28 Aprel 2024

Bazar, 03:33

KEÇMİŞ ŞÖHRƏTİ QAYTARMAQ

Azərbaycan Mədəniyyət Nazirliyi rayon teatrlarının yeni fəaliyyət modelini təqdim etmək niyyətindədir

Müəllif:

15.05.2023

Bu yaxınlarda Azərbaycanın peşəkar milli teatrının 150 illik yubileyi qeyd olunub. Prezident İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamı ilə hər il martın 10-da Azərbaycanda Milli Teatr Günü qeyd edilir. Bu tarix təsadüfən seçilməyib. Məhz 1873-cü ilin bu günündə Bakıda Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında tamaşa səhnələşdirilib. Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə real məktəbin şagirdlərinin səhnələşdirdiyi bu ilk özfəaliyyət tamaşası ilə milli teatrın əsası qoyulub.

 

Xalq teatrından peşəkar teatra

XIX əsrin ikinci yarısında Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında cərəyan edən hadisələr ölkədə maarifçilik hərəkatının inkişafı üçün zəmin yaradıb. XIX əsrin 60-cı illərində Bakı ətrafında başlayan neft bumu Azərbaycanı Cənubi Qafqazın ən yüksək inkişaf etmiş sənaye regionuna çevirib. Yeni reallıqlar Azərbaycanın ədəbi-mədəni həyatında dəyişikliklərə səbəb olub. Nəticədə, incəsənətin bütün istiqamətləri inkişaf etməyə başlayıb. Buna neft gəlirlərinin bir hissəsini ədəbiyyat, mədəniyyət və incəsənət sahəsinə xərcləyən yerli xeyriyyəçilər yardım göstərib.

Bu dövr Azərbaycan teatr sənəti üçün də əlamətdar olub. Əlbəttə ki, onun formalaşmasında böyük mütəfəkkir, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun həlledici rolu olub. Məhz onun məşhur pyesləri sayəsində Azərbaycanda xalq teatrı peşəkar teatra çevrilib. Mirzə Fətəli Axundov ilk Azərbaycan dramaturqu olmasına baxmayaraq, onun əsərləri dünya dramaturgiyasının böyük klassiklərinin pyeslərindən geri qalmırdı. Onun yerli kolorit, yumor məzmunlu, formaca bədii olan pyeslərində o dövrün ağrılı problemləri qaldırılmışdı. Dramaturqun söylədiyi kimi, sivilizasiyalı olmağın, müasirləşmənin ən mühüm amillərindən biri söz və fikir azadlığı ilə bağlı nailiyyətlərdir.

Beləliklə, Azərbaycanın görkəmli dramaturqlarının tamaşaları tezliklə paytaxt ictimaiyyətinin rəğbətini qazanıb. Üstəlik, həmin dövrdə təkcə ölkənin əsas şəhərində deyil, həm də əyalətlərdə də teatrlar açılıb. Bakıdan sonra teatr hərəkatı tədricən, lakin qəti surətdə Azərbaycanın bütün bölgələrinə yayılmağa başlayıb. Mirzə Fətəli Axundovun səhnə üçün yazdığı əsərlər isə Azərbaycanda teatr yaradıcılığına marağı xeyli artırmışdı. O vaxt Şuşada, Bakıda və başqa şəhərlərdə teatr tamaşalarının hazırlanmasında ilk cəsarətli addımlar belə atılıb. Xüsusən də Şəkidən olan maarifçilər xalqın teatra ehtiyac duyduğunu hiss edirdilər. 1879-cu ildə görkəmli maarifçi, yazıçı və dramaturq Rəşid bəy Əfəndiyev ətrafına bir qrup həvəskar toplayaraq, ipək barama anbarında səhnə quraraq, M.F.Axundovun “Hacı Qara” komediyasının tamaşasını hazırlayıb. O, sonrakı dövrlərdə bu tamaşanın premyerasının necə uğurlu keçməsi barədə yazmışdı.

Şəki teatrında 1880-1908-ci illərdə M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah”, Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər”, Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, N.Nərimanovun “Nadir şah”, R.Əfəndiyevin “Qan ocağı” və s. əsərlər əsasında tamaşalar nümayiş etdirilmişdi.

