18 May 2024

Şənbə, 13:04

DƏNİZ DALĞALANIR…

Rusiya-Ukrayna münaqişəsi Qara dəniz sahillərini getdikcə daha təhlükəli məkana çevirir

Müəllif:

01.08.2023

Ukrayna Silahlı Qüvvələrinin (USQ) ləng əks-hücum əməliyyatları fonunda Rusiyanın taxıl razılaşmasından imtinası qeyri-müəyyənliyin getdikcə artdığı şəraitdə Ukrayna və bütünlükdə dünyanı nələrin gözlədiyinə dair suallar yaradıb. Ukrayna ilə Rusiyanın qarşılıqlı olaraq bir-birinin strateji obyektlərinə zərbələr endirməsi isə münaqişə zonasında vəziyyətin nə qədər çətin, təxminedilməz olduğunu təsdiqləyir.

 

Taxıl razılaşmasına raket zərbəsi

Rusiyanın Odessaya raket zərbələri endirməsi, xüsusilə Odessa vilayətindəki aqrar müəssisələrdən birinin taxıl terminalının dağıdılması Rusiyanın BMT və Ukrayna ilə əldə etdiyi razılaşmanın əhəmiyyətini tamamilə itirdiyini təsdiqləyib. Bununla da, Qara dəniz regionuna hərbi-siyasi gərginlik qayıdıb və demək, bunun sahilyanı ölkələr, həmçinin digərləri üçün ən ciddi fəsadları ola bilər. Qara dəniz hövzəsində gərginlik artarsa, NATO ölkələrinin münaqişəyə bilavasitə cəlb ediləcəklərini istisna etmək olmaz. Bu mənada onu da nəzərə almaq lazımdır ki, Ukrayna limanlarından taxıl yüklərinin daşınmasına NATO qüvvələrinin, əsasən də Türkiyənin hərbi konvoy ayırması məsələsi son günlər əsas müzakirə olunan məsələlərdəndir. Bununla yanaşı, mümkün riskləri nəzərə alan Qərb hələ də taxıl razılaşmasının bərpası işində Ankaranın vasitəçiliyinə bel bağlayır. ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, onlar razılaşmanın qüvvədə qalmasında Türkiyənin həlledici rol oynayacağını gözləyirlər.

Yaranmış vəziyyətdən narahatlığını ifadə edən tək Birləşmiş Ştatlar deyil. Ukrayna üzrə sülh missiyasının iştirakçısı olan 7 Afrika ölkəsinin rəhbərləri Rusiya prezidenti Vladimir Putin ilə görüşmək üçün Sankt-Peterburq sammitinə qatılmağa hazır olduqlarını bəyan ediblər. Onlar iyunda Rusiya və Ukraynada olub, Ukraynada atəşkəsin əldə edilməsi, özlərinin də sosial-iqtisadi vəziyyətinə, ilk növbədə ərzaq təhlükəsizliyinə mənfi təsir göstərən qlobal qarşıdurmaya son qoyulması perspektivlərinin müzakirəsi üçün hər iki ölkənin rəhbərliyi ilə görüşüblər.

Taxıl razılaşmasının ləğvi bu ölkələrin əksəriyyətinə mənfi təsir göstərəcək. Pandemiyanın fəsadları, iqtisadi böhranlar, quraqlıq və digər iqlim problemləri dünyada ərzaq bazarı üçün ciddi fəsadlar yaradır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının iyul hesabatında deyilir ki, hazırda 45 ölkənin ərzaq yardımına ehtiyacı var. Latın Amerikası, Afrika və Asiya da daxil olmaqla, bir çox ölkələrdə daxili qiymətlərin yüksək olması aclığa yol açır.

Əsas taxıl tədarükçüləri üçün quraqlıq da problem ola bilər. Lakin analitiklər hesab edir ki, Ukraynadan qaynaqlanan itkiləri kompensasiya etmək üçün başqa ölkələrdə kifayət qədər taxıl istehsal olunur. Rusiya ilə yanaşı, Avropa və Argentinadan da taxıl ixracı artırılır, Braziliyada isə qarğıdalı istehsalında rekord qeydə alınıb. Bu bazarlar və alternativ istehsalçılar yeni şəraitə uyğunlaşır, taxıl defisitini qarşılamağa hazır olduqlarını nümayiş etdirirlər.

