13 May 2024

Bazar ertəsi, 02:09

VALEH EDƏN “DİKDABAN"

Avropanın məşhur istiqamətlərindən birində - İtaliyanın kurort şəhəri olan Baridə gəzinti

Müəllif:

15.07.2023

İtaliyanın bir çox şəhər və kurortları Azərbaycanda məşhurdur. Hər il minlərlə vətəndaşımız temperament baxımından bizə bir qədər yaxın olan bu ölkənin Roma, Venesiya, Neapol, Florensiya, Piza şəhərlərinə və bir çox başqa məşhur istiqamətlərə səfər edir. Amma elə istiqamətlər də var ki, onlar haqqında ya az məlumat var, ya da ki hələ də geniş ictimaiyyət tərəfindən lazımi dərəcədə qiymətləndirilməyib. Şübhəsiz ki, Apuliya regionunun paytaxtı, kurort şəhəri olan Bari də bu siyahıya daxildir.

 

Barini kəşf edirik

Media, adətən, Barinin “İtalyan çəkməsi”nin dabanının lap aşağı hissəsində yerləşdiyini yazır. Apuliya sakinləri də sevgi hissi ilə deyirlər ki, “Paris dənizin kənarında yerləşsəydi, balaca Bariyə bənzəyərdi”. Bu şəhərə gələn turistlər yekdilliklə bildirirlər ki, bura digər İtaliya kurortları kimi deyil və özünəməxsus üsluba malikdir. Ən maraqlısı isə odur ki, Apuliyanın bir çox şəhərlərinin mərkəzi tarixi məhəllələri Bakıdakı İçərişəhərə çox bənzəyir. Lakin Bari özünəməxsus italyan koloritinə malikdir.

Təbii ki, Bakı ilə Bari arasında birbaşa hava əlaqəsi yoxdur. Amma Bari Beynəlxalq Hava Limanı Avropanın bir çox yerindən gündəlik təyyarələri qəbul edir. Azərbaycanlıların Bariyə Budapeşt və ya Roma vasitəsilə getməsi daha sərfəlidir. Belə ki, qeyri-pik mövsümlərdə Budapeşt vasitəsilə Bariyə gediş-gəliş 450-500 manata başa gələ bilər. Roma şəhərindən qatar və ya təyyarə ilə Apuliya regionuna 25-40 avroya çata bilərsiniz.

Baridə iqlim, təxminən, Bakıdakı ilə eynidir: mülayim qışda havanın orta temperaturu 5° isti, yayda isə 30-35° isti olur. Təbii ki, Adriatik dənizində üzmək istəyirsinizsə, o zaman yay mövsümü üçün bilet almaq daha yaxşıdır. May da turistlər arasında populyar aydır. Burada hər il mayın 7-9-da dini bayram - Müqəddəs Nikolay Fiyestası keçirilir. Həmin vaxt müqəddəs Nikolayın heykəli qayıqla dənizə göndərilir. O, geri qayıdan zaman isə insanlar onu qarşılayır və kilsəyə qədər müşayiət edirlər. Küçələrdə təntənəli yürüşlər keçirilir və yerli sakinlər öz arzularını yazıb heykəlin önünə qoyurlar. Bu dövrdə şəhərdə yarmarkalar açılır, konsertlər, teatr tamaşaları keçirilir və atəşfəşanlıq təşkil olunur. Oktyabr ayında isə “Sagra delle Olive” adlı əsas yemək festivalı keçirilir. Bu festival məhsul yığımına, xüsusilə zeytun yağına həsr olunur. Həmin vaxt şəhərdəki açıq piştaxtalarda ənənəvi fokaçça, pizza və ləzzətli italyan mətbəxi ilə əlaqəli hər şey olur.

