1 May 2024

Çərşənbə, 12:14

MƏŞĞULLUQ SƏVİYYƏSİ

Azərbaycan kiçik və orta biznesin inkişafını və insan kapitalının artmasını hədəfləyib

Müəllif:

15.05.2023

Beynəlxalq Əmək Təşkilatının (BƏT), həmçinin Dünya İqtisadi Forumunun və Dünya Bankının araşdırmalarına əsasən, mövcud tendensiyalar yaxın illərdə məşğulluq səviyyəsinin azalacağını göstərir. Avrasiyadakı geosiyasi qeyri-sabitlik, hətta inkişaf etmiş ölkələrdə belə iqtisadi artım templərinin kəskin şəkildə aşağı düşməsinə səbəb qlobal resessiya və inflyasiya təzyiqi, həmçinin rəqəmsallaşma və süni intellektin tətbiqi fonunda bir sıra peşələrin bazardan sıxışdırılması əmək bazarına çox mənfi təsir göstərə bilər. Lakin Azərbaycanda son illər qeyri-neft sektorunda istehsalın və ixracın artması, Qarabağ regionunda irimiqyaslı infrastruktur və tikinti, həmçinin özünüməşğulluq layihələri üçün işçi qüvvəsinə olan ehtiyac fonunda biznes fəallığı və məşğulluq səviyyəsi yüksəlir.

 

İnsanların əvəzinə robotlar?

Beynəlxalq Əmək Təşkilatının ötənilki hesabatında qeyd olunub ki, Ukraynadakı müharibə bir çox postsovet ölkələrində əmək bazarında ciddi problemlərə səbəb olub. Hətta bu, bir zamanlar çiçəklənən Avropa dövlətlərinə belə mənfi təsir göstərib. Belə ki, burada enerji böhranı, yanacağın, mineral və filiz xammalının yüksək qiymətləri səbəbindən ağır sənaye sektorunun bir çox enerji tutumlu müəssisələri bağlanır. BƏT-in məlumatına görə, 2022-ci ildə dünyada işsizlərin sayı 207 milyon nəfər artıb. Bu da böhrandan əvvəlki 2019-cu illə müqayisədə 21 milyon nəfər çoxdur.

Qlobal işsizlik səviyyəsinin azı 2023-cü ilə və bəlkə də ondan sonrakı illərə qədər pandemiyadan əvvəlki səviyyədən yuxarı qalxacağı gözlənilir. Bundan başqa, BƏT-in ötən ilin dekabrın sonunda dərc etdiyi “Müxtəlif ölkələrdə iş vaxtı” hesabatında qeyd olunub ki, iş həftəsinin müddətinin azalması fonunda orta əməkhaqqı səviyyəsi aşağı düşüb. Bu mənfi tendensiya 2023-cü ildə də davam edəcək. BƏT-in qlobal əmək bazarındakı tendensiyalara dair yanvar hesabatına əsasən, bu il dünyada məşğulluq cəmi 1% artacaq. Yəni bu göstərici ötən illə (artım 2,3%) müqayisədə 2 dəfə az olacaq.

Üstəlik, işsizlərin sayı 3 milyon artaraq ümumilikdə 210 milyon nəfərə çatacaq. Məşğulluq səviyyəsi 2024-cü ildə də aşağı səviyyədə qalacaq - artım cəmi 1,1% olacaq. Tədqiqatın müəllifləri qeyd ediblər ki, iqtisadi artımın yavaşlaması və qeyri-sabitlik fonunda daha çox insan daha ​​aşağı keyfiyyətli işləri qəbul etməli olacaq. Bu iş yerlərində maaş daha aşağı, şərtlər isə çox da cəlbedici deyil. Bu böhranlar və inflyasiya təzyiqləri yaşayış dəyərini artırır. Bu isə ev təsərrüfatlarına təhdid yaradır və ümumi qlobal istehlak tələbinin azalmasına səbəb ola bilər.

