçün son iki dövlət getdikcə daha sərt xarakter alan sanksiyalardan yayınmağı bacarmalıdır. Sanksiyalar üzündən, Rusiyanın itkiləri qazanclarından çoxdur.

Müharibədən birmənalı olaraq əziyyət çəkənlər isə dünyanın yoxsul dövlətləri və onsuz da etibarsız olan qlobal təhlükəsizlik sistemidir. «Dünya presedenti olmayan silsilə böhranlarla üz-üzədir. Nəticədə, beynəlxalq arenada vəziyyət BMT-nin yarandığı vaxtdan bu yana ən gərgin həddə çatıb», - deyə qurumun baş katibi Antoniu Qutyerreş bildirib. O, hesab edir ki, «hazırda aparıcı fövqəldövlətlər arasında gərginlik görünməmiş həddə çatıb». Baş katibin fikrincə, bu üzdən yeni münaqişələrin yaranması riski yüksəkdir: «Bu, təsadüfən, bu və ya digər tərəfin yanlış hesablaması üzündən də baş verə bilər».

Görəsən, Qutyerreş bu sözləri söyləyən zaman Tayvan ətrafında yaşananları və ya İranın nüvə proqramını nəzərdə tutub? Bəlkə o, diqqəti Sudanda əsl səbəbi hələ də tam bilinməyən qorxulu hadisələrə çəkir? İstənilən halda, bəllidir ki, davam edən Rusiya-Ukrayna müharibəsi kontekstində bütün bu hadisələr, həmçinin istənilən başqa olaylar daha dramatik xarakter ala bilər.

 

Son söz əvəzi

Bütün bunlarla yanaşı, cəbhədə hadisələr təxminedilməz ssenari üzrə inkişaf edir. Hərbi fəallığın mərkəzi əvvəlkitək Baxmutdur. Bu savaşın tarixində ən qanlı döyüşlər məhz burada gedir. Şəhərin böyük hissəsinə Rusiya nəzarət edir, USQ isə mövqelərini asanlıqla əldən verməyi düşünmür.

Ukrayna Prezidenti Vladimir Zelenski xalqa növbəti videomüraciətində bildirib ki, USQ Baxmutu tərk edə bilməz, çünki bu halda Rusirya qoşunları daha geniş əraziləri ələ keçirmək imkanı qazanacaq. Bundan başqa, şəhərin tam nəzarətə götürülməsi Kramatorsk və Slavyanska hücum üçün «tramplin»ə çevriləcək. Ukrayna Prezidenti bir daha xatırladıb ki, onlar hərbi əməliyyatların gedişində dönüş nöqtəsinə çevrilə biləcək əks-hücuma hazırlaşırlar.

Ağ Ev rəsmisi Con Kirbi isə Rusiya qoşunlarının da hücuma hazırlaşdığını, bunun üçün hava şəraitinin düzəlməsini gözlədiyini bildirib. Deyilənə görə, ruslar eyni vaxtda cəöhənin bir neçə istiqamətindən hücuma başlaya bilər. Mümkün istiqamətlər və vaxt isə açıqlanmır.

Əksər müşahidəçilər USQ-nin Azov dənizi, Zaporojye vilayəti istiqamətlərindən hücuma keçə biləcəyini düşünür. Bu, işğal olunmuş ərazilərin bölünməsinə, Krım və Xersona quru yolunun kəsilməsinə imkan verərdi. Bəs bu ssenarini həyata keçirmək mümkün olacaqmı? Yaza planlaşdırılan hücum elə yazda da baş tutacaqmı, yoxsa o, yaya qalacaq? Bu sualların cavablarını, yəqin ki, yaxın vaxtlarda biləcəyik.



MƏSLƏHƏT GÖR:

63