Hotellərdəki qiymətlərə gəlincə, onlar bütün İtaliyadakı kimidir, yəni ucuz deyil və mövsümdən asılıdır. Məlum olduğu kimi, koronavirus pandemiyasından sonra Avropanın hər yerində hava nəqliyyatının, hotellərin və ərzaq məhsullarının qiymətləri artıb və əvvəlki göstəricilərə qayıtmayıb. Ümumilikdə Bari və ətraf ərazilərdə 600-dən çox hotel var. Onlar həm şəhərin tarixi hissəsində, həm də dənizə yaxın ərazidə yerləşir. Belə ki, üçulduzlu hotellərdə ikinəfərlik nömrələrin qiyməti bir gecəlik 90-100 avrodan başlayır, dördulduzlu hotellərdə iki nəfərlik nömrələr isə azı 120-140 avroya başa gələcək. Baridə çoxlu tam təchiz olunmuş mənzillər var. Bu da orta büdcəli turistlər üçün daha sərfəli (70-80 avro) olacaq. Amma Bakıda olduğu kimi, büdcəli tətilin üçün əsas şərt yaşayış yerlərini əvvəlcədən bron etməkdir.

Liman şəhəri olan Bari 11 rayona bölünür. Bunlardan ən məşhurları “Murat”, “Bari Vecchia”, “Quartiere Umbertino” və “Markoni”dir. “Murat” rayonu şəhər çimərliyini Köhnə şəhərlə birləşdirən şəhərin tam mərkəzidir. Burada çoxlu sayda kafe və restoranlar cəmləşib. Odur ki, bu rayonda həm ləzzətli nahar edə, həm də bir fincan ətirli kofe içə bilərsiniz. “Bari Vecchia”da isə şəhərin ən görməli yerləri cəmləşib. Bu ərazidə Müqəddəs Nikolay bazilikası, kafedral və Bari qalası, Santa Maria kilsəsinin xarabalıqları və sair var.

Bari şəhərinin qədim tikililərinin qorunduğu Köhnə hissəsini araşdıra bilərsiniz. Müasir rayonların düz paralel prospektlərindən fərqli olaraq, Qədim şəhər kiçik, dar, daş döşənmiş və ab-havalı küçələrin labirintindən ibarətdir. Bu, yerli mədəniyyəti görmək, gözəl binalara heyran olmaq və şəhərin tarixini öyrənmək üçün ən yaxşı yerdir. Əlbəttə ki, Barinin və Qədim şəhərin əsas cazibəsi Müqəddəs Nikolay bazilikasıdır. Şəhərin mərkəzində yerləşən bu nəhəng kilsə fantastik dizaynı, dəbdəbəli interyeri ilə tanınır və katoliklər üçün Avropadakı vacib ziyarətgahdır.

Qədim şəhərdə gəzərkən, italyan qadınların sizin qarşınızda makaron bişirdiyi küçələri mütləq tapın. Bəli, yerli evdar qadınlar uzun müddətdir ki, bu kolorit bizneslə məşğuldur: makaron istehsalı və satışı. Qədim şəhərin küçələrində onlar evlərinin qarşısında xəmir və rəngarəng makaron hazırlayırlar. Yarım kiloqram makaronun qiyməti, təxminən, 2,5 avrodur. Həm turistlər əylənir, həm də evdar qadınlar gəlir əldə edirlər. Bu yerlər Bari qəsri ilə, demək olar ki, üzbəüz dar küçələrdə yerləşir.

Şopinq həvəskarları “Via Sparano” xiyabanına getməlidirlər. O, mərkəzi dəmir yolu stansiyasından qədim şəhərə qədər uzanır. Şopinq xiyabanını gəzən zaman bir çox yerli mağaza və dizayner brendlərini tapmaq olar. Bu küçədə həmçinin park, barlar, kafelər, restoranlar və digər xüsusilə məşhur yerlər var. Bura Bakıdakı Nizami küçəsinə və ya Moskvadakı Arbat küçəsinə bənzəyir. Bari və qonşu şəhərlərdə yerli “celato” dondurmasını dadmağı unutmayın. Bu dondurma çox dadlıdır və onun qiyməti 2-4 avrodur.