Qlobal resessiya, inflyasiya və geosiyasi münaqişələr əmək bazarına təsir edən yeganə amillərdən deyil. Ümumdünya İqtisadi Forumunun “The Future of Jobs 2023” hesabatında yaxın 5 ildə dünyada iş yerlərinin sayının 14 milyon və ya 2% azalacağı qeyd olunub. Bu hesabat dünyanın 27 sənaye klasterindən və 45 iqtisadiyyatdan olan 803 şirkət nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsaslanır. Burada bildirilib ki, 2027-ci ilin sonuna qədər 69 milyon iş yerinin yaradılması gözlənilir, lakin eyni zamanda 83 milyon insan işini itirəcək. İxtisarlar, ilk növbədə, maliyyə-administrativ sektora təsir edəcək: kassirlərə, o cümlədən bilet satan kassirlərə və bank işçilərinə, həmçinin poçt və mühasibat işçilərinə, katiblərə və s. İşçilərin sayının azalacağı ilk 10 peşəyə qanunvericilər və məmurlar da daxildir.

Beləliklə, növbəti onillikdə əmək bazarındakı vəziyyət “yaşıl iqtisadiyyat”a və rəqəmsal sənaye 4.0-a keçidi pozacaq. Amma bu dəyişikliklər işçilər üçün ciddi imkanlar yaradacaq. Süni intellekt, maşınların öyrənilməsi, dayanıqlı inkişaf, biznes analitikası, informasiya təhlükəsizliyi və İT sektorunun digər sahələri, o cümlədən startaplar üzrə mütəxəssislərə tələbat artacaq.

Oxşar ismarış Dünya Bankının (DB) hesabatında da müşahidə olunur. Ənənəvi peşələrdə süni intellektin tətbiqi, həmçinin rəqəmsal texnologiyaların kütləvi şəkildə mənimsənilməsi, “təmiz enerji”yə keçid və təchizat zəncirlərinin yenidən bölüşdürülməsi səbəbindən növbəti 5 il ərzində dünya üzrə iş yerlərinin təxminən dörddə biri dəyişəcək. Bankın analitiklərinin fikrincə, “ChatGPT” kimi texnologiyaların yaranması kommunikasiya və proseslərin koordinasiyası ilə əlaqəli olan iş yerlərini avtomatlaşdıracaq və ya əvəz edəcək. Eyni zamanda Dünya Bankının sorğusunda iştirak edən 800 şirkətin təxminən 75%-i yaxın 5 ildə süni intellekt texnologiyalarını tətbiq etmək niyyətindədir. Nəticədə, 26 milyon iş yerinin ixtisar ediləcəyi gözlənilir.

 

Yeni peşələr – yeni iş yerləri

Sadalanan proseslər təkcə yüksək inkişaf etmiş dövlətlərə aid deyil, onlar tədricən inkişaf etməkdə olan ölkələrdə, o cümlədən postsovet məkanında özünü göstərəcək. Bəs Azərbaycanın əmək bazarı keyfiyyət dəyişikliklərinə nə dərəcədə hazırdır və dünya üçün indiki böhranlı dövrdə ölkəmizdə məşğulluqla bağlı məsələlər necə həll olunur?

Biznesin və ictimai həyatın rəqəmsallaşması ilə bağlı qlobal tendensiyalar qaçılmaz olaraq Azərbaycana da təsir edəcək və hökumət artıq bununla bağlı qabaqlayıcı tədbirlər görür.

