5 May 2024

Bazar, 19:26

UĞURLU YATIRIM

18 milyard dollarlıq investisiya, 5 min işçi, rekord satış – SOCAR-ın Türkiyədəki 15 illik fəaliyyətinin əsas nəticələri

Müəllif:

15.05.2023

Bu il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə fəaliyyət göstərməsinin 15 ili tamam olur. 15 il bir təşkilatın fəaliyyətində kifayət qədər əhəmiyyətli bir dövrdür. Yəni bu dövrə əsaslanaraq bəzi nəticələr çıxarmaq mümkündür.

Türkiyənin ən böyük neft-kimya kompleksinin əsas sahibinə çevrilən SOCAR bu illər ərzində qardaş ölkədə iştirakını xeyli gücləndirib. STAR neft emalı zavodu, Egey I konteyner terminalı, külək stansiyaları tikilib və istifadəyə verilib. SOCAR həmçinin “Kayserigaz” və “Bursagaz” qazpaylayıcı şirkətlərinin və “Millenicom” telekommunikasiya şirkətinin sahibidir. Bundan başqa, Azərbaycan şirkəti bu ölkənin daxili bazarına təbii qaz təchizatı və Türkiyənin bir sıra iri şəhərlərində yerləşən hava limanlarında olan təyyarələrin yanacaqdoldurma məntəqələrinə neft məhsullarının tədarükü ilə məşğuldur.

SOCAR Türkiyədə Əliağa bölgəsində xüsusi sənaye zonası statusu alan ilk şirkətdir. Azərbaycan şirkətinin investisiyalarının əsas hissəsi məhz buraya qoyulub.

“SOCAR Türkiyə” şirkətinin Baş direktoru Elçin İbadov, həmçinin “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri və “Petkim Petrokimya Holding”in Baş direktoru Anar Məmmədov şirkətin Türkiyə bazarında nə qədər irəliləməsi barədə danışıblar.

- Cənab İbadov, SOCAR-ın 2022-ci ildə Türkiyədəki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəməsi olan “SOCAR Enerji Turkey A.Ş.” (“SOCAR Türkiyə”) 2008-ci ildə “Petkim Petrokimya Holding”in səhmlərinin 51%-ni Özəlləşdirmə İdarəsindən satın alaraq fəaliyyətə başlayıb. Kompleksin inkişafı və STAR neft emalı zavodu, TANAP təbii qaz kəməri, Petkim Külək Elektrik Stansiyası və Egey regionunda ən böyük konteyner terminalı olan SOCAR Terminal kimi irimiqyaslı layihələrin həyata keçirilməsi sayəsində şirkət Türkiyənin ən böyük xarici investoruna çevirilib.

“SOCAR Türkiyə” fəaliyyətinin bütün istiqamətlərində ölkənin iqtisadi inkişafına töhfə verir. Şirkət təmin etdiyi əlavə dəyər və bütün sahələrə təsir edən xammal istehsalı sayəsində enerji sektorunda aparıcı rol oynayır. Fəaliyyət göstərdiyi 15 il ərzində şirkətimizin Türkiyə iqtisadiyyatına ümumi sərmayəsi təqribən 18 milyard dollar, işçilərin sayı isə 5,3 min nəfər təşkil edib.

2022-ci ildəki fəaliyyətimizin nəticələrinə gəlincə, məlum olduğu kimi, ötən ilin ikinci yarısında dünyada baş verən geosiyasi hadisələr səbəbindən qlobal inflyasiya baş verib. Bundan başqa, koronavirus pandemiyasının təsiri hələ də davam edir. Bütün bunlara baxmayaraq, 2022-ci ildə biz böyük uğurlar əldə etdik. Belə ki, ötən il “SOCAR Türkiyə” üçün gəlirlilik, həmçinin aktivlərdən səmərəli istifadə baxımından rekord il olub. Məsələn, “Petkim” neft-kimya kompleksi ötən il satışlarını 70% artırıb, onun xalis mənfəəti 6,6 milyard türk lirəsinə, yəni təxminən 400 milyon dollara çatıb.

Biz həmçinin əlavə sərmayə qoymadan yüksək mühəndislik texnologiyalarından istifadə etməklə STAR neft emalı zavodunun emal gücünü 10 milyon tondan 11,3 milyon tona çatdıra bildik.

Hazırda “Petkim” neft-kimya kompleksi ilə inteqrasiya olunmuş STAR neft emalı zavodu Türkiyənin neft məhsullarına olan daxili tələbatının 25%-ni ödəyir. “Petkim” neft-kimya kompleksinin bununla bağlı göstərici isə 12% təşkil edir. Bu zaman belə bir sual yarana bilər: əvvəllər 18% olan bu göstərici niyə indi 12% təşkil edir? Bu, neft-kimya bazarının və tələbatın artması ilə əlaqədardır. Bizim istehsal gücümüz bu artıma çata bilmir. Lakin bunda müsbət ismarış da var. Bu, gələcək inkişaf üçün hansı əlavə addımların atılması barədə düşünməyə vadar edir.

