4 May 2024

Şənbə, 19:14

MİSİLSİZ SEÇKİ

Türkiyədə qarşıdakı illərdə ölkənin inkişaf yolunu müəyyənləşdirəcək proseslər yaşanır

Müəllif:

15.05.2023

Türkiyədə seçki yarışının birinci mərhələsi geridə qaldı. Bütün hakimiyyət və müxalifət ölkə üçün həyati əhəmiyyət daşıyan bu prosesə səfərbər olunub. Nəzərə alsaq ki, bu dəfə prezident və parlament seçkiləri eyni vaxta təsadüf edib, mayın 14-də keçirilmiş səsverməni, həqiqətən də, misilsiz seçki adlandırmaq olar.

Prezident seçkisində namizədlərdən heç birinin ilk turda qələbə qazana bilməməsi istər ölkədə ehtirasların necə coşduğunu, istərsə də seçkinin nə qədər demokratik keçdiyini göstərir. İlkin məlumata görə, Cümhur İttifaqının namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan səslərin 49,35, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu 45, Ata Alyansının (Atatürk Alyansı) namizədi Sinan Oğan 5,22, Məmləkət Partiyasının lideri Məhərrəm İncə isə (o, seçkiyə üç gün qalmış namizədliyini geri götürüb) 0,43%-ni qazanıb.

Parlament seçkisinə gəlincə, hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) əvvəlki seçki ilə müqayisədə nəticəsini bir qədər pisləşdirsə də, qanunverici orqanda çoxluğu yenə də əldə saxlayıb. İlkin nəticələrə görə, Cümhur İttifaqı parlament seçkisində 49,31, Millət İttifaqı 35,19, Əmək və Azadlıq Alyansı 10,51, Ata Alyansı 2,46, Sosialist Güc Birliyi 0,29% səs qazanıb.

 

Atatürkdən Ərdoğana

Tarixi analogiya aparsaq, qeyd etmək lazımdır ki, Türkiyə yüz il əvvəl olduğu kimi, bu gün də sabaha əminliklə baxan, xalqın səyləri ilə əldə edilmiş nailiyyətləri sayəsində özünü regionun xəritəsində təsdiqləmiş dövlət nümunəsidir. Lakin böyük Atatürkün gənc Türkiyə Cümhuriyyətini qurduğu vaxt o, döyüş meydanlarında əzəmətli qələbələr qazanmasına rəğmən, zəif, müharibənin əldən saldığı ölkə idisə, bu gün yalnız Yaxın Şərqin deyil, dünyanın ən güclü dövlətlərindən biridir. Üstəlik, Türkiyə hazırkı uğurlarının əhəmiyyətli hissəsini məhz son onillikdə qazanıb.

Qeyd etmək lazımdır ki, Mustafa Kamal Atatürkün davamçıları onun 100 il əvvəl qarşıya qoyduğu məqsədlərin böyük hissəsini həyata keçirə biliblər. Lakin tale elə gətirib ki, Türkiyənin «Kamalçı», özünü Türkiyə Cümhuriyyətinin yaradıcısının ideyalarının daşıyıcısı kimi təqdim edən partiyasının lideri hazırkı dövlət başçısı yox, onun dəyişilməz rəqibi Kamal Kılıçdaroğludur. Bu özü də Türkiyə demokratiyasının daha bir nümunəsidir.

Hakimiyyətin reytinqi əldə olunmuş nailiyyətlər hesabına formalaşırsa, müxalifət buna əsasən hökumətin siyasi kursu ilə hansısa səbəbdən razı olmayan elektoratın simpatiyası hesabına nail olur. Narazıların əsas hissəsini isə hökumətin iqtisadi siyasətini bəyənməyənlər təşkil edir. Halbuki ədalət naminə deyilməlidir ki, hazırda Türkiyənin üzləşdiyi iqtisadi problemlərin əksəriyyəti xarici amillərdən, beynəlxalq iqtisadi və maliyyə bazarlarındakı qeyri-sabitlikdən qaynaqlanır.

