25 Dekabr 2024

Çərşənbə, 17:05

PAŞİNYANIN «TÜRK MARŞI»

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması şansı varmı?

Müəllif:

15.06.2023

Türkiyədə keçirilmiş prezident seçkisinin ikinci turunda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qələbə qazanması hələ də əsas siyasi xəbərlər sırasında yer alır. Bu, özünü Ermənistan-Türkiyə dialoqu, iki ölkə arasında münasibətlərin normallaşması imkanı kontekstində də göstərir.

 

Seçkiqabağı ümidlər və postseçki reallıqları, yaxud protokol nəzakəti?

Ermənistan Türkiyədə bu yaxınlarda keçirilən prezident seçkisi zamanı ümidini Kamal Kılıçdaroğlunun qələbəsinə bağlamışdı. Səbəb Bakıda Ərdoğanın qələbəsinin gözlənilməsi səbəbi ilə eyni idi. Bəziləri Kılıçdaroğlunun anasının erməni olması xəbərini çox ciddi qəbul edirdi, digərləri müxalifət namizədinin Azərbaycan mövzusuna nə qədər (daha dəqiqi, nə qədər az) toxunduğunu önə çəkirdi. Üçüncü zümrədən olanlar isə Ərdoğana sadəcə, 44 günlük müharibə zamanı tutduğu mövqeyi bağışlaya bilmir, «kim olur olsun, bircə Ərdoğan olmasın» prinsipindən çıxış edirdilər. Hər halda, Ermənistanın ümidi məhz Kılıçdaroğlunun qələbəsinə idi.

Artıq bu fikirlər sadəcə, tarixdir. Seçki Ərdoğanın qələbəsi ilə bitib və indi Paşinyan və komandası arzuladığı deyil, mövcud olan Türkiyə ilə münasibət qurmalıdır.

Paşinyan prosesə çox fəal başlayıb. İnformasiya agentliklərinin məlumatına görə, Türkiyədə səslərin hesablanması bitər-bitməz, o, «Twitter» sosial şəbəkəsindəki səhifəsində Ərdoğanı təkrar dövlət başçısı seçilməsi münasibətilə təbrik edib: «Ölkələrimiz arasında münasibətlərin tam normallaşması üçün birgə işlərimizin davamını səbirsizliklə gözləyirəm». Bundan başqa, iki ölkə arasında diplomatik münasibətlərin olmamasına baxmayaraq, Ermənistanın baş naziri Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasiminə qatılmaq üçün Ankaraya gedib. Əksər ekspertlər bu səfəri nəinki sensasiya kimi qiymətləndirib, hətta Paşinyanın Ankarada peyda olmasını Ermənistan-Türkiyə münasibətlərində miqyaslı siyasi dəyişiklik adlandırıblar.

Amma baş nazirin Ərdoğanın inauqurasiya mərasiminə qatılmasının Ermənistanda birmənalı qarşılanmayacağı bəlli idi. Məsələn, irəvanlı türkoloq ekspert Ruben Melkonyan yerli «Sputnik»ə açıqlamasında ölkənin Paşinyanın timsalında «alçaldığını» bildirib. Ekspert hesab edir ki, «protokol mesajlar üçün məkandır. Türkiyə baş nazir Paşinyanı Əliyevin arxasında əyləşdirməklə, Ermənistana münasibətini göstərib. Bu, məğlub ölkənin qalibin şənliyində iştirakı idi».

Bütün bunları Ermənistandakı daxili siyasi çəkişmələrin ayağına yazmaq da olar. Amma Paşinyan elə vəziyyətdədir ki, onun seçim imkanı yoxdur. Odur ki, baş nazir Türkiyə istiqamətində də hansısa gözəl jestlər, ümidverici eyhamlarla ən azı irəliləyiş görüntüsü yaratmaq lazımdır. Bəs Paşinyan və komandası Türkiyə ilə münasibətləri real olaraq normallaşdırmağa nə dərəcədə hazırdır?

 

Türkiyədə heç nə unudulmayıb

Paşinyanın «sülh partiyası»nın tərəfdarı, «sülh göyərçini», Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının tərəfdarı kimi təqdim edildiyi məlumdur. Ermənistanın özündə revanşistlər buna görə ona müxtəlif ayamalar qoşur ki, onlardan ən ağırı da «satqın»dır. Amma reallıqda Paşinyanı «sülh partiyası»nın nümayəndəsi saymaq ən azı qeyri-ciddilikdir. Hər halda, danışıqlar prosesinin pozulması və Ermənistanın məğlubiyyəti ilə bitmiş İkinci Qarabağ müharibəsinin başlamasına görə bütün məsuliyyəti məhz Paşinyan daşıyır. Türkiyə ilə münasibətləri də ən yüksək və təhlükəli düşmənlik səviyyəsinə o qaldırıb. Hər halda, erməni tarixçi, siyasətçi və diplomat Jirayr Libaridyan VVS-yə məşhur müsahibəsində deyir: «…Ermənistan prezidenti və baş nazirinin Sevr Sülh Müqaviləsinin ildönümü ilə bağlı bu yay (2020) verdikləri bəyanatlar Türkiyəyə ərazi iddiası kimi qiymətləndirilə bilər».