- “SOCAR Türkiyə”nin inkişaf etdirmək niyyətində olduğu yeni istiqamətlər varmı? Məlumdur ki, dünyanın əksər aparıcı ölkələri və şirkətləri iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün dekarbonizasiyaya və “yaşıl enerji”yə diqqət yetirərək inkişaf strategiyalarını dəyişirlər...

- İnkişaf etdirmək niyyətində olduğumuz bir neçə perspektivli istiqamətlər var. İlk növbədə, bu rəqəmsallaşmadır. Yəni müxtəlif rəqəmsal alətlərdən, robototexnikadan və hətta dronlardan istifadə etməklə biznes işlərini görmək. Yeri gəlmişkən, “SOCAR Türkiyə”nin fəaliyyətinin rəqəmsallaşdırılması üçün artıq 70 milyon dollar vəsait ayrılıb. Daha dəqiq desək, söhbət insan resurslarının davamlı inkişafı, ətraf mühitin və cəmiyyətin qorunması üçün atacağımız addımlardan gedir. İlk növbədə istehsalın dekarbonlaşdırılması və “yaşıl iqtisadiyyat”a keçid gözlənilir. “Yaşıl investisiyalar” çərçivəsində bizim üçün 3 əsas prioritet məsələ var: karbohidrogen emissiyalarının miqdarının azaldılması, tullantıların təkrar emalı və onlardan yeni məhsulların istehsalı, həmçinin “yaşıl fondlar”dan maliyyələşmənin təmin edilməsi.

Bu məqamda qeyd etmək istərdim ki, bu hədəflərlə bağlı konkret göstəricilərə nail olmaq istəyirik: 2035-ci ilədək karbohidrogen emissiyalarını 40%-ə qədər azaltmaq, 2050-ci ilə qədər isə bu göstəricini tamamilə sıfıra endirmək niyyətindəyik.

Bu gün “SOCAR Türkiyə” məhsullarının əsas hissəsini Türkiyə bazarında satır. Eyni zamanda şirkət təsirli ixrac göstəricilərinə malikdir. Belə ki, 2021-ci ildə Türkiyənin ən böyük ixracatçıları siyahısında 8-ci yerdə qərarlaşmışıq.

- Türkiyə bu yaxınlarda Qara dənizdə təbii qaz ehtiyatlarının hasilatına başlayıb. Bu, xarici ölkələrdən təbii qaz tədarükünün həcminə və Cənub Qaz Dəhlizinin fəaliyyətinə təsir göstərə bilərmi?

- Bildiyiniz kimi, Türkiyə təbii qaz qovşağı olmaq üçün müəyyən addımlar atır. Bu ilin aprelində “Sakarya” yatağından ilk təbii qazın hasilatı bu işlərin məntiqi nəticəsidir. Lakin hələ istehsal həcmi aşağıdır və daxili tələbatı tam ödəmək iqtidarında deyil. Son 7 ildə, yəni 2016-cı ildən Türkiyə məqsədyönlü şəkildə daxili mənbələr hesabına təbii qaz təchizatının səviyyəsinin artırılması istiqamətində işlər aparır. Söhbət yeni LNG stansiyalarının, təbii qaz anbarlarının tikintisindən və yeni təbii qaz xətlərinin çəkilməsindən gedir. Eyni zamanda, bu (Türkiyənin təbii qaz hasilatının inkişafı – “R+”) Trans-Anadolu kəmərinin (TANAP) imkanlarından daha səmərəli istifadə etməyə imkan verəcək.

Məlum olduğu kimi, 2018-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə istifadəyə verilən TANAP kəməri Cənub Qaz Dəhlizinin bir hissəsidir. Bu kəmər böyük strateji əhəmiyyətə malikdir. Belə ki, TANAP həm ölkəmizdə, həm Avropada təbii qaz ehtiyatlarının artırılmasına, həm də Türkiyənin enerji dəhlizinə çevrilməsinə imkan verir.

2018-ci il iyunun 30-dan etibarən TANAP kəməri ilə Türkiyəyə 21,5 milyard kubmetrdən çox, 2020-ci il dekabrın 31-dən isə Avropaya 23,3 milyard kubmetr təbii qaz tədarük edilib. Beləliklə, ümumilikdə 45 milyard kubmetrə yaxın Azərbaycan təbii qazı Türkiyə və Aİ-yə ixrac edilib.

Hazırda TANAP-ın ötürücülük qabiliyyətinin genişləndirilməsi məsələsinə baxılır. Ümid edirik ki, bu məsələ hər iki dövlətin milli maraqlarına uyğun olaraq razılaşdırılacaq və həll olunacaq.

- Şirkət Türkiyədə enerji sektorunda, xüsusən də bərpa olunan enerji mənbələri sahəsində yeni istehsal güclərinin yaradılması üzrə layihələr həyata keçirməyi planlaşdırırmı?

- Bu, prioritet istiqamətlərdən biridir və dayanıqlılıq strategiyamızın əsasını təşkil edir. Biz 2014-cü ildən bəri ümumi gücü 51 MVt olan 17 külək turbini inşa etmişik. Onların sayını artırmaq üçün müəyyən işlər aparılır. Belə ki, bununla bağlı artıq Türkiyənin müvafiq dövlət orqanlarından icazə almışıq.