“Son illər ərzində Azərbaycan hökumətinin həyata keçirdiyi islahatlar sayəsində insan kapitalının inkişafı sahəsində nəzərəçarpacaq irəliləyiş var: hesabatımıza əsasən, Azərbaycanda 2010-2020-ci illərdə İnsan Kapitalı İndeksi 50%-dən 58%-ə qalxıb”, - Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda insan inkişafı üzrə direktoru Fadia Saadah “Azərbaycan üzrə İnsan Kapitalı İcmalı”nın təqdimatında bildirib.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5 əsas bəndindən biri insan kapitalının inkişafı və müasir texnologiyaların tətbiqidir. Bu sənəd çərçivəsində həyata keçirilən, ortamüddətli dövrü əhatə edən “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası”nda dördüncü sənaye inqilabının komponentlərinin daha da inkişafı, qeyri-neft sektorunda elmtutumlu, innovativ istehsalın xüsusi çəkisinin artması, kənd təsərrüfatı, ticarət və xidmətlər, maliyyə, nəqliyyat, kommunal xidmətlər və şəhər təsərrüfatında, səhiyyə kimi sahələrdə İT texnologiyalarının fəal tətbiqi nəzərdə tutulur. Bu addımlar iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq və yerli biznesi innovasiyaya yönəltmək məqsədi daşıyır. Əlbəttə ki, bu, ölkənin beynəlxalq əmək bölgüsü sisteminə daxil olmasına imkan verəcək.

“Əvvəllər dünyada gedən tendensiyalar və qloballaşma ÜDM-in ölçüsü ilə hesablanırdısa, hazırda insan kapitalının inkişafı ilə ölçülür. Qarşıdan gələn dördüncü və beşinci sənaye inqilablarında da insan kapitalının inkişaf etdirilməsi və əmək bazarındakı iştirakçılara təqdim olunması koordinasiyalı şəkildə həyata keçirilməlidir. Bu amillər Azərbaycanın gələcək inkişafını müəyyən edəcək”, - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev Bakıda keçirilən “Global HR Summit 2023” tədbirində deyib.

Hazırda əsas vəzifə ixtisaslı kadrları hazırlamaq və biznes sahəsində yüksək texnologiyalı pilot layihələri dəstəkləməkdir. Artıq bu istiqamətdə ilk addımlar atılır. Ekologiya sahəsində İT startaplarının formalaşdırılmasına və proqram təminatı biznesi üzrə təlim üçün ixtisaslaşmış inkubasiya mərkəzlərinin yaradılmasına başlanılıb. IoT texnologiyalarının (əşyaların interneti) tətbiqi və robotlaşdırma layihələrinin həyata keçirilməsi, digər müasir texnologiyaların inkişafı üzrə mütəxəssislərin hazırlanması istiqamətində də işlər aparılır. Məsələn, “yaşıl enerji”, enerji səmərəliliyi sistemləri və tullantısız, ekoloji cəhətdən təmiz istehsal seqmentində.

Təbii ki, insan kapitalının inkişafı mexanizmləri formalaşmadan sadalanan sahələrdə işlərin həyata keçirilməsi mümkünsüzdür. Odur ki, universitetlərdə və ixtisaslaşdırılmış elmi mərkəzlərdə kadrların ixtisasının artırılmasına, həmçinin İT texnologiyaları və elektronika, riyaziyyat, fizika və digər dəqiq elmlərdə yeni mütəxəssislərin hazırlanmasına yönəldilmiş işlər həyata keçirilir.

Bu məsələlərin həllinə Türkiyə, eləcə də İsrail Texniki Universiteti ciddi dəstək verir. Qeyd edək ki, adıçəkilən universitet Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yaradılmasını dəstək göstərib. Bu mərkəzdə artıq ixtisaslaşmış mütəxəssislərin hazırlanmasına başlanılıb. Bundan başqa, bir sıra Avropa ölkələrinin, eləcə də WEF strukturlarının köməyi ilə Bakıda IV Sənaye İnqilabı Mərkəzinin filialı yaradılıb.