Amma bu, hakimiyyəti qəti narahat etmir. Məsələn, göstəricilərə əsasən, 2022-ci ildə Türkiyə iqtisadiyyatı istehlak xərclərinin aktivliyi sayəsində sürətlə böyüyüb. ÜDM 5,6% artıb. Bu, «G7» qrupuna daxil olan inkişaf etmiş dövlətlərin analoji göstəricilərindən (cəmi 2,3%) çoxdur.

Bunu Türkiyə rəhbərliyinin diqqəti inflyasiyanın qarşısının xaricdən böyük həcmdə borc götürməklə alınmasına deyil, istehsal həcminin artırılmasına yönəltməsi ilə izah etmək olar. Türkiyədə istehsalın təxminən 60%-ni təşkil edən istehlak xərcləri 2022-ci ildə 19,7% artıb. Yüksək inflyasiya dövründə istehlakçılar əsasən məhsulları bahalaşacağını gözləmədən onları almağa üstünlük verir. Bununla yanaşı, hökumət inflyasiyanı tarazlamaq üçün minimum əməkhaqqını, dövlət sektorunda çalışanların əməkhaqqını və pensiyaları artırıb.

Bununla yanaşı, ölkənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ölkənin sosial-iqtisadi vəziyyətini əhəmiyyətli dərəcədə çətinləşdirib ki, bu da öz növbəsində, müxalifətə ən azı parlamentdə daha çox yer qazanmaq üçün əlavə şans yaradıb.

 

Seçkiqabağı ehtiraslar burulğanında

Müxalifət zəlzələdən dərhal sonra vahid namizədini müəyyənləşdirmək səylərini artırsa da, onun buna nail olduğunu söyləmək mümkün deyil. Müxalif düşərgədə populyarlığını sürətlə artıran Muhərrəm İncə keçmiş rəhbərinə meydan oxuyaraq, ayrıca namizəd olub və bu, təbii ki, Kılıçdaroğlunun səslərinin bir hissəsini itirməsinə yol açıb. Doğrudur, İncə son anda namizədliyini geri götürüb, amma bu, nəticəni dəyişməyib.

Müxalifətin daha bir namizədi Sinan Oğanın seçkidən qalib ayrılmaq şansı az olsa da, etirazçı elektoratın bir hissəsi də onu dəstəkləyib. Ümumiyyətlə, seçkidə müxalifət daha çox ənənvi olaraq dəstəyi daha artıq olan şəhər əhalisinə bel bağlayır. Üstəlik, son bələdiyyə seçkisində Türkiyənin ən iri üç şəhərinin başına məhz müxalifətin namizədləri keçib.

Maraqlıdır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 10-da İstanbulda etdiyi çıxışda ölkədə yeni Konstitusiyanın qəbul oluna biləcəyini deyib. O, bildirib ki, hökumət bu məsələni bir daha qaldırmağı düşünür: «Hamımız məhkəmə sistemimizin terror təşkilatları ilə mübarizəsinə şahidik. İstəyirik ki, Türkiyə üçün milli iradəyə əsaslanan güclü Konstitusiya hazırlayaq. «Türkiyə əsri»nin ən vacib hədəflərindən biri mülki və müstəqil Konstitusiyadır. Məhkəmə nümayəndələrindən bu işə töhfə gözləyirik».

Ərdoğanın bu bəyanatını müəyyən dərəcədə proqram çıxışı da saymaq olar. Demək, o və partiyası seçkini qələbə ilə başa vurarsa, bu məsələ gündəmə gələcək.

Qeyd edək ki, hazırda ölkədə qüvvədə olan Konstitusiya 1982-ci ildə qəbul edilib. General Kənan Evrenin dövründə qəbul edilmiş bu Ali Qanun Türkiyənin sayca 4-cü Konstitusiyasıdır. İndi siyasi rəhbərlik yeni Konstitusiyanın qəbulu ilə keçmişin mirasından tam qurtulmaq istəyir. Yeni əsrdə yeni Konstitusiya.

