18 May 2024

Şənbə, 10:17

HAZIRLIQ MƏRHƏLƏSİ

Trans-Xəzər marşrutu ilə qeyri-neft məhsullarının daşınmasının artması investorları Ələt Azad İqtisadi Zonasına cəlb edəcək

Müəllif:

01.07.2023

Avrasiya məkanında sürətlə dəyişən geosiyasi reallıqlar təkanverici rol oynayıb. Baş verənlər Azərbaycan, Türkiyə, Mərkəzi Asiya ölkələri və Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlığın güclənməsinə və Orta Dəhlizin bir neçə marşrutu üzrə yükdaşımaların həcminin artmasına səbəb olub. Bu sxemdə isə Xəzər regionunun əsas tranzit qovşağı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı xüsusi rol oynayır. Onun logistik imkanları tezliklə illik 25 milyon ton yükə qədər genişlənəcək. Bu, birinci mərhələsinin açılışı bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən Ələt Azad İqtisadi Zonasının inkişafına müsbət təsir göstərəcək.

 

Təsdiqlənmiş effekt

Müxtəlif azad iqtisadi zonalar uzun müddətdir ki, nəqliyyat, logistika və istehsal sektorlarına investisiyaların cəlb edilməsi üçün ən effektiv və təsdiq edilmiş alət kimi tanınır. “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında” 18 may 1973-cü il tarixli Kioto Konvensiyasının müddəalarına əsasən, azad iqtisadi zonalar və xüsusi iqtisadi zonalar yerləşdiyi ölkənin ərazisində bir anklav kimi nəzərdən keçirilir. Bu iqtisadi zonalarda məhsullar gömrük eksterritoriallığı prinsipinə əsasən gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmir.

Bir sözlə, belə məhdud ərazilərdə rüsumsuz gömrük, tranzit və ticarət rejimləri olur. Üstəlik, bu ərazilər ölkənin qalan hissəsi ilə müqayisədə daha liberal iqtisadi qaydalarla fəaliyyət göstərir. Belə zonalarda xarici və yerli şirkətlərə xammal və komplektləşdirici məhsulların idxalı və ixracı, həmçinin saxlanılması hüququ verilir. Burada həmçinin topdan və pərakəndə satış məhsullarının qablaşdırılması, sadə tamamlanması, markalanması, keyfiyyətinə nəzarət və komplektasiyası həyata keçirilir.

Belə hibrid azad iqtisadi zonaların rezidentləri bir sıra fiskal, kommunal, icarə və kredit güzəştlərindən istifadə edirlər. Bu zonalar məhsulları əsasən ixracyönümlü olan sənaye müəssisələrinin tikintisi üçün əlverişlidir. Bütün bunlar kapital tutumlu sənaye müəssisələrinə investisiyaların cəlb edilməsini xeyli asanlaşdırır. Bundan başqa, belə layihələrdə xərclərin geri qaytarılması 40% və daha çox tez baş verir.

Azad iqtisadi zonalar, bir qayda olaraq, okeana çıxışı olan dəniz limanlarında, bir qədər az hallarda isə iri dəmir yolu qovşaqlarında və regional əhəmiyyətli beynəlxalq hava limanlarında yaradılır.

Yeri gəlmişkən, güzəştli rejimli ayrı-ayrı iqtisadi klasterlərin yaradılması üzrə müxtəlif sxemlərin səmərəliliyi zəngin beynəlxalq təcrübə ilə də təsdiqlənir: bu gün dünyanın 130-dan çox ölkəsində 4,3 minə yaxın müxtəlif tipli azad və xüsusi iqtisadi zona mövcuddur. Onların təxminən üçdə biri azad ticarət zonalarıdır. Bu da dünya ticarətinin dörddə birini təşkil edir: ABŞ-da 180-ə yaxın, Avropada 150, Yaponiyada 23, Çində 14-ə yaxın azad ticarət zonası var. Güzəştli rejimli klasterlərin daha çox hissəsi ticarət və istehsal funksiyalarına malik qarışıq tipli azad iqtisadi zonaların payına düşür. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, belə zonaların yaradılmasının multiplikator effekti əmək bazarı üçün xüsusilə yüksəkdir. Belə ki, dünyada müxtəlif tipli azad iqtisadi zonalarda 65 milyondan çox insan çalışır.

