18 May 2024

Şənbə, 16:05

SAXLA QAZI, QALARSAN RAZI

Ekspertlər əmindirlər ki, Avropa artıq Rusiya təbii qazından asılı qalmamaq üçün hər şey edəcək

Müəllif:

01.06.2023

Qışın mülayim keçməsi, qənaət tədbirləri və təbii qaz anbarlarının doluluğunun lazımi səviyyədə saxlanılması Avropaya Rusiya ilə “qaz müharibəsi” şəraitində 2022-ci ilin qışından təhlükəsiz şəkildə çıxmağa imkan verib. Bu, region üçün böyük uğur kimi qiymətləndirilə bilər, çünki Avropa ölkələri uzun illər ərzində Rusiya “mavi yanacağı”ndan ciddi şəkildə asılı olub. Amma bu mexanizmin yeni mövsümdə işləyib-işləməyəcəyini  zaman göstərəcək. Amma görünən odur ki, Brüssel bu məsələ ilə bağlı hər hansı problemlə üzləşməyəcəyinə əmindir. Üstəlik, Avropa Rusiyadan ixracı dayandırmaq əzmini nümayiş etdirərək rekord həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) almağa davam edir. Avropa Komissiyası isə yeni tövsiyələrində Avropa İttifaqı (Aİ) ölkələrini Rusiya təbii qazının tədarükünün tamamilə dayandırılmasına hazır olmağa çağırıb.

 

“Təbii qaz boşanması”

May avropalı təbii qaz istehlakçılarını sevindirib, çünki bu ay “mavi yanacağ”ın qiymətinin ciddi şəkildə aşağı düşməsi ilə yadda qalıb. Buna səbəb istilik mövsümünün artıq başa çatması, kondisioner mövsümünün isə hələ başlamamasıdır. Qeyd edək ki, Avropada təbii qazın qiyməti 2021-ci il mayın 20-dən bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 300 dollardan aşağı düşüb. Doğrudur, əvvəllər bu qiymət mayın sonu üçün adi hal idi. Lakin bu, indiki geosiyasi vəziyyətdə və Rusiya ilə davam edən “qaz müharibəsi” kontekstində adi hal deyil. Belə bir fikir var ki, qiymətlərin belə düşməsi inflyasiya və bədbin iqtisadi artım perspektivləri səbəbindən istehsalı artıra bilməyən sənayedə tələbin azalması ilə bağlıdır. Digər səbəblərə isə Avropada təbii qaz ehtiyatlarının yüksək səviyyəsi (bu, özlüyündə xoş sürpriz idi), böyük LNG axını və əlverişli hava şəraiti daxildir.

Xatırladaq ki, 2022-ci ildə Rusiya təbii qazının Avropa ölkələrinə idxalı 50%-dən çox azalaraq, təxminən, 80 milyard kubmetr olub. “Şimal axını” ilə və Yamal-Avropa marşrutu boyunca tədarüklər dayandırılıb. Üstəlik, Ukrayna ərazisindən tranzit də üç dəfə azalıb.

İndi Rusiya “mavi yanacağı” (azaldılmış həcmdə) Ukraynanın təbii qaz nəqli sisteminə iki giriş nöqtəsindən biri ilə, Türkiyə ərazisindən isə “Türk axını” və “Mavi axın” boru kəmərləri vasitəsilə Avropaya nəql edilir. Yerdə qalan həcmlər isə LNG tədarükü, həmçinin Azərbaycan daxil olmaqla, digər mənbələrdən kəmərlər vasitəsilə təbii qaz nəqli ilə kompensasiya edilir.

Avropada hazırda yeraltı anbarlarına təbii qaz doldurulur. “Gas Infrastructure Europe”un məlumatına görə, hazırda qitədə yeraltı qaz anbarlarının doluluq səviyyəsi 66,71% təşkil edir. Bu isə son 5 ilin eyni dövrünün orta göstəricisindən 18% çoxdur. Məqsəd noyabrın 1-dək yeraltı qaz anbarlarının doluluq səviyyəsini 90%-ə çatdırmaqdır. Lakin bütün yeraltı qaz anbarlarının istilik mövsümü başlamamışdan xeyli əvvəl, yəni avqustda dolu olacağı da istisna edilmir.

Yeri gəlmişkən, apreldə terminallardan Avropanın qaz ötürücü sisteminə LNG axını müşahidələr tarixində mütləq maksimuma, yəni 12,07 milyard kubmetrə çatıb. Avropaya rekord LNG axını mayda da davam edib. Eyni zamanda təbii qaz tədarükçüləri ilə danışıqlar davam etdirilir, yeni müqavilələr bağlanılır. Məsələn, Azərbaycan təbii qazını nümunə götürək. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu il onun alıcılarının sayı 6-dan 10-a yüksələcək.