Bundan başqa, müəssisələrimizdəki bəzi qurğuların günəş enerjisi ilə təmin olunması istiqamətində işlər aparılır. Sabancı Universiteti ilə əməkdaşlıq edən “SOCAR Türkiyə” Araşdırma və İnnovasiyalar Mərkəzi “Bipolyar membran elektrolizlərindən istifadə etməklə hidrogen istehsalı üçün unikal anodların hazırlanması” adlı layihəyə start verib. Layihənin məqsədi sudan “yaşıl hidrogen” istehsalı üçün tərkibində yeni nəsil katalizatorlar olan unikal elektrodlar hazırlanmasıdır.

- Cənab Məmmədov bu il STAR neft emalı zavodunun fəaliyyətə başlamasının 5 ili tamam olur. Zavodun fəaliyyətini necə qiymətləndirirsiniz və bu layihənin icrası ilə bağlı cəlb edilmiş kreditlərin ödənilməsi prosesi necə gedir?

- STAR neft emalı zavodunun tikintisinə yönəldilmiş investisiyaların ümumi məbləği cəlb olunmuş kreditlərlə birlikdə 6,3 milyard ABŞ dolları təşkil edib. Neft və neft məhsullarının saxlanması üçün əlavə çənlərin tikintisinə qoyulan investisiyalar nəzərə alınmaqla, yatırılan vəsaitin həcmi artaraq 6,7 milyard dollara çatıb. Ümumilikdə deyə bilərəm ki, STAR çox səmərəli və rentabelli layihədir.

Kreditlərin qaytarılmasına gəlincə, bu proses qrafikə uyğun gedir. Təbii ki, buna bazar şərtləri də təsir göstərib. Ötən il neft emalı sektoru üçün uğurlu olub. Komanda üzvlərimizin “əlavə dəyər yaradın” təşəbbüsü çərçivəsində həyata keçirdikləri layihələr də bunda müsbət rol oynayıb.

Ötən il STAR neft emalı zavodunun istehsal gücü illik 11,3 milyon tona çatıb. Bu il bu göstəricini 12 milyon tona çatdırmaq niyyətindəyik. 2023-cü ilin birinci rübünün nəticələri isə bu hədəfə nail olunacağı ehtimalının çox yüksək olduğunu göstərir.

Bundan başqa, 2024-cü ildə STAR neft emalı zavodunun fəaliyyətini planlı texniki qulluğa dayandıracağıq. Hər bir belə müəssisə 4 il fəaliyyət göstərdikdən sonra bu prosesdən keçir. Neft emalı zavodumiz ilk dəfə bu prosesdən keçəcək. Bununla bağlı bir neçə məqsəd qarşıya qoyulur: ilk növbədə avadanlıqların yoxlanılması və texniki xidməti, həmçinin müəyyən qurğularda təmizlik. Bu da müəssisənin istehsal gücünü 3% artıracaq. İkinci məqsəd STAR neft emalı zavodunda sonrakı planlaşdırılmış dayandırılma tezliyini 4 ildən 5 ilə qədər artırmaqdır. Bu, illik 40 milyon dollar qənaətlə nəticələnəcək. Faizlə ifadə etsək, zavodun hazırkı istehsal həcmi 118,5% təşkil edir. Bu göstəricini daha 3% artırmaq niyyətindəyik: 121-121,5%-ə qədər.

- Neft emalı zavodu üçün neft idxalı məsələsi necə həll olunur və məhsulların çeşidini genişləndirməyi düşünürsünüzmü?

- Zavod Aralıq dənizində yerləşdiyi üçün nefti ən yaxın regionlardan - Qara dəniz, Aralıq dənizi, Şimali Afrika, Qərbi Afrikadan tədarük etməyə və zavodumuza uyğun gələn neft növlərini idxal etməyə üstünlük veririk. STAR unikal zavoddur. Çünki o, ən ucuz, keyfiyyətsiz nefti emal etməyə və əlavə dəyər yaratmağa qadir olan dünyada tikilmiş ən sonuncu zavoddur. Zavodumuzda açıq rəngli neft məhsullarının istehsalı 90%-ə yaxındır. Bu isə o deməkdir ki, biz mazut və qudron kimi tünd rəngli neft məhsulları istehsal etmirik.

İstehsal olunan neft məhsullarının ümumi həcmində 55-60%-i dizel yanacağının payına düşür. Zavod elə layihələndirilib ki, burada istehsal olunan neft məhsullarının böyük hissəsi (aviasiya kerosini, nafta və s.) Türkiyədə qalsın.

Gələcəkdə zavodda bərpa olunan mənbələrdən kerosin istehsalını təşkil etməyi planlaşdırırıq. Hələ belə bir məhsul istehsal etmirik. Amma bu reallıqdır. Bu sahədə müəyyən işlərimiz var.

Biz Türkiyənin gələcəyinə və potensialına inanırıq. İndiyədək Türkiyə dövlətindən inanılmaz dərəcədə yüksək dəstək alırıq və belə münasibəti çox yüksək qiymətləndiririk.



MƏSLƏHƏT GÖR:

58