18 May 2024

Şənbə, 16:14

İDXAL QİYMƏTLƏRİ

Azərbaycanda inflyasiyanın təxminən yarısı tərəfdaş ölkələrin bazarlarındakı vəziyyətdən asılıdır

Müəllif:

01.08.2023

Son bir neçə ildə inflyasiya kifayət qədər hiss olunur və təkcə iqtisadi proseslərə deyil, həm də hər birimizin həyatına mənfi təsirin göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən iyulun 15-də Baş nazir Əli Əsədov ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsini təmin etmək məqsədilə İşçi qrupun yaradılması haqqında sərəncam imzalayıb. Sənəddə inflyasiya proseslərini, onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, həmçinin bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi zərurətindən bəhs edilir.

Bu arada, Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 9% səviyyəsində saxlayaraq, ilin sonu üçün bu göstərici ilə bağlı nikbinliyini bir daha təsdiqləyib.

 

İrəliləyiş var, amma qarşıya qoyulan vəzifə yerinə yetirilməyib

İşçi qrupunun ilk iclasında istehlak səbətinə daxil olan məhsul və xidmətlərin növləri üzrə qiymətlərin daha dərindən öyrənilməsi, o cümlədən kənd təsərrüfatı, sənaye məhsulları üzrə istehsalçı qiymətləri indekslərində dəyişikliklər və s. məsələlər müzakirə olunub.

Bu məqamda qeyd edək ki, AMB-nin məlumatına görə, illik inflyasiya azalmaqda davam edir və iyunda 10,6% təşkil edib. Bu da ötən ilin sentyabrında qeydə alınmış son illərin pik səviyyəsindən 5% aşağıdır. Üstəlik iyunda əvvəlki ayla müqayisədə 0,9% deflyasiya qeydə alınıb. Ərzaq məhsullarının illik inflyasiyası isə 11,5%-ə düşüb.

Müsbət tendensiyalar əsasən tərəfdaş ölkələrdə və qlobal əmtəə bazarlarında istehlak qiymətləri indeksinin (İQİ) azalması ilə bağlıdır. Belə ki, ticarət tərəfdaşı olan ölkələr üzrə orta inflyasiya bu ilin iyununda ötən ilin oktyabrında müşahidə edilən pik səviyyə ilə müqayisədə 2 dəfədən çox azalıb. AMB-nin məlumatına görə, bu, əsasən qlobal iqtisadi aktivliyin zəifləməsi, qlobal enerji qiymətlərinin azalması və əksər ölkələrdə həyata keçirilmiş sərt pul siyasəti ilə bağlıdır.

“İyun ayında illik 10,6%-lik inflyasiyanın 5,6%-i idxalın payına düşüb və bu da ölkəmizdə bu proseslərin xarici amillərdən asılılığını açıq şəkildə göstərir”, - AMB sədri Taleh Kazımov bu yaxınlarda keçirdiyi mətbuat konfransında qeyd edib. Onun sözlərinə görə, idxaldan asılı olan ölkələrdə uçot dərəcəsinin təsiri aşağıdır.

Beynəlxalq Valyuta Fondu (IMF) qlobal inflyasiyanın ötənilki 8,7%-dən 2023-cü ildə 7%-ə enəcəyini proqnozlaşdırır. Eyni zamanda IMF-nin icraçı direktoru Kristalina Georgiyeva qida və gübrələrin qiymətlərinin artması ilə bağlı xüsusi narahatlığını ifadə edərək, G20 ölkələrini deflyasiyanı dəstəkləmək üçün “maliyyə yastıqları” yaratmağa çağırıb: “İrəliləyiş var, lakin qarşıya qoyulan vəzifələr yerinə yetirilməyib və monetar siyasət kursu saxlanılmalıdır. Bu məsələ ilə bağlı vaxtından əvvəl arxayınlaşma deflyasiya ilə bağlı çətinliklə qazanılmış uğurları heç edə bilər”.

Dünya Bankının əmtəə bazarı ilə bağlı son hesabatına görə, iyun ayında əmtəə qiymətləri illik müqayisədə 37,1%, enerji 45,1% və qeyri-enerji 15,1% aşağı düşüb. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, iyunda ərzaq məhsulları 20,9% ucuzlaşıb.

Asiya İnkişaf Bankının (ADB) “Asiyanın inkişaf proqnozu: inflyasiyanın qarşısının alınması ilə dayanıqlı artım” adlı iyul hesabatında qeyd olunub ki, inflyasiya Qafqaz və Mərkəzi Asiya regionunda yüksək olaraq qalacaq: 2023-cü ildə 10,6% və 2024-cü ildə 7,8%. Bu, ADB-nin aprel hesabatındakı göstəricilərdən (müvafiq olaraq 10,3% və 7,5%) çoxdur.

 

Daxili alətlər

AMB Azərbaycanda istehlak qiymətləri indeksinin ÜDM-də 1% artımla bu ilin sonunadək 6-7%-ə çatacağını düşünür. Eyni zamanda qeyri-neft ÜDM-in artımı 3-4% təşkil edəcək. Gələn illə bağlı gözləntilərin daha nikbin olduğu görünür: ÜDM artımı - 4-5%, qeyri-neft ÜDM - 5-6%.