“Bu gün Azərbaycan qazı nə qədər böyük önəm daşıyır, bunu hər kəs görür. Ölkəmizin geosiyasi önəmi böyük dərəcədə artıb. Bu gün Azərbaycan qazı 6 ölkəyə nəql edilir. Əgər hər şey plan üzrə gedərsə, bir il ərzində bu ölkələrin sayı 10-a çatacaq, ondan sonra daha da geniş coğrafiyanı əhatə edəcək”, - İ.Əliyev deyib.

 

Uğur amilləri

Bir sözlə, Avropada onun üçün adi olan şəraitdə qışa hazırlıq prosesi gedir. Bununla yanaşı, Brüssel bu il Aİ-də təbii qaz istehlakının qənaət tədbirləri sayəsində son 5 ilin orta göstəricisi ilə müqayisədə 60 milyard kubmetr azalacağını gözləyir. Avropa Komissiyasının (AK) daxili qiymətləndirməsinə əsasən, istehlakın azalması həcmi 2023-cü ildə Rusiya təbii qazının Aİ-yə gözlənilən idxalından daha artıq olacaq. Bu proqnoz özünü doğruldarsa, bu, Avropada təklifin artıq olmasına və təbii qazın kəskin ucuzlaşmasına səbəb olacaq.

“Avropa İttifaqı artıq Rusiyanın qalıq yanacaqlarından asılı deyil. Son 12 ay ərzində Aİ göstərib ki, o, Rusiyaya və onun enerji mənbələrindən silah kimi istifadə etmək cəhdlərinə qarşı dura biləcək. Rusiyanın Aİ-yə kömür idxalı dayanıb. İndi neft idxalı müharibədən əvvəlki dövr ilə müqayisədə çox cüzidir və Rusiya təbii qazı Aİ bazarından sürətlə yoxa çıxır”, - Avropa Komissiyasının sözçüsü Tim Makfi mayın 25-də Brüsseldə keçirdiyi brifinqdə bildirib.

Rusiya ilə Ukrayna arasında müharibədən əvvəl kəmərlər vasitəsilə Rusiya təbii qazının tədarükü Aİ idxalının təxminən 45-50%-ni təşkil edib. Bu ilin martına qədər bu göstərici artıq 8%-ə düşüb.

T.Makfinin sözlərinə görə, bu, 3 amilə əsasən mümkün olub. Birinci amil Aİ ölkələrinin etibarlı təchizatçılarla işləməsidir. 2022-ci ildə Aİ ölkələri həmin təchizatçılardan əlavə 70 milyard kubmetrdən çox təbii qaz alıb. Əsas ixracatçılar isə ABŞ və Norveç idi. Eyni zamanda Avropa Komissiyasının alternativ tərəfdaşlar tapmaq səyləri davam edir.

İkinci həlledici amil Avropa İttifaqında vətəndaşların və müəssisələrin enerjiyə qənaət etmək üçün birgə səyləridir. Əgər enerji böhranının əvvəlində Avropa Komissiyası təbii qaz istehlakını 15% azaltmağı təklif edirdisə, bu göstəricini təxminən 18% azaltmağa nail olublar. Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, ümumilikdə Aİ-də sakinlər və şirkətlər 50 milyard kubmetr təbii qaza, yəni əvvəllər Rusiyadan hər il idxal edilən həcmin təxminən üçdə birinə qənaət edə biliblər.

Üçüncü amil isə bərpa olunan mənbələrdən alınan enerjidir: 2022-ci ildə Avropa İttifaqı 2021-ci illə müqayisədə 16% çox külək və günəş enerjisi istehsal edib. Bu isə 11 milyard kubmetrlik Rusiya təbii qazını əvəz etməyə imkan verib.

Yeri gəlmişkən, bəzi bazar iştirakçıları gözləyir ki, aşağı tələb artan təbii qaz təklifinə bərabər olmasa, bu yay Avropada bu enerji resursunun qiyməti sıfırdan aşağı düşə bilər. Bu vəziyyətdə istehsalçılar təbii qazlarını tədarük etmək üçün faktiki olaraq alıcıya pul ödəyirlər. Sonuncu dəfə belə hal 2006-cı ilin oktyabrında baş verib. O vaxt Böyük Britaniyada isti havalarda yeni təchizat boru kəmərinin açılmasından sonra gündəlik tariflər qısa müddət ərzində sıfırdan aşağı düşmüşdü.