Romantik turistlər şəhərin sahilinə - “Lungomare Nazario Sauro”ya baş çəkməlidirlər. O, 1000 metrə qədər uzanır və Aralıq dənizində, həqiqətən, mənzərəli gəzinti yeri təklif edir. Şəhərin sahilindən dənizə və ağ binaların fantastik memarlığına gözəl mənzərə açılır.

Barinin mərkəzi olduqca kompaktdır. Burada gün ərzində əsas piyada zonası ilə gəzmək və əsas görməli yerləri görmək üçün vaxt tapa bilərsiniz. Yəni nəqliyyata ehtiyacınız yoxdur. Mərkəzdən kənarda yaşayış yeri icarəyə götürmüsünüzsə, o zaman sizə nəqliyyat lazım olacaq. Burada avtobus xidməti 5:00-dan 23:00-a qədər işləyən 42 marşrutla təmsil olunur, gediş haqqı 1 avrodur. Bu qiymətə siz həmçinin ictimai nəqliyyatla hava limanından mərkəzə və əks istiqamətdə gedə bilərsiniz.

 

Polinyano-a-Mare incisi

Bari kurortunu daha da cəlbedici edən onun çoxlu füsunkar kiçik şəhərlər və sahil limanları ilə əhatə olunmasıdır. Onlardan biri Polinyano-a-Maredir. Bura İtaliyanın cənubunda ən gözəl və fotogenik istiqamət hesab olunur.

Polinyano buxtası firuzə rəngli dənizə inanılmaz mənzərənin açıldığı hündür qayalı sahildə yerləşir. O, Baridən, təxminən, 30 kilometr məsafədə yerləşir. 2,60 avro ödəyib qatara minmək kifayətdir və 30 dəqiqədən sonra “Adriatik incisi” adlanan şəhərdə olacaqsınız. Burada büllur kimi şəffaf dəniz, mənzərəli qayalar və təbii mənşəli əzəmətli mağaralar var.

Amma yerli şəhər çimərliyi – “Lama Monachile Cala Porto” şəhərin və demək olar ki, bütün Apuliya regionun vizit kartı hesab olunur. O, təkcə İtaliyanın deyil, həm də bütün Avropanın ən çox fotoların çəkildiyi və mənzərəli çimərlikləri siyahısına daxildir. Yayda bu kiçik körfəz hər zaman insanlarla dolu olur. Qəribə olsa da, ictimai çimərliyin özündə istirahət edənlər üçün heç bir şərait yoxdur: Söhbət paltardəyişmə otaqları, duşlar, tualetlər, günəş çarpayıları və digərlərindən gedir. Bununla belə, sahilin ətrafındakı qayaların üzərində bir neçə pafoslu restoran və otel var. Səyahətçilərin adətən yazdıqları kimi, buranın mənzərəsi möhtəşəm və inanılmazdır: ağ qayalarla əhatə olunmuş firuzə rəngli dəniz, bir az cənubda bitki örtüyü və yuxarı hissədə isə tarixi mərkəzin parlaq qədim evləri.

Bu çimərliyin suyu yüksək keyfiyyət standartlarına cavab verdiyindən və təhlükəsiz üzgüçülük üçün uyğun olduğundan 2008-ci ildən etibarən “Mavi bayraq” beynəlxalq mükafatına layiq görülür.

Doğrudur, bu şəhərdə xüsusi tarixi görməli yer və ya muzey olmasa da, bura gözəl fotoların çəkilə bildiyi məkanlarla turistləri cəlb edir. Buranın ərəb, bizans, ispan və norman dövrlərinin qorunub saxlanmış xüsusiyyətləri olan tarixi mərkəzi insanı valeh edir.

Polinyano boyunca gəzən zaman turistlər arasında məşhur olan bir heykəllə qarşılaşacaqsınız. Sahildə Polinyano əsilli olan məşhur italyan müğənnisi Domeniko Modunonun abidəsi var. O, uzun illər qabaq ərsəyə gətirdiyi və daha çox “Volare” kimi tanınan “Nel blu dipinto di blu” mahnısı ilə məşhurdur. Bu mahnını müəllifdən başqa Luciano Pavarotti və Gipsi Kinqs daxil olmaqla, bir çoxları ifa edib. Abidəni görən hər kəs əllərini qaldıraraq “uçmaq” mənasını verən “Volare” mahnısını oxuyur. Bu mahnının nəqəratında “oxumaq” mənasını verən “cantare” sözü. Onun mahnısı ilə tanış olan hər bir ziyarətçi abidəni görən kimi əllərini yelləyir, “uçur və oxuyur”lar...

