12 May 2024

Bazar, 09:20

ONUN ŞƏXSİ MİSSİYASI

Anara AXUNDOVA: “Qədim Azərbaycan torpağında yaşayan insanlar üçün əlimdən gələni edəcəyəm”

Müəllif:

01.06.2023

Yazıçı, esseçi, şair, dramaturq, jurnalist və radio aparıcısı. Anara Axundova məktəblilər və məktəbəqədər yaşlı uşaqlar üçün bir sıra təhsil proqramlarının müəllifidir (əməkdaşlıq: “Chelsea Young Writers” tədris mərkəzi, Böyük Britaniya; “Green Klavier Music Studio”, Niderland; “Orkhan” - Azərbaycan icmasının bazar günü məktəbi, Estoniya). O, öz sistemi üzrə “Uşaqlarla abstrakt lepka” dərsliyi tərtib edib, “Effektiv yazarlıq” adlı tətbiqi kitab yazıb. “Uşaqlara oxumaq” layihəsi üçün “Yazıçılar üçün vaxtın idarə edilməsi” (2020) kitabını, öz sistemi üzrə “Mən yazıçıyam. Yazı bacarıqlarının inkişafı üçün yaradıcı tapşırıqlar” adlı dərs vəsaiti tərtib edib. Anaranın 15 illik ömür yolu Azərbaycandan keçib...

Bu gün onun adı Bakıda mədəniyyət gecələri ilə bağlıdır. Müzakirələrin aparıldığı, düşüncələrin bölüşüldüyü bu mədəniyyət gecələri təkcə yaradıcılıq qabiliyyətlərini reallaşdıranları deyil, həm də ədəbi salonların ab-havasını sevən müxtəlif insanları bir araya gətirir. O, həm uşaqların, həm də valideynlərin nağıllar aləminə qərq olduğu qeyri-adi kukla tamaşaları təqdim edir. Amma Anara Axundovanın hər bir layihəsi ədəbi yaradıcılığa söykənir. Söhbətimiz də məhz bu mövzudan başlayıb.

- Ədəbiyyat məni erkən yaşlarımda cəlb edib. Həmin günü çox yaxşı xatırlayıram. O gün sanki həyatımın işi ilə tanış oldum. Atam mənə yaşıl üzlü balaca bloknot hədiyyə edən zaman 8 yaşım var idi. O, mənə bu bloknotda birgə fikirləşəcəyimiz nağılları yazacağımı söylədi. Nəticədə, nağılların əksəriyyətini mən özüm yazdım. Təvazökarlıqdan uzaq olsa da etiraf etməliyəm ki, hətta həmin yaşımda belə kifayət qədər yaxşı cümlələr qurmağı bacarırdım. Məhz həmin an aydınlandım. Aydındır ki, o zaman məktəbdə inşalar yazır, bəzi müsabiqələrdə iştirak edirdim və s. Şeirlər də yazırdım. Mən orta məktəbi bitirən zaman yazıçı olacağamı dəqiq bilirdim. Lakin o vaxt hansı formatda özümü göstərəciyimi anlamırdım. Xatirimdədir, insanların “tüklərinin ürpənəcəyi” trillerlər yazmaq istəyirdim. Yaxud bir ara fantaziyaya həvəsli idim. Yadımdadır, sevgi romanlarına çox maraq göstərirdim. Ümumiyyətlə, özümü tapmaq üçün bir janrdan o biri janra “qaçırdım”.

- Bəs son seçimi necə etdiniz?