Belə bir vəziyyətdə rusiyalı və ukraynalı istehsalçılar bazardakı paylarını itirmək riski ilə üz-üzədirlər. Onlar üçün taxıl ixracında başqa marşrutlardan istifadə etmək imkanları çox məhduddur. Çünki mövcud dəniz yoluna real alternativ olan dəmir yolu marşrutları artan ixrac həcminin öhdəsindən gələ bilməyəcək.

Proqnozlara görə, bu mövsüm həm Rusiya, həm də Ukraynada ərzaq taxılı üçün əlverişli olacaq. 2023-cü ildə Rusiyada 123 milyon ton dən məhsulunun istehsal olunacağı, onun 78 milyon tonununu taxıl təşkil edəcəyi bildirilir. Bununla yanaşı, onun ixrac potensialı 50-55 milyon, Ukraynanın ixrac potensialı isə 40 milyon tondan çoxdur. Buraya Ukraynanın ötən ildən hələ də ixrac edə bilmədiyi məhsul aid deyil. Demək, həm Rusiya, həm də Ukrayna taxılın saxlanılması məsələsində də problem yaşaya bilər. Afrika ölkələri ilə razılaşmaları da nəzərə alsaq, bu, taxıl sazişinin bərpası istiqamətində dialoqun canlanmasına stimul yarada bilər.

Əsas problem razılaşmanın siyasi aspektləridir. Onun müddətinin uzadılmasına məhz bu məqam mane olur. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan razılaşmanın müddəti bitənə yaxın rusiyalı həmkarı ilə razılığa gəldiklərini, Ukraynadan Qara dəniz vasitəsilə taxıl ixracı razılaşmasının müddətinin uzadılmalı olduğunu bildirmişdi. Lakin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə liderinin dediklərini təkzib edərək bildirib ki, Moskva razılaşmanın uzadılması ilə bağlı hər hansı qərar qəbul etməyib və ya açıqlama verməyib. Bir qədər sonra isə Rusiya tərəfi razılaşmanın müddətinin bitdiyini bəyan edib.

Maraqlıdır ki, razılaşmanın müddətinin başa çatdığı Ukraynanın Moskva üçün strateji əhəmiyyət və rəmzi məna daşıyan Kerç körpüsünə zərbələr endirdiyini bəyan etdiyi gün açıqlanıb. Amma Peskov ölkəsinin bu qərarını şərh edərkən deyib ki, körpüyə zərbələrin endirilməsi ilə taxıl razılaşmasının pozulması arasında əlaqə yoxdur. Amma bunu tam istisna etmək olmaz.

 

Ukraynaya yardım: aşağı yeri var?

Bu arada, Ukraynaya yardım mövzusu ətrafında ehtiraslar coşmağa başlayıb. ABŞ-ın sabiq dövlət başçısı Donald Trampın «Fox News» telekanalının aparıcısının təkrar Birləşmiş Ştatlar prezidenti seçiləcəyi təqdirdə Ukraynaya maliyyə axınını dayandırıb-dayandırmayacağı haqda sualına cavabı ciddi müzakirələrə yol açıb. Siyasətçi bildirib ki, Avropa ölkələri Ukraynaya töhfə vermək məsələsində ABŞ-a çatmaq üçün Kiyevə 100 milyard dollardan artıq yardım ayırmalıdırlar. O, Vaşinqtonun Ukraynaya 150 milyard, Aİ-nin isə 20 milyard dollar yardım etdiyini bildirib.

Avropada isə Ukraynaya yardımların davam etdirilməsi məsələsində heç də hamı həmrəy deyil. Bolqarıstan prezidenti Rumen Radev jurnalistlərə iyulun ortalarında verdiyi açıqlamada deyib ki, Ukrayna müharibəsinin iqtisadi, sosial və siyasi tərəfləri var və bu, bütün Avropaya təhdid yaradır. Radev bu vəziyyətə görə günahın ukraynalılarda olduğunu qeyd edib: «Ukrayna müharibənin davam etməsini istəyir. Amma onu da bilmək lazımdır ki, bunun bədəlini bütünlükdə Avropa ödəyir».