 

Naxçıvan

Şəkidən bir müddətdən sonra, yəni 1883-cü il mayın 15-də Naxçıvanda yerli ziyalıların nümayəndəsi Hacı Nəcəf Zeynalovun evində Mirzə Fətəli Axundovun ölməz komediyası – “Müsyö Jordan və dərviş Məstəli şah” səhnələşdirilib. Həmin gün Naxçıvanda teatr tarixinin başlanğıcı olub. Bunun ardınca Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Hacı Qara”, “Hekayəti-xırsı-quldurbasan” əsərləri, həmçinin Hüseyn Cavidin, Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin pyesləri tamaşaya qoyulub.

 

İrəvan

İrəvan Dövlət Azərbaycan Dram Teatrının şanlı, lakin kədərli tarixi var. 1928-ci ildə İrəvan şəhərində yaradılmış bu teatr Ermənistan ərazisində “başqa xalq”ın ilk teatrı idi. N.Zaryan küçəsində yerləşmiş teatra daha sonralar Azərbaycan sovet dramaturgiyasının banisi Cəfər Cabbarlının adı verilib. Bu teatrın görkəmli simaları Yunis Süleymanov, İsmayıl Dağıstanlı, Əli Zeynalov, Bəxşi Qələndərli, Əli Şahsabahlı və başqaları olub. 1988-ci ildə başlamış Qarabağ münaqişəsi zamanı azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulmasından sonra teatr bağlanıb.

 

Ağdam

Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının aqibəti daha faciəli olub. Məhz görkəmli teatr və ictimai xadim Əbdürrəhim bəyin xidmətləri sayəsində 1902-ci ildə bu teatrda ilk tamaşa səhnələşdirilmişdi. Qarabağ mədəniyyətinin beşiyi məhz Ağdam Dövlət Dram Teatrı idi. Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində parlaq qələbəsindən sonra dünya bir vaxtlar çiçəklənən Qarabağ torpaqlarında dəhşətli dağıntılarla bağlı fotoları görən zaman Ağdam Dram Teatrı da dağıdılan bina və tikililər arasında idi.

 

Xankəndi

Bu məqamda qeyd edək ki, artıq ötən əsrin 30-cu illərində bir çox Azərbaycan teatrlarında aktyorluq, səhnə danışığı, rəqs və digər fənlərin tədris olunduğu studiyalar açılıb. Amma bu studiyalardakı bütün müəllimlərin, əlbəttə ki, pedaqoji təcrübəsi olmayıb. 1933-cü ildə Bakı Teatr Məktəbində bu tipli studiya açılıb və bu, o sahədə yeni mərhələ olub.

Xankəndi Dövlət Dram Teatrının açılışı da həmin dövrə təsadüf edir. Bu teatr 1932-ci ildə yaradılıb, rus və sovet yazıçısı, sosialist realizminin banisi Maksim Qorkinin adını daşıyır. 2001-ci il avqustun 2-də teatr Azərbaycanın “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib. Birinci Qarabağ müharibəsi (1991-1994) nəticəsində Qarabağ Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra erməni işğalçılar bu dram teatrının yaranma tarixini saxtalaşdırıb və ona sovet dövrünün erməni aktyoru Vahram Papazyanın adını veriblər.

 