- Bu seçimimi Türkiyədə etdim. O vaxt bir qrup zəvvarla jurnalist kimi Müqəddəs Nikolayın xidmət etdiyi, dünyada Mira kimi tanınan Dəmrəyə getmək qismət olmuşdu. İbadət zamanı məbədə çatdım və sözün əsl mənasında, ilk addımlardan özümü fərqli bir dünyada hiss etdim. Burada bütün məkana nüfuz edən mənəvi dünya ilə tanış oldum. Ətrafda heç kəsin göstərişi olmadan duaya qərq olmuş insanlar var idi. Onların tanrıya müraciətləri o qədər güclü idi ki, çoxlarının gözlərin yaş axırdı. Məhz o zaman, yəni həqiqi insani duyğular mühitində orada olan insanların hər birinin yalnız onlara xas olan bir şeyə sahib olduğunu başa düşdüm: ağrı, istək, arzu və ya sevinc... Məhz o anda ədəbiyyatımın hansı janrda yaranacağını, kimin və nə üçün olacağını anladın. Mən isə sadəcə olaraq mənə həvalə edilmiş, dünyaya daşımalı olduğum missiyanı qəbul etdim. Mənim missiyam yaradıcılıq vasitəsilə insanlara işıq gətirməkdir.

- Təkcə “missiya” sözü insanın üzərinə müəyyən yük qoyur...

- Bu, çox böyük xidmətlə bağlıdır. Həmin gün məbəddə dayanıb bu insanları görəndə başa düşdüm ki, mən şüurlu şəkildə bədii cəhətdən zəif əsər ərsəyə gətirə bilmərəm. Hətta böyük miqdarda pulun müqabilində belə... Yəqin ki, mənim bu yer üzündə şəxsi vəzifəm məhz tanrı tərəfindən mənə açılıb.

- Amma sürətlə axan müasir həyat missiya anlayışı ilə o qədər də uyğun gəlmir.

- Bununla bağlı mübahisə etmirəm. Amma bu da məni dayandırmır. Başa düşürəm ki, heç olmasa bir oxucuya öz əsərimlə ümid, işıq verəcəyəmsə, demək, bütün bunlar əbəs olmayacaq.

- Axı, insanlar şəxsi keyfiyyətləri baxımından fərqlidirlər...

- Buna görə də hər kəs mənim işimi özünəməxsus şəkildə qəbul edir. Oxucular mənim əsərlərim barədə rəy verərkən bəzən müxtəlif insanların gördükləri, başa düşdükləri və ya hiss etdikləri bəzi variantları tapıram. Bəlkə də, bunları ilkin olaraq, bir müəllif kimi, nəzərdən keçirmirdim. Mümkündür ki, hər kəsə şüuraltı müəyyən bir toxum səpilib və bu, hər bir insanın öz təbiətinə uyğun olaraq “cücərib”.

- Bəs sizdə necə?

- Əsər yazanda bu prosesdə iştirak daxil olmaqla, içimdə xoşbəxtlik hissi yaranır. Bununla belə, xoşbəxtlik çoxşaxəlidir. Bu, özünü müxtəlif yollarla göstərə bilər. Prosesdə süjetləri sözlərlə ərsəyə gətirəndə məmnunluq hissi keçirirəm. Onlar həmçinin mətn üzərində sonrakı işi müşayiət edirlər. Buraya onda düzəlişlər edilməsi, ictimaiyyətin oxuya biləcəyi formata çevrilməsi və ya növbəti topluda nəşrə hazırlanması daxildir. Amma mənim üçün ən vacib məsələ insanın sonda bu əsərdən əldə etdikləridir. Təbii ki, ictimaiyyətlə canlı ünsiyyət insan-söz əlaqəsinin qarşılıqlı təsirini dərhal dərk etməyə imkan verir. Yəni bunu insanların gözündə ədəbi əsərinizə reaksiyanı, inanılmaz emosiyaları görən zaman anlayırsan. İnsanlar mənə yazılı rəylər də göndərirlər və bu da bir müəllif kimi məni sevindirir.

- Bəs onların arasında mənfi rəylər olarsa?

- Mənfi rəy yaradıcılığın tamamilə normal bir hissəsidir. Əsas odur ki, bu, konstruktiv olsun və təhqiredici formada olmasın. Əsərlərimlə bağlı tənqidlərdən və mənfi rəylərdən nə isə öyrənməyə çalışıram. Hətta əvvəlcə mənəvi baxımdan narahatlıq olsa da, mənfi fikirlərin məntiqini anlamağa, iradları başa düşməyə və bundan özüm üçün dərs götürməyə çalışıram.

