19 May 2024

Bazar, 23:11

AVROPA OYUNLARINDA 11 MEDAL

Azərbaycan komandası Polşada ümumi medal hesabında 24-cü yeri tutub

Müəllif:

15.07.2023

Tarixi Bakıdan başlayan Avropa Oyunlarının növbəti dayanacağı Polşa olub. Krakov və digər beş şəhərdə keçirilən III Avropa Oyunları yeni idman növləri ilə diqqəti cəlb edib.

 

Oyunlar rəqəmlərdə

48 ölkədən 7 minə yaxın idmançının mübarizə apardığı yarışda atletlər idmanın 29 növü üzrə 253 dəst medal uğrunda yarışıb. Polşaya 14 idman növü üzrə 101 idmançı ilə yollanan Azərbaycan komandası Oyunları ümumilikdə 11 (3 qızıl, 2 gümüş, 6 bürünc) medalla başa vurub. İdmançılarımız Krakov-2023-də medalları 5 idman növündə - karate (2 qızıl, 1 bürünc), kikboksinq (1 qızıl), taekvondo (1 gümüş, 1 bürünc), boks (1 gümüş, 1 bürünc), muay-tay (3 bürünc) əldə ediblər.

Azərbaycan komandasının heyətində qızıl medallara karateçilərimiz Tural Ağalarzadə (67 kq), İrina Zaretska (68 kq) və kikboksçumuz Fərid Ağamoğlanov (63,5 kq) layiq görülüb. Taekvondoçumuz Səyyad Dadaşov (54 kq) və boksçumuz Məhəmməd Abdullayev (+92 kq) isə gümüş medala sahib çıxıb. III Avropa Oyunlarının bürünc medallarını isə komandamıza karateçimiz Asiman Qurbanlı (+84 kq), taekvondoçumuz Haşım Maqomedov (58 kq), boksçumuz Murad Allahverdiyev (80 kq) və muay-tayçılarımız Xəyal Əliyev (67 kq, Emili Rzayeva (63,5 kq), Aysu Devrişova (57 kq) qazandırıb.

Komandamız bu nəticə ilə ümumi medal sıralamasında 24-cü yeri tutub. III Avropa Oyunlarında birinci pillənin sahibi 100 (35 qızıl, 26 gümüş, 39 bürünc) medalla İtaliya millisi olub. Beləliklə, Bakı-2015 və Minsk-2019-dan sonra Avropa Oyunlarının qalibi adını fərqli komanda qazanıb. Qeyd edək ki, əvvəlki yarışlarda Rusiya komandası birinciliyi əldə etmişdi.

Krakov-2023-də ikinci yerdə İspaniya 57 (21 qızıl, 17 gümüş, 19 bürünc), üçüncü yerdə isə Ukrayna 41 (21 qızıl, 12 gümüş, 8 bürünc) komandası qərarlaşıb. Almaniya 63 (20 qızıl, 16 gümüş, 27 bürünc) və Fransa 62 (17 qızıl, 19 gümüş, 26 bürünc) isə müvafiq olaraq, 4-5-ci yerləri tutub.

Oyunlarda ümumilikdə 840 medal sahibini tapıb. Bunların 254-ü qızıl, 253-ü gümüş, 333-ü bürüncdür. Krakov-2023-də 48 ölkədən 41-i medal qazanıb ki, onlardan da 35-i çempionluq sevinci yaşayıb.

 

Silsilə uğursuzluqlar

Qeyd edək ki, Avropa Oyunlarında titullu idmançılarımız özlərinə bənzəmirdilər. Məşqçi heyətinin ən çox medal gözlədiyi təcrübəli atletlərimiz fəxri kürsüdə yer almayıblar. İlk növbədə, taekvondoçuların çıxışını qənaətbəxş saymaq olmaz. Bakıdakı dünya çempionatında medalsız qalan milli Polşada da ümidləri doğrultmayıb.