“Biz iqtisadi inkişafın və innovativ istehsal sahəsinin təhsil, praktiki və tətbiqi elm, həmçinin digər sahələrlə uzlaşdırılması istiqamətində səylərimizi birləşdirməli və buna uyğun olaraq təhsilin inkişafı üçün kapital formalaşdırmalıyıq”, - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

 

Biznes işsizliyə qarşı

Hökumətin əsas vəzifəsi əmək bazarını genişləndirmək və aktuallığını itirən peşələrdə iş yerlərinin itirilməsini kompensasiya etməkdir. Söhbət xüsusən texnoparkların, sənaye zonalarının, sənaye məhəllələrinin, azad iqtisadi zonaların və digər sənaye klasterlərinin inkişafından gedir. Sadalanan seqmentlərdə indiyədək 10 mindən çox iş yeri yaradılıb. Bu proses davam edir. Yaxın 1-2 ildə sənaye zonalarında ümumi dəyəri 370 milyon manatdan çox olan yeni layihələr həyata keçiriləcək. Bu isə əlavə 2400 daimi iş yerinin yaradılmasına imkan verəcək. Ötən il ölkədə qeyri-neft sənaye məhsullarının istehsalında sənaye zonalarının payı 16,7%, onların dünyanın 50-dən çox ölkəsinə ixracda payı isə 29,5% təşkil edib.

Kiçik və orta biznes (KOB) də əmək bazarında vakansiyaların artmasına töhfə verməlidir. Ölkədə aktiv sahibkarların sayı getdikcə artır. Bununla bağlı göstərici hazırda 720 mini ötüb. Onların dəstəyi və məşğulluq xidmətləri vasitəsilə son 5 ildə 282 min nəfər işlə təmin olunub. 2026-cı ilə qədər KOB seqmentində istehsal payının ölkənin ÜDM-də 35%-ə, qeyri-xammal müəssisələrində məşğulluq səviyyəsinin isə 60%-ə çatdırılması planlaşdırılır. Bu baxımdan effektiv vergi, maliyyə və digər güzəştlərə malik ekosistem yaratmaqla biznes mühitinin daha da optimallaşdırılması, həmçinin KOB sektoru üçün ixrac imkanlarının genişləndirilməsi zəruridir.

Respublikada işsizliyin azaldılmasının digər mühüm vasitəsi özünüməşğulluq proqramıdır. Buna cəlb olunan vətəndaşların sayı tədricən artıb. 2017-ci ildə bununla bağlı göstərici 1232 nəfər idi. Ötən il isə bu göstərici 16,2 min nəfərdən çox olub. Hazırda bu proqramda 17 minə yaxın vətəndaşın iştirakı nəzərdə tutulur. Bu məsələyə İşsizlikdən sığorta fondunun 212,7 milyon manata qədər artan büdcəsi də töhfə verməlidir. Ümumiyyətlə, son 5 ildə özünüməşğulluq proqramı çərçivəsində 60 mindən çox işsiz ailəyə mikro və kiçik biznesin yaradılmasına köməklik göstərilib.

Yerli əmək bazarında təklifin artması üçün ən mühüm katalizator rolunu artıq üçüncü ildir ki, Qarabağ regionunun dirçəliş proqramı oynayır. Bu proqram minlərlə mütəxəssisin cəlb edilməsi və kapital qoyuluşlarının həcmi ilə dərin təəssürat yaradır. Azərbaycanın maliyyə naziri Samir Şərifov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpasına 2021-2023-cü illər üçün ümumi xərclər 9,7 milyard manat təşkil edəcək.

Beləliklə, “Böyük Qayıdış” proqramı çərçivəsində azad edilmiş ərazilərdə yaşayış və sosial infrastrukturun yaradılması, aqrar-sənaye klasterlərinin formalaşdırılması 35 mindən çox keçmiş məcburi köçkünün tədricən buraya qayıtmasına gətirib çıxaracaq. Üstəlik, bütün bunlar uzun illər ərzində yeni iş yerlərinin yaradılması üçün əhəmiyyətli mənbə rolunu oynayacaq.



MƏSLƏHƏT GÖR:

61