25 Dekabr 2024

Çərşənbə, 17:17

POZMA TAKTİKASI

Ermənistan sülh prosesinə niyə badalaq vurur?

Müəllif:

15.06.2023

Qarabağla bağlı danışıqlar prosesində qeyri-müəyyənlik davam edir. Ekspertlər dialoqun, nəhayət, sürət yığdığını deyirdi. Moskvada, Kişineuda danışıqlar aparılmış, ABŞ-da müzakirələrin yeni raundu planlaşdırılırdı… Lakin Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov ilə Ararat Mirzoyanın gözlənilən ABŞ görüşü ilə bağlı müəyyən nikbinlik olsa da, o, «havadan asılı vəziyyətdə» qalıb.

 

Milli diplomatiyanın xüsusiyyətləri

Danışıqların Vaşinqton raundunun təxirə salındığını ilk olaraq Ermənistan XİN-i bəyan edib. Qurumdan bildiriblər ki, iyunun 12-də keçirilməli olan görüşün təxirə salınmasını rəsmi Bakı istəyib. Bu, ən azı qəribə idi. Çünki adətən hər hansı görüşün təxirə salındığını, hətta onun keçiriləcəyi konkret tarixi tərəflərdən hər hansı deyil, «ev sahibi» elan edir ki, bu halda onu ABŞ Dövlət Departamenti açıqlamalı idi. Güman ki, Ermənistan XİN protokolla da «yol getmir». İrəvanın açıqlamasından sonra məsələyə Dövlət Departamenti də münasibət bildirib: «Danışıqların növbəti raunduna gəlincə, hazırda bizim əlimizdə konkret tarix yoxdur». Bunun ardınca isə Azərbaycan Xarici İşlər Nazirliyi yeni tarixin müəyyənləşdirilməsi üçün müzakirələrin aparıldığını bildirib. «Biz ümid edirik ki, görüş yaxın vaxtlarda baş tutacaq», - deyə qurumdan bildiriblər.

Diplomatlar baş verənlərlə bağlı əlavə detalları açıqlamağa tələsmir. Ekspertlərin isə öz versiyaları var. Onlar ABŞ-ın ATƏT-dəki nümaynədəsi Maykl Karpenterin rəsmi Vaşinqtonun mövqeyindən fərqlənir və Bakının haqlı təəccübünə səbəb olmuş qalmaqallı bəyanatını da xatırladırlar.

Daha düşündürücü olan Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə Moskvada keçirilmiş danışıqlardır. Tərəflər onun detallarını da açıqlamağa tələsmir. Moskva görüşü cəmi 20 dəqiqə davam edib və sonda heç bir sənəd imzalanmayıb. Niyə? Bu suala Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında İ.Əliyevin qonaq qismində qatıldığı Aİİ sammitində baş vermiş «söz atışması» cavabdır.

İlham Əliyev Azərbaycanın Aİİ üzvləri, xüsusilə Mərkəzi Asiya ölkələri üçün maraqlı olan iqtisadi və logistik imkanlarından danışıb. Ukrayna müharibəsi üzündən ənənəvi kommunikasiyalar – keçmiş SSRİ-nin Avropa hissəsindən keçən yollar bağlanıb. Belə bir vəziyyətdə Azərbaycan Prezidentinin deməyə sözləri var idi. Bu, Bakıdakı yeni ticarət limanıdır, bərə keçididir, Bakı-Tbilisi-Qars dəmir yoludur və s… «Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir», - deyə İ.Əliyev qeyd edib: «Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan «Şimal-Cənub» nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir».

Yəqin ki, İlham Əliyevin çıxışının Paşinyanı qıcıqlandırması gözlənilən idi. Azərbaycanın iqtisadi uğurlarının yanında bir də hərbi nailiyyətlər var ki, İrəvan 44 günlük müharibənin nəticələrinə görə onu yaxşı xatırlayır. Azərbaycanın iqtisadi və logistik imkanları isə təbii ki, həm də KTMT-də yer alan Aİİ üzvlərinin siyasi mövqelərinə də öz təsirini göstərir. İşğaldan azad olunmuş ərazilərdəki aeroportlar yalnız mülki deyil, həm də hərbi potensiala malikdir.