 

Mağara şəhər Matera

Baridə olarkən, buradan təxminən bir saat yarımlıq məsafədə olan Materaya baş çəkmək fürsətindən istifadə edin. Baridən Materaya getməyin ən yaxşı yolu avtobusdur. Buraya təxminən bir saata çata bilərsiniz. Avtobus biletinin qiyməti isə 5-6 avrodur. Əgər dəmir yol stansiyasına yaxın ərazidəsinizsə, Materaya qatarla 5,5 avroya çata bilərsiniz. Yalnız Altamurada keçid etmək lazımdır.

Matera İtaliyanın ən qeyri-adi və maraqlı istiqamətlərindən biridir. Bura Avropanın ən qədim yaşayış məskəni hesab olunur. Onun tarixi yeddi minillikdən çoxdur. Bura, demək olar ki, tarixi nüvəsini qoruyub saxlayan qədim şəhərdir. Amma mərkəzi hissəyə ekskursiyadan əvvəl sizə Sassi kəndini - UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim mağara evlərinin olduğu ərazini ziyarət etməyi məsləhət görürəm.

Kənd ona görə maraqlı və unikaldır ki, antisanitar, yoxsulluq və rahat şəraitinin olmadığı vəziyyətdə də insanlar 1952-ci ilə qədər, yəni burada yaşayanların normal evlərə köçürülməsi haqqında fərman verilənə qədər bu mağaralarda yaşayıblar. Karlo Levinin “Məsih Ebolidə dayandı” kitabı insanların köçürülməsinə yardım göstərib (daha sonra bu kitabın əsasında film çəkilib). Əsərdə şəhər həyatı az qala Dantenin cəhənnəm dairələrindən biri kimi təsvir edilib. Axı, o zaman kiçik bir mağarada həm insanlar, həm də mal-qara bir yerdə yaşayırmış. İtaliya hökuməti buradakı vətəndaşlarının orta əsrlərdəki kimi yaşadığına əmin olduqdan sonra insanlar yeni evlərə köçürülüb və bura “ruhlar şəhəri”nə çevrilib. Yalnız ötən əsrin 90-cı illərində Matera UNESCO-nun abidələri siyahısına daxil edildikdən sonra “ruhlar şəhəri” modernləşdirilib və insanlar yenidən burada yaşamağa başlayıblar. Varlı italyanların aldığı müasir mağaralarda təkcə axar su deyil, həm də peyk televiziyası, internet və sivilizasiyanın digər “nemətlər”i var. Turistlər də öz növbəsində yerli mini-hotellərdə və “mağara-mənzillərdə” otaqlar kirayəyə götürür, “mağara-restoranlara” baş çəkirlər.

Ümumiyyətlə, Materada qədim memarlıq nümunələri və kilsələr, füsunkar dar küçələr və döngələr, daş pilləkənlər və heyrətamiz mənzərələrə açılan ərazilər, parlaq yaşıl kaktuslar, kiçik ağaclar və çiçəklərlə dolu olan gözəl həyətlər var. Məhz burada Mel Gibson qalmaqallı “Məsihin ehtirasları” filminin kadrlarını, o cümlədən İsa Məsihin Qolqofaya qalxdığı səhnəni çəkib.

Qeyd edək ki, 12-ci əsrə aid yaxşı qalmış freskaların olduğu Materada 130-dan çox mağara kilsəsi və ibadətgahı var. Onlardan bəzilərinə giriş 25 avrodur və foto çəkmək qadağandır. Amma burada kilsə sütunları əvəzinə Bizans dövrünün freskalarını görə bilərsiniz. San Pyetro Barizanoda olduğu kimi bəzi məbədlərdə hətta caz belə dinləyə bilərsiniz.

