17 May 2024

Cümə, 22:58

TARİXİ “QIZIL”

Azərbaycan gimnastları Bakıda keçirilən Avropa çempionatında rekorda imza atıblar

Müəllif:

01.06.2023

Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 39-cu Avropa çempionatı tarixi nəticə ilə yekunlaşıb. 38 ölkədən 315 idmançının iştirakı ilə keçirilən qitənin ən mötəbər gimnastika yarışında Azərbaycan təmsilçiləri 5 medal (1 qızıl və 4 bürünc medal) qazanmaqla yeni rekord müəyyənləşdiriblər.

 

Parlaq nəticə

Bədii gimnastika üzrə iki dəfə dünya, dörd dəfə isə qitə çempionatına uğurla ev sahibliyi edən Azərbaycan bu dəfə həm də parlaq nəticə ilə adını gimnastika tarixinə yazdırıb.

Böyüklər arasında qrup hərəkətlərində Azərbaycan gimnastları ilk dəfə Avropa çempionatının qızıl medalını qazanıblar. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina 3 lent və 2 topla hərəkətlərin icrasını dəqiqliklə yerinə yetiriblər. İdmançılarımız 32.250 xalla bütün rəqiblərini üstələyərək Azərbaycan dövlət himnini səsləndirib, bayrağımızı dalğalandırıblar.  Çoxnövçülük proqramında ölkəmizin qrup hərəkətləri komandası bürünc medala layiq görülüb.

Fərdi proqramda millimizə növbəti medalı Zöhrə Ağamirova qazandırıb. Avropa çempionatının dördüncü günü fərdi proqramda çıxış edən təcrübəli gimnast yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək karyerası ərzində Avropa çempionatının ilk medalına, bürünc mükafata sahib çıxıb. Fərqli üslubu ilə seçilən, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Z.Ağamirova Bakı gimnastika məktəbinin yetirməsi olaraq Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast kimi adını tarixə yazdırıb.   

Gənclərdən ibarət qrup komandamız da 2 bürünc medala sahib çıxıb. Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova çoxnövçülük proqramında (58.450 xal) və 5 topla hərəkətlərin icrasında (29.000 xal) fəxri kürsünün üçüncü pilləsində yer alıblar. Gimnastlarımız bu nəticə ilə həm də ilk dəfə olaraq qitə çempionatında iki çıxış proqramında medal qazanmağa müvəffəq olan komanda kimi tarixi uğura imza atıblar. 

Avropa çempionatı çərçivəsində Macarıstan gimnastı Fanni Piqnitski “SmartScoring Shooting Star” mükafatı ilə təltif edilib. Azərbaycanın gənclərdən ibarət qrup komandası “Tamaşaçı rəğbəti”, Rumıniya təmsilçisi Analiz Draqan “Miss Press”, Ukraynanın böyüklərdən ibarət qrup hərəkətləri komandası isə “Komanda ruhu” mükafatına layiq görülüb.  

 

Qələbə sevinci və Valensiyaya hazırlıq

Azərbaycanın Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva ölkəmizin qrup hərəkətləri komandasının Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi olması münasibətilə instaqram hesabında paylaşım edib: “Ura! Sizi təbrik edir, sizinlə fəxr edirəm! Çox möhtəşəmsiniz! Əməyinizə, qələbə əzminizə, gözəlliyinizə və zərifliyinizə görə çox sağ olun!”.

Qeyd edək ki, həm qrup hərəkətləri komandası, həm də Zöhrə Ağamirova bu dəfə daha çətin hərəkətləri icra edib. Məşqçi və xoreoqraf heyəti hərəkətləri çətinləşdirərək əsas məqsədə nail olub. Hərəkətlərin çətinliyinə baxmayaraq, təmsilçilərimiz hakimlərdən yüksək nəticə əldə ediblər.

Yığma komandanın məşqçisi Siyana Vasileva da “Region plus” jurnalına açıqlamasında hərəkətlərin müəyyən qədər çətinləşdirildiyini etiraf edib: “Çempionat bizim üçün uğurlu alınıb. Doğma arenada çıxış etmək həmişə çətindir. Həyəcan var idi və biz maksimum nəticə göstərmək istəyirdik. Şadıq ki, tarixi nəticə əldə edə bildik. Qarşıda bizi dünya kuboku yarışları gözləyir. Ən böyük hədəfimiz isə avqustda İspaniyanın Valensiya şəhərində keçiriləcək dünya çempionatında uğurla çıxış etməkdir. Ümid edirəm ki, komandamız olimpiadaya lisenziya qazana biləcək. Avropa çempionatındakı çıxışımızda hərəkətlərin çətin olmasına baxmayaraq, gimnastlardan razı qaldıq. Dünya çempionatı ərəfəsində kompozisiyada dəyişiklik olacağını istisna etmirik”.

Milli komandanın baş xoreoqrafı Kamil Quliyev komandanın çıxışı hazırlanan zaman artistizmə də böyük önəm verildiyini bildirib: “Komandamız çıxışı zamanı artistizmə görə də yüksək xal alıb. Gimnastlarımızın builki çıxışı ötənilki proqramdan çətinliyi ilə fərqlənir. Bunun nəticəsidir ki, komandamız Avropa çempionu olub və çoxnövçülükdə bürünc medal qazanıb. Ümid edirəm ki, qızlarımız dünya çempionatında daha yaxşı çıxış edəcəklər”.

Zöhrə Ağamirovanın çıxışını şərh edən məşqçi Yevgeniya Vilyaeva gimnastın əzmkarlığını qeyd edib: “Zöhrədən çox razıyam, o, çox yaxşı çıxış edib. Altı ildir ki, biz bu uğura doğru gedirdik. Etiraf edim ki, topla nəticələri ekranda görəndə sevinc göz yaşlarını saxlaya bilmədim”.

Zöhrə Ağamirova isə məqsədinin proqramlarını səhvsiz yerinə yetirmək olduğunu deyib: “Avropa çempionatına ciddi hazırlaşmışdım. Əlimdən gələni etməyə çalışdım. Şadam ki, medal qazana bildim. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya məni və qrup hərəkətləri komandasını təbrik etməsinə görə minnətdarlığımı bildirərəm”.

Qrup komandasının üzvü Zeynəb Hümmətova “Region plus”a açıqlamasında Avropa çempionatındakı qızıl medalı tarixi uğur kimi dəyərləndirib: “Biz hər zaman çempionluq arzulamışıq. İllərlə bu məqsəd uğrunda çalışmışıq. Bu qızıl medal ölkəmizin gimnastikada necə güclü olduğunu göstərir. Biz gimnastlara Mehriban Əliyeva tərəfindən ideal şərait yaradılıb. Ona görə də maksimum nəticə uğrunda yarışırdıq. Uğurlu çıxışımızın davam etməsi üçün gərgin məşqləri davam etdirəcəyik”.

Avropa çempionatının bağlanış mərasimində qitə yarışının bayrağı Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov tərəfindən Avropa Gimnastikasının vitse-prezidenti Edin Kolara təqdim olunub. Bu bayraq növbəti Avropa çempionatına ev sahibliyi edəcək Macarıstana veriləcək.

Xatırladaq ki, gimnastlarımızın növbəti mühüm sınağı avqustda İspaniyada keçiriləcək lisenziya xarakterli dünya çempionatı olacaq.



MƏSLƏHƏT GÖR:

69