Belə bir vəziyyətdə səbəb aydın olmasa da, Paşinyan Zəngəzur dəhlizindən danışmaq qərarına gəlib və bu zaman Azərbaycanı nə az, nə çox – Ermənistana ərazi iddiaları irəli sürməkdə günahlandırıb.

Sonrakı «söz atışması»nı bir çox informasiya agentliyi yayımlayıb. Paşinyanın «hücum»larına Əliyev aydın, təmkinlə, eyni zamanda kifayət qədər tutarlı cavablar verib: «Mən, əlbəttə, diskussiya açmaq istəmirəm. Lakin Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim «dəhliz» sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq «Şimal-Cənub» dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə «Şərq-Qərb» dəhlizinə münasibətdə də istifadə olunur. «Dəhliz» sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər». Paşinyan mübahisəni davam etdirmək istəsə də, bu dəfə onun sözünü Putin kəsib.

 

Kadr arxasında nələr var?

Əlbəttə, ekspertlərin də qeyd etdikləri kimi, Aİİ sammitində baş verənlərdən sonra görüşməyin mənasının qalmadığını düşünmək olar: tərəflərin mövqeləri bir-birindən çox uzaqdır, gərginlik yüksək, inam isə əksinə, azdır…

Lakin Aİİ sammitində baş verənlər həm də yumşaq desək, Paşinyanın danışıqlar aparmaq səriştəsinin olmadığını da göstərib. O, sadəcə «Zəngəzur dəhlizi»nin nə demək olduğunu bilmir və bu ifadənin əsasında Azərbaycanın ünvanına ittihamlar səsləndirməyə çalışır. Belə vəziyyətdə üçtərəfli formatda danışıqların mənası qalmırdı…

Söhbət Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin açılması öhdəliyindən, Ermənistanın imzaladığı öhdəlikdən gedir. Bununla yanaşı, İrəvan kommunikasiyalara Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarət etməsinə qarşı çıxır. Ermənistanda bildirirlər ki, sərhədlərə və kommunikasiyalara yalnız onlar nəzarət edəcəklər.

Beləliklə, aydındır ki, İrəvan öz imzası ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmək istəmir. Üstəlik, Paşinyan bu oyunu ilk dəfə çıxarmır. Onun MDB-nin hələ müharibədən əvvəl Düşənbədə keçirilən sammitində əldə edilmiş razılaşmaları necə tezliklə «unutduğu»nu xatırlamaq kifayətdir.

Danışıqların Moskva raundunun pozulması Rusiyanın vasitəçi nüfuzuna ciddi zərbə vurub. Danışıqlar prosesində ağırlıq mərkəzinin Qərbə doğru meyilləndiyi indiki şəraitdə bu, Moskva üçün ikiqat arzuolunmazdır. Yəni bu vəziyyət nə Kremlin ürəyincədir, nə də Smolensk meydanının. Beləliklə, Ermənistan özü özünə badalaq vurur.

Danışıqların pozulması Ermənistanın köhnə taktikasıdır. Məsələnin mahiyyəti üzrə danışmaqdansa, boş-boş çərənləmək, qəbuledilməz tələblər irəli sürmək, imzalanmış razılaşmalara əməl etməmək – bunlara ilk dəfə rast gəlinmir. Amma danışıqların Azərbaycan ərazilərinin işğalda olduğu, İrəvanın öz hərbi üstünlüyünə inandığı şəraitdə uzadılması başqadır, eyni taktikanı indi də davam etdirmək başqa. Sonda Azərbaycanla Bakının irəli sürdüyü şərtlərlə razılaşmağın alternativi yoxdur. Ən əsası isə getdikcə mövcud şərtlər dəyişəcəksə, dəyişikliklərin Ermənistanın xeyrinə olmayacağına şübhə yoxdur.



MƏSLƏHƏT GÖR:

117