2 May 2024

Cümə axşamı, 10:45

QİYMƏTLİ İSMARIŞLAR

Şuşada keçirilmiş beynəlxalq konfransda qlobal və regional geosiyasətin aktual məsələləri müzakirə olunub

Müəllif:

15.05.2023

Mayın əvvəlində 30-dan çox ölkədən təxminən 60 siyasətçi və ekspert, beyin mərkəzlərinin nümayəndələri Azərbaycana toplaşmışdı. Onlar Bakı və Şuşada «Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə» mövzusunda keçirilən beynəlxalq konfransda iştirak ediblər. ADA Universitetinin təşkil etdiyi bu tədbir Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdu.

Daha dolğun hissəsi Azərbaycanın mədəniyyət paytaxtı, azad Şuşa şəhərində keçirilən konfransın əhəmiyyəti onda idi ki, iştirakçılar qlobal və regional siyasətə, iqtisadiyyata aid bir sıra aktuağ suallara cavab tapmağa çalışırdılar.

 

Dünya daha əvvəlki dünya olmayacaq

Konfransın gedişində keçirilən panel müzakirələrdə dünyanın müxtəlif ölkələrindən olan hökumət nümayəndələri, ictimai-siyasi xadimlər, politoloqlar və analitiklər iştirak edib. Onun kulminasiyası isə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı olub. O, dünyanın aparıcı analitiklərin suallarını cavablandırmaqla yanaşı, rəsmi Bakının beynəlxalq və regional siyasətin ən vacib mövzuları ilə bağlı mövqeyini də ifadə edib. Belə ismarışlardan birincisi Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı olub. Maraqlıdır ki, İlham Əliyevin Şuşa bəyanatı Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Ararat Mirzoyanın ABŞ-da görüşdükləri vaxta təsadüf edib. Yerevanın razılığa gəlməkdən imtina edəcəyi təqdirdə Bakının necə davranacağına dair sualı cavablandıran İlham Əliyev deyib ki, «Ermənistan sülh istəmirsə sülh olmayacaq». Lakin Ermənistan bununla, Azərbaycan ərazilərinin işğalda olduğu 30 ildə yaranmış vəziyyətdən qurtulmaq şansını da itirəcək. Məlum olduğu kimi, həmin dövrdə Ermənistan özü regional inkişafdan kənarda qalıb və həqiqətən, müstəqil dövlət olmaq şansını əldən verib.

«Buna görə biz onların konstruktivliyinə ümid edirik», - deyə dövlət başçısı qeyd edib: «Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar».

Prezident Əliyevin xatırlatdığı yeni geosiyasi konfiqurasiyada – istər regional, istərsə də beynəlxalq – şübhəsiz ki, Azərbaycanın Qərblə münasibətləri də vacib əhəmiyyət daşıyır. Bu aspekt xüsusilə bir xüsusda diqqət çəkir: postsovet məkanının bir sıra ölkələrindən fərqli olaraq, Azərbaycan qarşısına Avropa İttifaqı və NATO-ya üzv olmaq hədəfi qoymayıb, bununla yanaşı, Qərbin bu mərkəzləri ilə strateji tərəfdaşlığı inkişaf etdirməkdə az uğur qazanmayıb.

İlham Əliyev diqqəti «Azərbaycanın Türkiyənin hərbi müttəfiqi olmaqla, dolayısı ilə NATO-nun hərbi müttəfiqinqə çevriliyinə» çəkib. Aİ ilə əməkdaşlığa gəlincə, Bakı «birtərəfli əməkdaşlıq formatı»na köklənməyib, bu üzdən də qurumla assosialsiya sazişi imzalamaqdan imtina edib. O, Avropa ölkələri ilə praktik olaraq, qarşılıqlı səmərəli münasibətlər qurur. İlham Əliyev bu mənada, Aİ-nin 9 ölkəsi, yəni quruma daxil olan dövlətlərin üçdə biri ilə strateji tərəfdaşlığa dair bəyannamə imzalandığını xatırladıb, bu sənədlərin «assosiasiya sazişindən daha böyük dəyərə malik olduğunu» söyləyib.

 

Azərbaycan daha güclü olacaq

Azərbaycan-Qərb münasibətlərinin inkişafında ABŞ ilə əməkdaşlıq prioritetdir. Konfransda iştirak edən amerikalı ekspertlərin özləri də etiraf ediblər ki, Birləşmiş Ştatların Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü təşviq etməsi, Azərbaycana gəldikdə isə Ermənistanı sülhə çağırmaqla kifayətlənməsinin zərərli olduğunu etiraf ediblər. Bundan başqa, ABŞ-dan olan iştirakçılar Amerika qanunvericiliyində «Azadlığa dəstək aktı»na 907-ci düzəlişin yer almasını tənqid ediblər.