Norveçin “Equinor” neft şirkətinin təbii qaz ticarəti və optimallaşdırılması üzrə vitse-prezidenti Peder Berlandın sözlərinə görə, Avropanın bəzi regional təbii qaz bazarlarında bərpa olunan enerji istehsalının yüksək səviyyədə olduğu saatlar və ya günlər ərzində qiymətlər mənfiyə düşə bilər. Amma o xəbərdarlıq edib ki, mənfi qiymətlərin qeydə alınmasına hələ çox vaxt var və bu istiqamətdə çox hadisələr baş verə bilər.

İsveçrənin “MET International” ticarət şirkətinin baş icraçı direktoru Derd Varqa isə Avropada təbii qaz qiymətlərinin 1 MVt/saat üçün 10 avrodan (1000 kubmetr üçün təxminən 113 dollar) aşağı düşəcəyini gözləyir: “Əgər yeraltı qaz anbarları dolu olarsa, yaxın perspektivdə təbii qazın qiymətinin bir neçə gün ərzində 1 MVt/saat üçün 10 avrodan aşağı düşəcəyinin şahidi olacağıq”.

Onun sözlərinə görə, buna təbii qaz ehtiyatlarının saxlanılması üçün anbarlarda yerin olmaması səbəb olacaq.

 

Rahat olmaq vaxtı deyil

Bu arada, hər kəs Aİ-nin qarşıdan gələn qışla bağlı nikbinliyini bölüşmür. Belə bir fikir var ki, mövsümlərarası dövrdə təbii qazın ucuzlaşması adi və qısamüddətli hadisədir. Beləliklə, Aİ ölkələri üçün qiymət artımı riskləri qalır, çünki istilərin başlaması ilə “mavi yanacağ”ın istehlakı da artacaq. Bundan başqa, bu enerji resursunun qiymətinin düşməsi tələbin artmasına və qiymətlərin yüksəlməsinə səbəb ola bilər.

Lakin qiymətlərin aşağı düşməsi hələ ki sənaye müəssisələrində bu enerji resursuna tələbatı artırmayıb. Belə ki, bəzi alıcılar təbii qaz alışını bazar qiymətləri daha da aşağı düşənə qədər təxirə salırlar.

Bundan başqa, qiymətlərin aşağı olması səbəbindən LNG-nin Avropa bazarına tədarükü azalır. Bir çoxları Aİ ölkələri üçün riskləri onda görürlər ki, Asiya ölkələri, ilk növbədə, Çin artıq təbii qaz istehlakını artırmağa başlayıb. Nəticədə, Avropa bu təbii qaz uğrunda mübarizə aparmalı və ola bilsin ki, artıq pul ödəməlidir.

Qətərin energetika naziri Saad əl-Kəabi Qətər İqtisadi Forumunda Avropa ölkələrini enerji balansı ilə bağlı şirkətlərlə danışıqlara başlamağa çağırıb. O, əks təqdirdə qitəni soyuq qışın gözləyəcəyini düşünür: “Avropa hələ ki neft və təbii qaz çatışmazlığı baxımından real çətinliklərlə üzləşməyib. Dünya iqtisadiyyatı 2024-cü ildə bərpa olunmağa başlayarsa və isti qış əvəzinə normal qış keçərsə, onlar (Avropa) bunu başa düşməsələr və neft və qaz istehsalçıları ilə danışıqlar masası arxasına oturmasalar, ən pisi hələ qarşıdadır”.

Nazirin sözlərinə görə, belə danışıqların olmadığı bir şəraitdə regionu xilas edə biləcək yeganə məsələ isti qış və qlobal iqtisadiyyatın yavaşlamasıdır. Saad əl-Kəabi vurğulayıb ki, hazırda Avropada trend olan bərpa olunan enerji mənbələri ənənəvi enerji mənbələrini tamamilə əvəz edə bilməz. Nazir “yaşıl enerji”nin bütün problemləri həll edəcəyini iddia edən siyasətçiləri populizmdə ittiham edib.

O, bunun qeyri-mümkün olduğunu düşünür: “Külək və günəş enerjisi ilə elektrik istehsal edə bilərsiniz, amma plastik hazırlaya bilməzsiniz. Neft məhsullarının istifadəsi üçün lazım olan bir çox başqa materiallar da var”.