Şuşa, Füzuli

Şuşa şəhərinin teatr həyatına gəlincə, ümumilikdə şəhərin mədəni həyatında canlanma baş vermişdi. Hələ 1848-ci ildə Şuşada teatr və sirk tamaşaları üçün səhnələr yaradılmışdı. Bunu tarixi sənədlər də sübut edir. Şuşada teatrın yaranmasında Əbdürrəhim bəy Haqverdiyevin xidmətləri əvəzsizdir. Qeyd edək ki, Füzulidə də teatr truppası toplanmış, tamaşalar səhnələşdirilmişdi. 1943-cü ilin əvvəlində Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılıb. Bu, şəhərin mədəni həyatında əlamətdar hadisə idi. Əzizağa Məmmədov teatrın ilk bədii rəhbəri olub. Çətinliklərə baxmayaraq, teatr truppası ilk gündən müasir və klassik tamaşaların səhnələşdirilməsinə diqqət yetirib. Həmin il teatrın aktyorları Əzizağa Məmmədov və Cəlil Bağdadbəyov respublikanın “Əməkdar artist”i fəxri adına layiq görülüblər. Bir müddət sonra Şuşa Dövlət Musiqili Dram Teatrına Üzeyir bəy Hacıbəylinin adı verilib. Amma uzun müddət çəkməyib. Üzeyir bəyin vəfatından bir il sonra iqtisadi böhran bəhanəsi ilə SSRİ Nazirlər Sovetinin 6 fevral 1949-cu il tarixli qərarına istinad edilərək Şuşadakı teatr bağlanıb.

Şəhər sakinləri teatr əvəzinə dram dərnəyi yaratmışdılar. 1950-ci illərdə onun repertuarına müxtəlif janrlı tamaşalar daxil edilmişdi. 1987-ci ildən dram dərnəyi Şuşa Xalq Teatrı kimi tanınmağa başlayıb. Üzeyir bəyin vəfatından 43 il sonra Mədəniyyət Nazirliyinin 25 may 1990-cı il tarixli əmri ilə Şuşa Dövlət Musiqili Dram Teatrı fəaliyyətə başlayıb.

 

Gəncə

Gəncə Dövlət Dram Teatrına gəlincə, 1921-ci il yanvarın 13-də Bakı-işçi-kəndli teatrının əsası qoyulub, 1932-ci ilin dekabrında isə teatr bütün işçiləri ilə birlikdə Gəncəyə köçüb və Gəncə Dram Teatrı adlandırılıb (1935-1990-cı illərdə Cəfər Cabbarlı adına Kirovabad Azərbaycan Dövlət Dram Teatrı). Son vaxtlara qədər mövcud olan teatrın köhnə binası 1886-cı ildə alman sahibkar Kristofer Forer tərəfindən tikilib.

 

Lənkəran

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı digər teatrlarla müqayisədə nisbətən “gəncdir”. O,  1973-cü ildə yaradılıb və M.İbrahimovun “Yaxşı adam” tamaşası ilə fəaliyyətə başlayıb. Teatrın repertuarına Azərbaycan və xarici dramaturqların əsərləri daxildir: S.Vurğunun “Vaqif”, M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, U.Şekspirin “Qış nağılı”, A.Ostrovskinin “İldırım” və s.

Bundan başqa, Azərbaycanda Mingəçevir Dövlət Dram Teatrı, Qax Dövlət Gürcü Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Qazax Dövlət Dram Teatrı və Salyan Dövlət Kukla Teatrı fəaliyyət göstərir.

 

Nə ilə öyünək?

Azərbaycan teatrlarının uzun tarixə malik olmasına baxmayaraq, müxtəlif illərdə ölkənin bütün rayon teatrlarında enişli-yoxuşlu dövrlər olub.Belə ki, Azərbaycanın xalq artisti, istedadlı rejissor Vaqif Əsədovun Tbilisi və İrəvan teatrlarında səhnələşdirdiyi Sofoklun “Elektra” tamaşası Ümumittifaq Teatr Festivalının baş mükafatlarına layiq görülüb. Digər tərəfdən son dövrlərdə Azərbaycanın rayon teatrları ilə bağlı öyünüləsi heç nə yoxdur.Bunun obyektiv və subyektiv səbəbləri var.