Azərbaycana münasibətdə böyük ədalətsizliyin olduğunu Prezident İlham Əliyev də dilə gətirib, bildirib ki, «təkcə keçmiş Sovet İttifaqı ölkələrinə münasibətdə deyil, bütün digər ölkələrə münasibətdə də vahid standart yanaşma şamil edilməlidir. Siyasətdə üstün münasibətə heç bir haqq qazandırıla bilməz, hansısa ölkələr daha yaxındırsa, hansısa ölkələr o qədər də yaxın deyilsə». Eyni zamanda dövlət başçısı deyib ki, «Birləşmiş Ştatlarla Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyi həqiqətən böyük təəssürat bağışlayır. İndicə müzakirə etdiyimiz 907-ci düzəlişə, eləcə də Azərbaycanın ərazi bütövlüyünə aid məsələlərin və bəzi ifadələrin həssas olmasına gəldikdə, deməliyəm ki, bu, heç də həll oluna bilməyən ziddiyyətlərin mövcudluğundan xəbər vermir. Əksinə, Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var».

Konfransın əlamətdar nəticələrindən biri İlham Əliyevin beynəlxalq siyasətin Rusiya-Ukrayna müharibəsi, Avropada və bütün dünyada təhlükəsizlik kimi ağrılı məsələlərilə bağlı Bakının mövqeyini açıq və qəti şəkildə ifadə etməsi olub.

«Tamamilə aydındır ki, dünya heç vaxt Rusiya-Ukrayna müharibəsinə qədər olduğu kimi olmayacaq» deyən dövlət başçısı onu «həmin ölkələrin insanları üçün, Avropa üçün və dünya üçün böyük faciə» adlandırıb. Azərbaycan liderinin fikrincə, «yeni geosiyasi dəyişiklik Avropanın, dünyanın hərbiləşməsinə gətirib çıxaracaq. Bu, bir tərəfdən təhlükəli ola bilər, bir növ təhrik rolunu oynaya bilər, digər tərəfdən düşünürəm ki, çəkindirmə amili ola bilər». Azərbaycanın mövqeyinə gəlincə, İlham Əliyev bildirib ki, «tamamilə aydındır, hazırkı vəziyyətin maraqlarından tamamilə kənardır»: «Zənnimcə, Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq». Bununla yanaşı, «əlbəttə ki, dünyanın əksər ölkələri kimi biz bu müharibənin mümkün olduğu qədər tez bitməsini istəyirik. Lakin, eyni zamanda biz realist olaraq başa düşürük, ola bilsin ki, onu mümkün olduğu qədər tez zamanda başa çatdırmaq mümkün olmayacaq».

Nəhayət, Azərbaycanın xarici siyasi maraqlarının mənzərəsini İlham Əliyevin qonşu Türkiyə və İranla münasibətlərə dair fikirləri də ortaya qoyub. Prezident əmindir ki, «Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək». «Hər iki ölkə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. İstər bu hərbi komponent, enerji, kommunikasiyalar, istərsə də ticarət və s. sahələr olsun», - İ.Əliyev qeyd edib.

İrana gəlincə, dövlət başçısı İkinci Qarabağ müharibəsindən sonra Tehranın regionda vəziyyəti pisləşdirən bir neçə addım atdığını bildirib. «Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir», - o, qeyd edib.

Lakin Prezident Əliyevin Şuşa mesajlarının ümumi məğzi ondan ibarətdir ki, Azərbaycan Avrasiyada və bütünlükdə dünyada geosiyasi konfiqurasiyanın sürətlə dəyişdiyi bir vaxtda mövqelərini gücləndirməklə, bundan sonra da regional prosesilərdə vacib rol oynamaq niyyətindədir. Bu amil iqtisadi sahəyə, xüsusilə enerji sahəsinə də öz təsirini göstərir. Məlum olduğu kimi, enerji sahəsində Azərbaycan aparıcı oyunçulardan birinə çevrilib. Onun istehsal və tranzit potensialı bütünlükdə Böyük Avrasiya məkanında inteqrasiya proseslərinin gedişinə ciddi təsir göstərir.

 

Dünyanın bütün nöqtələrinin kəsişməsində

Böyük Avrasiyadakı geosiyasi məsələlərə həsr olunmuş beynəlxalq konfransda Azərbaycanın regional və beynəlxalq iqtisadiyyatdakı rolu da təhlil edilib.