- Sizin yaradıcılığınız həmçinin uşaqlara da xitab edir.

- Niyə uşaqlar? Çünki mənim nağıllarım təkcə böyüklər üçün deyil. Onlar daxilən uşaq olduqlarını unutmamalıdırlar. Ümumiyyətlə, uşaqlar insan cəmiyyətinin heyrətamiz parçasıdır. Mənə hər zaman onlarla danışmaq, həmçinin çalışmaq maraqlıdır. Uşaqlarla çalışmaqla bağlı ilk təcrübəm Moskvada tələbəlik illərində olub. O zaman mən bir konferansye kimi xüsusi inkişafa malik olan uşaqlar üçün tədbirlər keçirirdim. İnklüzivlik müəyyən bacarıq və yanaşmalar tələb edən ayrıca formatdır. Daha sonra bir müddət Estoniyada yaşadım və Niderlandda art-pedaqoq təhsili aldım. Əldə etdiyim bilikləri praktiki üsullara çevirmək, müxtəlif layihələr hazırlayıb həyata keçirmək mənim üçün maraqlı idi. Uşaqlarla bağlı layihələrə də xüsusi diqqət yetirirdim. Buna görə də Bakıda təqdim etdiyimiz tamaşalar gənc izləyiciləri hekayələrlə tanış etmək üçün unikal imkandır. Ümid edirəm ki, bu tamaşalar onlarda vacib məsələlərlə yadda qalacaq. Sadəcə bu barədə düşünmək belə məni xoşbəxt edir.

- Yeri gəlmişkən, tamaşaların formatı qeyri-adi kKukla mövzusu həyatımda möcüzəvi şəkildə meydana çıxıb. Tallində Uşaq İncəsənət Mərkəzindəki dostumun təklifi ilə mənə artıq dekorasiyaların və kuklaların hazır olduğu Milad nağılı yazmağı təklif etmişdilər. Bu ilk layihələrdən uzaqlaşdım və “Ağ şəhərdə milad”ı ərsəyə gətirdim. Bir müddət sonra bu tamaşanı Bakıda rejissor kimi “tilda” kuklaları ilə təqdim etdim. Daha sonra o vaxt çalışdığım Kadriork İncəsənət Muzeyi üçün, demək olar ki, “Milad”la eyni vaxtda yenə müəyyən çərçivə ilə bir nağıl yazdım. Qəribə də olsa, bu da tamamilə təsadüf olmuşdu. Növbəti istiqamət Sankt-Peterburq idi. Burada da sifarişlər hekayələrin davamı kimi nağıl hazırladım. Hər yerdə müxtəlif kuklalar var idi: Tallindəki muzeydə papye-maşedən insan boyda kuklalar hazırlayırdılar, “Assorti” teatrındakı tamaşalarda isə şardan olan kuklalardan istifadə olunurdu. İyun ayında kartondan hazırlanmış kuklalarla tamaşa hazırladıq. Hər yeni tamaşa həm uşaqlarda, həm də onları müşayiət edən valideynlərdə əsl maraq doğurur. Yeri gəlmişkən, tamaşa zamanı onlar daxillərində olan uşaq hisslərini göstərir, bu prosesə qoşulurlar.

- Güc məhz sizin işlədiyiniz sözlərdədir.