Ukraynanın Sofiyadakı Səfirliyi prezidentin fikirlərini inkar edib. Diplomatlar Kiyevin sülhə çalışdığını, ona nail olmaq üçün əlindən gələni etdiyini bildiriblər. «Şimal qonşusu tərəfindən xain hücuma məruz qalmış Ukraynanın günahlandırılması Rusiya təbliğatına, Avropadakı hibrid müharibəyə dəstək tezislərinin ən çox yayılmışıdır», - deyə bəyanatda bildirilir.

Radevin sözlərini Çexiya prezidenti Pyotr Pavlın bir müddət əvvəl söylədiklərinin dolayısı ilə təsdiqi anlamına gəlir. O, demişdi ki, Ukrayna üçün hərbi nailiyyət imkanları bu ilin sonunadək «bir qədər məhdudlaşacaq». Pavl bunu ABŞ-da, həmçinin Ukraynanın müttəfiqi olan digər ölkələrdə keçiriləcək prezident seçkiləri ilə əsaslandırmışdı. Çexiyanın dövlət başçısı hesab edir ki, Avropa cəmiyyətinin artan sosial-iqtisadi problemlər fonunda Ukraynaya dəstək xərclərinin getdikcə artmasından narazılığı gələn il bu işə kütləvi dəstəyin azalması ilə nəticələnəcək.

Kiyevlə bəzi NATO və Avropa siyasətçiləri arasında ziddiyyətlər ilk dəfə müşahidə olunmur. Amma bu, NATO və Avropa İttifaqının Ukrayna probleminə konseptual yanaşmasını dəyişmir. Bunu NATO-nun Vilnüsdə keçirilən son sammiti də təsdiqləyib.

 

Ukrayna hücum edir, Rusiya cavab zərbələri endirir

Ukrayna tərəfi miqyaslı dəstəyin müsbət nəticələr verdiyini nümayiş etdirməyə çalışır. Məsələn, müdafiə nazirinin müavini Anna Malyar bidirib ki, USQ əks-hücum əməliyyatları nəticəsində 192 kvadrat kilometrdən artıq ərazini azad edib. Kiyev Melitopol və Berdyanskda fəal döyüşlərin davam etdiyini, bu vacib istiqamətlərdə mövqelərin gücləndirilməsinə çalışıldığını da bildirir.

Eyni zamanda, Moskvaya dron hücumları da olub. Doğrudur, Rusiyanın radioelektron mübarizə vasitələri onları məhv edib, lakin bunadək onlar 2 qeyri-yaşayış binasına zərbələr endirə bilib. Üstəlik, həmin binalardan biri Rusiya Müdafiə Nazirliyinin yaxınlığında yerləşir.

Rusiya tərəfi isə Ukrayna üçün son dərəcə vacib olan infrastruktura zərbələri davam etdirir. İndi o, Odessa da daxil olmaqla, Qara dəniz sahillərini hədəfə alıb. Nəticədə, şəhərin tarixi mərkəzinə müharibə dövrünün ən miqyaslı zərbələri endirilib. Ən azı 25 memarlıq abidəsi, o cümlədən XIX əsrə, XX əsrin əvvəllərinə aid binalar zərər görüb. Ukrayna pravoslav kilsəsinə məxsus kafedral Spaso-Preobrajenski məbədini də dağılıb. Təəssüf ki, hücum insan tələfatına da səbəb olub.

Ukraynanın Dunay çayı üzərindəki Reni və İzmali terminalları da hücuma məruz qalıb. Nəzərə alsaq ki, onlar Ukrayna-Rumıniya, şərti olaraq Ukrayna-NATO sərhədi yaxınlığında yerləşir, beynəlxalq gərginliyin xeyli artması riskindən danışmaq olar.

Beləliklə, Qara dəniz getdikcə daha təhlükəli məkana çevrilir, mövcud imkanlar pəncərəsi isə getdikcə daralır. Belə siyasi qeyri-sabitlik və qeyri-müəyyənlik şəraitində yaşananlar daha dramatik hal alı rvə təəssüf ki, baş verənlərin sonu görünmür.



MƏSLƏHƏT GÖR:

62