Ümidləri doğrultmayan digər idman növü atıcılıq olub. Həm fərdi, həm komanda yarışlarında atıcılıq üzrə milli mükafatçılar sırasında yer almayıb. Olimpiya mükafatçısı, dünya çempionu Alfonso Dominges səviyyəsindən aşağı çıxış edib. Kubalı boksçumuz ilk mərhələdə uduzmaqla mübarizəni birinci görüşdə başa vurub.

Qılıncoynatma üzrə milli komanda Polşada mükafat qazana bilməyib. Yığmanın lideri olan Avropa çempionu Anna Başta Avropa Oyunlarında ən zəif yarışını keçirib. A.Baştanın uğursuzluğu həm onu, həm milli komandanı medalsız qoyub.

Polşadakı Avropa Oyunlarının Təşkilat Komitəsi güləş, cüdo, gimnastika, sambo kimi idman növlərini proqrama daxil etməyib. Cüdo yalnız komanda yarışlarında təmsil olunub. Sirr deyil ki, Azərbaycan güləşçiləri dünyada ən güclülər sırasındadır. Əvvəlki oyunlarında pəhləvanlarımız çox sayda medal qazanmaqla komandamızın turnir cədvəlində yüksək pillədə qərarlaşmasına dəstək olub. Belə ki, Avropa Oyunlarında güləşçilərin iştirak etməməsi millinin çıxışına təsir edib.

 

Uğurlu idmançılar və planlar

Digər tərəfdən mötəbər yarışda karateçilər 2 qızıl, 1 bürünc medal qazanmaqla bəslənən ümidləri doğruldub. Avropa Oyunlarının qalibi adını qazanan İrina Zaretska yarışın gərgin rəqabətdə keçdiyini bildirib: “Final çox çətin keçib. Rəqibim Yelena Kuiriçi mənim üçün prinsipial rəqibdir. Çünki mən dünya reytinqində birinci, o isə ikinci sıradadır. Premyer Liqa turnirlərində tez-tez qarşılaşırıq. Ya mən, ya da o qələbə qazanır. Mənim nəticəmə nail olmağa çalışır. Mövqeyimi əldən vermək istəmirəm. Bu, mənə əlavə motivasiya verir. Rəqib üçün öyrəşmədiyi taktika hazırlamışdım. Amma düşündüklərimi həyata keçirmək üçün heç də istədiyim hər şey alınmadı. Hesab uzun müddət 1:1 olaraq qaldı. Amma son saniyələrdə dönərək ayaqla vurduğum zərbə mənə qələbə qazandırdı. Bakıdakı Avropa Oyunlarında da belə olmuşdu. Bu, mənim ən sevimli fəndimdir”.

III Avropa Oyunlarında boks yarışının gümüş medalçısı Məhəmməd Abduallayev (+92 kq) isə əsas hədəfin Paris Olimpiadasına lisenziya qazanmaq olduğunu deyib: “Finalda böyük britaniyalı Delişes Oriyə məğlub olaraq ikinci yeri tutdum. Etiraf edim ki, yorğunluq var idi. Əsas məqsədim Paris-2024 Yay Olimpiya Oyunlarında bunun əvəzini çıxmaq və qızıl medal qazanmaqdır. Olimpiadaya hazırlıq üçün Azərbaycan Boks Federasiyası xüsusi plan hazırlayacaq. Mən bildiyim qədər, ABŞ və digər ölkələrdə təlim-məşq toplanışları təşkil olunacaq. Avropa Oyunlarında qazandığım gümüş medalı yaxşı nəticə hesab edirəm. Paris Olimpiadasına vəsiqə əldə etdiyim üçün xoşbəxtəm”.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri isə 2019-cu ildə Minskdə keçirilib. Azərbaycan millisi Bakı-2015-də 56 (21 qızıl, 15 gümüş, 20 bürünc) medal qazanaraq ümumi medal sıralamasında ikinci yeri tutub. Minsk-2019-da isə komandamız 28 (5 qızıl, 10 gümüş, 13 bürünc) medal qazanaraq medal sıralamasında 10-cu olub.



MƏSLƏHƏT GÖR:

56