- Sözlərdən cümlələr quran zaman insanı müəyyən istiqamətə aparan müəyyən format yaranır. Mən bu proseslə bağlı məsuliyyətimi dərk edirəm. Bununla belə, insani təzahürlər hüququnu özümdə saxlayıram. Buraya istər səhvlər, istərsə də şübhələr daxildir. Axı biz mahiyyət etibarilə fərdlərik. Amma hər zaman ardınca gedəcəyimiz kimsə olacaq. Hətta uzun müddət olmasa belə. Bunun nə qədər məsuliyyətli olduğunu anlamamaq isə “ilahi qığılcımı” itirmək deməkdir. Bəzən təzyiq o qədər güclü olur ki, hətta bir dəfə əsərlərimdən ibarət, tamamilə çapa hazır olan kitabımı həmişəlik silmək istəyirdim. Demək, bu mənim üçün də bir sınaqdır. Etiraf edirəm ki, tez-tez tərəddüd edirəm. Amma bu, bir anlıq zəiflikdir və mən insanların yanına gedirəm, çünki bu, mənim missiyamın bir hissəsidir. Yeri gəlmişkən, tərəddüd etmək normaldır və bu, aradan qaldırılmalı olan maneələrdən biridir. Axı, bu, bizi müxtəlif formalarda həyat yolu boyunca müşayiət edir.

- Uzun müddət xarici ölkələrdə yaşamışınız. Vətəndən uzaqda olmaq necə hissdir?

- İlk öncə qeyd etmək istərdim ki, mən Azərbaycanla heç vaxt əlaqəni kəsməmişəm. Periodik olaraq doğma şəhərə səfər edirdim. “Azərbaycan Konqresi” qəzetində çalışdığım dövrdə Moskvada Azərbaycan diasporunun həyatında fəal iştirakım fəaliyyətimin tərkib hissəsi olub. Tallində isə diasporumuzun nəzdindəki Azərbaycan mədəniyyət mərkəzində fəaliyyət göstərən radioda Azərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələrindən bəhs edən “Ocaq” verilişinin aparıcısı olmuşam. Türkiyədə də müxtəlif proqram və tədbirlərdə həmyerlilərimlə sıx əməkdaşlığı davam etdirdim. Hətta Niderlandda da bu iş davam edirdi. Düzdür, bu, bir qədər o vaxt yaşadığım şəhərlərdəki əhalinin sayı ilə bağlı idi. Hər yerdə görüşlər keçirirdim: istər xalqımızın nümayəndələri ilə, istərsə də yerli sakinlərlə.

- Amma xaricdəki uğurlu fəaliyyətiniz vətənə geri qayıtmağınız qarşısını ala bilməyib.

- Mənim autentik mühitdə olaraq müxtəlif ölkələrin və xalqların mədəniyyətini öyrənmək çox xoşuma gəlirdi. Belə ki, xasiyyətimə görə orada yaşayan insanlara xas olan mentaliteti öyrənmək, sadəcə olaraq onu hər gün bunun öz hisslərimdən keçirtmək, yerli və ya miqrant olmasından asılı olmayaraq müxtəlif millətlərin nümayəndələri ilə dostluq etmək mənə maraqlı idi. Lakin müəyyən bir dövrdə insanda öz kökünə qayıtmaq hissi üstünlük təşkil edir. Bu mənada bir anda həlledici rol oynayan iki hadisə baş verib. Birincisi, 2020-ci ildə dünyada yayılan koronavirus pandemiyası məndə həyatımda heç vaxt yaşamadığım ölüm qorxusu hiss etdirib. Mən COVID-19-a yoluxmuş qohumlarım, ailə üzvlərim üçün çox qorxdum. Son saatımı yad ölkədə yaşaya biləcəyim ilə bağlı fikirlər də məni təqib edirdi və bu məni dəhşətə gətirdi. İkincisi, həmin ildə baş vermiş İkinci Qarabağ müharibəsidir. Yadımdadır ki, hərbi əməliyyatların başladığını öyrənən, baş verən bütün hadisələrdən, təmas xəttindən uzaqda baş verən partlayışlardan və cəmiyyətdə hər məlumata reaksiya verən əhvali-ruhiyyənin mövcud olduğundan xəbər tutan zaman anladım ki, xalqıma və ölkəmə yaxın olmaq istəyirəm. Təbii ki, yaxınlarım üçün narahat idim. Amma ilk növbədə, bütövlükdə ölkəm barədə düşünürdüm. Doğrudur, belə bir istəyim o dövrdə ətrafımdakı insanlar tərəfindən birmənalı şəkildə qəbul edilməyib. Onlar düşünürdülər ki, o dğvrdəki rifahımdan imtinanın mənim üçün mənfi nəticələri ola bilərdi. Mənim bu istəyimin arxasında nəyin dayandığını indiyədək sözlə ifadə edə bilmirəm. Yaşadığım ölkəni tərk etmək üçün nə qədər maneələri aşmaq lazım idi!!! Məhz o zaman panik atakla “tanış oldum”. Durduğum yerdə baş verən panik atak zamanı hətta boğulmağa belə başlayırdım... Zehnən qohumlarımdan, dostlarımdan, qonşularımdan birinin cəbhəyə getdiyini görürdüm ... Bunu dərk etmək çox çətin idi!!! Ürəyim qan ağlayırdı!!! Buna görə də vətənə qayıtmaq fürsəti yaranan kimi dərhal bundan yararlandım. İnanmayacaqsınız, amma mən təyyarədən düşüb aeroport binasından çıxan kimi mənə zülm verən hər şey sanki doğma torpağın havasında yox olub. İnanılmaz güc və dəstək hiss etdim. Mən evimdə, mənə yaxın olan insanların yanında idim! Bu, nəsə olacağı təqdirdə onların yanında olduğuma görə mənə əminlik verirdi. Bu, mənim torpağımdır! Hətta pis şeylər daxil olmaqla, nə olursa olsun, heç nə mənə təhdid yaratmırdı, çünki bura Vətəndir!