 

Trulli Alberobello

Baridən, təxminən, 60 kilometr məsafədə inanılmaz Alberobello şəhəri yerləşir. Əgər siz İtaliyanı sevirsinizsə, yəqin ki, reklam və broşürlərdə buradan olan fotoları görmüsünüz.

Alberobello konusvari damı olan unikal ağ daş evlər - cırtdanların məskənlərinə bənzər “trulli” adlanan evlər sayəsində tanınıb. Dünyanın heç bir yerində belə binalar yoxdur. Bu evlər unikallığına görə 1996-cı ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu tikilinin əsas xüsusiyyəti odur ki, onu tez bir zamanda və asanlıqla dağıtmaq olar. Bunun üçün təmələ qoyulmuş xüsusi daşdan istifadə edilir. O, çıxarılan zaman ev daş yığınına çevrilir. Belə evlərin yaradılmasına səbəb 16-cı əsrdə yerli sakinlərin ev üçün vergi ödəmək istəməməsidir. Kral vergiyığanlarının yaxınlaşmasını eşidən yerli sakinlər bir neçə dəqiqə ərzində evləri dağıdıb, getdikdən sonra onları yenidən tikiblər. Rəsmi olaraq, İtaliyada trulli vergisi yalnız 1979-cu ildə ləğv edilib və indi hər kəs onları 5-30 min avroya ala bilər (qiymət yerdən və ərazidən asılıdır).

İndi insanlar təkcə trullidə yaşamırlar, həm də onların bəzilərində muzeylər, restoranlar, kafelər, suvenir mağazaları və şərab zavodları fəaliyyət göstərir. Baridən Alberobelloya getməyin ən asan yolu avtobusdur. Səfər, təxminən, bir saat çəkəcək və hər iki istiqamətdə 8,80 avroya başa gələcək. Avtobusun son dayacağından görməli yerlərin olduğu şəhərin mərkəzinə piyada, təxminən, 15 dəqiqəyə çatmaq olar. Ancaq ilk növbədə şəhərin yuxarı (şərq) hissəsində yerləşən təpəni araşdırın. Burada trulli ilə yanaşı, Kosma və Damian məbədi (“Santi Cosma e Damiano”) var. Üstəlik, bura trullidəki ən böyük muzeyə sahibdir. Sonra “Corso Vittorio Emanuele” əsas küçəsi boyunca qərb hissədə yerləşən təpəyə - “Piazza del Popolo”ya yollana bilərsiniz.

Şəhərin qərb hissəsindəki təpə, demək olar ki, tamamilə trulli məhəllələrindən ibarətdir. Onların sayı minlərlədir. Burada 12-ci əsrə aid olan və trulli üslubunda tikilmiş “Chiesa di Sant'Antonio” kilsəsini görə bilərsiniz. Burada Alberobelloda ən çox fotoların çəkildiyi meydan yerləşir. Yorulduqdan sonra isə açıq havada çoxlu sayda kafe və restoranların olduğu “Piazza del Popolo”ya qayıdın. Burada dondurma yeməyi, yüksək keyfiyyətli zeytun yağı və yerli suvenirlər almağı unutmayın.

Bir daha təkrar etmək istərdim ki, Bari kurortu ona görə unikaldır ki, onun ətrafında çox az maliyyə vəsaiti ilə yollana biləcəyiniz xeyli kiçik cəlbedici şəhərciklər və kəndlər var. Bu şəhərlərin hər birinə rəsmi ekskursiyalar 150-200 avroya başa gələ bildiyi halda, belə ekskursiyalarin ictimai nəqliyyat vasitəsilə qiyməti cəmi 5-10 avro olacaq. Buna görə də Baridə rahatlıqla azı 7-10 gün qala bilərsiniz. Sadalanan şəhərlərlə yanaşı, Molfetta, Altamura, Trani, Monopoli, Çisternino və bir çox başqa füsunkar istiqamətlərə səyahət etmək imkanınız olacaq.



MƏSLƏHƏT GÖR:

61