Saad əl-Kəabi və onun səudiyyəli həmkarı şahzadə Əbdüləziz bin Salman Qətər İqtisadi Forumunda bildiriblər ki, neft və təbii qaz sənayesinə investisiyaların çatışmazlığı fonunda dünya enerji böhranı ilə üz-üzədir.

“ANZ Bank”ın strateqlərinin fikrincə, gələn qış Avropada enerji böhranının təkrarlanmasını istisna etmək olmaz: “Bizim əsas ssenarimiz odur ki, Avropa daha bir qışı elektrik enerjisi kəsintiləri olmadan keçirəcək. Lakin hesab edirik ki, ən pis ssenarinin reallaşma ehtimalı 30% təşkil edir. Bu risk bazar tərəfindən lazımi qədər qiymətləndirilmir”.

 

Yeni alıcılar

2022-ci ildə baş vermiş enerji böhranı üzərində Avropanın ilk qələbəsinə qayıtsaq, Azərbaycanın bu mübarizəyə verdiyi töhfəni bir daha xatırlatmaq istərdim. Avropa Komissiyasının məlumatına əsasən, ötən il Aİ ölkələri Azərbaycandan təbii qazın alınmasına 13,2 milyard avro xərcləyib. Ola bilsin ki, bu, ümum-Avropa miqyasında kiçik rəqəmdir. Lakin bu həcmlər Bolqarıstan, İtaliya və Yunanıstana təbii qaz tədarükündə mühüm rol oynayıb. Bununla ilk növbədə bu ölkələrin istehlakçıları üçün məişət qazının qiymətləri aşağı düşüb. Təsadüfi deyil ki, Rumıniya da Azərbaycan təbii qazının alıcıları “klubuna” üzv olmaq qərarına gəlib. Üstəlik, Cənub-Şərqi Avropanın digər ölkələri də növbədə gözləyir.

Prezident İlham Əliyev Azərbaycanın Avropa bazarlarına təbii qaz ixracını artırmaq və tədarük coğrafiyasını genişləndirmək niyyətini bir daha təsdiqləyib.

“Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İldən-ilə nəql edilən, ixrac edilən qazın həcmi artıb və artacaqdır”, - İ.Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib.

Bu arada, Bakı ilə Budapeşt bu il Macarıstana təbii qaz tədarük etmək barədə razılığa gəliblər.

“Azərbaycanla siyasi razılaşma nəticəsində ticarət danışıqlarımız müəyyən dərəcədə uğurlu olub. Bu il Azərbaycandan Macarıstana təbii qazın tədarükünə başlanılacaq”, - Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, Macarıstan 2023-cü ilin sonuna qədər Azərbaycan təbii qazının ilk 100 milyon kubmetrini almalıdır. Budapeşt hesab edir ki, bu tədarüklər Azərbaycanla bir neçə milyard kubmetr təbii qazın tədarükünə dair uzunmüddətli müqavilənin bağlanması istiqamətində ilk addım olacaq.

Söhbət xüsusilə neft və təbii qazdan gedirsə, proqnozlar özünü doğrultmaya bilər, çünki bu enerji resurslarının qiymətləri ilə bağlı vəziyyət heç də iqtisadiyyata aid olmayan səbəblər üzündən kəskin şəkildə dəyişə bilər. COVID-19 pandemiyası və Rusiya ilə Ukrayna arasındakı müharibə bunun əyani sübutudur.

Düşdüyü vəziyyətin ciddiliyini dərk edən Aİ göstərib ki, qərarların qəbulunda məhz birlik və mütəşəkkillik uğura aparan düzgün yoldur. Bu gün əminliklə deyə bilərik ki, Aİ ilə “Qazprom” arasında münasibətlər geri dönüş nöqtəsini keçib.

Rusiyanın enerji resurslarının tədarükünün azaldılması fonunda birinci ildən “sağ çıxa” bilən və Rusiya yanacağından “azadlığ”ın (hələ ki qismən) ləzzətini dadan Aİ, şübhəsiz ki, geri dönüş etməmək üçün əlindən gələni edəcək.

Yeni şərtlərdə təbii qazın qiymətini proqnozlaşdırmaq kifayət qədər çətindir. Söhbət sinoptiklərin belə əminliklə proqnozlaşdıra bilmədiyi hava şəraiti daxil olmaqla, müxtəlif amillərdən çox asılı olan enerji resursundan gedir. Lakin yaxın gələcəkdə təbii qazın qiymətində kəskin artımın baş verməyəcəyinə inanan ekspertlərlə razılaşmağa risk edək, çünki hazırda bununla bağlı heç bir ilkin şərt yoxdur.



MƏSLƏHƏT GÖR:

60