17 May 2024

Cümə, 23:48

İTALİYA “QIZIL”I

Azərbaycanda “Əziz Şuşa” beynəlxalq velosiped yarışı uğurla keçirilib

Müəllif:

15.06.2023

Azərbaycanın gözəl guşələrindən biri olan Şuşa növbəti mötəbər yarışa ev sahibliyi edib. Burada iyunun 7-11-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Əziz Şuşa” velosiped yarışı keçirilib.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən şose velosipedinin qrup ötüşməsi növü üzrə 2.2 kateqoriyalı 5 mərhələli yarışın startı Bakıda olub.

 

Beş mərhələ

Birinci mərhələdə, yürüşə veloparkdan start götürən idmançılar 150 km məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçiblər. Bu mərhələdə qaliblər fotofinişə əsasən müəyyənləşib. Bolqarıstan milli komandasının üzvü Martin Papanov birinci, İtaliyanının “Team Technipes İnemiliaromagna” klubunun üzvü Emanuele Ansaloni ikinci, Rumıniya milllisinin üzvü Kristian Railaenu  üçüncü yerə layiq görülüblər.

Yarışın ikinci mərhələsində idmançılar Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət ediblər. Elit yaş kateqoriyasında kişilərin mübarizə apardığı veloturun ikinci mərhələsinin qalibi Niderlandın “Universe Cycling Team” klubunun üzvü Luk Şurmans olub. Bolqarıstan milli komandasının üzvü Nikolay Genov ikinci, Çinin “China Glory Continental” klubunun velosipedçisi Julien Trarieux üçüncü yerə layiq görülüblər. Azərbaycan millisinin üzvlərindən Kamran Mirzəxanov böyük əzmkarlıq göstərərək pelotondan ayrılmağı bacarıb və finiş xəttini lider qrupun tərkibində keçib. İdmançımız 9-cu yerdə qərarlaşıb.

Veloturun üçüncü yarış günündə velosipedçilər Qəbələdən başlayaraq Ağdaş və Mingəçevirin ərazisindən keçib Gəncə şəhərinin mərkəzinə qədər 170 km məsafə qət ediblər. Bu mərhələdə Belçikanın “Bataia Brigade” klubunun üzvü Yari Verstraeten (03:36:49) birinci, Rumıniya milli komandasının üzvü Mihnea-Aleksandru Harasim ikinci, Qazaxıstanın “Almaty Astana Motors” klubunun üzvü Anton Kuzmin üçüncü yerdə qərarlaşıb. Azərbaycan millisinin üzvlərindən ən yaxşı nəticəyə Kamran Mirzəxanov imza atıb. O, 10-cu yerə layiq görülüb.

Dördüncü mərhələdə idmançılar Gəncə şəhərində təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra dağ yolları ilə Göygöl Milli Parkına qədər 102,9 km məsafə qət ediblər. İtaliyanın “Team Technipes İnemiliaromagna” klubunun üzvü Alessandro Monako mərhələnin qalibi olub. Onun komanda yoldaşı Emanuele Ansaloni ikinci, Qazaxıstanın “Almaty Astana Motors” klubunun üzvü Rudolf Remkhi üçüncü yerdə qərarlaşıb.

Azərbaycan milli komandasının üzvü Samir Cəbrayılov böyük əzmkarlıq göstərərək pelotondan ayrılmağı bacarıb. O, dağ yollarında yarışı liderlər sırasında davam etdirib. Nəticədə, idmançımız dörd mərhələdən sonra veloturun ən yaxşı dağ velosipedçisi olub (15 xal).

Son mərhələdə velosipedçilər Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısından start götürərək Şuşa şəhərinə qədər 132,2 km məsafə qət ediblər. İdmançılar “Zəfər yolu” ilə hərəkət ediblər. Enişli-yoxuşlu dağ yolları, ecazkar təbiət mənzərələri yarışı daha da maraqlı və həyəcanlı edib.

Beşinci mərhələnin nəticələrinə görə, İtaliyanın “Team Technipes İnemiliaromagna” klubunun üzvü Emanuele Ansaloni birinci, Rumıniya milli komandasının üzvü Kristian Raileanu ikinci, “Team Technipes İnemiliaromagna” klubunun digər üzvü Martin Nessler üçüncü yerə layiq görülüblər.

 

Turnirin qalibləri

Sonuncu mərhələnin nəticələri bəlli olduqdan sonra ümumi təsnifatda da qaliblər müəyyənləşib. Beləliklə, veloturun qalibi sonuncu mərhələdə də bütün idmançıları qabaqlayan İtaliyanın “Team Technipes İnemiliaromagna” klubunun üzvü E.Ansaloni olub və qızıl medal qazanıb. O, sarı köynəklə yanaşı, həm də yarışın ən yaxşı sprinteri olaraq yaşıl köynəyə də sahib olub.

“Almaty Astana Motors” klubunun üzvü Rudolf Remkhi gümüş, Niderlandın “Universe Cycling Team” klubunun üzvü Lars Quaedvlieg bürünc medal qazanıb.

Azərbaycan milli komandasının üzvü Samir Cəbrayılov dağ yollarında əzmkarlıqla mübarizə apararaq bütün rəqiblərini üstələyib (20 xal). İdmançımız yarışın ən yaxşı dağ velosipedçisi olduğuna görə qırmızı köynəklə təltif edilib. Qazaxıstanın “Almaty Astana Motors” klubunun üzvü Rudolf Remkhi isə ən yaxşı gənc idmançı olaraq ağ köynəyə sahib çıxıb.

Ümumi təsnifatda velosipedçilərimizdən ən yaxşı nəticəni Musa Mikayılzadə göstərib. İdmançımız 12-ci yerdə qərarlaşıb.

Komanda hesabında İtaliyanın “Team Technipes İnemiliaromagna” klubu birinci yerə layiq görülüb. Qazaxıstanın “Vino Sko Team” klubu ikinci, Çinin “China Glory Cycling Team” klubu üçüncü yerin sahibi olub. Azərbaycan milli komandası isə yarış cədvəlinin 9-cu pilləsində yer alıb.

Qeyd edək ki, yarışa ümumilikdə 14 ölkədən 16 komandanın heyətində 100-ə yaxın idmançı qatılıb.

Azərbaycanda ilk dəfə “Əziz Şuşa” velosiped yarışı 2022-ci ildə keçirilib. O, iki mərhələdən ibarət olub və nisbətən az sayda iştirakçı ilə keçirilib. Daha sonra yarış tamhüquqlu çoxgünlük veloyürüş statusu alıb və faktiki olaraq ilk dəfə 2012-ci ildə keçirilən “Tour de Azerbaijan”ın “davamçısı” olub.



MƏSLƏHƏT GÖR:

67