5 May 2024

Bazar, 21:02

VATİKANDA ƏSASLI TƏMİR

Papa Fransiskin islahatları baş tutacaqmı?

Müəllif:

15.05.2023

Maliyyə cinayətləri yalnız Uoll-stritə xarakterik deyil. Sən demə, bu, müqəddəs şəhər olan Vatikan üçün də adi hal imiş. Dünyanın nüfuzlu mətbuat orqanları dələduzluq və korrupsiya ilə bağlı dolayısı ilə Roma Papasına da aid olan və artıq ilyarımdır davam edən məhkəmə prosesini «əsrin prosesi» adlandırır.

73 yaşlı kardinal, bir vaxtlar şəhər dövlətin ən nüfuzlu din xadimlərindən olmuş Covanni Ancelo Beççu inanclı şəxslərin ianələri hesabına toplanmış külli miqdarda vəsaiti israf etməkdə, həmçinin vəzifədən sui-istifadədə ittiham olunur. O, Müqəddəs Taxt-Tacın dövlət katibinin müavini kimi, Vatikanın gündəlik işlərinə rəhbərlik edib, Papa ilə görüşmək üçün əvvəldən görüş təyininə ehtiyac olmayan yeganə məmur olub.

Ancelo Beççunun adı Londonun elit Çelsi rayonunda 350 milyon dollarlıq daşınmaz əmlakın alınması məsələsində, həmçinin «Əl-Qaidə» terrorçularının girov götürdükləri kolumbiyalı rahibənin 1 milyon dollar qarşılığında azad edilməsi cəhdində hallanır. Bundan başqa, o, qardaşının Sardiniyadakı xeyriyyə fonduna 225 min avro, eyni zamanda iş adamı olan hansısa xanıma «təhlükəsizliklə bağlı konsultasiya» qarşılığında 575 min avro köçürüb.

Üstəlik, məlum olub ki, məhkəmə araşdırmalarının gedişində Beççu dəfələrlə Papanı dilə tutub, istəyib ki, Papa Fransisk Londonda mülk alqı-satqısı və yaraqlılarla danışıqların onun tapşırığı ilə görülmüş işlər olduğunu təsdiqləsin. Bu da son deyil. Papanın bu istəkləri yerinə yetirmədiyini görən Beççu ona zəng edib, söhbət zamanı Papanın deyilənləri şifahi etiraf etməsini istəyib və… telefon danışığını qeydə alıb. Lakin söhbətdən məlum olur ki, Papa ondan sadəcə, xahişini növbəti dəfə yazılı təqdim etməsini istəyib…

Məlumata görə, Roma Papası kardinalın çirkin əməllərindən çoxdan xəbər tutubmuş, sadəcə nədənsə onlara əhəmiyyət vermir və Beççunu vəzifədən uzaqlaşdırmırmış. «Forbes» Vatikanın keçmiş məmurlarından birinə istinadən yazır ki, Papa Fransiskə hələ təxminən 5 il əvvəl təqdim olunmuş dosyedə Beççunun kilçə fondlarından 2 milyon dollardan çox vəsait mənimsədiyinə dair məlumatlar yer alıbmış. Ona London fırıldağı ilə bağlı məlumat verilən zaman isə Papa, ümumiyyətlə, həmin şəxsləri qəbul etməkdən boyun qaçırıb.

Buraya Vatikanın bu kriminal işdən xəbərdar olan, bəlkə də orada iştirak etmiş baş katibi, həmçinin onun yeni müavini və digər yüksək rütbəli məmurların heç bir cəza almadığını, hətta istintaqa belə, cəlb olunmadıqlarını da əlavə etsək, vəziyyət heç də ürəkaçan görünmür.

Jurnalistlər zarafatla Hollivuda bu cinayət işi əsasında Xarrison Ford və ya Cud Lounun (o, artıq bir serialda Roma Papasını canlandırıb) sərt blokbaster çəkməyi təklif edirlər. Nəzərə alsaq ki, Vatikan artıq illərdir kardinalların, Vatikan Bankı rəhbərlərinin və digər yüksək rütbəli şəxsləri də iştirakçısı olduğu korrupsiya qalmaqallarının mərkəzinə çevrilib, blokbaster çoxseriyalı da ola bilər. Amma məsələ yalnız korrupsiya qalmaqalları ilə bitmir. Vatikan seksual zorakılıq, o cümlədən uşaqlara qarşı seksual zorakılıqlarla bağlı da çoxsaylı ittihamlara məruz qalıb.

 

Yerli elitanın təzimi

Vatikanın problemləri daxili çəkişmələrlə məhdudlaşmır. Lakin Papa Fransiskin geosiyasi çağırışların öhdəsindən gəlmək cəhdləri çoxları tərəfindən təəccüblə qarşılanır.

