20 May 2024

Bazar ertəsi, 06:34

İLK DƏFƏ PAYIZDA

Gələn il Azərbaycanda “Formula 1” yarışları fərqli tarixdə keçiriləcək

Müəllif:

01.08.2023

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Avtoidman üzrə Ümumdünya Şurası 2024-cü il “Formula 1” üzrə dünya çempionatının təqvimini açıqlayıb. Təqvimə əsasən, paytaxtımız növbəti Azərbaycan Qran Prisinə 2024-cü il sentyabrın  13-15-də ev sahibliyi edəcək. Sayca səkkizinci dəfə təşkil ediləcək Bakı yarışı təqvimdə yer alan 24 yarışdan biridir. Yeni F1 mövsümü martın 2-də Bəhreyndə başlayıb ənənəyə sadiq qalaraq dekabrın 8-də Əbu-Dabidə başa çatacaq.

“Formula 1” yarışının növbəti təqvimi yürüşlərin keçiriləcəyi müxtəlif qlobal regionlara əsasən tərtib olunub. Burada məqsəd F1-in davamlılığı, populyarlığı ilə yanaşı mövsüm ərzində yarışa olan marağı artan səviyyədə qorumaqdan ibarətdir.

 

Effektiv yarışlar

Yeni təqvimə əsasən, yarışlar apreldə Yaponiyada, sentyabrda Azərbaycanda, daha sonra Qətər və Əbu-Dabidə keçiriləcək.

“Formula 1”in təşkilatçıları artıq qeyd olunduğu kimi, regionların yaxınlığını nəzərə alıblar. Bəhreyn və Səudiyyə Ərəbistanında keçiriləcək mövsümün açılışını edəcək iki yarış həftəsində Qran Pri şənbə günü baş tutacaq. Bu qərar Ramazan ayı ilə əlaqədar qəbul edilib. Şənbə günü Las Veqasda yarış olacaq. Qeyd edək ki, 2019-cu ildən bəri ilk dəfə Çin Qran Prisi keçiriləcək.

Ənənəvi avqust fasiləsi gələn mövsüm də saxlanılacaq. Payızda Sinqapur və Ostindəki yarışlar arasında təxminən bir ay fasilə olacaq. Bu baxımdan, ikili və üçlü mərhələlərin sayını artırmaq lazım idi.

 

“Formula 1”ə maraq artır

“Formula 1”in prezidenti və baş icraçı direktoru Stefano Domenikali 2024-cü il “Formula 1” təqvimini belə izah edib: “Bütün azarkeşlərimiz üçün daha bir maraqlı mövsüm olmağı hədəfləyən 24 yarışdan ibarət yeni təqvimini elan etməkdən məmnunluq duyuram. “Formula 1”ə böyük marağın və yüksək tələbatın olduğu vaxtda inanıram ki, bu təqvim ənənəvi yarışlar ilə yeni və mövcud yarışlar arasında düzgün balans yaradacaq. Bu möhtəşəm cədvəlin meydana gəlməsində göstərdikləri dəstəyə görə bütün tərəfdaşlarımıza minnətdaram. “Formula 1”in 2030-cu ilə kimi karbon tullantılarının sıfra endirilməsi öhdəliyinin bir hissəsi kimi təqvimlərin davamlılıq əsasında tərtib olunması növbəti illərdə də davam edəcək. İlk Las Veqas Qran Prisi də daxil olmaqla, hələ də 2023-cü ildə səbirsizliklə gözlədiyimiz çoxlu yarışlar var və azarkeşlərimizi növbəti mövsümdə daha da həyəcanlı yarışlar gözləyir”.

Azərbaycan Qran Prisinin ilk dəfə sentyabrda keçirilməsi ölkəmizdə turizm müddətinin artırılmasına səbəb olacaq. Adətən, yayda Bakıya səfər edən xarici vətəndaşların bu dəfə payızda paytaxtımızın qonağı olacağı gözlənilir. Eyni zamanda Bakı yürüşünün hər zaman olduğu kimi qalibi müəyyənləşdirmək baxımından həlledici olacağı proqnozlaşdırılır. Təqvim dəyişikliyinə əsasən, Bakı Şəhər Halqası iyul-avqust aylarında hazırlığa başlayacaq.

 

Yeni komanda yaratmaq istəyənlər və qaydaları pozanlar

Növbəti illərdə “Formula 1” yarışlarının İspaniyada iki şəhərdə keçiriləciyi gözlənilir. Barselona 2026-cı ilədək İspaniya Qran Prisinin keçirilməsinə dair müqaviləsi olduğu halda Madrid rəhbərliyi də “Formula 1” yarışına ev sahibliyi etmək istəyir. Onların fikrincə, bu yarış Madriddə olacağı halda region əlavə 500 milyon avro gəlir əldə edəcək. “Formula 1” rəhbərliyinin İspaniyada iki mərhələnin keçirilməsinə və ya təqvimdə Barselonanın Madrid ilə əvəzlənməsinə razılıq verəcəyi məlum deyil.

“Formula 1” üç komandanın 2022-ci ildə büdcənin məhdudlaşdırılması qaydasına əməl etmədiyini açıqlayıb. Bəzi komandaların maliyyə reqlamenti çərçivəsində fəaliyyət göstərmədiyinə dair əsaslı şübhələr var. Maliyyə məhdudiyyətinə əməl etməyən komandaların adları açıqlanmır. Xatırladaq ki, 2021-ci il auditinin yekunlarına görə, xərclər limitini “Red Bull Racing” və “Aston Martin” komandaları pozub.

Yeri gəlmişkən, Beynəlxalq Avtomobil Federasiyası yeni “Formula 1” komandasının yaradılması ilə bağlı müsabiqənin nəticələrini elan etməyə hazırlaşır. Bu günlərdə isə dünya çempionatının hazırkı iştirakçıları seriyadakı kollektivlərin sayının artmasına qarşı bəyanat imzalayıb. “Formula 1” komandaları (bir komanda istisna olmaqla) pelotonun genişləndirilməsinin əleyhinədir. “Formula 1” komandaları hesab edirlər ki, iştirakçıların sayının artması hesabına mükafat pulunda itkiləri kompensasiya etmək üçün yeni komandaların giriş haqqı üç dəfə artırılaraq 200 milyon dollardan 600 milyon dollara çatdırılmalıdır.

ABŞ-ın məşhur “Forbes” jurnalı “Formula 1” komandalarının dəyər reytinqini dərc edib. Qiyməti 3,9 milyard dollar olan “Ferrari” ilk pillədə qərarlaşıb. “Mercedes” (3,8 milyard) 2-ci, hazırkı çempion “Red Bull” (2,6 milyard) isə 3-cü olub. “Forbes” bildirir ki, son illərdə bütün “Formula 1” komandalarının dəyəri ciddi şəkildə artıb. Komandaların orta qiyməti 1,88 milyard dollardır və bu da 2019-cu ildəki qiymətləndirmə ilə müqayisədə 276 faiz çoxdur. Konkret “Ferrari”nin qiyməti 189 faiz, “Mercedes”in isə 274 faiz artıb.



MƏSLƏHƏT GÖR:

57