Xatırladaq ki, yarım il əvvəl bu seçkidə Kamal Kılıçdaroğlunu vahid namizəd kimi müəyyənləşdirmiş partiyalardan ibarət müxalifət ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı öz ideyasını irəli sürmüşdü. O, ölkənin parlament respublikasına çevrilməsini nəzərdə tutur. Amma təklifin müəllifləri onu dövlət idarəçiliyinin xüsusi forması adlandırırlar. Söhbət əsasən kollegial idarəçilikdən gedir və Kamal Kılıçdaroğlu prezident seçiləcəyi təqdirdə bu sistemi gətirmək niyyətindədir.

 

Qüvvələrin birləşdirilməsi və ilkin nəticələr

Bu günlərdə daha bir maraqlı hadisə baş verib. Seçkiqabağı mitinq zamanı Ərdoğan səhnəyə mərhum müəllimi Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanı çıxarıb. Söhbət 2018-ci ildə yaradılmış Yenidən Rifah Partiyasının (YRP) liderindən gedir. Ərbakan Türkiyə ictimaiyyətinin millətçi və ya qatı millətçi qismi tərəfindən dəstəklənir ki, ölkədə ictimai əhvalın qütbləşdiyi şəraitdə onların səsi çox vacibdir. Siyasi qüvvələrin hakimiyyət tərəfindən birləşdirildiyini göstərən daha bir fakt isə Mardində kürdlərin «Hüda Par» partiyası nümayəndələrinin iştirakı ilə keçirilmiş mitinqdir. Maraqlıdır ki, Türkiyə kürdlərinin maraqlarını ifadə edən bu partiya kürdpərəst Xalqların Demokratik Partiyasından (XDP) fərqli olaraq, Türkiyə rəhbərliyinin kürdlərə münasibətinin legitimliyini şübhə altına almır.

Beləliklə, seçki ərəfəsində qarşı-qarşıya duran tərəflər siyasi qüvvələri öz ətraflarında maksimum birləşdirməyə nail olublar ki, bu da ölkədə seçki ehtiraslarının nə qədər coşduğunu göstərir.

Bu yerdə qeyd etmək vacibdir ki, seçkinin nəticəsindən asılı olmayaraq, Türkiyə regionun aparıcı fövqəldövləti olaraq qalacaq. Son dövrlərdə əldə olunmuş inanılmaz nailiyyətlər bunun təsdiqidir.

Prezident və parlament seçkilərinin yaxınlaşması ilə əlaqədar, ölkədə tez-tez yalnız Türkiyənin özü üçün deyil, ümumlikdə regional siyasət üçün vacib hadisələrə şahidlik edirik. Onlar Türkiyə Cümhuriyyətinin son illərdə əldə etdiyi nailiyyətlərlə əlaqəlidir ki, bu da şübhəsiz ki, hazırkı prezident Ərdoğanın fəaliyyəti və siyasəti ilə assosiasiya olunur.

 

Nailiyyətlər fonunda seçki

Söhbət ölkənin gələcək illər üçün inkişaf vektorunu müəyyənləşdirən proseslərdən gedir. Məsələn, apreldə Türkiyə təbii qazdan asılılığın aradan qaldırılması istiqamətində vacib addım atıb. TPAO dövlət şirkəti aprelin 20-də Qara dənizdəki nəhəng «Sakarya» mədənindən təbii qaz hasilatına başlayıb. Bununla yanaşı, 3 quyudan hasilata start verilibsə, daha 7 quyunun sentyabrda istismara verilməsi planlaşdırılır. 10 quyudan sutkada 10 milyon kubmetr qaz hasil olunacağı gözlənilir. Hesablamalara görə, bu, Türkiyənin ötən il istehlak etdiyi təbii qazın təxminən 7%-i deməkdir. Güman olunur ki, yataq tam gücü ilə işləməyə başladıqda oradan sutkada 40 milyon kubmetr «mavi yanacaq» hasil ediləcək. Onun bir hissəsinin ixracı da nəzərdə tutulur. Beləliklə, Türkiyə tarixində ilk dəfə karbohidrogen xammalı ixracatçısına çevrilə bilər.