Düşünmək olardı ki, 44 günlük müharibədəki darmadağından sonra Ermənistan, nəhayət, siyasətini dəyişəcək. Lakin… 2023-cü il aprelin 24-də İrəvanda «Nemesis» qruplaşmasından olan terrorçulara ucaldılmış abidənin açılışı olub. Söhbət ötən əsrin iyirminci illərində Osmanlı imperiyası və Azərbaycan Xalq Cümhuriyyətinin hökumət üzvlərini qətlə yetirmiş şəxslərdən gedir. Üstəlik, abidənin terrorçuların adlarının qeyd edildiyi hissəsində boşluqlar qoyulub ki, bu da «mübarizə»nin, yəni terrorun bundan sonra da davam edəcəyi mesajıdır.

Azərbaycanla Türkiyə İrəvanda terrorun mədh edilməsini qəti şəkildə pisləyiblər. Ankara hava məkanını Ermənistanın üzünə qapadıb və bu qadağa ölkənin «bir nömrəli bort»una da aiddir. Türkiyənin ozamankı xarici işlər naziri Mövlud Çavuşoğlu isə deyib ki, «Ermənistan «Nemesis»ə abidəni terror təşkilatlarını, 1920-ci illərdə bizim diplomatlarımızı, vətəndaşlarımızı və azərbaycanlı qardaşlarımızı şəhid etmiş terrorçuları şöhrətləndirmək üçün qoyub». «Mən hamıdan çox şəhid vermiş xarici işlər naziri kimi, bunu qəbul edə bilmərəm», - deyə o, qeyd edib.

Çavuşoğlu onu da bildirib ki, «Ermənistanın «abidəni meriya ucaldıb və bizim onun işinə müdaxilə etmək səlahiyyətimiz yoxdur» bəyanatı qeyri-səmimi və yanlışdır, bu, İrəvanın xoş niyyətli olmadığını göstərir». Ovaxtkı nazir fikrini belə davam etdirib: «Biz, təbii ki, onların bu «xoş məramı» qarşısında fəaliyyətsiz qalmaq niyyətində deyilik. Biz hava məkanımızdan ən müxtəlif istiqamətlərdə uçmağa başlamış Ermənistan təyyarələrinin yolunu qapatdıq. Hər şey olduğu kimi davam edəcəksə, onlar bunu aradan qaldırmayacaqlarsa, biz əlavə tədbirlər də görəcəyik. Qoy, heç kim inciməsin».

Bu gün Türkiyə Xarici İşlər Nazirliyinə Çavuşoğlu yox Hakan Fidan rəhbərlik edir, amma Ankaranın mövqeyi çətin ki dəyişib və ya dəyişəcək. Belə bir vəziyyətdə Paşinyanın Ankarada ikinci cərcədə əyləşdirilməsi belə, böyük işdir. Çünki terrorçuların abidəsi hələ ki, yerindədir…

 

İlk addım, uzun yol və jestlər diplomatiyası

Burada «ən uzun yollar ilk addımdan başlayır», «ictimai rəy nəzərə alınmalıdır», «barışığa gedən yol uzun və çətin olur» və s. kimi fikirlər söyləmək olar. Fakt isə faktlığında qalır. Ermənistan indiyədək Türkiyə istiqamətində yalnız zəlzələdən sonra Türkiyəyə xilasedicilərin göndərilməsi, Türkiyə ilə sərhəddəki körpünün bərpası layihəsi yaxud Paşinyanın inauqurasiya mərasiminə qatılması kimi «jestlər diplomatiyası» ilə məşğuldur. Həqiqətən, ağır və prinsipial məsələlərlə bağlı barışıq prosesinə İrəvan başlamaq istəmir. Söhbət istər 1915-ci il hadisələrindən, istər terror kultundan, istərsədə  ən əsası, Türkiyənin Moskva və Qars müqavilələrində nəzərdə tutulmuş sərhədlərinin tanınmasından gedir. Ermənistanın Türkiyəyə ərazi iddiaları ilk planda yer almasa da, bu mövzuya ölkə konstitusiyasının preambulasında belə, rast gəlinir. «Nemesis» terrorçularına abidənin ucaldılması isə göstərir ki, Ermənistan jestlər səviyyəsində belə, sabit deyil.

Amma bütün bunlarla yanaşı, Ermənistan üçün köhnə siyasəti davam etdirmək çox risklidir. Terror və sərhədlərin tanınmaması apriori tammiqyaslı müharibə riskidir. Son dönəmlərə qədər İrəvan lazımi anda Rusiyanın onu qoruyacağına ümid edə bilərdi. Amma indi ermənilərdə bu əminlik də yoxdur. Rusiya 44 günlük müharibə zamanı Ermənistanın yerinə Azərbaycana qarşı vuruşmadı, sərhəddəki insidentlər zamanı isə Bakını «ibrət üçün cəzalandırmaq» fikrinə düşmədi. Ukrayna müharibəsi fonunda, üstəlik, söhbət Türkiyədən gedəcəksə, Rusiyanın məsələlərə müdaxilə şansı daha da azdır. Paşinyanı qeyd olunan jestlərə, «sülhsevərlik» nümayişinə məhz bunlar vadar edir.

Lakin artıq jestlər kifayət deyil. Xüsusilə terrorçulara abidənin ucaldılması fonunda.



MƏSLƏHƏT GÖR:

113