Dünya praktikasında rüsumsuz zonaların şəhərləri necə böyük ticarət və sənaye mərkəzlərinə çevirdiyinə dair çoxlu hallar var. Honq-Konq, Şençjen və ya Cebel Əlidəki (BƏƏ) iqtisadi zonaları nümunə göstərmək olar. Ən çox effektiv azad iqtisadi zonalar Çində yaradılıb. Dünya Bankının hesablamalarına görə, ümumi azad iqtisadi zonalar Çinin ÜDM-nin 22%-ni, xarici investisiyaların 46%-ni və bütün ixracın 60%-ni təşkil edir.

 

Ələt – ideal məkan

Azərbaycanda son illər Xəzər regionunun ən böyük dəniz limanı - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxınlığında yerləşən Ələtdəki azad iqtisadi zonanın yaradılması istiqamətində işlər aparılır. Bu məqamda qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının logistik imkanları tezliklə mineral gübrələr üçün yeni terminalın, gələcəkdə isə yeni konteyner terminalının tikintisi hesabına genişləndiriləcək. Ümumilikdə limanın yük emalı imkanı ildə 25 milyon tona çatdırılacaq. Mütəxəssislərin fikrincə, ölkəmizin əlverişli coğrafi mövqeyi və nəqliyyat infrastrukturunun inkişafına yatırılan milyardlarla dollarlıq vəsait Ələt Azad İqtisadi Zonasınıninvestisiya baxımından cəlbedici olacağına və xərclərin nisbətən daha tez geri qaytarılacağına zəmanət verir. Üstəlik, iqtisadi zonanın yaradılması üçün ideal məkan seçilib. Buranın beynəlxalq avtomobil yollarına, həmçinin Bakı-Tbilisi-Qars dəmir yoluna çıxışı var. Onlar Ələtdə birləşir və Orta Dəhliz, “Şimal-Cənub” marşrutu üzrə qurudan dənizə yüklərin daşınması üçün rahat, yüksək sürətli və rəqabətədavamlı nəqliyyat-logistik hab formalaşdırır.

Ümumiyyətlə, Ələt Azad İqtisadi Zonası ixracyönümlü istehsal və logistika mərkəzi kimi formalaşır. O, Xəzər regionu, həmçinin Avropa İttifaqı (Aİ), Cənub-Şərqi Asiya, Türkiyə və Yaxın Şərq ölkələrindən olan yükdaşıyıcıların və investorların cəlb edilməsinə yönəlib. Xatırladaq ki, bu iqtisadi zonanın təməli 2021-ci il iyulun 1-də qoyulub. Qısa müddət ərzində 850 hektar sahədə ilkin enerji və kommunal infrastrukturun yaradılması üzrə işlər aparılıb, optik kommunikasiya xətləri çəkilib, giriş yolları çəkilib.

“Azərenerji” ASC Ələt Azad İqtisadi Zonası ərazisində 110/35/6 kV-luq “AİZ-1” yarımstansiyasının və dispetçer idarəetmə mərkəzinin tikintisi üzrə podratçının seçilməsi ilə bağlı tender elan edib. Ələt zonasında gələcək sənaye klasterinin sabit fəaliyyəti üçün burada güclü yarımstansiyanın olması son dərəcə vacibdir. Ehtiyat generasiya obyekti kimi bu iqtisadi zonanın yaxınlığında 300 MVt gücündə “Səngəçal” modul tipli elektrik stansiyasının olması da mühüm əhəmiyyət kəsb edir.

60 hektarlıq zonanın ərazisində infrastruktur obyektləri ilə birlikdə Ələt Azad İqtisadi Zonasının birinci mərhələsi (Zona 1, Mərhələ 1) çərçivəsində tikinti işləri aparılıb: gömrük-keçid məntəqələri, həmçinin gömrük yoxlanışlarının aparılması üçün binalar və s. inşa olunub. 