Amma önəmli hadisələr bununla bitmir. Prezident Rəcəb Tayyib Ərdoğan hələ yanvarda İstanbul Metropoliteninin yeni xəttinin açılışını etmişdir və bu xətt Bosfor sahillərindəki meqapolisi şəhərin Avropa hissəsindəki beynəlxalq aeroportla birləşdirir. Bu metro xətti artıq tarixə Avropanın ən sürətli metro xətti kimi düşüb.

Martın sonlarında isə Türkiyə ilk milli elektromobili olan «TOGG»u satışa çıxarıb. O, iki versiyada buraxılacaq – sedan və yolsuzluq avtomobili kimi.

Martın son günlərində Ərdoğan «Twitter» sosial şəbəkəsindəki səhifəsində yeni dron-qırıcı «Kızılelma»nın şəklini paylaşıb. O, saatda 800 kilometr sürətlə hərəkət edə bilir. Birdəfəlik uçuşun müddəti 5 saat, dronun qalxa biləcəyi maksimal yüksəklik 12 kilometrdir. Türkiyə lideri bu paylaşım zamanı mətn yerinə ölkəsinin bayrağını qoyub.

Bu da son deyil. Aprelin 10-da Türkiyə ölkənin ən nəhəng hərbi gəmisini istifadəyə verib. «TCG Anadolu» adlanan gəmi dünyada hərbi dronlar üçün nəzərdə tutulmuş ilk gəmidir. «Kızılelma» dronlarının bazası məhz bu gəmi olacaq. Amma Türkiyə müdafiə sənayesinin nailiyyətləri bununla bitmir. Atatürk tərəfindən Milli Suverenlik Günü elan olunmuş 23 apreldə Türkiyə ordusuna yerli istehsal olan «Altay» tanklarının tədarükünə başlanıldığı bəyan edilib.

 

Enerji «partlayış»ı və gələcəyə addım

Aprelin 27-də – seçkiyə yarım ay qalmış «Akkuyu» AES-ə ilk enerji bloku üçün nüvə yanacağının göndərilməsi mərasimi keçirilib. Bu layihənin icrası Türkiyənin enerji təhlükəsizliyini gücləndirməsinə, daxili bazarda qaz istehlakını azaltmasına imkan verəcək. Rusiya üçün isə bu, Türkiyəyə ixrac etdiyi qazı o cümlədən Türkiyə qaz habının yaradılması ilə üçüncü ölkələrə yönəltmək imkanı verəcək.

Cudi və Qabar dağlarında sutkada 100 min barel hasilat potensialı olan neft yataqlarının kəşfi, Konyada 1350 MVt gücündə Karapınar günəş elektrik stansiyasının istismara verilməsi (2 may) də energetika sahəsində əldə olunmuş vacib nailiyyətləndəndir. Karapınar stansiyasına ümumilikdə 1 milyard dollardan artıq investisiya qoyulub. Onun operatoru olan «Kalyon Energy» şirkəti isə yaxın 5 ildə ölkədə bərpa olunan enerji sahəsinə 10 milyard dollardan artıq sərmayə yatırmaq niyyətindədir.

Türkiyənin cənub-şərqində baş vermiş faciəvi zəlzələ, əlbəttə ki, bu «uğurlar marafonu» ilə təzad yaradıb. Lakin ölkənin siyasi rəhbərliyi bu hadisəni də «öz xeyrinə» çevirə bilib – hökumət zəlzələnin nəticələrinin 1-1,5 il ərzində tam aradan qaldırılacağını, təbii fəlakətdən əziyyət çəkənlər üçün evlərin bərpa olunacağını və yenilərinin tikiləcəyini bəyan edib.

Amma istər xarici, istərsə də daxili amillərldə bağlı iqtisadi çətinliklər, əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb olan böyük inflyasiya seçicilərin seçimində həlledici ola bilir. Odur ki, Türkiyədə seçki son dərəcə çətin şərtlərdə keçib. Digər yandan o, Türkiyədə «avtoritar düzən»in olması, demokratik ənənələrin yoxluğu və s. kimi stereotipləri sındırıb. Seçkilər göstərib ki, ölkənin gələcəyi hələ də türk xalqının əlindədir. Xalq öz taleyini özü həll edir.



MƏSLƏHƏT GÖR:

67