Bəs bu realdırmı? İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, hazırda Azərbaycanda qeyri-neft sektorunda faktiki ÜDM potensialı ÜDM-dən yüksəkdir. Başqa sözlə, hazırda mal və xidmətlərə tələbat iqtisadiyyatın maksimum dayanıqlı səviyyədə istehsal edə biləcəyindən daha yüksəkdir. V. Qasımlı hesab edir ki, dövlət dəstəyilə məcmu tələb genişlənir, gərək milli iqtisadiyyatın yaratdığı məcmu təklif də buna cavab versin ki, inflyasiya tarazlaşsın.

Qeyd edək ki, AMB məcmu təklifə deyil, məcmu tələbə təsir göstərməklə inflyasiyanı tənzimləmək imkanlarına malikdir. Məsələn, məcmu təklifin əsas inflyasiya yaradan amili idxaldır ki, 2023-cü ilin ilk beş ayında 20%-dən çox artıb. Mərkəzi Bankın inflyasiya idxalına birbaşa təsir imkanı isə məhduddur.

Bəs məcmu tələb necə formalaşır? Bu, əsasən şəxsi istehlak və özəl investisiyalar, həmçinin dövlət xərcləri hesabına formalaşır. Mərkəzi Bank faiz dərəcələrini artırmaqla bu proseslərə təsir edə bilər. Məlum olduğu kimi, banklararası təminatsız pul bazarında 1-3 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi faiz dəhlizinin dəyişiminə reaksiya verərək ötən ilin sentyabrından bəri 2,67 faiz bəndi, bu ilin əvvəlindən isə 1,72 faiz bəndi qalxıb.

Proseslərin daha bir əyani göstəricisi var. Söhbət AZIR indeksindən (“Azerbaijan Interbank Rate”) gedir. Bu indeks “Bloomberg” ticarət platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin ortaçəkili faiz dərəcəsini əks etdirir. İlin əvvəlindən bir günlük AZIR indeksi 1,87 faiz bəndi, həftəlik indeks isə 1,04 faiz bəndi artıb. Bu göstəricinin artması bankların verdiyi kreditlər üzrə faizləri artırır və bu da onlara tələbatı azaldır. Daha az kredit iqtisadiyyatda daha az pul kütləsinin daxil olması və müvafiq olaraq, tələbin azalması deməkdir.

 

Risklər var

AMB-nin sədri bildirib ki, inflyasiya təzyiqi valyuta bazarında tarazlığa, xüsusən manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsinə dəstəyi azaldır: “Məlum olduğu kimi, nominal effektiv məzənnənin 10% möhkəmlənməsi inflyasiyanın 3,4% azalmasına səbəb olur. Manat ilin birinci yarısında 10,3% möhkəmlənib. Ticarət balansında müsbət saldoya nail olunması da istehlak qiymətləri indeksinə müsbət təsir göstərib”.

Buna ilin birinci yarısında 9,8 milyard təşkil edən ticarət balansının profisiti, qeyri-neft ixracının isə 21,8% artması şərait yaradıb. Pul kütləsinin daha effektiv tənzimlənməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin daha da məhdudlaşdırılması və dedollarizasiya tendensiyalarının dəstəklənməsi məqsədilə Mərkəzi Bank məcburi ehtiyatlar normalarının differensiallaşdırılması qaydasına yenidən baxıb. Qərara alınıb ki, bu ilin iyulundan bütün banklar məcburi ehtiyatları yeni standartlar üzrə hesablamalı, avqustun 15-dən isə yalnız onlara uyğun aparmalıdırlar.

“Məcburi ehtiyat normalarının hüquqi şəxslərin depozitlərinin məbləğindən asılı olaraq diferensial tətbiqi likvidliyin təmərküzləşməsini azaltmağa və əlavə vəsaitin sterilizasiyasına imkan yaradacaq”, - ölkənin baş bankiri hesab edir.

Bununla bağlı nikbinliyə baxmayaraq, risklər hələ də qalır. AMB də etiraf edir ki, bu risklər xüsusilə ticarət tərəfdaşlarında qiymətlərin qalxmasına görə kifayət qədər yüksəkdir. Məsələn, Türkiyədə inflyasiyanın 2023-cü ilin sonuna kimi 58% olacağı proqnozlaşdırılır. Bu ölkədə 6 ay ərzində illik inflyasiya 38,2%-ə qədər azalıb. Türkiyənin Mərkəzi Bankının sədri Hafizə Qayə Erkan bildirib ki, Mərkəzi Bankın fəaliyyətini yaxşılaşdırmaq üçün monetar-kredit siyasətini mərhələli şəkildə sərtləşdirəcək: “Biz təkrəqəmli inflyasiyaya çatana qədər bütün maliyyə alətlərini tətbiq etməyə davam edəcəyik”. O, tənzimləyicinin 2024-cü ildə dezinflyasiya prosesinin başlanması üçün zəmin yaratmaq üçün addımlar atdığını qeyd edib.

Azərbaycana gəlincə, AMB pul siyasətini sərtləşdirməyə hələ ki fasilə verib, lakin gələcək qərarlar istehlakçı qiymət indeksi ilə bağlı vəziyyətdən asılı olacaq. Bəzi ekspertlərin fikrincə, ilin sonuna kimi uçot dərəcəsi 0,5% azaldıla bilər. Amma qeyd edildiyi kimi, bu məsələ ilə bağlı hər şeyi qiymətlər və inflyasiya həll edəcək.


MƏSLƏHƏT GÖR:

57