Təxminən, 30 il ərzində müharibə şəraitində olmuş dövlət təkcə paytaxtdakı deyil, həm də bölgələrdəki teatrlara dəstək göstərib. Lakin bölgələrdəki teatrlar bunu özünəməxsus şəkildə qəbul edib. Məsələn, Cəfər Cabbarlının “Almaz” əsərinin səhnələşdirilməsi ilə fəaliyyətə başlayan Mingəçevir Dövlət Dram Teatrı 1968-ci ildə yaradılıb. Onun fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan və xarici dramaturqların əsərləri əsasında 300-ə yaxın tamaşa səhnələşdirilib. Bu teatr ölkənin əksər şəhər və rayonlarına, həmçinin Türkiyə, Gürcüstan, Rusiyaya qastrol səfərlərinə yollanıb, festivallarda iştirak edib. Kollektivin işi ilə bağlı xatırlaya biləcəyiniz son hadisə rəhbərliyin sənətə heç bir aidiyyəti olmayan səbəblərdən vəzifədən uzaqlaşdırılması ilə bağlı xəbərlərdir. Belə ki, teatr rəhbərliyi Mədəniyyət Nazirliyinə repertuar planı təqdim etsə də, bu siyahıda olan heç bir tamaşa səhnələşdirilməyib. Amma əvəzində yeni il şənlikləri keçirilib, başqa kommersiya özfəaliyyəti ilə məşğul olunub.

 

Mədəniyyət Nazirliyi yeni modeli təqdim edəcək

Region teatrlarının hazırkı durumu və Azərbaycan Mədəniyyət Nazirliyinin yaxın planları ilə bağlı qurumdan bildirilib ki, teatr tənqidçilərindən ibarət xüsusi işçi qrup yaradılıb. Onlar teatrların repertuar planını, kadr potensialını, ümumi texniki təchizatını və idarəetmə strukturunu təhlil edəcəklər. Bu analitik iş başa çatdıqdan sonra mövcud problem və çatışmazlıqların aradan qaldırılması üçün yeni model təqdim olunacaq. Yeri gəlmişkən, bu problemlərin üzə çıxarılması nazirliyin bu ilin mart ayında təşkil etdiyi teatr forumunun məqsədlərindən biri olub.

Qeyd olunub ki, Bakıda teatrların vəziyyətini qənaətbəxş hesab etmək olar. Bildirilib ki, ictimaiyyət tərəfindən teatr tamaşalarına tələbat var, repertuar vaxtaşırı yenilənir, tamaşaların premyeraları keçirilir. Amma regionlarda mənzərənin bir qədər fərqli olduğu qeyd edilib. Qurumdan verilən məlumata görə, ən ciddi problem peşəkar kadrların hazırlanması və seçilməsi məsələsidir. Bununla bağlı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə artıq sıx əməkdaşlığa başlanılıb. İstedadlı gənclərin rayon teatrlarının fəaliyyətinə cəlb edilməsi, onların teatrlarda işləməsi üçün şərait yaradılması nəzərdə tutulur.

Region teatrlarında idarəetmə məsələsinə gəlincə, yeni idarəetmə modelində operativliyin təmin edilməsi üçün 2022-ci ilin təcrübəsi, onun müsbət və mənfi tərəfləri nəzərə alınmaqla yeni yanaşmanın işlənib hazırlanması lazımdır. Bu sahədə xarici ölkələrin təcrübəsi də maraqlıdır.

Nazirlikdən verilən məlumata görə, mövcud reallıqların təhlili başa çatdıqdan sonra xüsusi dövlət proqramının hazırlanmasına başlanılacaq. Söhbət maliyyə mexanizmlərinin yenilənməsindən, daha dəqiq desək, teatrların özünü maliyyələşdirməsindən gedir. Məsələn, dövlət-özəl tərəfdaşlıq prinsipinin tətbiqi məsələlərinə artıq baxılır. İnfrastrukturla bağlı məsələlər nəzərə alınaraq, teatr binalarının bərpası və yenidən qurulması ilə bağlı işlər aparılmalıdır. Yeri gəlmişkən, idarədən qeyd edilib ki, Sumqayıt, Gəncə və bir sıra digər rayonlarda teatr binalarının vəziyyəti kifayət qədər qənaətbəxşdir.

Yaxşı, ümid edək ki, yeni dövlət proqramı əslində çoxillik və zəngin tarixə malik rayon teatrlarının yerli teatrsevərlər arasında əvvəlki populyarlığını bərpa etməyə yardım göstərəcək. Sevindirici haldır ki, onların bəzilərində artıq kadr islahatları aparılır. Bu islahatlar Azərbaycan paytaxtından kənarda teatr həyatını dəyişmək iqtidarındadır.



MƏSLƏHƏT GÖR:

52