- Bəs sizin üçün burada yaşamaq necə idi?

- Düzünü desəm, qayıtdıqdan sonra ilk hisslərim sanki “havadan asılı” vəziyyətdə idi. Uzun müddət ərzində ilk dəfə olaraq “burada və indi” üçün konkret planım yox idi. Odur ki, bir az dincəlmək qərarına gəldim. Xoşbəxtlikdən yay mövsümü idi və bütün ailə ilə dənizə getdik. Xəzər dənizimiz, onun qumlu sahili, bir az da uzaqda yerləşən, torpağı heyrətamiz ətirə malik olan meşə mənə çox güc verdi. Fiziki, emosional və mənəvi baxımdan... Bakıya başqa bir mən qayıtdı... Şəhərdə gördüklərim isə məni yaxşı mənada təəccübləndirib: şəhər olmadığım 15 ildə həm zahirən, həm də daxilən təsirli dəyişikliklərə məruz qalıb. Onda yeni bir enerji hiss etdim. Mən onu çox bəyəndim. Mən çoxlu yeni insanla, yerlə tanış oldum. Bundan başqa, maraqlı layihələrlə tanış oldum və başa düşdüm ki, burada, yəni Bakıda müvəqqəti məskənimə çevrilmiş ölkələrdə məni cəlb edən hər şey var. Bu, mənə vətəni və həyatdakı istəklərimi vəhdət halında birləşdirən misli görünməmiş sevinc hissi bəxş edib.

- Daha sonra adi iş günləri, öz yerinizi tapmaq üçün yeni axtarış başlayıb...