Bu gün bütün diqqətlər təbii olaraq, ilk növbədə Ukraynaya yönəlib. Doğrudur, bu savaş başlayandan bu yana Vatikan dəfələrlə sülhə çağırışlar edib. Bununla yanaşı, Vladimir Putinin açıq şəkildə məzəmmət olunmasına rast gəlinmir. Pontifik bəyanatlarında Putinin tərəfində olmadığını göstərməyə çalışır, lakin eyni zamanda bildirir ki, o, «hər şeyi yaxşı və pis oğlanlar arasındakı fərqə bağlamaq, problemlərin kökünə varmamaq, maraqlara nəzər yetirməmək də doğru deyil». Papa 4-5 milyon katolikin yaşadığı ölkənin paytaxı Kiyevə səfər etmək, onlara dəstək vermək təklifini də israrla rədd edir. O, bunu eyni vaxtda Moskvaya da səfər etməli olması, lakin Kremldən dəvət almaması ilə əsaslandırır.

Vatikan üçün ikinci ciddi problem katolik kilsəsinin getdikcə daha çox təzyiq gördüyü Çindir. Papa Fransisk onun vəziyyətini ölkə rəhbərliyinə əhəmiyyətli güzəştlərə getməklə yüngülləşdirməyə çalışır. 2018-ci ildə Vatikan Pekinlə katolik yepiskopunun Papanın razılığı ilə kommunist hökuməti tərəfindən təyin edilməsini nəzərdə tutan razılaşma imzalayıb. Bu isə prinsipcə, kilsə qanunlarına ziddir. Üstəlik, reallıq daha pis alınıb. Bu yaxınlarda – 2023-cü ilin aprelində Çin hökuməti yepiskopu heç kimlə razılaşdırmadan, təkbaşına təyin edib. Bu, Vatikanı çətin vəziyyətdə qoyub: Müqəddəs Taxt-tac Çini onun hüquqlarına hörmətə məcbur etmək üçün heç bir aşkar rıçaqa malik deyil. Amma o, nəticə verməyən danışıqlardan imtina da edə bilmir, çünki bu dalda yerli kilsəni daha böyük fəlakətlə üz-üzə qoya bilər. Çində 12 milyondan artıq katolik yaşayır.

Papanın dəftərxanası çaşqınlıq içərisindədir və nə edəcəyini bilmir: kanon qanunları baxımından bu təyinat legitim hesab olunsun, ya yox? Üstəlik, Papanın qərarsızlığı Çin katoliklərinin də xoşuna gəlmir və onlar hesab edir ki, Müqəddəs Taxt-tac «Çin Kommunist Partiyasına baş əyməyə məcbur edilib».

Çoxları Roma Papasının Afrikaya bu yaxınlarda etdiyi səfəri də tənqid atəinə tutub. Fevralda Konqo Demokratik Respublikası və Cənubi Sudana baş çəkən Papa «dəhşətli istismarı, ləyaqətsizliyi» pisləyərək deyib: «Arikadan əlinizi çəkin! Bəsdir Afrikanı boğdunuz: o, talan ediləcək mədən, işğal ediləcək ərazi deyil». Amma Papa Afrika elitasının yoxsulluğa, geridə qalmışlığa görə daşıdığı məsuliyyət haqda heç nə deməyib. Faktiki olaraq, yenə də şübhəli dividendlərə görə yerli elitaya təzim…

 

Gənclər kilsədən üz döndərir

Vatikanı silkələyən qalmaqallar təbii ki, tərəfdarlarını ondan uzaqlaşdırır. Amma ənənəvi xristian ölkələrində dinin, o cümlədən katolik dininin rolunun azalmasının əsas səbəbkarları, təbii ki, sadalananlar deyil. Qərbi Avropa cəmiyyətlərində dünyəviliyə meyllənmə tendensiyaları İkinci Dünya müharibəsindən sonra başlayıb. II İohann Pavelin rəhbərliyinin (1978-2005) son illərində, xüsusilə də XVI Benediktin vaxtında isə (2005-2013) dünyəvilik meşə yanğını sürəti ilə yayılmağa başlayıb. İrlandiya, İspaniya, İtaliya, nəhayət, Polşa kimi ənənəvi katolik ölkələrində gənclər kilsədən üz döndərir.

1990-cı ildə Polşada müqəddəs messaya katoliklərin 50%-dən çoxu qatılırdısa, 2019-cu ildə bu, təxminən 37%-ə düşüb. Almaniyada 2021-ci ildə kilsəyə 1500 nəfər qoşulubsa, 360 min nəfər onu tərk edib. İngiltərə və Uelsdə katolik sayılan insanların yarıdan bir qədər azı artıq özünü katolik hesab etmir.

Qərb KİV-nin məlumatına görə, əhalisi katolik olan ölkələrdə həftədə kilsəyə ən azı bir dəfə baş çəkən insanlar onların yalnız 28%-ni təşkil edir. Kilsəyə hər yeni qoşulan katolikə qarşı oranı 10 nəfər tərk edir. Katolik kilsəsi hər il təxminən 4-5 min keşiş itirir. Siyahını uzatmaq da olar.