Bu rolun əsas məğzini açıqlayan İlham Əliyev bildirib ki, Azərbaycan «təkcə Şərq-Qərb deyil, Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bütün nəqliyyat imkanlarımız var, infrastruktur tam müasirləşdirilib».

«Orta dəhliz» perspektiv idə müasirləşdirilmə kontekstində qiymətləndirilir. Məlum olduğu kimi, Azərbaycan onun da dəstəklənməsində əhəmiyyətli rol oynayır. Bununla yanaşı, İlham Əliyev Azərbaycanın bu layihədə iştirak potensialı və cəlbediciliyini ölkədə biznes mühitinin yaxşılaşdırılması, «vergi və gömrük sahələrində böyük islahatların aparılması və ümumilikdə, bizim bütün maliyyə sistemimizin şəffaflığı istiqamətində həyata keçirilən islahatlar»la əsaslandırıb.

Konfransın gedişində Aİ-nin enerji təhlükəsizliyinin təminində Azərbaycanın getdikcə artan rolu bir daha vurğulanıb. O da qeyd edilib ki,  tərəflər arasında enerji dialoqu neft-qaz sektoru ilə yanaşı, bərpa olunan enerji və «yaşıl hidrogen» sahəsini də əhatə edir. Avropa Komissiyası nümayəndələrinin Azərbaycanın ümumavropa enerji resursları tədarükçüsünə çevrildiyini təsdiqləmələri təəccüblü deyil.

Bununla yanaşı, Azərbaycanın xarici iqtisadi fəaliyyətində prioritet istiqamətlərdən biri də Asiya ölkələri, ilk növbədə isə qitənin mərkəzi hissəsi ilə əməkdaşlıqdır. İlham Əliyev bildirib ki, «Mərkəzi Asiya və Azərbaycan gələcəkdə daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir. Bunun niyə belə olduğu başadüşüləndir. Burada artıq müasir nəqliyyat infrastrukturuna malik dost ölkə var, istər dəmir yolu, dəniz limanları olsun, Xəzərdə ən böyük donanma, eləcə də yeri gəlmişkən, Qara dənizdə gəmilərin sayının artması olsun. Biz regionda ən böyük hava daşımaları şirkəti və Şərq-Qərb, Şimal-Cənub kimi dəhlizlərə çıxışla Qara dənizdə nəqliyyat mövcudluğumuzu fəal şəkildə artırmağa başlamışıq. Sözsüz ki, bu, böyük imkandır. Sözsüz ki, biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik».

Amma Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında həm də Türk Dövlətləri Təşkilatı (TDT) xətti ilə inkişaf edən münasibətlər onun ümumavrasiya inteqrasiyası proseslərində iştirakının yarlınz bir hissəsidir. Bu inteqrasyia çərçivəsində Azərbaycanın Çinin «Bir kəmər, bir yol» təşəbbüsünə dəstəyi xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu layihənin vacib hissəsi sayılır. Amma o da vacibdir ki, «Bir kəmər, bir yol» layihəsinin, həmçinin Şimal-Cənub dəhlizinin bir hissəsi də gələcək Zəngəzur dəhlizi ola bilər. Odur ki, İlham Əliyevin də dediyi kimi, «Zəngəzur dəhlizinin, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə əhəmiyyəti var. Çünki biz daha böyük həcmdə yüklərin olmasını gözləyirik».

Ümumilikdə, Bakı və Şuşada keçirilmiş beynəlxalq konfrans dünyanın aparıcı beyin mərkəzləri nümayəndələrinin Azərbaycana toplaşması ilə bağlı son illər yaranmış ənənəni daha da gücləndirib, beynəlxalq arenada Azərbaycanın nüfuzunun, mövqeyinin gücləndiyini bir daha təsdiqləyib. Eyni zamanda o, dövlət başçısı İlham Əliyevin regionda və dünyada baş verən proseslərin mahiyyəti və perspektivlərinə geniş baxışını və siyasi ustalığını bir daha nümayiş etdirdi.

Konfrans iştirakçılarından biri, Afinanın Avropa və Amerika Araşdırmaları İnstitutunun direktoru Con Nomikosun «Prezident İlham Əliyev beynəlxalq arenada Azərbaycanın maraqlarını irəli çəkməyin yollarını bilir» fikri ilə razılaşmamaq mümkün deyil.



MƏSLƏHƏT GÖR:

61