- Burada “məskunlaşdıqca” anladım ki, xaricdə qazandığım təcrübə və bilikdən paytaxtın mədəni həyatında istifadə edə bilərəm. Məhz bununla paytaxtdakı fəaliyyətim müəyyənləşib. Bu fəaliyyətimdə biliyimdən, təhsilimdən və topladığım təcrübədən istifadə etdim. Üstəlik, burada onlara ehtiyac duyulur. Bunu fəaliyyətimlə bağlı yaxşı rəylər də təsdiqləyib. İlk dəfə müxtəlif şairləri, yazıçıları, musiqiçiləri və solistləri bir araya gətirən “PoetiCo” layihəsinin silsilə musiqi-ədəbi konsertlərini ərsəyə gətirdim. Bu format Tallində çox populyar idi və Bakıda da orqanik şəkildə uyğunlaşıb. Bu layihədən ilhamlanaraq silsilə ədəbi-yaradıcı görüşlərin keçirildiyi “Nağıllar kitabı” layihəsini ərsəyə gətirdim. Bu görüşlər zamanı musiqi sədaları altında uşaqlara dünya xalqlarının nağıllarını oxuyuram. Daha sonra isə bu hekayələr əsasında yaradıcılıqla bağlı tapşırıqlar icra edilir. Bunun ardınca Səbinə Şahi ilə birlikdə SANSARA layihəsinə start verdim. Bu, ədəbi və meditativ layihələr formatıdır. SANSARA layihəsi ərzində insanlar, bir qayda olaraq, uzanırlar. Doğrudur, iştirakçıların bu layihəni oturaq halda icra etdiyi variant da var. Əgər onlara bu şəkildə daha rahatdırsa, bu variantı seçirlər. Bədən tələb edərsə, hətta bu zaman hərəkət etmək də qadağan deyil. Bu yanaşma insanlara dinlənilən musiqi və ədəbi əsərlər vasitəsilə duyğularını daha dərindən hiss etmək imkanı verir. Bundan başqa, “Art and Play” layihəsi çərçivəsində mən özüm yaradıcı inkişaf dərsləri keçirəm. Niderlandda dərnəklər və yaradıcılıq mərkəzlərində dərslər üçün belə proqramlar yazırdım. Bundan əlavə, tərəfdaşım Anna Süleymanova ilə kiçik uşaqlar üçün “A'n'A” studio təşkil etdik. Burada bir neçə seriya var. Onlardan biri uşaqların təhlükəsizliyi ilə bağlıdır. “Bir zamanlar rəssam yaşayırdı” layihəsini nümunə göstərə bilərəm. Burada uşaqlar Azərbaycan rəssamları ilə tanış edilir və onlar yaradıcılıq tapşırıqları yerinə yetirirlər. Biz kuklaçıların, bəstəkarların, rəssamların və aktyorların iştirakı ilə kukla tamaşaları keçiririk. Göründüyü kimi, layihələrin hər biri inkişafa yönəlib və böyük sevinc yaşadır. Amma ən əsas məsələ budur ki, bu fəaliyyətimə insanlar müsbət rəy verir, bu, onlara faydaladır. Əlbəttə ki, bu amil mənim üçün çox vacibdir. Belə ki, görürəm ki, başqa ölkələrdə təhsil almağım, çalışmağım və özümü seçdiyim peşələrlə bağlı müxtəlif sahələrdə sınamağım, təcrübə toplamağım, müəyyən çətinliklərin öhdəsindən gəlməyim əbəs deyildi. Deyə bilərəm ki, özünəməxsus çətinliklərin olduğu anlar da əbəs deyilmiş! İki il əvvəl Bakıya gətirilən bilik, təcrübə və bacarıq özünü doğruldub. Bu gün mən bu “xəzinələri” həm uşaqlar, həm də böyüklər ilə bölüşməkdən məmnunam və bunun əhəmiyyətini rəqəmlərlə qiymətləndirmək çox çətindir. Çünki onun əsasında vətənə dərin sevgi, onun gələcəyini mümkün qədər sabit və gözəl etmək istəyi dayanır. Ölkəni harmoniyalı şəkildə inkişaf edən insanlar vasitəsilə görən zaman bunu hiss edirsən. Məhz buna görə həyatınızın işi ilə məşğul olursunuz. Bu, mənim şəxsi missiyamın bir hissəsidir: yaradıcılıq və mədəniyyət vasitəsilə insanlara yaxşılıq, bilik, sevgi bəxş etmək. Ölkəmizin mədəniyyətinə az da olsa töhfə vermək mənim üçün vacibdir. Bu, mənim üçün çox zəruri məsələdir. Mən vətənpərvərliyimlə öyünməyəcəyəm, sadəcə, mənə düşən fürsətdən istifadə edəcəyəm və qədim Azərbaycan torpağında yaşayan insanların heyrətamiz mədəniyyətini inkişaf etdirməsi üçün əlimdən gələni edəcəyəm.



MƏSLƏHƏT GÖR:

63