İyunun 9-da Azərbaycan Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasında olub, bu ərazidə görülən işlərlə tanış olub, ümumi sahəsi 16 min kvadratmetr olan biznes mərkəzinin binasına baş çəkib. Üç funksional hissədən ibarət olan obyektdə lazımi şərait yaradılıb: mərkəz İT avadanlıqları və müvafiq infrastrukturla təchiz olunub. Burada Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun ofisi fəaliyyət göstərəcək, investorlara vahid pəncərə prinsipi ilə xidmət ediləcək. Biznes mərkəzində investorların idarəetmə qurumları üçün ofislər və gömrük əməkdaşları üçün ofis fəaliyyət göstərəcək.

Hazırda növbəti inkişaf mərhələsində 138 hektar sahəni əhatə edəcək standart istehsal müəssisələri və logistika mərkəzləri üçün nəzərdə tutulmuş hissədə layihələndirmə və hazırlıq işləri aparılır. Tezliklə torpaq işlərinə başlanılacaq. Ağır sənaye müəssisələri üçün də 211 hektar sahə nəzərdə tutulub.

Növbəti mərhələlərdə anbarların inşa ediləcəyi iqtisadi zonada avtomatlaşdırılmış logistika bazası fəaliyyətə başlayacaq. Gələcəkdə burada 100 min standart konteynerə xidmət göstərmək üçün platforma da yaradıla bilər.

 

İnvestorlar üçün güzəştlər

Ələt Azad İqtisadi Zonasının əsas üstünlüyü odur ki, burada potensial rezident investorları vergi, gömrük və digər qeyri-fiskal güzəştlərlə təmin edən unikal hüquqi baza mövcuddur. Üstəlik, investor şirkətlər ƏDV-dən, tutulan vergilərdən, gəlir vergisindən və hər hansı digər korporativ vergidən, gömrük rüsumlarından, həmçinin zonadan idxal və ixraca görə vergilərdən azaddırlar. Ələt zonasında aylıq əməkhaqqısı 8000 manatdan çox olmayan işçilərdən gəlir vergisi tutulmur, yüksək ixtisaslı əcnəbi mütəxəssislər üçün isə sosial sığorta ödənişləri könüllüdür.

Xarici hüquqi və fiziki şəxslər üçün başqa bir seçim bu iqtisadi zonada əmlaka sahiblik hüququ ilə bağlı məhdudiyyətlərin olmamasıdır. Xarici investorlardan yerli tərəfdaşların olması və səhmdar olması da tələb olunmur. Azad zonada valyuta əməliyyatları və ya mənfəətin repatriasiyası ilə bağlı heç bir məhdudiyyət yoxdur. Bundan başqa, investorların əmlakı heç bir halda milliləşdirilə bilməz. Nəhayət, investorların əqli mülkiyyət hüquqlarının tam qorunması da təmin edilir.

Ələt Azad İqtisadi Zonası BƏƏ-dəki azad iqtisadi zonalar, xüsusən Dubaydakı Cebel Əli iqtisadi zonası kimi dizayn edilib. Layihənin məsləhətçisi BƏƏ-nin “DP World” şirkəti idi. Şirkət gələcək sakinlər üçün maksimum fiskal, ixrac, viza və mülkiyyət azadlığı olan zona üçün texniki-iqtisadi əsaslandırma və digər normativ sənədlər işləyib hazırlanıb. Sonradan layihə modernləşdirilib və genişləndirilib. İstehsal klasterlərinin formalaşdırılması variantları, saxlanılan malların idarə edilməsi (yerli bazarlar üçün yenidən qablaşdırma, malların əlavə dəyərinin artırılması) və sonradan üçüncü ölkələrə təkrar ixrac imkanları artırılıb.

Azad iqtisadi zonanın inkişafının son məqsədi yüksək əlavə dəyərə malik məhsulların istehsalıdır. Onun da 75%-dən çoxunun xarici ölkələrə satılması planlaşdırılır. Ekspertlərin proqnozlarına görə, logistika və istehsal layihələrinin sonrakı mərhələləri həyata keçirildikdən sonra Ələt Azad İqtisadi Zonası 1 milyard dollara yaxın xarici və yerli investisiya cəlb edə biləcək.



MƏSLƏHƏT GÖR:

68