4 May 2024

Şənbə, 04:53

REQATANIN UĞURU

Suqovuşanda keçirilən turnir avarçəkmə üzrə Dünya Kubokuna çevrilə bilər

Müəllif:

15.05.2023

Dağların ətəyində yerləşən Suqovuşanda mayın 4-7-də avarçəkmə və kanoe qayıqları üzrə növbəti beynəlxalq turnir keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident kuboku-2023” beynəlxalq reqatasında 20-dək ölkədən 100-dən çox yerli və xarici idmançı iştirak edib.

 

Uğurlu nəticə

Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilən yarışda 15 ölkənin idmançıları medal qazanmağa nail olub. Suqovuşan və Mingəçevirdə təşkil edilən reqatada təmsilçilərimiz ümumilikdə 14 medal qazanıblar. Komandamızın üç yarış günündə yekun nəticəsi 2 qızıl, 3 gümüş və 9 bürünc medaldır.

2009-2010-cu il təvəllüdlü oğlanların mübarizəsində Vacib Babayev və Nihad Rəhimov cütlüyü iki nəfərlik kayakla 200 metr məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlayıb. Sahib Əyyubzadə - Nuran Rəhimli dueti üçüncü olub.

2005-2006-cı il təvəllüdlü oğlanların 2 nəfərlik kayakla eyni məsafəyə yarışında isə Maarif Qarayev - Rüfət Rəhimov cütlüyü ikinci, Emil Allahverdiyev - Amil Süleymanov dueti üçüncü yeri tutublar. Akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə Tunar Cəfərli fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Müxtəlif kateqoriyalarda Elmir Məmmədov birinci, Maarif Həsənov, Nihad Rəhimov ikinci, Darina Həsənova və Gülnarə Həmzəyeva isə bürünc medala layiq görülüb. 2005-2008-ci il təvəllüdlü qızların mübarizəsində Gülnarə Həmzəyeva 500 metr məsafəyə bir nəfərlik kanoe qayığında üçüncü yeri tutub. 2005-2006-cı il təvəllüdlü  oğlanların eyni məsafəyə 1 nəfərlik kayak yarışında Elmir Məmmədov fəxri kürsünün ikinci pilləsinə qalxıb. Bu yaş kateqoriyası üzrə 500 metrlik məsafəyə 2 nəfərlik kanoe qayığında Ramil Mustafayev və Rüfət Rəhimov bürünc medal əldə edib. Nurlan Paşayev 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında akademik avarçəkmə üzrə 2000 metr məsafəyə yürüşdə 3-cü yerlə kifayətlənib.

 

Daha böyük yarışlar üçün imkanlar

Beynəlxalq reqatanın özəlliklərindən biri bu dəfə yarışın Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilməsi olub. Ölkəmizə səfər edən Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana və Beynəlxalq Kanoe Assosiasiyasının rəhbəri Tomas Koneçkoya Suqovuşandakı su hövzəsində daha böyük yarışların keçirilməsinin mümkünlüyünü qeyd edib. Onların fikrincə, gələcəkdə burada Avropa və dünya kubokları çempionatları keçirmək olar.

J.Zunqrana Suqovuşan və Mingəçevirdə keçirilən “Prezident kuboku-2023” beynəlxalq reqatası barədə danışarkən təşkilatçılığı yüksək qiymətləndirib: “Yarış çox yaxşı təşkil olunub. Bu, Avropada avarçəkmənin inkişafına böyük töhfə verə bilər. Qitə təşkilatına rəhbər seçiləndən sonra ilk səfərim məhz Azərbaycana olub. Bu səbəbdən, hazırkı yarışı izləmək mənim üçün vacib idi. Suqovuşan və Mingəçevirdə keçirilən yarış gələcəkdə təqvimdə lisenziya xarakterli turnir kimi qəbul oluna bilər. Bunun üçün hər cür şərait var”.

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Koneçko isə beynəlxalq reqatanın gələcəkdə daha çox iştirakçısının olacağını proqnozlaşdırıb: “Gələcəkdə Suqovuşan və Mingəçevir nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edə bilər. Bu ideyanın həyata keçməsi üçün Azərbaycanın mümkün namizədliyini dəstəkləyəcəyəm. Düşünürəm ki, bu, ölkəniz üçün vacib olan yubileyi qeyd etmək baxımından çox yaxşı fürsətdir. Belə bir yarışın keçirilməsi həm Azərbaycan, həm də burada iştirak edən ölkələrin bu idman növünü təşviq etməsi üçün də önəmlidir. Suqovuşan xüsusi yerdir, çünki öz tarixi var. Azərbaycanın qısa zamanda bu bölgəni necə inkişaf etdirməsinin və su hövzəsində yarışlar üçün şərait yaratmasının şahidi oldum. Suqovuşandakı şərait beynəlxalq standartlara cavab verir. Gələcəkdə orada dünya çempionatı kimi nüfuzlu yarışlar keçirilə bilər”.

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov “Prezident kuboku-2023” turnirinin keçirilməsinin önəmini vurğulayıb: “Biz artıq 3-cü dəfədir ki, Suqovuşana yarış keçirmək üçün gəlmişik. Hər dəfə bura gələn, yarışda iştirak edən xarici ölkələrin sayı artır. Bütün bu təşkilatçılıq dövlətin dəstəyi olmadan mümkün deyil. İdmançılarımız daim Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısını hiss edib”.

Suqovuşandakı yarışın əsas özəlliyi ondan ibarətdir ki, burada daha çox gənc idmançılar sınaqdan keçirilir. Gənc idmançılar beynəlxalq reqatada təcrübə toplayır və milli komandalar üçün potensiallarını nümayiş etdirirlər. Dünya kuboku kimi nüfuzlu yarış Suqovuşanda təşkil olunarsa, burada daha çox ölkənin idmançısı mübarizə aparacaq. Lisenziya xarakterli yarışlara gəlincə, onlar Azərbaycanda avarçəkməni daha da populyarlaşdıracaq və yeni idmançıların cəlb olunmasına yardım göstərəcək.



MƏSLƏHƏT GÖR:

66