 

İmtiyazsız

Papa Fransiskin vəziyyəti düzəltmək üçün heç nə etmədiyini söyləmək düzgün olmaz. Hər halda, 2013-cü ildə onun təkrar Papa seçilməsinin əsas səbəbi müasir tələblərə cavab verməyən Vatikan bürokratiyasında islahatlara başlanmasına olan ciddi ehtiyac idi. Bu gün katolik kilsəsi özündə 1,3 milyard inanclını birləşdirir.

Vatikanda iddia edirlər ki, korrupsiya, sui-istifadə və İncilin prinsiplərinə zidd davranış Papa Fransisk vəzifəyə gəldiyi andan onun hədəfindədir. Məsələn, kilsə qaydalarında cəzanın sərtləşdirilməsinə, pozuntu sayılan əməllərin əhatəsinin genişləndirilməsinə yönəlmiş əhəmiyyətli islahatlar aparılıb. Ötən il Papa kuriyasında (Müqəddəs Taxt-Tacın və Vatikanın baş inzibati orqanı) islahatları nəzərdə tutan yeni Apostol Konstitusiyasın qəbul edilib. Papanın sözlərinə görə, o, yeni Konstitusiyanın köməyi ilə «Vatikanda əsaslı təmir aparmaq» niyyətindədir.

Konstitusiya Vatikanın rəhbər orqanlarını yenidən formalaşdırmaqla yanaşı, şəhər dövlətə böyük maliyyə şəffaflığı gətirir, onu qadınların və dünyəvi insanların üzünə açır. İndi xristianlığı qəbul etmiş dünyəvi katoliklər, o cümlədən qadınlar ənənəvi olaraq kardinalların rəhbərlik etdiyi departamentlərin başına keçə bilər. Yetkinlik yaşına çatmamış şəxslərin müdafiəsi sahəsində institusional güclərə xüsusi yer ayrılıb – kilsə hökumətinin tərkibinə ruhinlərin səlahiyyətlərindən sui-istifadəsi ilə mübarizə üzrə komissiya da daxil edilib.

Papanın yeni sərəncamı korrupsiya ilə əlaqədar istintaqa cəlb olunmuş kardinal və yepiskopların əvvəlcə birinci instansiya məhkəmə qarşısına çıxarılmasını nəzərdə tutur. Bu, Papa ilə kardinalları arasındakı münasibətlərdə vacib dönüş nöqtəsi sayılır. Əvvəllər ali katoliklərlə bağlı məsələyə birmənalı olaraq, Vatikan Ali Məhkəməsi baxırdı. İndi isə onlar adi vətəndaşlar kimi mühakimə olunacaqlar. Bu, faktiki olaraq, kardinal və yepiskopların ciddi imtiyazlardan məhrum edilməsidir.

Müasir tarixdə Vatikan gəlirlərin ən kəskin azalması dövrünü yaşayır. Papanın bu halla mübarizəyə dair də ideyaları var. Sərt iqtisadi tədbirlər paketi hər şeydən öncə kardinalların əməkhaqqının 10% azaldılmasını nəzərdə tutur. Qalan din xadimlərinin maaşları da bir qədər azaldılacaq. Bununla yanaşı, Papa Fransisk Vatikanın tarixi binalarında əhəmiyyətsiz təmir işlərin dayandırıb, yerli məmurları daha az səyahət etməyə çağırıb.

Katolik kilsəsi 1000 illik subaylıq ənənəsinə yenidən baxmağa çağırılıb. Papa bildirib ki, keşişlərin qadınlarla nikahı dinə zidd deyil. O, XI əsrə aid bu qadağanı «müvəqqəti tədbir» adlandırıb. Halbuki 2019-cu ildə Papa subaylığı «kilsə üçün hədiyyə» sayırdı.

Almaniya katolik kilsəsinin müəyyən islahatlara, o cümlədən eynicinsli şəxslərin nikahına razılıq verməsindən sonra Roma Papası ətrafındakıları təəccübləndirərək, Vatikanın da buna hazır olduğunu bəyan edib.

 

Kommunist Papa

Bu yeni islahatlar Vatikanı xilas edəcək, yoxsa onlar iqtisadi tənəzzül və struktur çalxalanmaları altında əziləcək? Bunu bütünlükdə katolik kilsəsinin inkişaf trayektoriyası göstərəcək. Lakin artıq bəllidir ki, Papa bütün obyektiv daxili və xarici problemlərlə yanaşı, başına daha bir iş açıb – Fransisk Vatikanın maraqlarına ciddi zərbə alan yüksək rütbəli məmurları tərəfindən sərt tənqidə məruz qalır. Onlardan bəziləri hətta Papanı «kommunist» adlandırmaqdan belə, çəkinmir.

İtaliyalı kardinallardan biri «La Stampa» qəzetinə adının açıqlanmaması şərtilə bildirib ki, Papa Vatikan mühafizəkarları tərəfindən devrilmək riski ilə qarşı-qarşıyadır. O, hesab edir ki, «pontifikə elə stress yaşadıla bilər ki, o, istefaya getmək məcburiyyətində qalar».

Roma Papasının yükü ağırdır. Öhdəsindən gələ biləcəkmi?



MƏSLƏHƏT GÖR:

61